Gəlib Buzovnadakı bu fəhlə yataqxanasında yerləşəndən sonra, Cümü uzun müddət gecələr yata bilmədi və məsələ təkcə onda deyildi ki, nəm və isti Abşeron havası ilə nəfəs ala bilmirdi və dənizin o uğultusu da onu yatmağa qoymurdu – bunlar öz yerində, ən başlıcası o idi ki, bir balaca huşa gedən kimi Şuşanın küçələri, bağları, Ağadədəli məhəlləsi gəlib dururdu gözlərinin qabağında və bu – yuxu kimi yuxu deyildi, qarabasma kimi də qarabasma deyildi, amma o anlarda Cümünün nəfəsi daha da ağırlaşırdı, havası çatmırdı.

Sonralar gecə gözlərinin qabağına gələn o rəngli – ən çox da yarpaq yaşılı – Şuşa mənzərələri yavaş-yavaş yox oldu və ümumiyyətlə, uzun müddət heç bir yuxu görmədi, amma axır vaxtlar tır-tır yuxusuna girməyə başlamışdı. Bu gecə də yuxuda tır-tırı gördü. Gördü ki, canını götürüb tır-tırdan qopmaq, qaçmaq istəyir, amma tır-tır onu buraxmır, Cümü qaçır, sürətlə öz-özünə gedən tır-tır da ardınca qova-qova onu izləyir və səksəkə içində yuxudan oyanıb hələ gün çıxmamış həyətə düşdü, zeytun ağacının yanında Məmməd kişinin (Gözlə Gəlirəm Məmmədin) boş skamyasında oturdu, bir siqaret çəkdi, sonra gedib tır-tırı işə saldı və tır-tır yarım saat bütün həyətə haray-həşir salıb işə düşdü və Cümü yataqxananın həyətindən çıxdı, bir də axşam saat 9-da – 10-nun yarısında qayalığa gəldi.

Dəniz sakit, qayalıq bürkü idi. Cümü tır-tırı həmişəki kimi bir kənarda saxlayıb qayalığa çıxdı və əlində tutduğu dəmir pivə bankası kimi araq bankasının ağzını açıb isti araqdan beş-altı qurtum içdi. Bu araqları təzə buraxmağa başlamışdılar və qiyməti də su qiyməti kimi bir şey idi, Bolelşik Bufetçi İbadullanın bufetindəki 200 qram arağın puluna bunun üçünü almaq olardı, hərəsi də 175 qram, amma deyirdilər ki, bu araq zəhərdi.

Bu dəfə Cümü bankadakı arağın hamısını içdi və öz-özünə:

– Zəhərdi?– dedi. – Bəs, niyə səni öldürmür, ay it oğlu?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов