Страница 2 из 3 · 33%

Dolçanın yoxa çıxmasından başqa da bir şey o «nə isə»nin içinə daxil idi və çəkic-mismar götürüb, nərdivana qalxıb talvarın taxtalarını bərkidən Ağababa, həmin gün, avqustun lap axırlarındakı o aydın, küləksiz yay günü uzaqda Gümüş Malikin kababxanasından qalxan tüstünü görəndə başa düşdü ki, nə eləməlidir və bunu mütləq eləməlidir, elə bu gün eləməlidir.

Ağababa nərdivandan aşağı düşdü, mıxı, çəkici aparıb mətbəxin yanındakı balaca otağa qoydu, sonra yuxarı qalxıb şüşəbənddə hərəsi öz işi ilə məşğul olan Ağabacıya, qızlara dedi:

– Hazırlaşın, gedirik kabab yeməyə!

Ağabacı da, uşaqlar da Ağababanı yaxşı tanıyırdı və bu dəfə də Ağababanın səsinin tonundan başa düşdülər ki, mütləq durub hazırlaşmalıdırlar və getməlidirlər.

Nailə qonşuya getmişdi, Amalə qaçıb Nailəni çağırdı, Dilşad dəniz qırağına qaçıb Nuhbalanı çağırdı, Ağabacı çoxdan geymədiyi krepdeşin paltarını dolabdan çıxardıb ütülədi, Ağababanın qolsuz ağ köynəyini ütülədi, qızlar quyudan su çəkib əl-üzlərini, ayaqlarını yudu və düz saat yarımlıq hazırlıqdan sonra Ağababa qabaqda, Ağabacı ilə qızlar arxada, Nuhbala da lap arxada darvazanın bala qapısından çıxıb Gümüş Malikin kababxanasına tərəf üz tutdular.

Əmirqulu hardasa yenə bir az artıqlıq eləmişdi və yenə də küçədəki tut ağacının dibində oturub kürəyini söykəmişdi ağacın gövdəsinə və gözləri axa-axa oxuyurdu özü üçün:

Mən əntiqə çortdayam,

Çortdayam, firontdayam.

Atıram plyumotları,

Vururam samalyotları!

Xeyransa da evlərinin küçə eyvanında idi və Ağababagili görən kimi,

utandığından pərdənin dalında gizləndi, Əmirqulunun xəcalətindən heç soruşa da bilmədi ki, görsün bu istidə Ağabacıgil geyinib-kecinib hara gedirlər belə; düzdü, onsuz da, sabah kənddə biləcəydilər ki, Ağabacıgil hara gedib, amma Xeyransa

ürəyində yenə Əmirqulunun qarasına deyindi: «– Başun batsun elə sənün! Batsun başun! Ər olan yerdə bir qara daş olub düşəydün mənim başıma!»; sonra Xeyransa evə keçdi, çünki indilərdə usta Mərdan gələcəkdi və başlayacaqdı otağın divarındakı şəkli qaşımağa. (Axır vaxtlar usta Mərdan müştərinin çoxluğundan kefə baxırdı, çünki indi də kəndə dəb düşmüşdü və hamı otaqlarının divarındakı şəkilləri

qaşıtdırırdı; sabah usta Mərdan Ağababagilə gələcəkdi.)

Ağababagil kəndin küçəsi ilə aşağı düşdü. İstinin əlindən hamı çəkilmişdi həyət-bacaya və boş küçədə Ağababagilin qabağına çıxan birinci adam qarovulçu Həsənulla oldu. Qarovulçu Həsənullanın kefi elə kök idi ki, uçmağa qanadı yox idi və qanad əvəzinə hər əlində bir it balası tutmuşdu: balaca, qıvrım tüklü, qəhvəyi rəngli küçüklər idi və qarovulçu Həsənulla Ağababanı görən kimi, sevincini bölüşdü:

– Görürsən! Aldım e, aldım! Pudeldi bunların adı, pudel! Maya meçta pudel! Bacı-qardaşdı! Görürsən necə krasividi?!

Belə məlum olurdu ki, qarovulçu Həsənulla yenə varını-yoxunu verib bu qəribə itdən almışdı, özü də ikisini birdən almışdı, bir dənə erkək, bir dənə də dişi və yəqin ki, bundan sonra qarovulçu Həsənullanın həmişə iti olacaqdı, bu bacı-qardaş doğub-törəyəcəkdi.

Ağababanın da kefi kök idi və Ağababa:

– Hə, çox krasividi! – dedi və bir: – Malades! – də əlavə etdi.

Sonra kitabxanaçı Nəcəfə rast gəldilər; kitabxanaçı Nəcəf çeşməyini taxıb evlərinin qabağındakı əncir ağacının kölgəsində oturub təzə qəzetləri oxuyurdu və Ağababagili görəndə salamlaşıb:

– Xeyir ola, hara belə, Ağababa müəllim! – soruşdu (Kitabxanaçı Nəcəf kəndin bütün kişilərinə «müəllim» deyə müraciət edirdi və hətta bir dəfə qəssab Ağakişi acıqlandı ki, balam, mən ki, bütün ömrüm boyu qəssab olmuşam, bu gədə mənə niyə müəllim deyir? Bağban Əsədulla da belə cavab verdi ki, kitabxanaçı Nəcəf ona görə hamıya müəllim deyir ki, onun özünə də çamaat «müəllim» desin, day «kitabxanaçı Nəcəf» deməsin. Bağban Əsədullanın sözü camaatın ağlına batdı.)

– Gəzməyə gedirik.

– Həmişə gəzməkdə! – dedi kitabxanaçı Nəcəf və yenə də başladı qəzetdəkilərin hamısını bircə-bircə oxumağa; bütun bu tərəflərdə kitabxanaçı Nəcəf qədər qəzet oxuyan ikinci bir adam tapmaq mümkün deyildi və kitabxanaçı Nəcəf, hətta rus dilində Estoniya qəzetinə də abunə olmuşdu ki, görsün oralarda nə var, nə yox. (Bir dəfə kitabxanaçı Nəcəfin anası Əlibala arvad – valideynləri bu arvada kişi adı qoymuşdu, çünki Əlibala arvad on dörd baçının axırıncısı imiş, – hə, bir dəfə kitabxanaçı Nəcəfin anası Əlibala arvad deyib ki, çamaatın uşağının əli pula çatır, mənimkinin də əli qəzetə çatıb.)

Əlbəttə, kitabxanaçı Nəcəf bilsəydi ki, Ağababa bütün əhli-əyalı ilə bir yerdə Gümüş Malikin kababxanasına gedir, inanmazdı, çünki Ağababa kitabxanaçı Nəcəfin bu kənddə ən çox hörmət etdiyi adamlardan biri idi və bu hörmətin də əsas səbəbi, təbii, bu idi ki, Ağababa halal zəhmətnən dolanan adam idi, əməlisaleh adam idi, gözütox adam idi, əyri işlərlə arası olmayan, xeyrə-şərə yarayan adam idi, bir sözlə, Ağababa, kişi adam idi.

Ağababagil kənddən çıxıb sahilə düşdü və qumluqda Gümüş Malikin kababxanasına tərəf getməyə başladı.

Yenə xəzri əsməyə başlamışdı, dəniz göy-mavi idi, dalğalar üç-dörd qat köpüklənə-köpüklənə sahilə gəlirdi, bir də ki, ləpədöyəndə düz bir xətt boyu ağappaq dalğa köpüyü uzanırdı; üfüqdə dəniz bir az maviləşirdi, bir az göy göyərirdi və dənizdə göy bir şeymiş kimi birləşirdi.

Həm bu xəzriyə görə, həm də şənbə və bazar günü olmadığına görə sahil bomboş idi və Ağababa bu boş sahillə gedə-gedə, necə oldusa, birdən-birə o yağışlıküləkli sonuncu yaz gününü yadına saldı, dalınca düşüb evlərinə gedən o gülməli küçüyü yadına saldı, dənizə baxdı, qumluğa baxdı və fikirləşdi ki, min-min o cür yağışlı-küləkli günlər olub bu dənizin qırağında, min-min o cür küçüklər görüb bu dəniz, min-min Ağababalar görüb, min-min dərdin-sərin şahidi olub bu dəniz və adamların bütün dərdi-səri, bütün çatışmayan işləri bu dənizin böyüklüyünün, bu dənizin qocalığının müqabilində elə o balaca küçük kimi gülməli bir şeydi.

Poçtalyon Fətoş məktub-qəzet dolu çanta belində, köhnə velosipedini sürə-sürə qabaqdan gəlib Ağababagilin yanından ötdü (bütün bu tərəflərdə poçtalyon Fətoşdan başqa heç kim bu qumluqda velosiped sürə bilmirdi, özü də poçtalyon Fətoşun rəsmi altmış səkkiz yaşı var idi, amma qəssab Ağakişi deyirdi ki, poçtalyon Fətoş elə mənimlə yaşdaş olar, yəni, belə çıxırdı ki, poçtalyon Fətoşun səksən bir yaşı var), salamlaşdı və soruşdu:

– Hara belə, xeyir ola?

Ağababa:

– Gəzməyə gedirik! – dedi.

Poçtalyon Fətoş:

– Həmişə gəzməkdə! – dedi və velosipedini sürüb uzaqlaşdı.

Baxmayaraq ki, şənbə və bazar günü deyildi, Gümüş Malikin kababxanası müştəri ilə dolu idi və təkçə kababxananın içində yox, bütün ətrafındakı qumluqda da, əncir kölgəsində, meynə talvarının kölgəsində dördkünc mizlər qurulub, kürsülər düzülmüşdü və Bakıdan gələn müştərilər yeyib-içib kef çəkirdilər: kimi dostu ilə gəlmişdi, kimi gələn qonağını gətirmişdi və bu qonaqlar kababdan daha çox göy-göyərti yeyirdi, araq içirdi və tez keflənirdi, kimi dəstə ilə gəlmişdi və sairə.

Gümüş Malik Ağababanı görən kimi:

– Xoş gəlmisən, qədeş! – dedi. – Sonra gördü ki, Ağababa bütün əhli-əyalı ilə gəlib və bunu özünə qarşı böyük bir hörmət əlaməti kimi qəbul etdi, çünki, əslində, kəndin kişiləri arvad-uşağı götürüb kababxanaya gətirməzdi: – Anam-baçım olsunlar, əcəb eləyib gətirmisən bacını da, uşaqları da! Buralarda oturmayın, süzə layiq döyül, tapşırram düzəldərlər süzünçün bu saat!

Gümüş Malik həm boydan-buxundan, həm də qarından çox yekə bir kişi idi (belə danışırdılar ki, guya, bir dəfə Gümüş Malik səhər-səhər otuz üç yumurtanın qayğanağını yeyib!) və əvvəllər özü də atası məşhur hambal İsrafil kimi yükdaşıyan idi, amma evlənəndən sonra qaynı Ələkbərin dost-tanışının sayəsində əvvəlcə klub çayxanasında çayçı oldu, sonra öz gücünə Buzovnanın vağzal restoranında bufetçi düzəlib işlədi, sonra da bu kababxananın müdiri oldu və Gümüş Malikin işləri elə gözəl gətirmişdi, özünə elə bir hörmət qazanmışdı ki, indi qaynı Ələkbər Gümüş Malikin yanında ürək eləyib papiros çəkmirdi ki, kişidən ayıbdı.

Kababxanada Gümüş Malikin balaca bir müdir otağı var idi ki, burada oturub kağız-dəftərdə haqq-hesab aparırdı, telefonla danışırdı, mal qəbul edirdi və ən hörmətli adamlar gələndə bu otaqdakı balaca yazı mizinin üstünü boşaldıb süfrə saldırırdı, qonaqları burda oturdurdu ki, başqa müştərilərdən ayrı olsunlar və indiki halda Ağababanın külfəti, demək olar ki, hamısı kişi olan bu müştərilərin yanında sıxılmasın.

Bu istidə başına «aerodrom» papaq qoymuş xörəkpaylayan Çəfərqulu içəri girib Ağababagillə salamlaşdı, hal-əhval tutdu (xörəkpaylayan Cəfərqulu Xeyransanın xalası oğlu idi və dünyada ən birinci zəhləsi gedən adam Əmirqulu idi) və menyünü qoydu Ağababanın qabağına.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xııı fəsil

Həmin sentyabr günü Bolelşik Bufetçi İbadullanın kefi kök idi, çünki dünən axşam «Neftçi» Finlandiyadan gəlmiş bir komandanı 3-1 hesabı ilə udmuşdu, bu gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən bəri bazar günü olduğu üçün, işə getməmiş məhəllə kişilərini, hətta, məhəllədə ən yaxşı nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb pərtləşdiyindən xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus Ağadadaşı da bir-bir udurdu.Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və Vişnyovkanın yolayrıcında yay-qış həmişə açıq olan bufetin daimi və qeyri-daimi müştəriləri də Bolelşik Bufetçi İbadullaya sadəcə «Bufet» deyirdilər və çəkisi 160 kilodan çox olan Bolelşik Bufetçi İbadulla ayaq üstə durub nəhəng qarnını qabağa verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol azarkeşi olan Bolelşik Bufetçi İbadulla hər dəfə «Neftçi», yaxud respublikanın yığma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160 kiloqram yox, top kimi yüngül bir şey idi.

2 мин
Xıv fəsil

Bir dəfə, səfeh giləvar əsən bir payız axşamı idi və o səfeh giləvara baxmayaraq, Məmməd kişi yenə həmin zeytun ağacının altındakı o sınıq-salxaq skamyada oturmuşdu və bu hələ o vaxtlar idi ki, Məmməd kişi, ancaq öz-özü ilə yox, başqalarıyla da danışırdı, bax, həmin axşam Cümü motorolleri həyətdə saxlayıb yataqxananın blokuna girmək istəyəndə Məmməd kişi ondan soruşdu:– Bura bax, ə, Cümü, ermənilər müsəlman olsaydı, ruslarnan Amerika yenə onlara qəhmər çıxacaqdılar?

1 мин
Xv fəsil

Gəlib Buzovnadakı bu fəhlə yataqxanasında yerləşəndən sonra, Cümü uzun müddət gecələr yata bilmədi və məsələ təkcə onda deyildi ki, nəm və isti Abşeron havası ilə nəfəs ala bilmirdi və dənizin o uğultusu da onu yatmağa qoymurdu – bunlar öz yerində, ən başlıcası o idi ki, bir balaca huşa gedən kimi Şuşanın küçələri, bağları, Ağadədəli məhəlləsi gəlib dururdu gözlərinin qabağında və bu – yuxu kimi yuxu deyildi, qarabasma kimi də qarabasma deyildi, amma o anlarda Cümünün nəfəsi daha da ağırlaşırdı, havası çatmırdı.Sonralar gecə gözlərinin qabağına gələn o rəngli – ən çox da yarpaq yaşılı – Şuşa mənzərələri yavaş-yavaş yox oldu və ümumiyyətlə, uzun müddət heç bir yuxu görmədi, amma axır vaxtlar tır-tır yuxusuna girməyə başlamışdı. Bu gecə də yuxuda tır-tırı gördü. Gördü ki, canını götürüb tır-tırdan qopmaq, qaçmaq istəyir, amma tır-tır onu buraxmır, Cümü qaçır, sürətlə öz-özünə gedən tır-tır da ardınca qova-qova onu izləyir və səksəkə içində yuxudan oyanıb hələ gün çıxmamış həyətə düşdü, zeytun ağacının yanında Məmməd kişinin (Gözlə Gəlirəm Məmmədin) boş skamyasında oturdu, bir siqaret çəkdi, sonra gedib tır-tırı işə saldı və tır-tır yarım saat bütün həyətə haray-həşir salıb işə düşdü və Cümü yataqxananın həyətindən çıxdı, bir də axşam saat 9-da – 10-nun yarısında qayalığa gəldi.

2 мин
Xvı fəsil

Şuşa İnternat məktəbində idman müəllimi işləyən Salman indi xəstəxanada gözətçi yeri tapıb, orada işləyirdi və gecələr xəstəxanadan spirt oğurlayırdı, Cümü də Salmanla birlikdə o spirtdən içib keflənəndə, növbəti stəkandan sonra üz-gözünü turşudub deyirdi:– Ə, dərddən içirəm e, mən, dərddən! – Sonra da özünün özünə hirsi tuturdu və bu dəfə də öz-özünə deyirdi: – Tüpürüm sənin dərdinə də, özünə də!..

1 мин

Стихи других поэтов