Talvar
Страница 3 из 5 · 40%
II fəsil
Əliabbas kişinin atası kənddən köçüb Bakıda, Sabunçu neft mədənlərində fəhlə işləyirdi, sonralar buruq ustası oldu; indi o yerlərə «Leninneft» mədənləri deyirlər və Sabunçudan tutmuş Ramanayacan uzanır. Əliabbas kişinin uşaqlığının çox hissəsi, yeniyetməliyi o yerlərdə keçmişdi, amma o, neftçi olmamışdı, dülgər olmuşdu. O vaxtlar buruqlar taxtadan quraşdırılardı. Əliabbasın da mismar vurmağa, taxta yonmağa xüsusi həvəsi var idi və hələ lap uşaqlıqdan bu işdə səliqəsinə söz ola bilməzdi. Sonralar Əliabbas mədənlərdən tamam uzaqlaşdı və tanıyanlar, bilənlər arasında adlı-sanlı dülgər oldu.
Bütün bunlar hamısı çox-çox uzaqların söhbəti idi və bəzən gecələr, yerinə girib yuxuya getməzdən əvvəl belə bir uzaqlığın xofu kişini basırdı; özü də inanmırdı ki, bu dünyada bu qədər ömür sürüb, bu ölüm-itim dünyasında.
Əliabbas kişi bir neçə il bundan əvvəl axır ki, təqaüdə çıxmışdı və təqaüdə çıxan kimi də başa düşmüşdü ki, nə qollarında qüvvət var, nə də ayaqlarında taqət; usta burasını da yaxşı başa düşmüşdü ki, onun köhnə (amma iti) mişarı, rəndəsi, baltası indi artıq yer tutur, yəni bu mənada ki, oduna gedənin baltası iti olar, işləyər, gedə bilməyənin yox. Alət işlər, əl öyünər deyiblər, amma əl ki, daha aləti tuta bilmir, deməli qurtardı məsələ, vəssalam-şüttamam.
Usta bütün bunları yaxşı bilirdi, amma bu vəssalam-şüttamam məsələsi çox müşkül məsələ idi və adamın atasını yandırırdı. İki gün bundan əvvəl Əliabbas kişi baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətlərinin küçə qapısı ağzında balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri getdi, çəkiclə barmağını vurdu, axırda da balta ilə əlini zədələdi və pəncərələrindən boylanıb bekar-bekar küçəyə baxan Balacaxanım, qəssab Ağanəcəfin arvadı, bir haray-həşir qopardı ki, bütün məhəllə kişinin başına yığıldı:
– Vaxsey!.. Balta əlini apardı kişinin!..
Əlbəttə, balta kişinin əlini aparmamışdı, zədələmişdi bir balaca və Balacaxanımın bu haray-həşiri də əslində bekarçılıqdan idi.
Ağamuxtar dedi:
– Əşşi, əl çək bu işdən də, nəyinə lazımdı?! Gərək elə skamya düzəldəsən?!
Küçə qapıları üzbəüz bir-birinə baxan Alxas bəy dedi:
– Kişi, get otur, uzan, yat, istirahətini elə də!..
Benzin kalonkasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu – şer yazan və məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam – heyran-heyran dedi:
– Necə də əməksevər qocadır! Əsl şer qəhrəmanı, sənət qəhrəmanıdır! Bu rəşadət poetik təfəkkürün yox, həyatın bəhrəsidir!
Əliqulunun danışıqlarını məhəllədə çox adam əməlli-başlı başa düşmürdü və bu dəfə də bu sözlərə fikir verən olmadı.
Əliabbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı və Balacaxanımın bir göz qırpımında küçəyə yığdığı adamların arasından həyətə girdi; ağzını açıb bircə kəlmə də söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu – bu öz yerində, məsələ bunda idi ki, belə bir naxələflik adamı yandırıb-yaxırdı. Usta onsuz da bilirdi ki, bu skamya onun dülgərlik aləmində axırıncı sözüdü (Əliabbas kişi hələlik belə fikirləşirdi və biz görəcəyik ki, belə fikirləşmək tez imiş...) və indi usta burasını da özü üçün lap yəqin etdi ki, bu balta ki, altmış-yetmiş ildən sonra onun əlini kəsir, çəkic də barmağını əzir, daha lap doğrudan-doğruya qurtardı mismar vurmaq, taxta rəndələmək.
Xartutun yüz yaşı tamam olan həmin günün səhəri Əliabbas kişi yerindən qalxıb adəti üzrə əvvəlcə həyətin aşağı başına dəydi, sonra həyət kranında səliqə-sahmanla yuyundu, böyük gəlini Anaxanımın sübh tezdən dəmlədiyi çaydan içib çörəyini yedi və qıfılın açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi, divarlarını suvaqlayıb, ağardıb, üstünə qırmızı kirəmit düzdüyü alətxanasının qapısını açdı.
Əliabbas kişi bir o qədər də ürəyi yuxa olanlardan deyildi və bu alətlərə nə özü bir xatirə kimi baxmaq istəyirdi, nə də istəyirdi ki, başqaları bunlara xatirə kimi baxsın.
Zərgər Ələşrəf deyirdi və çox da düz deyirdi ki, zər qədrini zərgər bilər; bu mişar da, bu rəndə, çəkic, qələm də o ustanın olmalı idi ki, iş görür – pəncərə salır, qapı düzəldir, ağac yonur, mismar vurur, həm də mismarı düz vurur, əlini də zədələmir və qəssab Ağanəcəfin arvadı Balacaxanım kimisi də bekarçılıqdan haray-həşir salmır.
Xartutun yüz yaşı tamam olduğu həmin yay gecəsi Əliabbas kişi bu qərara gəldi ki, alətlərin ən yaxşısını seçib aparıb satsın. Burada, əlbəttə, əsas məsələ pul məsələsi deyildi; əvvəla, Əliabbas kişigilin dolanacağı yaxşı idi, ikincisi, bütün alətlərin qiyməti bir o qədər də pul eləmirdi; əsas məsələ burasındaydı ki, bu alətlər yaxşı bir ustaya qismət olmalı idi, bu alətlər iş görməliydi, qalıb paslanmamalıydı. Əliabbas kişi alətləri bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi, amma belə bir səxavətin mənası yox idi, çünki belə bir səxavət bu alətlərə rəva deyildi; çünki bu alətlər həmişə bəhrə vermişdi, gözəl-gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar düzəltmişdi...
Kişinin yenə alətxananı açıb çəkic, mişar götürməyini pəncərədən birinci Məsmə gördü və elə başa düşdü ki, qayınatası küçə qapısı ağzındakı yarımçıq qalmış skamyanı təzədən düzəltmək istəyir, tez Fətullanı səslədi. Fətulla şüşəbənddə oturub çay içə-içə televizorun gündüz verilişlərinə baxırdı: axşamlar bütün həyətin qız-gəlini, arvadları yığışırdı Fətullagilin şüşəbəndində televizora baxmağa (təkcə futbola baxmırdılar) və kişilərin də küçəyə çıxıb səkidə nərd oynamaqdan və nərd oynayanlara tamaşa etməkdən başqa çarələri qalmırdı.
Fətulla həyətə çıxdı, sonra Ağamuxtar həyətə çıxdı, Əliabbas kişinin gəlinləri pəncərələrdən boylandı və hamı bu təzə xəbərdən tamam dilxor oldu.
Ağamuxtar dedi:
– A kişi, axı, dost var, düşmən var, başlayacaqsan çəkic satmağa?
Ağamuxtar bu sözləri dedi, amma atasını da yaxşı tanıyırdı və bilirdi ki, kişinin beyninə bir şey girdisə, onu ordan dartıb çıxarmaq çətin işdi.
– Yəni başlayacaqsan əməlli-başlı çəkic-mişar satmağa? – Bunu da Fətulla dedi.
– Nədi, bəyəm havayı bağışlayıblar bu çəkici, mişarı? – Bu söz-söhbət Əliabbas kişinin xoşuna gəlmədi və o, oğul-uşağın üstünə çımxırdı: – Gedin, gedin öz işinizlə-gücünüzlə məşğul olun, mənim başıma ağıl qoymayın! – Amma Əliabbas kişi burasını demədi ki, nə satmaqbazlıqdır, şair demişkən, «məqsədimiz nə mey, nə meyxanədir, didari-yarı görmək üçün bir bəhanədir»; bir yaxşı usta çıxsa qarşısına ki, bu alətlərə sərraf gözü ilə baxa bilir, qolunda gücü var, ayağında da taqət, pulsuz-zadsız halal edər ona bu çəkici də, mişarı da, rəndəni də və başqa nəyi varsa da hamısını.
Məsmə fikirləşdi ki, kişi qocalıb, başı xarab olub, aləmi güldürəcək bizə, sonra qayınatası haqqında belə hörmətsiz fikirləşdiyinə görə öz-özündən utandı və pəncərənin qabağından çəkildi.
Əliabbas kişi alətlərinin içindən bir yaxşı çəkic, bir yaxşı mişar, bir yaxşı rəndə və bir də bir qələm seçib torbaya yığdı, sonra heç kimin bir mətləb anlamadığı bir söz dedi:
– Baxın, baxın bu tuta, yüzündə necə parçalanıb... – əli ilə həyətin ortasındakı xartutu göstərdi və asta addımlarla küçəyə çıxdı.
Həyətdəkilərin hamısı dönüb xartuta baxdı və yenə də heç kim heç nə başa düşmədi.
Əslində heç Əliabbas kişinin özü də bilmədi ki, niyə bu xartutu göstərdi və bu xartutun onun çəkic-mişar satmağına nə dəxli var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-talvar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat
I fəsil(Bir itin aqibəti haqqında povest)– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.
II fəsilAbşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi.
III fəsilHəmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: ya Ağabacı nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı şeyi yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub qulaq asırdı.Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba qulaq asırdı.
Стихи других поэтов
Qamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Aşıq sazındaAşıq Ələsgərə*Bir həyat eşqi var, bir də ki, həsrət,