Содержание
  1. I fəsil
  2. II fəsil
  3. III fəsil

Страница 4 из 5 · 60%

III fəsil

Əliabbas kişigilin məhəlləsindən yeddi-səkkiz tin aşağıda təzə bağça salınmışdı və birinci gün usta hələlik dörd alət seçib bu bağçaya gələndə, skamyalardan birində əyləşib alətləri də yanına düzəndə, təsbehini çevirə-çevirə fikirləşdi ki, istirahət, doğrudan da, qiyamət şeydi. Adamlara baxdı, uşaqlara baxdı və əvvəlcə narahat oldu ki, uşaqlar indi yığılacaq başına, başlayacaqlar mişara, rəndəyə baxmağa, amma bir az keçdi, yanından ora-bura yüyürən, bir-biri ilə oynayan uşaqların heç biri ona tərəf məhəl qoymadı, heç ayaq saxlayıb bu alətlərə baxmadı da və Əliabbas kişi fikirləşdi ki, doğrudan da, dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapança, rəngbərəng balaca vedrə, bel, yüz cürə oyuncaq var, kimdi bu mişara, çəkicə fikir verən. Kişi bunu fikirləşdi və ürəyi ağrıdı, bu çəkic-mişara yazığı gəldi, onların bu kimsəsizliyi, sahibinin gücsüzlüyü, acizliyi onu yandırıb-yaxdı.

Birinci gün Əliabbas kişinin rəndə-mişarına müştəri gəlmədi.

İkinci gün usta yenə gəlib bağçadakı skamyalardan birində əyləşdi və yenə də alətləri yanına düzdü. Yenə adamlara, uşaqlara baxdı və yenə də birdən-birə Cəbi yadına düşdü, öz uşaqlığını gördü, o dağların ətrini duydu, o dağların döşündəki gül-çiçəyin rəngi gözlərinin qabağına gəldi, o dağların çəni-çiskini üçün darıxdı, fikirləşdi ki, bir də heç vaxt o dağlarda olmayacaq, bir də heç vaxt o dağ çayı boyunca addımlamayacaq, o saf havadan sinədolusu nəfəs almayacaq. Usta fikirləşdi ki, nə tez gəlib keçdi bu illər və belə bir fikri gözləyirmiş kimi, gözlərinin qabağından saysız-hesabsız adamlar gəlib ötdü; çoxunun heç adını da bilmirdi, harda gördüyünü yadına salmırdı, amma sifətlər bir-bir gəlib keçirdi – uzun-uzadı illər boyu gördüyü, rastlaşdığı və bəlkə də hamısının indi yer üzündə olmadığı adamların sifəti.

İkinci gün də Əliabbas kişinin çəkic, mişarına müştəri tapılmadı.

Üçüncü gün hava bir balaca tutuldu, xəzri əsməyə başladı. Əliabbas kişi bir müddət həyətdə vurnuxub tez-tez göyə baxdı və oğul-uşaqda da bir ümid yarandı ki, bəlkə kişi daşı tökdü ətəyindən (elə bil usta özü də ürəyində yağış yağmasını istəyirdi), amma yavaş-yavaş göy açıldı və Əliabbas kişi də torbasını qoltuğuna vurub bağçaya getdi, skamyalardan birində oturub alətləri yanına düzdü. Üzbəüz skamyada cavan bir gəlin əyləşmişdi, bir əlində kitab tutmuşdu, o biri əli ilə çağa yatmış kalyaskanı asta-asta yelləyirdi. Gözlərini kitabdan ayırıb Əliabbas kişiyə baxdı və salam verdi. Əliabbas kişi gəlinin salamını aldı və yadına saldı ki, dünən də, srağagün də bu gəlin bağçada idi. Gəlin gülümsədi və Əliabbas kişiyə elə gəldi ki, bir balaca başını buladı, yəni ki, bu nə müştəri axtarmaq dəsgahıdı, kişi? Əlbəttə, ustanın öz halal puluna aldığı mişar-rəndəni satmasının heç kimə dəxli yox idi, amma hər halda bu gəlinin bu cür gülümsəyib başını bulaması adamı bir balaca naqolay vəziyyətə salırdı. Bir az keçdi və göyün üzü yenə tutuldu. Bağçadakıların çoxu – uşaqlı analar, qoca arvadlar yavaş-yavaş durub getdi və bu zaman iyirmi beş-iyirmi altı yaşlarında bir oğlan Əliabbas kişiyə yaxınlaşıb alətlərə baxdı, salamsız-kalamsız soruşdu:

– Neçiyədi, kişi, bu zubul?

Əliabbas kişi istər-istəməz ilk növbədə bu oğlanın əllərinə baxdı və oğlan da həmin baxışların mənasını başa düşdü; onun belə bir inamsızlıqdan xoşu gəlmədi:

– Nədi, kişi, əlimə baxırsan görəsən ustayam, ya yox? Ustayam, özü də lap yaxşısından, lap kefin istəyəndən, əlimdə də, bax, görürsən, bir dənə döyənək də yoxdu. Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun da heç kimə lazım deyil indi, dükanlar doludu elektrik dreli ilə, on üç manat əlli qəpiyə biri...

Əliabbas kişi bu şəstli oğlana:

– Get, bala, get, – dedi. Get al elektrik dreli. Səni qısnayan var ki, gəl bu zubulu al?

Oğlan bir söz demədi, əlini o tərəf-bu tərəfə yellədi və çıxıb getdi.

Bu oğlan bəlkə də usta idi və bəlkə, doğrudan da, kefin istəyən usta idi, amma onun ürəyi usta ürəyi deyildi.

Üçüncü gün həmin oğlan Əliabbas kişinin çəkic-mişarı ilə maraqlanan yeganə adam oldu.

Dördüncü gün Əliabbas kişi həyətə çıxıb alətxananı açdı, torbasını götürdü və hərəsi öz pəncərəsindən həyətə baxan Anaxanımla Məsmə bu dəfə mənalı-mənalı bir-birinə baxdı, yəni ki, ağbirçək vaxtımızda görəcək günlərimiz varmış. (Tramvaysürən Ağamehdinin anası və məhəllənin ən birinci qiybətçisi tın-tın Firuzə şayiə yaymışdı ki, usta Əliabbasın oğulları, gəlinləri ona yaxşı baxmırlar, kişi də naəlac qalıb öz çəkicini, kəlbətinini satır; düzdür, bu söhbəti eşidən məhəllə arvadları tın-tın Firuzənin ağzından vurmuşdu, amma hər halda yaxşı söz-söhbət deyildi bu.)

Əlbəttə, Anaxanım da, Məsmə də həmin günün macərasını bilsəydilər, indi bir-birlərinə bu cür mənalı-mənalı baxmazdılar və dilxor da olmazdılar.

Əliabbas kişi həyət qapısından çıxıb təzə bağçaya getmək əvəzinə, torbanı qapının ağzındakı yarımçıq skamyanın üstünə qoydu, qollarını çırmalayıb skamyanı düzəltməyə başladı və ən qəribəsi də bu oldu ki, mismarlar düz getdi, balta da öz işini neçə-neçə illər bundan əvvəlki kimi, səliqəli gördü, çəkic də, rəndə də, kəlbətin də Əliabbas kişinin qupquru quruyub qaxaca dönmüş əli nə istədisə, onu elədi. Bir saat-saat yarımdan sonra skamya hazır oldu və Anaxanıma da, Məsməyə də elə gəldi ki, qayınataları yenə iyirmi-otuz il bundan qabaqkı usta Əliabbasdı.

Səhəri gün Əliabbas kişi evin qapı-pəncərəsinə əl gəzdirməyə başladı, sonra həyətin şüşəbəndini səliqəyə saldı, sonra qonşulara baş çəkdi, sürahilər təzələndi, pəncərə çərçivələri sahmanlandı, həyətlərin ikinci mərtəbəyə qalxan taxta pilləkənləri qaydaya düşdü və yavaş-yavaş yay keçib getdi, payız başladı, gecə yatanda kişilər arvadlarının yanına keçdi, Cavanlar damdan evə köçdü, yüz yaşlı xartutun meyvəsi çoxdan yeyilib qurtardı, yarpaqları saralmağa başladı, Əliabbas kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Elə bil şeytan ustanı çaşdırıb yoldan eləmək istəyirmiş ki, işi-gücü burax, gəl otur, ölümünü gözlə. Bütün məhəllə və o cümlədən də Əliabbas kişinin oğul-uşağı ustanın birdən-birə beləcə cavanlaşmasına məəttəl qalmışdı, hətta Əliqulu bu işdən o qədər vəcdə gəlmişdi ki, kişinin şəninə poema yazmağa başlamışdı və bir gün məhəlləyə xəbər yayıldı ki, qəzetdə Əliqulunun poemasından bir parça çap olunub. Əliqulu şeri qırıq-qırıq misralarla yazırdı və məhəllədə bu şerlərə barmaqarası baxırdılar, amma camaat ki, qəzetdə Əliqulunun imzasını, bir neçə misrada Əliabbas kişinin adını gördü, bu cavan şairin hörməti məhəllədə birə-on artdı, Anaxanım da, Məsmə də Əliqulunun şerini qəzetdən kəsib uşaqların, qohum-əqrəbanın şəkillərini yığdıqları alboma qoydular; Əliabbas kişinin özü isə qəzetə baxdı və təkcə başını buladı.

Qəssab Ağanəcəfin arvadı Balacaxanım küçə qapıları ağzında dayanıb tum çırtlaya-çırtlaya başına toplaşmış cavan məhəllə qızlarına göz vurub deyirdi:

– Kişi yaman dirilib!.. Bir də gördün sabah özünə cavan bir arvad alıb!.. Hər səhər də yorğan-döşəkdən qalxanda arvadın gözlərinin altı qapqara...

Balacaxanım bu sözləri deyirdi və bərkdən şaqqanaq çəkib gülürdü.

Əliabbas kişi gecələr daha o dörd misranı bir o qədər də tez-tez yadına salmırdı:

Yatıram yanım ağrır,

Dururam canım ağrır.

Sən yadıma düşəndə,

Tamam əndamım ağrır.

Əlbəttə, ona görə yox ki, Tubuxanım daha gec-gec yadına düşürdü; ona görə ki, əli-ayağı ağrıyanda yenə də əvvəllərdəki kimi işin çoxluğundan ağrıyırdı, qocalıqdan yox.

Hamı bu fikirdə idi ki, Əliabbas kişi də, həyətlərindəki xartut kimi, yüzü ötəcək.

Balacaxanım hərdən gəlib Əliabbas kişigilin küçələrinin ağzındakı skamyada otururdu. Məhəllənin qızları iş-gücdən on dəqiqə də olsa vaxt tapıb onun başına yığışırdı və Balacaxanım ləzzətli söhbətlər edə-edə, bərkdən şaqqanaq çəkib gülə-gülə o qədər tum çırtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu. Bir dəfə də tərs-tərs bir ona, bir də səkinin üstündəki tum qabıqlarına baxan Əliabbas kişiyə dedi:

– Süpürəcəyəm, ay Əliabbas dayı, süpürəcəyəm hamısını. Neyniyim, bizim qapının ağzında bir skamya düzəltmirsən də mənimçün...

Balacaxanım beləcə gileyləndi, gülümsədi və qızıl dişləri gün işığında parıldadı. Balacaxanım ağzındakı sapsağ dişlərinin hamısını qızıl karonkaya saldırmışdı və tın-tın Firuzə də bu qızıl dişlərin paxıllığından yanıb-yaxılırdı.

Əlbəttə, Balacaxanım söz idi deyirdi və heç vəchlə gözləmirdi ki, Əliabbas kişi deyəcək:

– Neynək, sizin də qapının ağzında səninçün bir skamya düzəldərəm...

Balacaxanım elə bil ömründə bu cür sidq-ürəkdən sevinməmişdi:

– Doğrudan? Çox sağ ol, ay Əliabbas dayı! Amma eləsini düzəlt ki, heç bir məhəllədə belə skamya olmasın! Balaca bir talvarı da olsun, Əliabbas dayı, yayda gün düşməsin üstümüzə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II hissə

Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat

45 мин
I fəsil

(Bir itin aqibəti haqqında povest)– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.

13 мин
II fəsil

Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.

21 мин
III fəsil

Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.

13 мин

Стихи других поэтов