XV fəsil
Страница 1 из 2
Əbülfətin hərdən gəlib Buzovnadakı Fəhlə Yataqxanasının həyətində təkcə şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə canlanırdı.
– Eysebio gəlib!..
– Eysebio oynayır!..
Böyük-kiçik – hamı – yaxınlıqda yaşayan buzovnalılar, Buzovnada bağı olanlar, «Gənclik»də dincələnlər, Yataqxanadan bir az o tərəfdəki bazarda alver edənlər və müştərilər – kimin həvəsi varıydısa, həyətə doluşub oyunçuları dövrəyə alırdı və
Eysebionun futbol oynamağına tamaşa edirdi.
Səhər-səhər tırtırını (lafetli motorollerini) sürüb, Bolelşik Bufetçi İbadullanın bufetində 150 (ya da 200) qram nisyə araq (üstündən də bir stəkan soyuq kampot) içib, sonra da Yataqxananın həyətində Əbülfətin futbol oynamağına tamaşa eləyən Cümü deyirdi:
– Ə, sən ölmiyəsən, bu, Şuşada oynasaydı, indi SSRI-nin çempiyonuyduq!..
Guya ki, SSRI hələ tar-mar olmamışdı...
Cümü, adətən, Bolelşik Bufetçi İbadullanın bufetində o 150 (200) qram arağı (üstündən də bir stəkan soyuq kampotu) içəndən sonra, tırtırı Maştağaya, yem satılan dükanlara sürüb, ot, quru çörək, arpa alıb lafeti doldururdu və Nardaranda, Bilgəhdə, Zuğulbada mal, qoyun, toyuq saxlanılan həyətlərə aparıb, nə qədər imkan olurdusa, o qədər də aldığından baha qiymətə satmağa çalışırdı, amma elə ki, eşidirdi, Eysebio gəlib həyətdə futbol oynayacaq, alveri yadından çıxırdı, tırtırı bufetdən birbaşa geriyə – təzədən Yataqxananın həyətinə sürürdü.
Əlbəttə, Cümünün (və Cəmilə ilə Əbülfətdən başqa, ümumiyyətlə, dünyada heç kimin) xəbəri yox idi ki, Əbülfət Bakıdan bura, bu həyətdə oynamağa beşinci mərtəbədəki pəncərədən oğrun-oğrun aşağı baxan o qıza – Cəmiləyə – Cümünün qızına görə gəlir.
Əbülfətin gənclərdən ibarət yığma komandada oyununa tamaşa edən braziliyalı Karlos Alberto Torres – Azərbaycanın böyüklərdən ibarət yığma komandasının yeni baş məşqçisi – günləri sayırdı ki, Əbülfətin, heç olmasa, 17 yaşı tamam olsun ki, onu yığmaya götürsün.
Karlos Alberto Torres portuqal dilində deyirdi və onun dediklərini də tərcüməçi ləzzətlə azərbaycancaya çevirirdi:
– Bu oğlan futbolun kralı olacaq!
Ondan soruşurdular:
– Bəs Pele? Kral Pele deyil?
Karlos Alberto Torres həmyerlisinin və dostunun tərəfini vermirdi:
– Yox, Pele futbolun kralı deyil... Pele futbolun Allahıdı... – deyirdi və gülümsəyirdi, amma elə gülümsəyirdi ki, elə bil, açıq-aşkar Pelenin tərəfkeşliyini etdiyi üçün, özünə gülür, sonra uzun, qara barmağını meydanda oynayan, ya məşq edən Əbülfətə tuşlayırdı: – O çox böyük futbolçu olacaq! Bunu sizə Karlos Alberto Torres deyir! Yadınızda saxlayın!
Əbülfət çoxdan daha həyət oyunçusu deyildi, Azərbaycan futbolunun şərəfini xarici ölkələrdə də qorumuşdu, gənclərin yığması ilə Macarıstana, Pakistana və Estoniyaya getmişdi (Macarıstanda 2, Pakistanda 1, Estoniyada da 1 qol vurmuşdu) və Əbülfət son bir ildə Buzovnadakı o Yataqxananın həyətində, ancaq o qıza – Cəmiləyə görə gəlib futbol oynayırdı və məşqçiləri bundan xəbər tutsaydılar ki, Əbülfət gedib Buzovnada haçansa basılmış asfaltı çoxdan çala-çuxur olmuş bir həyətdə futbol oynayır, əlbəttə, bunu qadağan edərdilər – ayağı sına bilərdi, zədələnərdi; məşqçilər elə bilirdi ki, Əbülfət, sadəcə, gedib evlərinə baş çəkir.
Düz bir il bundan əvvəl – onda da mayın axırı idi və Bayraqdar yenə də bayram ərəfəsində o üçrəngli bayrağı beşinci mərtəbədəki pəncərədən eşiyə çıxarmışdı – Əbülfət evdən (otaqdan) çıxıb Bakıya qayıtmaq istəyəndə o qız – Cəmilə, – elə bil, Əbülfəti güdürdü, pilləkəndə tələsik ona bir zərf verdi və qaça-qaça yuxarı qalxdı.
Əbülfət elə pilləkəndəcə xlor iyindən burnu tutula-tutula o zərfi açıb məktubu oxudu:
«Şanlı məktub.
Gözümün işığı Əbülfət!.. Sənə məktub yazıram... Amma istədiklərimi yazmıram... Əbülfət!... Əbülfət!.. Əbülfət!.. Amma, Əbülfət, mən fikirləşəndə ki, hamımız Şuşaya qayıdacağıq, amma sən başqa ölkələrdə futbol oynayacaqsan, Şuşaya qayıtmayacaqsan, onda Əbülfət, az qalıram dəli olum... Çünki, Allah qoysa, hamımız Şuşaya qayıdacağıq, amma mən səni görə bilməyəcəyəm, Əbülfət... Eybi yox, Əbülfət, amma mən istəyirəm ki, bütün dünya səndən danışsın. Əbülfət!.. Əbülfət!.. Əbülfət!.. Bəlkə elə doğrudan da, dəliyəm mən? Gecə səhərə qədər ürəyimdə sənin adını çəkirəm... Sən həyətdə futbol oynayanda, Əbülfət, bizim həyətdə hər tərəf adamın üzünə gülür... Mənə acığın tutmasın, Əbülfət, sənə qurban olum... Heç kim də bilməsin ki, sənə məktub yazmışam...
Cəmilə.»
Qız məktubu göy mürəkkəblə, amma onun adını, yəni «Əbülfət»i hər dəfə qırmızı karandaşla yazmışdı və Əbülfət bu qırmızı rəngli «Əbülfət»lərə baxıb, əvvəlcə bilmədi ki, nə eləsin, – bu məktubu cırsın, cırmasın?– amma o qırmızı «Əbülfət»lərdə, bir də, o «istəyirəm ki, bütün dünya səndən danışsın»da nəsə elə bir şey var idi ki, – qəribədir, – birdən-birə Əbülfəti çəkib lap uşaqlıq illərinə apardı, Şuşada uşaqlarla futbol oynadığı vaxtlara.
Əbülfət Şuşanı çox dumanlı xatırlayırdı, Şuşa onun üçün, əslində, nəsə... nəsə, içində, ürəyində olan gözəgörünməz, amma çox əziz və çox doğma bir... bir... nə
idi? doğma bir... doğma bir varlıq idi... Misal üçün, anası Səyyarə Əbülfətin içində, ürəyində nə idisə, Şuşa da onun üçün elə bir şey idi, intəhası, anası yadına düşəndə Səyyarənin sifəti o saat gəlib dururdu Əbülfətin gözlərinin qabağında, amma
Şuşanın simasını, şəklini görə bilmirdi, çünki Əbülfət Şuşadan çıxanda (Surxayın qucağında qaçanda) – 12 il bundan qabaq – 4 yaşı var idi və «Şuşa» deyəndə də
onun gözlərinin qabağına futbol topu gəlirdi, Allahın hər verən günü, üzü şəhər
hamamının daş divarına baxan – yadında qalan elə bu idi – darvazalarının ağzında uşaqlarla futbol oynadığı qara rezin top. Bir də ki, böyük məhəllə uşaqlarının
küçənin axırındakı orta məktəbin həyətində səksəkə içində (birdən dərs hissə müdiri Məleykə müəllimə xəbər tutub gəlib onları qovalayar) futbol oynadıqları yekə top onun yaddaşına hopub qalmışdı və o zamanlarda İmranın velosipedinin tərkində
gəzdirdiyi nasosla o yekə topu doldurmağına baxmaq Əbülfətin ən sevimli uşaqlıq xatirələrindən biri idi.
Yayda, məktəblərdə tətil vaxtı məhəllənin böyük uşaqları Şuşanın yuxarı
hissəsində, Yazıçılar Evinin arxasındakı düzənlikdə başqa məhəllələrin uşaqları ilə məhəllələrarası futbol oynayırdılar və Əbülfət də məhəllənin balacalarıyla birlikdə o düzənliyə doluşub böyüklərin oyununa baxırdı, uşaqlarla bir yerdə cani-dildən öz komandalarına, xüsusən də quş kimi hoppanıb topu tutan qapıçı İmrana azarkeşlik edirdi və aradan bu qədər il keçmişdi, Əbülfət əsl stadionlarda gözəl futbol oyunları görmüşdü, televizorun qabağında oturub Dünya birinciliyinə, Avropa birinciliyinə baxmışdı (sonra da məşqçilər o oyunların videosunu göstərə-göstərə təhlil
etmişdilər), amma Şuşadakı o düzənlikdə gördüyü futbola dünyanın heç bir futbolu çatmazdı və Əbülfət bilirdi ki, ömrünün axırına kimi də belə olacaq, bilirdi ki,
dünyanın hansı stadionunda hansı komandanın oyununa baxır-baxsın, – lap Milanda «Milan»ın, yaxud İstanbulda «Qalatasaray»ın oyunu olsun, fərq etməz, – Şuşadakı o məktəb həyətində baxdığı futbol oyunlarına çatanı olmayacaq.
İmran Əbülfətgilin hasar qonşusu və məhəllə komandasının qapıçısı idi və İmranın top tutmağı uşaqların arasında bir əfsanə idi, kim hardan top vurursavursun, İmran quş kimi atılıb o topu tuturdu və elə buna görə də İmrana «Qartal» deyirdilər. Ermənilər Şuşanı götürəndə, qaça-qaç düşəndə, İmranı güllə ilə vurmuşdular və onun cəsədi «Ərimgəldi»nin altındakı qayalıqda düşüb qalmışdı və sonralar uşaqlar belə danışırdı ki, guya, qartallar İmranın gözlərini dimdikləyib yeyiblər.
İmranın qəribə bir işıqla işıldayan yaşıl gözləri var idi və sən demə, o işım-işım işıldayan yaşıl gözlər əməlli-başlı Əbülfətin yaddaşında imiş və həmin məqamda ki, Əbülfət əlindəki o məktuba – Cəmilənin məktubuna – baxırdı, elə bil, İmranın qartal dimdikləməsindən pırtlamış gözlərinin yaşılımtıl rəngi o «Əbülfət»lərin qırmızısına qarışdı, elə bil, dama-dama şagird dəftərindən qoparılmış o vərəqə bulanıq bir rəng yayıldı...
Əbülfət məktubu qatlayıb şalvarının cibinə qoydu.
Doğrudan da, qəribə idi, o məktub, qırmızı karandaşla və gözəl hərflərlə yazılmış o «Əbülfət»lər birdən-birə İmranın yaşıl gözlərini tamam alatoran içində olan uşaqlıq xatirələrindən dartıb, çıxarıb, Əbülfətin yadına saldı.
Nə üçün?
Bu, bir sirri-xuda idi.
Əbülfət həmin gecə Bakıda, məşq bazasında, çarpayıda uzanıb o tərəfə-bu tərəfə vurnuxurdu və heç cürə yuxuya gedə bilmirdi, axırda yerindən qalxdı, heç özü də bilmədi ki, şalvarının cibindən o məktubu necə götürdü və kortecdən eşiyə çıxıb qapının ağzındakı taxta pilləkənin üstündə oturdu, qapının başında yanan elektrik lampasının zəif işığında o məktubu təzədən bir də oxudu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-bayraqdar-xv-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xan sarayının qadınlara məxsus hissəsində qız–gəlin qaynaşırdı.Ağabəyim Ağa böyük güzgünün qarşısında oturmuşdu və kənizlər xan qızını bəzəyirdilər.
Birinci hissə, 13Dağlar arasından dolanan Molla Nəsrəddin yolu ilə Şuşadan arana doğru üzüaşağı bir karvan gedirdi…… Saday bəy qabağını kəsən ağac budaqlarını, kol-kosu əlləri ilə o tərəf-bu tərəfə yara-yara irəliləyirdi…
Birinci hissə, 149 oktyabr 1803–cü il. Şuşa. Xan sarayı.İbrahim xan otağın qapısı qarşısında dayanıb qonaqlarını qarşılayırdı. Mirmöhsün ağa da onun yanında idi.
Birinci hissə, 15Axşam düşürdü.Və axşamın o düşhadüşündə Şuşa dağları, elə bil, mürgü döyürdü və bu yerlərin sakitliyi də, elə bil, əzəli və əbədi bir sakitlik idi. Hətta xanəndənin uzaqdan gələn səsi də, elə bil, elə bu əzəli və əbədi sakitliyin bir hissəciyiydi.
Стихи других поэтов
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,