Ayıca
Ayıca Aysunun ən birinci dostu idi.
Ayıca ayı balasının adı idi. Axı, Aysu hələ sözləri düz deyə bilmirdi... Sözlərin orasını əyirdi, burasını əyirdi, özündən cürbəcür sözlər quraşdırırdı.
Bu ayı balasına da əvvəlcə: «A-a-a!» – dedi, sonra: «Yı-yı-yı..» – dedi, sonra: «Ca-ca-ca!..» – dedi. Sonra həmin «a»lar, «yı»lar», «ca»lar bir yerə yığılıb oldular nə?
Düzdü! «Ay-yı-ca!..».
– Ayıca!.. Ayıca!.. Ayıca!..
Ayı balasının adı da, bax, bu cür oldu Ayıca.
Bu ayı balasının sarı-kürən tükləri var idi, özü də həmişə gülürdü.
Ayıca o qədər böyük idi ki, lap Aysudan da böyük. Amma elə də yüngül idi ki, lap yüngül. Aysu onu qucağına götürürdü. Axı, bu ayı balası əslində pambıqdan idi...
Bu hadisə çoxdan olmuşdu, lap, lap çoxdan, düz altı gün bundan qabaq.
Onda gün çıxmışdı. Aysugilin kənddəki evlərinin qabağında çəmənlik var idi. O çəməndəki güllər, çiçəklər gecənin sərinindən sonra, günün altında qızınırdılar.
Aysu Ayıcanı qucağına alıb çəmənə çıxdı.
Çəməndəki güllər, çiçəklər, otlar hamısı başını qaldırıb günəşə baxırdı. Bu güllərin, çiçəklərin, otların o qədər cürbəcür rəngi var idi ki, heç Aysunun bu qədər rəngli karandaşı yox idi: qırmızı, narıncı, sarı, yaşıl, xurmayı, məxməri, qızılı, göy, qəhvəyi, gümüşü, ağ, qızılı...
Aysu Ayıcanı yamyaşıl otların üstündə oturtdu. Özü isə güllərin, çiçəklərin arasında bu güldən o gülə, o güldən bu gülə tərəf qaçdı və qaça-qaça heç özü də bilmədən necə oldusa, birdən-birə uzun cümlələr deməyə başladı:
– Oy, nə qə... qə... qəşəng gül!..
Bu sözləri Aysu iri qırmızı gül üçün dedi.
– Oy, nə qə... qə... qəşəng gül!
Bu sözləri balaca sarı çiçəklər üçün dedi.
Aysunun yaş yarım yaşı var idi və ömründə birinci dəfə idi sözləri bir-birinin ardınca bu cür səliqə ilə düzürdü, lap böyüklər kimi danışırdı:
– Oy, nə qə... qə... qəşəng gül!..
Bu sözləri xırdaca mavi çiçəklər üçün dedi. O xırdaca mavi çiçəklər salxım-salxım idi.
Aysu beləcə, güllərdən güllərə qaçdı:
– Oy nə qəşəng gül!..
– Oy, nə qəşəng gül!..
– Oy, nə qəşəng gül!..
Bu vaxt ağappaq böyük gülün üstündən bir kəpənək uçdu. O kəpənəyin sapsarı qanadları günün altında sarı işıq kimi işıldayırdı. Sarı qanadlarında qıpqırmızı, gömgöy xallar var idi və o qıpqırmızı, gömgöy xallar da günün altında qıpqırmızı, gömgöy işıq kimi işıldayırdı.
O sarı kəpənək də uça-uça bu güldən o gülə, o güldən bu gülə qonmağa başladı. Aysu o qıpqırmızı, gömgöy xallı sarı kəpənəyə baxdı, baxdı və dedi:
– Oy, nə qəşəng kə... kə... kəpənək!..
Birdən o gözəl çəməndə, günün qızdırdığı o işıqlı, sakit çəməndə kimsə bərkdən ağladı.
Aysu dayandı, o tərəfə baxdı, bu tərəfə baxdı: çəməndə heç kim yox idi.
Bəs, bu gözəl gündə, bu qəşəng güllərin, çiçəklərin arasında kim beləcə ağlayırdı?
Necə? Ola bilməz!..
Aysu tez Ayıcanın yanına qaçdı.
Hə, hə... Sən demə, o gözəl çəməndə o cür bərkdən ağlayan Ayıca idi...
Aysu tez Ayıcanın yanında oturdu və bu dəfə də ömründə birinci dəfə sözləri bu cür yan-yana düzdü:
– Sənə... nə... olub... Ayıca?
Ayıca qalın və yumşaq pəncələri ilə ağlamaqdan qızarmış gözlərini ovuşdura-ovuşdura dedi:
– Hamı qəşəng... Güllər qəşəng... Kəpənək qəşəng... Bəs... Bəs mən? – Və Ayıca lap bərkdən ağladı.
Aysu:
– Sən də qə... qəşəngsən, Ayıca! – dedi.
Aysu Ayıcaya da bu sözləri birinci dəfə deyirdi.
Sonra bu sözləri elə dedi ki, çəməndəki bütün güllər, çiçəklər, otlar, kəpənəklər eşitdi!
– Sən də qəşəngsən, Ayıca!
Elə bil, bu sözləri Günəş də eşitdi!
Ayıca pəncələrini üzündən çəkdi, Günəşə baxdı və o ayı balasının gün işığında parıldayan gözləri yenə də əvvəlki kimi güldü.
Sonra Ayıca gülümsəyən yaş gözləri ilə Aysuya baxdı və burnunu çəkə-çəkə dedi:
– Sən də qəşəngsən, Aysu!..
Sonra Aysu Ayıcanı qucağına aldı və onlar gözəl güllərin, çiçəklərin arası ilə gəzə-gəzə evə gəldilər...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-ayica
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Abbas Mirzə at belində və bir neçə atlının əhatəsində düşərgənin qarşısında dayanmışdı.Yağış yağmağa başlamışdı, amma Abbas Mirzə də, o biri atlılar da qətiyyən bunun fərqində deyildi.
İkinci hissə, 2928 yanvar 1806-cı il. Tiflis. Sərdar iqamətgahı.Knyaz Sisianov müşavirə çağırmışdı.
İkinci hissə, 308 fevral 1806-cı il. Bakının ətrafı.Knyaz Sisianov ilə polkovnik Eristavi at belində astadan çapa-çapa yanaşı gedirdi.
İkinci hissə, 31Axşamçağı yüngül bir külək əsirdi və Xəzərin sularını yüngülcə bir dalğa kimi də sahilə çıxarıb, geri qaytarırdı…Bakıya axşam düşmüşdü.
Стихи других поэтов
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Kəndimizdən qovulanlarQaradağlı pəri, özün biləli,Bizim xərab kəndə gəlin gələli,
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,