Birinci hissə, 23
31 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.
Knyaz Sisianov iş otağında böyük yazı mizinin arxasında oturub işləyirdi.
Yavər içəri girdi:
– Zat-aliləri, Aşot Karapetyan adlı bu adam yenə sizin qəbulunuza gəlməyi təkid edir.
– Dünən dedim ki, göndərin, polkovnik Koryagin onu qəbul etsin. Mənim vaxtım yoxdur, kapitan! Bir də ki, Pavel Mixayloviç ermənilərin dilini yaxşı bilir…
Yavər:
– Üzr istəyirəm, zat-aliləri,– dedi.– Getmir. Üç gündür ki, şəxsən sizinlə görüşməyə çalışır. Deyir ki, xüsusi olaraq bu görüş üçün Tehrandan qeyri-leqal Tiflisə gəlmişəm. Deyir ki, son dərəcə əhəmiyyətli məsələdir.
Knyaz Sisianov qarşısındakı kağızları könülsüz halda kənara itələyib:
– Yaxşı, buraxın, gəlsin,– dedi.
Yavər çıxdı və bir neçə andan sonra Aşot Karapetyan otağa daxil oldu.
– Zat-aliləri, nəhayət ki, məni qəbul etdiyiniz üçün təşəkkürümü bildirirəm.
– Oturun, cənab Karapetyan. Xahiş edirəm, bir başa mətləbə keçəsiniz. Mənim vaxtım çox azdır.
– Mənim də vaxtım azdır, zat-aliləri.– Karapetyan əlini syurtukunun yaxasından içəri saldı və bir dəstə kağız çıxardı.– Mən bunları şəxsən sizə təqdim etmək üçün üç gündür gözləyirəm.
Knyaz Sisianov açıq sezilən bir rişxəndlə o bir dəstə kağıza baxdı:
– Bunlar nədir? Yenə erməni qardaşlarınızın cürbəcür xahişnamələridir?
Aşot Karapetyan başını dik tutub:
– Xeyir, knyaz!– dedi.
– Bəs nədir?
Aşot Karapetyan sözləri bir-bir dəqiq tələffüz edərək:
– Bunlar Gəncə qalasının bütün lağımlarının, oradakı yeraltı yolların, gizli kəhrizlərin, gizli ərzaq və silah anbarlarının xəritəsidir, – dedi.– Bunu Gəncədə yaşayan erməni qardaşlarımız bizə çatdırıb.
Knyaz Sisianov bir anın içində bütün vücudunu bürümüş həyəcanı gizlətməyə çalışaraq, kağızları alıb mizin üstünə qoydu və soruşdu:
– Bəs nə üçün onlar bunu mənim özümə çatdırmayıblar?
– Onlar Cavad xanla müttəfiqliyə söz veriblər. Cavad xandan ehtiyat edirlər, Tiflisə gələ bilmirlər.
– Onlar Cavad xandan qorxur, ancaq siz Fətəli şahdan qorxmursunuz?
– Söhbət millətin taleyindən gedəndə, onlar da qorxmur, biz də qorxmuruq, zat-aliləri. Biz bilirik ki, arxamızda Rusiyanın ikibaşlı qartalı dayanıb!
– Siz şiri-xurşid haqqında da bu sözləri deyirsiz?
– Lazım olanda, bəlkə də deyirik. Lazım olduğu üçün deyirik.
– Mən nə bilim ki, siz indi də ikibaşlı qartal haqqında bu sözləri lazım olduğu üçün demirsiz?
– Bunu tarix sizə göstərəcək, zat-aliləri.
Knyaz Sisianov güldü:
– Mənim tarixi gözləməyə vaxtım yoxdu, cənab Karapetyan!..
– Ona görə də, sübut sizin mizinizin üstündədir, knyaz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-hokmdarin-taleyi-birinci-hisse-23
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Güllə səsinin gəlməyi ilə göydə boşqabın çiling-çiling sınmağı bir oldu.Göyə atılan daha bir boşqab vurulub çiling-çiling oldu.
İkinci hissə, 22Cənubi Qafqazın xəritəsində cürbəcür xətlər çəkilmiş, işarələr qoyulmuşdu.… Fətəli şah hündür qamətini əyib diqqətlə mizin üstündə açılmış xəritəyə baxırdı.
İkinci hissə, 23Dörd-beş rus soldatının, deyəsən, kefi kök idi, gözəl bir rus mahnısı oxuya-oxuya Şuşanın küçələrini gəzirdilər.… Və onlar eləcə gəlib bazara çıxdılar.
İkinci hissə, 24Vanya yüzbaşı Şuşa qarnizonunun yerləşdiyi binaya gələndə rus gözətçilər onu tanıyıb heç nə soruşmadılar:– Proxodite.