Содержание
  1. I fəsil
  2. II fəsil
  3. III fəsil

Страница 5 из 5 · 80%

Yay vaxtları səhərdən qəssab Ağanəcəf axşam işdən qayıdanacan Balacaxanım küçə qapısı ağzında dayanıb o qızla, bu gəlinlə söhbət edirdi, laqqırtı vururdu və hamı təəccüb edirdi ki, hərəsi bir-birindən bir yaş böyük beş uşağın xörəyini kim və necə bişirir. Tın-tın Firuzə belə deyirdi ki, guya qəssab Ağanəcəf yazıq, gündüzlər kolxoz bazarında ət satır, axşamlar da qonşular görməsin deyə gizli-gizli sabahın xörəyini bişirir; bu barədə bir söz deyə bilmərik, amma bir həqiqət vardı ki, hamı qəssab Ağanəcəfdən çəkinirdi, qəssab Ağanəcəf isə Balacaxanımdan qorxurdu.

Əliabbas kişi:

– Neynək, – dedi, – talvar da düzəldərəm. – Əlbəttə, məsələ onda deyildi ki, Balacaxanım həmin talvarlı skamyada oturub laqqırtı vuracaqdı, məsələ onda idi ki, Əliabbas kişinin əllərinin bir bəhrəsi də artacaqdı. – Taxta lazımdı bir az...

Balacaxanım:

– A-a-a... – dedi. – Nə var ona?.. Ağanəcəfə deyərəm, lap bir vaqon taxta tökdürər bura...

Əliabbas kişi səhəri gündən işə başladı, qəssab Ağanəcəfgilin küçə qapısı ağzında skamya düzəltdi, balaca bir talvar üçün taxta dirəklər hazırladı və onun cəmi bircə günlük işi talvarı düzəltmək qalmışdı ki, Balacaxanım tın-tın Firuzə kimilərin acığına, elə bil toya gedirdi, geyinib-kecinib otursun bu talvarlı qiyamət skamyada.

Bütün məhəllə bu fikirdə idi ki, bu skamya Əliabbas kişinin sonradan-sonrakı ustalığının şah əsəridi.

Həmin oktyabr səhəri Bakıya elə bil təzədən yay qayıtmışdı və yüz yaşlı xartutun həyətə səpələnmiş xəzəli ilə belə bir isti heç uyuşmurdu. Çayniki qazın üstünə qoyub səhər-səhər tabaqçada qənd doğrayan Anaxanım şüşəbənddən həyətə baxırdı. Arvadın gözü qayınatasının alətxanasına sataşdı, sonra kişinin yatdığı evin qapısına tərəf boylandı və necə oldusa, birdən-birə Anaxanımın ürəyini bir nigarançılıq bürüdü.

Əliabbas kişi həmişə bu vaxtlar həyət-bacada dolaşardı.

Bir müddət keçdi, kişilər oyandı, uşaqlar tələm-tələsik çay-çörəklərini yeməyə başladılar ki, məktəbə gecikməsinlər.

Əliabbas kişi həyətə çıxmadı.

Anaxanım çəkinə-çəkinə qayınatasını işə getməyə hazırlaşan Ağamuxtardan xəbər aldı. Ağamuxtar arvadının gözlərinin içinə baxdı, bir söz demədi və həyətə düşüb atasının yatdığı otağa girdi.

Əliabbas kişi gecə yuxuda ikən keçinmişdi.

Həmin gün bütün məhəllə gecə yarısına kimi Əliabbas kişigilin həyətinə gəlib-getdi, yüz yaşlı xartutun altında düzülmüş stullarda, kətillərdə oturub bir stəkan çay içdi, Ağamuxtarla Fətullaya başsağlığı verdi.

Çoxadamlı o həyət elə bil, kişinin getməyilə yetimləşmişdi.

O isti payız günü yüz yaşlı tut ağacı da tək-tənha idi.

Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi oldu: Balacaxanımın küçə qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi.

Bütün məhəllə, qəssab Ağanəcəf də, ağlamaqdan gözləri qızarmış Balacaxanım da, Əliabbas kişinin oğul-uşağı da bu işə heyrət etdilər.

Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardı və ümumiyyətlə, məhəllədə belə bir şayiə gəzirdi ki, Əliabbas kişinin çəkic-mişarı, rəndə-kəlbətini gecə öz-özünə gəlib ustanın yarımçıq qalmış işini qurtarıbdır.

Sentyabr, 1976.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II hissə

Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat

45 мин
I fəsil

(Bir itin aqibəti haqqında povest)– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.

13 мин
II fəsil

Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.

21 мин
III fəsil

Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.

13 мин

Стихи других поэтов