III fəsil
Страница 1 из 2
Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.
Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.
Ağagül belə bir məktub yazmışdı:
«Qələmi çernildə bir az saxladım,
Bu qısa məktubu belə başladım.
Əziz kiçik qardaşım Nuhbala, salamdan sonra bizi xəbər alsan əgər, mən sağ və salamatam və sənin də sağ-salamat olmanı arzu edirəm.
Nuhbala, sən indi evimizdə bir qardaşsan və sən gərək elə eləyəsən ki, mənim də, böyük qardaşımız Baladadaşın da papağını yerə soxan olmasın, qızların üstündə gözün olsun və sən indi gərək elə eləyəsən ki, onlar çox ədəbli qızlar olsun, necə ki, bizim anamız Ağabacı çox ədəbli arvaddır. (Bu yerdə Ağabacı özünü saxlaya bilməyib dəsmalla gözlərini sildi. «– Ayaqlaruvun altında ölüm sənin, Ağagül» – dedi.)
Nuhbala, indi sən gərək atamız Ağababaya da çox kömək eləyəsən, çünki o boyda külfəti saxlamaq çox çətindi, özü də atamız Ağababa çox kişi adamdı. (Bu yerdə Ağababanın gözləri doldu və uşaqlar bunu görməsin deyə kişi tez üzünü pəncərəyə tərəf çevirdi ki, guya, dənizə baxır, amma Ağabacı da, uşaqlar da başa düşdü ki, kişi kövrəlib və təbii ki, heç kim bunu üzə vurmadı.)
Nuhbala, uzaqda olanda çox şey fikirləşir adam. Qayıdıb gələndə mən də qollarımı çirmələyim gərək, pul qazanım gərək, nöşün ki, qızları biz gərək öz adımıza layiq köçürək.
Nuhbala, qalanını gələn məktubumda yazaram. Uzağı yaxın eləyib evdəkilərin hamısını öpürəm. Məndən atamız Ağababaya, anamız Ağabacıya, Nailəyə, Firuzəyə, Kəmaləyə, Amaləyə, Dilşada, Böyükxanıma salam de.
Nuhbala, Dolçadan da muğayat ol.
İmza özüm,
Qurtardı sözüm.
Ortancıl qardaşın Ağagül».
Ağagül əsgər paltarında çəkdirdiyi bir şəkil də qoymuşdu zərfin içinə və həmin şəklin arxasına da qırmızı karandaşla darağın ağzı boyda üç titrək xətt çəkmişdi və bu üç qırmızı titrək xəttin üstündə yazmışdı:
«Əziz kiçik qardaşım Nuhbala! Baxanda xatırlama, xatırlayanda bax!».
Həmin şüşəbənddə, həmin sakit, təmiz yay gününün axşamı Ağagülün əsgər paltarında çəkdirdiyi şəkil neçənci dəfə bir-bir bacılarının, qardaşının, anasının, atasının əlində gəzdi və Ağababa həmin axşam yenə darıxdı, yerindən qalxıb şüşəbənddən həyətə düşə-düşə günortadan bəri birinci dəfə arvadını dindirdi:
– Sabah aş bişir!
Bu o demək idi ki, sabah sübh tezdən Ağababa işə getməzdən əvvəl toyuqlardan ikisini hindən çıxarıb kəsəcəkdi və axşamüstü hamı şüşəbəndə yığışıb aş yeyəcəkdi və Ağabacı Ağababanın payını ayrıca bir qazana çəkib saxlayacaqdı, gecə Ağababa işdən gələndən sonra Ağabacı qazanı qızdıracaqdı, Ağababanın payını çəkib özü də oturacaqdı yanında və kənddəki təzə xəbərləri bir-bir danışa-danışa Ağababanın aş yeməyinə tamaşa eləyəcəkdi.
Ağabacı:
– Ağəz, tez olun! – dedi. – Nailə, düyünü gətir! Firuzə, o stəkanı gətir ordan! Dilşad, ləyəni ver!
Ağabacı aş bişirəndə on-on iki stəkan düyünün aşını bişirirdi, çünki külfət böyük idi, aşın qarası azlıq eləyirdi, uşaqlar isə düyünü çörəklə yemirdi və buna görə də düyü çox olduğu üçün Ağabacı düyünü axşamdan arıtlamağa başlayırdı.
Nailə düyünü gətirdi. Firuzə stəkan gətirdi. Dilşad ləyən gətirdi. Kəmalə, Amalə, Böyükxanım da mizin arxasına keçdi. Ağabacı kisədən on iki stəkan düyü götürüb ləyənə tökdü və ləyəni qoydu mizin ortasına. Qızlar da, Ağabacı da hərə bir tərəfdən ləyəndən bir ovuc düyü götürüb tökdü qabağındakı müşəmbənin üstünə.
Nuhbala Ağagülün məktubunu zərfin içinə qoydu və zərfi aparıb otaqdakı paltar dolabının, evin qiymətli şeyləri – Ağabacının nişan üzüyü, bir də zümrüd qaşlı üzüyü, Ağababanın partiya bileti, Baladadaşın məktubları, işıqpulunun qəbzləri və bu sayaq başqa şeylər olan gözünə qoydu, sonra Ağagülün əsgər paltarlı şəklini otağın yuxarı başında, divardan asılmış girdə güzgünün yuxarısına, böyük qardaşı Baladadaşın əsgər paltarlı şəklinin yanına keçirdi. Sonra evdən çıxıb həyətin ortasındakı talvara qalxdı, şalvarını, köynəyini çıxarıb yerinə girdi, şalvarının cibindən bir «Avrora» siqareti çıxarıb ovcunun içində gizlincə yandırdı ki, Ağababa görməsin və gizlincə də bir-iki dərin qullab vurub başını yastığa qoydu, göyə baxdı, ulduzlara baxdı, birdən-birə Nuhbala özünü də əsgər paltarında gördü, gördü ki, evlərinə məktub yollayıb və hamı da şüşəbəndə yığışıb onun məktubunu oxuyur, anası Ağabacı dəsmalla gözlərini silib onunçun deyir: «– Ayaqlaruvun altında ölüm sənün, Nuhbala!», atası Ağababa onunçun kövrəlir və sabahkı aş da onun məktubuna görə bişir və bu saat Nuhbalanın belə bir əsgər məktubunu Nərgiz də qardaşlarından qorxa-qorxa, gizlincə-gizlincə oxuyur. Nuhbala bu dəfə siqaretdən lap dərin bir qullab alıb bütün sinəsinə çəkdi.
Kəndin aşağısında bir sanatoriya tikmişdilər və bu ildən həmin sanatoriya işə başlamışdı, bu ildən də kənddə ağcaqanad azalmışdı, çünki aşağı tərəfdə – qayalıqla kəndin arasındakı qamışlığa vertalyotla dərman səpmişdilər və gör bu dərmandan sonra iş nə yerə çatmışdı ki, Nuhbala həmin bürkülü yay gecəsi miçətkənsiz-zadsız uzanmışdı talvarda və ulduzlara baxa-baxa Nərgiz barədə və ümumiyyətlə, bu
dünyanın eşq-məhəbbət məsələləri barədə fikirləşirdi.
Həmin gecə də günorta kimi tamam sakit idi. Göy aylı-ulduzlu idi və ya da bu sakit gecələrdə həmişəki kimi, dənizə işım-işım işıldayan bir payəndaz salmışdı və xırda ləpələr də o işıq zolağını elə hey sahilə axıdırdı. Kənd hələ yatmamışdı,
pəncərələr oyaq idi, darvazaların üstündən, küçələrdəki şalbanlardan asılmış elektrik lampaları yanırdı. Küçələr bomboş idi, hətta cavanlar, yeniyetmələr də vağzal
bağına, kinoteatrın, klubun qabağına yığışıb futboldan danışmırdı, meyxana demirdi. Bürkünün əlindən hamı özünü həyət-bacaya vermişdi. Bütün bu tərəflərin sakitliyini hərdən Bakıya gedən və Bakıdan gələn elektrik qatarlarının səsi pozurdu və bir də ki, radio ilə Hacıbaba Hüseynovun muğamat konsertini verirdilər, kəndin ayrı-ayrı evlərindən Hacıbaba Hüseynovun səsi gəlirdi və bu dəm adama da elə gəlirdi ki,
kənddə bir neçə müğənni pəsdən xor oxuyur.
Hacıbaba Hüseynov indi də Füzulinin sözlərinə təsnif oxuyurdu və bu təsnif bu dəm Nuhbalanın ürəyindən xəbər verirdi, amma bu boyda kənddə heç kimin xəbəri yox idi ki, bu sözləri Hacıbaba Hüseynov Nuhbalaya deyir:
Dil vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri cahandır.
Əlbəttə, bütün kənd camaatı kimi, Ağababanın da bu işdən xəbəri yox idi və Ağababa bu dəm həyətdə də qərar tuta bilmədi, darvazanın bala qapısını açıb küçəyə çıxdı ki, bəlkə kəndin kişilərindən çöldə-bayırda olanı var, bir az dərd-dur eləsinlər, fikri dağılsın, amma o gecə elə bil ki, Ağababanın üstünə pişik asqırmışdı, kişi küçəyə çıxan kimi, əvvəlcə burnuna spirt iyi gəldi, sonra Əmirqulu tini burulub yellənə-yellənə çıxdı qabağına və Ağababanı görüb dayandı, dayandığı yerdə bir balaca yelləndi, sonra dedi:
– Yerin məlum, Ağababa, bu saat dəvə qutabı yemişəm bəs deyənəcən, durmuşam ayağa, mən ölüm!
Ağababa:
– Əcəb eləmisən, – dedi. – Nuş can!
Və Ağababa bu sözləri deyib təzədən həyətə girdi.
Aydın məsələdir ki, Əmirqulu özündən toqquşdururdu, bu kənddə və ümumiyyətlə, bu tərəflərdə axırıncı dəvəni bütün kəndi gəzdirib müştəri yığıb ən tezi iyirmi-iyirmi beş il bundan əvvəl kəsmişdilər və Əmirqulu dəvə qutabını, ancaq yatıb yuxusunda yeyə bilərdi – burası tamam doğru idi, amam burası məlum deyildi ki, Ağababaya nə olub, Ağagülün məktubundakı o gözəl sözlərdən sonra sevinib şad olmaqdansa, elə bil ki, birdən-birə bu böyük külfətin xofu yenə kişini basmışdı; oğlanlar kişi idilər, onlar heç, amma qızlar yenə bir-bir gəlib Ağababanın gözlərinin qabağından keçdi, Nailə də, Firuzə də, Kəmalə də, Amalə də, Dilşad da, Böyükxanım da Ağababanın düz gözlərinin içinə baxdı və bu qədər qız azmış kimi, biri də dünyaya təpik ata-ata gəlhagəldədi; amma nə bilir ki, qız olacaq bu da; qız ya oğlan, Ağababa üçün fərqi yox idi, övlad övlad idi, məsələ bunda deyildi. Bəs nədə idi?
Kəndin pəncərələri yavaş-yavaş yatmağa başladı.
Radionun, televizorun səsi kəsildi. Yarasalar ova çıxdı. Yüngül gilavar əsməyə başladı və bu yüngül külək əncir, meynə yarpaqlarını dənizə tərəf əsdirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-dolca-iii-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əvvəllər – Buzovna Fəhlə Yataqxanasında təzəcə məskunlaşdıqları vaxtlar – onda hələ məktəbə getmirdi – Əbülfət fəhlə yataqxanasının həyətinə düşüb uşaqlarla futbol oynayanda bu qıvrımsaç, qarabuğdayı, amma göy gözlərindən cin yağan uşağın oyunu hamını məəttəl qoymuşdu və illər keçdikcə, onun şöhrəti bütün Buzovnaya yayıldı. Buzovnalı cavanlar, ümumiyyətlə, futbol həvəskarları Yataqxananın həyətinə yığışıb onun oyununa tamaşa edirdi.Yataqxananın həyətinin bir böyrü gedib Buzovnadakı Beynəlxalq «Gənclik» Düşərgəsinin hasarına dirənirdi və orada dincələn xaricilər də hərdən gəlib Əbülfətin futbol oynamağına tamaşa edirdilər və deyirdilər bu uşaq böyüyəndə, Fransa, İngiltərə, lap elə Amerika onun üstündə bir-biri ilə dava edəcək, o deyəcək ki, mənim komandamda oynasın, bu deyəcək ki, yox, mənim komandamda oynasın, özü də milyonçu olacaq və bu «milyonçuluq» söhbəti gedib Səyyarəyə çatanda, arvadın içinə bir şəst dolurdu ki, elə bil, elə indi, Buzovnadakı bu Fəhlə Yataqxanasındaca milyonçu olublar və elə o zaman da xüsusi gəlib Yataqxananın həyətində bu şuşalı balasının futbol oynamağına baxan Bolelşik Bufetçi İbadulla onun adını «Eysebio» qoydu və o vaxtdan da Əbülfət bütün bu tərəflərdə Eysebio kimi məşhurlaşdı, onun sorağı gedib Bakıya çıxdı və Əbülfəti Bakıya apardılar, futbol təmayüllü internat məktəbdə oxudu və çox çəkmədi ki, onu Azərbaycanın gənclərdən ibarət yığma komandasına daxil etdilər.
XIV fəsilŞuşadakı o mitinqlər – çox vaxt yaxın kəndlərdən – Malıbəylidən, Zarıslıdan gəlmiş camaatın da qoşulduğu o izdihamlı mitinqlər və Bayraqdarın ön cərgədə dayanıb o mitinqlərdə üçrəngli bayrağı qaldırması, o bayrağın mitinqlərdəki həyəcanın, sarsıntının, qəzəbin müqabilində bir təsginliyə, bir ümid mənbəyinə çevrilməsi – bütün bunlar keçmişdə qalmışdı və Bayraqdara elə gəlirdi ki, o keçmiş– çox uzaq bir keçmişdir, hətta onun yaşından da uzaq, qədim, tamam qocalmış bir keçmişdir və bəzən o uzaq keçmişdə o bayrağı qaldıran adamın Surxay olmağı da indi onun özünə qəribə görünürdü.
XV fəsilƏbülfətin hərdən gəlib Buzovnadakı Fəhlə Yataqxanasının həyətində təkcə şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə canlanırdı.– Eysebio gəlib!..
XVI fəsilGözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacınınaltındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş-yavaş, sonra da bərkdən öz-özüylə danışmağa başladı. Məmməd kişi özü ilə elə
Стихи других поэтов
Can alıcı xuni gözün bir dəm aman verməz, nedim?Dil-xəstəyə kirpiklərün ol dəxi can verməz, nedim?
Sənsiz eylərəmmi aləmə rəğbət?Sənsiz eylərəmmi aləmə rəğbət?Olub həsrətinlə qəlbim bir qırıq.
Peyğəmbərin meracıAşıqlar qövlilə, arifü aqil,Dörd dəfə peyğəmbər meraca getdi.
Görən bu tutuşla hara gedirikŞura gəldi, bəylər çıxdı aradan,Görən bu tutuşla hara gedirik?