6 sentyabr 1802–ci il. Sankt-Peterburq. Qış Sarayı.

İmperator I Aleksandr öz iş otağında general və əyanların arasında var-gəl edirdi və imperator bu dəm, elə bil, əsabələri ilə yox, öz-özü ilə danışırdı:

– Xəzər Rusiyanın daxili dənizinə çevrilməlidir. İsti dənizlərə bizim yolumuz Cənubi Qafqazdan keçir… Nə qədər ki, Avropanın başı Bonaparta qatışıb, biz bundan istifadə etməliyik… Cənubi Qafqaz imperiyanın tam rahatldıqla söykənə biləcəyi bir Cənub sütunu olmalıdır… – Ani sükutdan sonra imperator sonuncu sözü, elə bil ki, bir az rişxəndlə təkrar etdi:– Olmalıdır… ancaq… General Knorrinq! General Knorrinq baş əydi:

– Əlahəzrət…

1 Aleksandr yenə ani bir sükutdan sonra:

– Mən hələ keçən il sizə yazmışdım ki, Fətəli şahın… – dedi və nəyi isə yadına salmaq istədi.– Onu oralarda necə çağırırdılar?

General Knorrinq:

– Baba xan, əlahəzrət…– dedi.– Fətəli şah taxta çıxmazdan əvvəl…

İmperator generalın sözünü yarımçıq kəsdi:

– Bilirəm, bilirəm… Baba xan… Mən sizə, general, hələ keçən il yazmışdım, nə qədər ki, İranın Cənubi Qafqazla bağlı iddiaları gerçəkləşməyib, yerli hakimləri, xüsusən, Qarabağ, Gəncə, İrəvan, Bakı, Şirvan… Biri də var idi… Hə, Şəki xanlıqlarını öz tərəfimizə çəkməliyik... Bu isə o demək idi ki, ən yaxın zamanlarda – vaxt artıq çoxdan yetişib! – o xanlıqları Rusiyanın tərkibinə qatmaq üçün hazırlıq işləri getməli idi… Artıq İngiltərə Fətəli şahla müqavilə bağlayıb! Bəs siz nə etmisiz, general?

General Knorriq nəsə demək istədi.

İmperator əlinin işarəsi ilə onu saxladı:

– Bilirəm… Georgiyevskdə danışıqlar aparmısınız. Ancaq… – İmperator gülümsədi.– Orada kimlər iştirak edib?

Həyəcanını boğmağa çalışan general Knorrinq dedi:

– Tərki şamxalı, Qara Qaytaq usmisi, Tabasaran hakimi…

İmperator yenə onun sözünü kəsdi:

– Bunları bilirəm… Bəs, Azərbaycandan? Azərbaycandan kimlər?

– Quba və Talış xanlarının nümayəndələri…

– Bəli, cəmi iki xanlığın… Özü də xanla yox, onların nümayəndələri…

General Knorrinq:

– Üzr istəyirəm, əlahəzrət…– dedi.– Onları yanlız danışıqlarla ram etmək olmayacaq…

I Aleksandrın sifətindəki təbəssüm çəkildi və o sərt bir ifadə ilə:

– Kim deyir ki, biz onları yalnız danışıqlarla ram edəcəyik?..

– soruşdu.– Mən sizə belə bir söz demişəm, general?

General Knorrinq yenə nə isə demək istədi, amma imperator bu dəfə də əlinin işarəsi ilə onu saxladı:

– Lazım deyil, general… Artıq bunun əhəmiyyəti yoxdur… Bu danışıqlar, verilən vədlər müvəqqəti diplomatik gedişdən başqa bir şey deyil! Bu ki, aydın məsələdi!.. Rusiya bu danışıqları məgər ciddi qəbul edə bilər?.. Yox! Qəbul edə bilməz! Və etməyəcək! Əlbəttə, zor işlədiləcək! Şərq hakimləri o qədər də axmaq deyillər ki, güc görməyəndə bizim verdiyimiz vədlərə inansınlar! Vəd o zaman şirnikdirici olur ki, arxasında güc dayanır! Güc görməyən hansı axmaq ultimatum qəbul edər?! Biz zor işlətməliyik və işlədəcəyik! Özü də elə zor ki, ətrafdakılara da dərs olsun! Qafqaz Şərqdir! Vəhşi qafqazlılarla Şərq dilində də danışmağı bacarmaq lazımdır! Knyaz Sisianov!

Knyaz Sisianov bir addım irəli atıb baş əydi:

– Əlahəzrət…

– Mən sizi Qafqazın Baş komandanı təyin edirəm! Cənubi Qafqazdakı bütün mülkü-hərbi hakimiyyəti mən sizə həvalə edirəm, general!

Knyaz Sisianov şümal bədənini tarım çəkib:

– Təşəkkür edirəm, əlahəzrət!– dedi.– Əmin ola bilərsiniz ki, mən sizin etimadınızı doğruldacağam!

İmperator yenə gülümsədi:

– Bunu zaman göstərəcək, Pavel Dmitriyeviç!.. Əsas odur ki, Qafqazda başınızı qoruyun!..

– İmperiyanın yolunda mən başımdan keçməyə hazıram, əlahəzrət!..

– Mənim buna şübhəm yoxdur, knyaz… Ancaq, hər-halda, başınızı qoruyun! O sizə də, bizə də lazımdı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов