Страница 2 из 2 · 50%

Və həmin gecə Ağababa Ağabacının yanında yerinə girməzdən əvvəl ağ çit tumanının bağlarını aça-aça:

– Yaxşı, – dedi. – Necə bilirsən, elə də elə, amma fərli adamlar olsun.

Ağababa bu sözləri dedi və ürəyində də fikirləşdi ki, hardadı indi fərli adam, sonra yerinə girdi, Ağabacının qılçı qılçına toxundu və bu dəfə fikirləşdi ki, nə fərli adam, fərsiz adam söhbətidi bu, nə olub axı, nə xəbərdi?

Ağabacının üzü güldü və arvad rahat bir nəfəs alıb, elə bil ki, öz şəxsi nəfi üçün evi kirayə verirdi, dedi:

– Sənə qurban olum, ay Ağababa, çox sağ ol!

Bir azdan Ağababanın xorultusu bütün həyətə yayıldı. Ağababanın xoruldamağı kənddə məşhur idi və bu kəndin heç bir kişisi xoruldamaqda Ağababaya çata bilməzdi. (Bir dəfə qonşuları Xeyransa kəndin arvadlarına şikayət eləmişdi ki, gecələr Ağababanın xorultusunun səsindən yata bilmirəm və Ağabacı da bu sözü eşidib Xeyransa ilə dava eləmişdi ki, səni külbaş Əmirqulunun dərdi qoymasın yatmağa, mənim ərimin xorultusunda nə işin? Amma bu çoxdanın söhbətidi, indi Xeyransa da, Ağabacı da qonşuluqda bir-birlərindən xeyli razı idilər.) Uşaqlar da, Ağabacının özü də Ağababanın xorultusuna elə öyrəşmişdilər ki, Ağababa hərdən gecələr evdə olmayanda, rayona avtobus sürəndə, yəni ki, Ağababanın xorultusu gəlməyəndə yuxuya gedə bilmirdilər; Ağababanın xorultusu gəlməyəndə elə bil ki, bütün bu ev, bu həyət başsız idi, yiyəsiz idi, baxımsız idi.

Yay vaxtı Ağababa ilə Ağabacı evin kəllə tərəfindəki balaca artırmada yatırdı və yatmaq vaxtı gələndə uşaqlar həyətin bu tərəfinə ayaq basmazdı. Qızların yeri şüşəbənddəki palazın üstündə salınırdı. Oğlanlar yazın axırlarından həyətdəki talvara qalxırdı və o talvarda indi təkcə Nuhbala qalmışdı və Nuhbala da dünyanın eşq-məhəbbət məsələlərini fikirləşib, fikirləşib bu dəm şirin-şirin yatmaqda idi. Qızlar da hamısı yan-yana uzanıb, üstlərinə də soruq salıb yuxuya getmişdi. Ağabacı gələcək kirayənişinlərini fikirləşirdi və elə bu fikirlərlə də arvadı yuxu apardı...

Dolça tut ağacının yanında dayanıb qulaqlarını şəklədi və diqqətlə həyətin aşağı başındakı hasarın dibinə baxdı, sonra yerindən sıçrayıb hasara tərəf qaçdı, amma dovşan Dolçadan tez atılıb yuvasına girdi.

Son vaxtlar bir tərəfdən xır salanlar, bir tərəfdən də göy alverçiləri, gül alverçiləri öz xüsusi sahələrinə, üzümlüyə, zeytunluğa və ümumiyyətlə, bütün bu tərəfin torpağına o qədər cürbəcür dərmanlar səpmişdi, gübrə vurmuşdu, zəhərli maddələr tökmüşdülər ki, dovşanlar çöllərdən həyətlərə köçmüşdü. Elə bil dovşanlar başa düşmüşdü ki, bu həyətin sahibi, yəni ki, Ağababa halal zəhmətnən dolanan adamdı, dərmanla, zəhərli maddələrlə işi yoxdu, çünki Ağababa nə bazara kisə-kisə göy aparıb satırdı, nə də qış ayları Moskva, Leninqrad vağzallarının qabağında dayanıb qızılgül satırdı. Ağababa dədə-baba qaydasıyla, halallıqla həyətinin torpağını becərirdi və tərəvəzi də, əncir-üzümü də, narı, əriyi, tutu, heyvası, badamı da öz külfətini ancaq görürdü, o ki qaldı qızılgülə, qışda xəşil ilə yemək üçün doşab olanda, səhər-səhər çay-çörəklə yeməyə əncir mürəbbəsi olanda, bir sözlə, Ağabacının bu həyətin barından düzəltdiyi və sairə tədarüklər olanda, qızılgülsüz də keçinmək mümkün idi. Nə isə, dovşanlar elə bil Ağababagili tanımışdı, həyətin aşağı başı başdan-başa dovşan yuvası idi. Əlbəttə, dovşanların ağlı kəsmədiyi bir cəhət də var idi: əvvəla, Ağabacı dovşan ətindən iyrənirdi, deyirdi ki, dovşanın ayaqları pişik ayağına oxşayır və dovşan əti yeməkdənsə, kartof qızardıb yemək yaxşıdı, o biri tərəfdən də Ağababaya belə gəlirdi ki, bu dovşanları öldürüb yuvasını dağıtmaq bu xartutu və yaxud da o heyva ağacını dibindən doğramaq kimi bir şeydi.

Dolça isə öz işini bilirdi, dovşanları evin dalındakı bostana yaxın buraxmırdı və dovşanlar da daha Dolçanı tanıyırdı; dovşanlar bilirdi ki, gecə, sakitlik çökəndə, adamlar yox olanda bu ağ it buralarda gəzişməyə başlayacaq və bu ağ it hirsli deyil, qorxulu deyil, hər halda bu ağ it ilə bir həyətdə yaşamaq mümkündü.

Milisioner Səfər deyirdi ki, it sahibinin xasiyyəti necədisə, itin də xasiyyəti elə eləcə olur. Milisioner Səfər deyirdi ki, bax, misal üçün, quşvuran Fazilin tulası (bu gün günorta bağban Əsədullanın qudurmuş itinin qapdığı və quşvuran Fazilin vurub öldürdüyü Sarıbaş) xasiyyətdə, hətta görkəmdə də elə bil ki, yiyəsinin burnundan düşüb. (Kəndin uşaqları deyirdi ki, quşvuran Fazil ovladığı quşların başını kəsib

Sarıbaşa verirmiş və tula buna elə adət edib ki, ovu tapan kimi, sahibini gözləməmiş başını qoparıb yeyirmiş, quşvuran Fazil də heç nə olmayıbmış kimi, həmin quşları aparıb Bakı bazarlarında camaata satırmış və guya bu işin ucbatından xəstələnənlər də olub Bakıda; bir də deyirdilər ki, quşvuran Fazilin tulası murdar ət yeyir, çünki Sarıbaş səhərdən axşamacan su dümləyirdi.) Milisioner Səfər deyirdi ki, bax, misal üçün, götürək Ağababanın bu ağ itini, doğrudan da bütün xasiyyətini öz yiyəsindən götürüb, çox gözütox itdi.

Bostanda yenə yemiş partladı və Dolça qulaqlarını şəkləyib bostan tərəfə baxdı. Bağban Əsədulla Özbəkistandan tezyetişən yemiş növü gətirib əkmişdi həyətində və üzümlər hələ qoralamamış bu yekə sarı yemişlər yetişib yeməli olurdu. Bağban Əsədulla xüsusi hörmət əlaməti olaraq bu tezyetişən yemiş növündən Ağababaya da toxum vermişdi və bu il Ağababanın bostanında toxumu Özbəkistandan gətirilmiş həmin yemişlər sapsarı saralıb böyümüşdülər, yetişmişdilər. Bu yemişlər gecələr, nisbətən sərinlik olanda partapartla partlayıb öz-özünə parçalanırdı. Dolça əvvəllər başa düşmürdü ki, bu partapart nədi belə, amma sonra başa düşdü ki, yemişlərin işidi bu.

Sonra Dolça quyunun başındakı şalbandan asılmış elektrik lampasının işığında sürətlə uçub-keçən yarasaya baxdı, sonra odun doğranan kötüyün üstünə qalxdı, oradan hinin damına qalxdı, hinin damından da daş hasarın üstünə çıxdı və dənizə tərəf baxdı.

Dolça ay işığında işıldayan qara gözlərini bir müddət dəniz tərəfdən çəkmədi.

Dolça bəlkə o tək cüllütü yadına saldı, bəlkə dənizlə bağlı yadına düşəcək başqa şeylər var idi? – Hər halda Dolça fikirləşirdi; baxışıyla, duruşuyla fikirləşirdi və beləcə hasarın üstündə dayanıb dənizə tərəf baxdı, sonra başını dəniz tərəfdən çöndərib kəndin yatmış evlərinə baxdı, yenə də qulaqlarını şəkləyib qulaq asdı – sahibinin xorultusundan başqa, hərdənbir tuppatupla yerə dəyən küknar qozalarının tappıltısından başqa, bir də ki, hasarın o tayında, küçədə, «ehsan tutu» deyilən yüz yaşını keçmiş xartut ağacının xışıltısından – yüngül gilavar tutun yarpaqlarını səsləndirirdi – başqa bir səs yox idi. Dolça başını qaldırıb zəndlə «ehsan tutu»nun şaxəli qol-budağına, qaranlıqda bir-birindən seçilməyən, hamısı bir yerdə bütöv bir şey kimi qaralan yarpaqlarına baxdı.

Kənddə deyirdilər ki, bu tut ağacını yüz neçə il bundan əvvəl Məşədi Muxtar adında bir kişi əkib və guya, bu Məşədi Muxtar milisioner Səfərin arvadının ulu babasıdı; Məşədi Muxtarın Əhməd adında doqquz yaşlı oğlu dənizdə batıb ölüb və Məşədi Muxtar da bu xartutu küçədə əkib, küçədə baxıb-becərib ki, yoldan ötən, ürəyi yanan ağzına bir tut qoysun və Əhmədin ruhu şad olsun. Kənddə bu ağaca «Məşəd Muxtar tutu» da deyirdilər, «Əhməd ağacı» da deyirdilər, amma əksərən «ehsan tutu» deyirdilər. Əlbəttə, Dolçanın bütün bunlardan xəbəri yox idi, amma yayın bu vaxtında, yəni iyulun əvvəllərində gündüzlər bu ağacın böyük kölgəliyi, qol-budağı kəndin uşaqları ilə dolu olardı və bəlkə də Dolça da indi bunu yadına saldı, gündüzün o səs-küyündən, o hay-həşirindən sonra gecənin bu səssizliyinə, tutun bu xışıltısına qulaq asdı və yalnız bundan sonra könülsüz-könülsüz başını çöndərib qayalığa tərəf baxdı, elə bil ki, bayaqdan ora-bura baxmalar, qulaq asmalar bir hazırlıq imiş, əsas qayalıq imiş.

Dolça gözlərini o tərəf-bu tərəfə dolandırırdı, guya ki, təsadüfən qayalığa nəzər salırdı, sonra da tez gözünü oradan yayındırırdı, elə bil ki, bu qayalıqlarla əlaqədar Dolçanın suçlu bir işi var idi, elə bil nədəsə təqsirkar idi; sonra Dolça iki dəfə yavaşdan qayalığa tərəf hürdü, qabaq ayaqlarını büküb çənəsini hasarın üstünə qoydu və yavaşdan da zingildədi; elə bil ki, Dolça həmin yay gecəsi Alabaşa, Sarıbaşa «əlvida» dedi.

Sonra Dolça hasardan enib bostana tərəf qaçdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XIII fəsil

Əvvəllər – Buzovna Fəhlə Yataqxanasında təzəcə məskunlaşdıqları vaxtlar – onda hələ məktəbə getmirdi – Əbülfət fəhlə yataqxanasının həyətinə düşüb uşaqlarla futbol oynayanda bu qıvrımsaç, qarabuğdayı, amma göy gözlərindən cin yağan uşağın oyunu hamını məəttəl qoymuşdu və illər keçdikcə, onun şöhrəti bütün Buzovnaya yayıldı. Buzovnalı cavanlar, ümumiyyətlə, futbol həvəskarları Yataqxananın həyətinə yığışıb onun oyununa tamaşa edirdi.Yataqxananın həyətinin bir böyrü gedib Buzovnadakı Beynəlxalq «Gənclik» Düşərgəsinin hasarına dirənirdi və orada dincələn xaricilər də hərdən gəlib Əbülfətin futbol oynamağına tamaşa edirdilər və deyirdilər bu uşaq böyüyəndə, Fransa, İngiltərə, lap elə Amerika onun üstündə bir-biri ilə dava edəcək, o deyəcək ki, mənim komandamda oynasın, bu deyəcək ki, yox, mənim komandamda oynasın, özü də milyonçu olacaq və bu «milyonçuluq» söhbəti gedib Səyyarəyə çatanda, arvadın içinə bir şəst dolurdu ki, elə bil, elə indi, Buzovnadakı bu Fəhlə Yataqxanasındaca milyonçu olublar və elə o zaman da xüsusi gəlib Yataqxananın həyətində bu şuşalı balasının futbol oynamağına baxan Bolelşik Bufetçi İbadulla onun adını «Eysebio» qoydu və o vaxtdan da Əbülfət bütün bu tərəflərdə Eysebio kimi məşhurlaşdı, onun sorağı gedib Bakıya çıxdı və Əbülfəti Bakıya apardılar, futbol təmayüllü internat məktəbdə oxudu və çox çəkmədi ki, onu Azərbaycanın gənclərdən ibarət yığma komandasına daxil etdilər.

2 мин
XIV fəsil

Şuşadakı o mitinqlər – çox vaxt yaxın kəndlərdən – Malıbəylidən, Zarıslıdan gəlmiş camaatın da qoşulduğu o izdihamlı mitinqlər və Bayraqdarın ön cərgədə dayanıb o mitinqlərdə üçrəngli bayrağı qaldırması, o bayrağın mitinqlərdəki həyəcanın, sarsıntının, qəzəbin müqabilində bir təsginliyə, bir ümid mənbəyinə çevrilməsi – bütün bunlar keçmişdə qalmışdı və Bayraqdara elə gəlirdi ki, o keçmiş– çox uzaq bir keçmişdir, hətta onun yaşından da uzaq, qədim, tamam qocalmış bir keçmişdir və bəzən o uzaq keçmişdə o bayrağı qaldıran adamın Surxay olmağı da indi onun özünə qəribə görünürdü.

1 мин
XV fəsil

Əbülfətin hərdən gəlib Buzovnadakı Fəhlə Yataqxanasının həyətində təkcə şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə canlanırdı.– Eysebio gəlib!..

10 мин
XVI fəsil

Gözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacınınaltındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş-yavaş, sonra da bərkdən öz-özüylə danışmağa başladı. Məmməd kişi özü ilə elə

1 мин

Стихи других поэтов