Şuşadakı o mitinqlər – çox vaxt yaxın kəndlərdən – Malıbəylidən, Zarıslıdan gəlmiş camaatın da qoşulduğu o izdihamlı mitinqlər və Bayraqdarın ön cərgədə dayanıb o mitinqlərdə üçrəngli bayrağı qaldırması, o bayrağın mitinqlərdəki həyəcanın, sarsıntının, qəzəbin müqabilində bir təsginliyə, bir ümid mənbəyinə çevrilməsi – bütün bunlar keçmişdə qalmışdı və Bayraqdara elə gəlirdi ki, o keçmiş

– çox uzaq bir keçmişdir, hətta onun yaşından da uzaq, qədim, tamam qocalmış bir keçmişdir və bəzən o uzaq keçmişdə o bayrağı qaldıran adamın Surxay olmağı da indi onun özünə qəribə görünürdü.

Neçə il idi ki, daha o bayraq, ancaq Respublika günündə – 28 Mayda Buzovna Fəhlə Yataqxanasının beşinci mərtəbəsindəki o pəncərədən uzanıb dalğalanırdı, bir də xüsusi günlərdə – misal üçün, Türkiyə futbolçularının dünya çempionatında üçüncü yerə çıxdıqları gecə, yaxud «Türk ulduzları»nın sürdüyü reaktiv qırıcı təyyarələr Abşeronun üstündən uçanda, yaxud Namiq Abdullayev Sidneydə Olimpiya çempionu olanda və orada Azərbaycanın himni çalınıb, bayrağı qaldırılanda – Surxay o bayrağı götürüb yataqxananın həyətinə düşürdü, o saat ətrafına yığılan uşaqların, cavanların əhatəsində başının üstündə yelləyə-yelləyə dalğalandırırdı.

Bir də ki, Ermənistanın işğal etdiyi ərazilərdə sərhəd boyu güllə ilə vurulan, yaxud minaya düşən şəhidlərin cənazəsini Bakıya, Abşeron kəndlərinə gətirəndə (bu yerlərdən əsgərliyə getmiş uşaqlar idi) Bayraqdar həmin gün Buzovna dairəsində qəzet satmırdı, özünə borc bilirdi ki, bayrağı götürsün və o şəhidlərin yas yerinə getsin və o üçrəngli bayraq, Şuşada olduğu kimi, şəhidin cənazəsi qarşısında baş əysin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов