Страница 1 из 2

(Bir itin aqibəti haqqında povest)

– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.

– Nolar, ay Ağababa, sənsən, mənəm, Nuhbaladı, bir də qızlardı də (guya ki, bunlar çox az adam idi), düşərik aşağı, qırx gündü qalıb sentyabra də, nə var ki, qalarıq aşağıda, xəncərimizin qaşı düşməyəcək ki, nolar, verərik evləri bir mərifətli ailəyə, vəssalam də, nə var axı burda ki, pis gəlir sənə e, başuva dönüm sənin?

Bu söhbət iki gün idi başlamışdı və bu həmin iki gün idi ki, Ağababanın iş növbəsi deyildi, evdə oturub istirahət edirdi və bütün ömürlərində birinci dəfə idi ortaya elə söhbət düşmüşdü ki, bu söhbətin ucbatından Ağababa sidq-ürəkdən istirahət edə bilmirdi.

Ağababa «Bakı – Buzovna» marşrut avtobusunu sürürdü. Üç gün işləyirdi, iki gün evdə olurdu və evdə olanda da həyət-bacayla məşğul olurdu, qışda meynələri kəsirdi, yayda tağları sulayırdı və sairə və ilaxır belə işlərlə məşğul olurdu. Son on iki ildə belə idi, yəni marşrut avtobusunda işləyəndən belə idi, amma, ümumiyyətlə, Ağababa düz, qızıl kimi, otuz iki il idi sürücü işləyirdi, on səkkiz yaşından, yəni min doqquz yüz qırx altıncı ildən bu tərəfə, indi də ki, Allaha şükür, yetmiş səkkizinci il idi; «polutorka»lardan başlamışdı, indi «İkarus» sürürdü və burasını daha dəqiq bilirdi ki, «İkarus» axırıncı maşınıdı, pensiyasını alıb gəlib oturacaqdı evdə. Yorulmuşdu Ağababa.

– Əgər biz də camaat kimi kirayə versəydik evi yaylarda, gör indi nə qədər qabağa düşərdik! Eyib şey döyül ki, ay Ağababa, öz evimizdi, özümüz tikmişik, halal pulumuza tikmişik, verərik bir ay, iki ay yayda kirayəyə mərifətli bir ailəyə, abırlı adamlara, onlara da yaxşı olar ki, gəlib hava udarlar burda, çimərlər dənizdə, bizə də yaxşı olar ki, əlimizə artıq pul gələr bir az, xərcimizə kömək eləyər, nöş sən axı, buna razı olmursan e, ay başuva dönüm, ay Ağababa? Vallah savab işdi!..

Ağababa bağban Əsədullanın bağışladığı kəhrəbaya oxşayan sarı təsbehi şaqqıldada-şaqqıldada şüşəbəndin açıq pəncərəsi qabağında oturub dənizə baxırdı. Buradan, Ağababagilin şüşəbəndindən baxanda dəniz elə bil əlinin içində idi: Buzovnadan Zuğulbayacan uzanan qayalıq görünürdü, qayalıqdan aşağıda bütün dəniz görünürdü, üfüq xəttinə kimi bir gömgöylük görünürdü, sahil boyu sapsarı qumluq görünürdü; dənizin göylüyü hardasa bir az açıq idi, hardasa bir az tutqun idi və bu göylükdə bu saat bir ucsuz-bucaqsızlar var idi, dibi görünməyən bir dərinlik var idi, bir dünya su var idi və bir də ki, bu göylükdə bir mehribanlıq, ilıqlıq, mülayimlik var idi; dənizdən səs gəlmirdi, dəniz uğuldamırdı və bu səssizliklə lap xırdaca ləpələrin sahilə doğru sakitcə də ləpələnməsi arasında qəribə bir uyğunluq var idi, bu sükut ilə bu ləpələnmə bir-birini tamamlayırdı və bu dəm adama elə gəlirdi ki, dəniz elə həmişə bu cür olur, elə bil heç vaxt heç bir uğultu bu səssizliyi parçalamır, heç bir bozluq heç bir vaxt bu göylüyü boğub, tamam soldurub yox eləmir, bu sakit ləpələr heç bir vaxt dalğaya dönüb köpüklənə-köpüklənə qayalara çırpılmır, elə bil xəzri həmişə beləcə meh olub əsir.

Səhərdən bəri bir nəfər bu dəniz göylüyündə, bu dəniz səssizliyində çimirdi və həmin bir nəfər çimib qurtarıb, dənizdən doyub sahilə çıxanda məlum oldu ki, bu, bir nəfər yox, iki nəfərdi, bir oğlan, bir qız...

Ağababa ayağa qalxıb enli kürəkləriylə şüşəbəndin açıq pəncərəsinin qabağını kəsdi, elə bil ki, Ağabacının da səhərdən bəri dənizdə bir adam olub, indi ikiləşən bu oğlanla bu qızı görməyinin qabağını aldı (bu tərəflərin adamları belə iş tutmazdı, həmin oğlanla həmin qız şübhəsiz idi, şəhərdən, Bakıdan gəlmişdi və bazar ertəsinin adamsız dənizində özlərini suya vermişdi), bir müddət Ağabacının təzə kündə açmağına baxdı, sonra birdən-birə hirsli-hirsli:

– Qurtar! – dedi. – Ölməmişəm hələ mən! Nə qədər ki, sağam mən, bu evdə bir yad adamın bir qara qəpiyi də xərclənməyəcək! Sırğa elə bunu, as qulağundan. Bildün?

Ağababa bu sözləri dedi və baş barmağı ilə hələ cavan vaxtlarından ağarmış qalın bığını hirslə qaşıdı, sonra otağa keçdi və mizin arxasında oturub divardakı şəklə baxdı.

Ağababa ona görə belə hirsli danışdı ki, qanı qaraydı, özü də bu qanıqaralıq təkcə ona görə deyildi ki, Ağabacının başına girmişdi ki, gərək bu yay evi kirayə versinlər; bu səssiz-küysüz yay günündə, işləmədiyi bir gündə, heç kimin sataşıbdolaşmadığı bir gündə nəyə görə belə hirsli idi, heç özü də bilmirdi; amma birdən-birə dərd-dur eləməyə ürəyi bir adam istədi. Baladadaş üçün darıxdı, Ağagül üçün darıxdı, sonra qızlar bir-bir gəlib gözünün qabağından keçdi və belə məlum oldu ki, Ağababanın ürəyində nə isə bir nigarançılıq var, özü də bu nigarançılıq lap

dərinlərdən baş qaldırır, bir qaranlıqdan, bir dumandan baş qaldırır. Sonra Ağababa şirə baxdı, əlində xəncər tutmuş qəhrəmana baxdı və necə oldusa, kişinin birdən-birə bu şirə yazığı gəldi; bu şir şir olmağına şir idi, amma qəhrəmanın əlindəki xəncərə elə baxırdı, elə bil şir yox, dovşan baxır...

...Bu şəkli böyük otağın divarına üç il bundan qabaq Bakıdan gəlmiş bir

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов