Üçüncü fəsil
Eyvanı, aşağı tərəflərdə görünən binaların damını, həyətdəki ağacların budaqlarını qar bürümüşdü və o qarın ağlığı gecə vaxtı pəncərələrdən düşən, həyətdə yanan işığın altında, nəsə, bir arxayınçılıqdan xəbər verirdi; düzdü, möhkəm qar yağırdı, külək bərkimişdi, amma elə bil ki, hər tərəfi bürümüş o qarın ağlığında heç bir pis iş ola bilməzdi.
Bütün bunlar belə idi, o soyuq havanın təmizliyi Züleyxanın içinə bir təzəlik hissi gətirirdi, o qar ağlığında nəsə bir sevinc, bir nikbinlik var idi, amma bütün bunlarla bərabər, Züleyxanın ürəyində yüngül bir nigarançılıq baş qaldırmışdı: Əlipaşa iki saatdan artıq idi ki, evdən çıxmışdı, hesabla rəngli televizoru çoxdan gətirməli idilər, indi dükanlar da daha bağlanmışdı. Gülzar da, Süsən də, məktəbdən qayıdıb gəlmiş Sona da, Suğra da dəqiqədə bir: – «Bu papa harda qaldı e, belə?..» – deyə-deyə rəngli televizoru gözləyirdi və Züleyxa tez-tez başına şal salıb, həyət eyvanına çıxıb aşağı boylanırdı ki, görsün Əlipaşagil gəldilər, yoxsa yox?
Yəqin ki, nəsə texniki bir iş meydana çıxmışdı, televizorun başqasını yoxlayırdılar, ya da bəlkə Əlipaşa bu havada maşın tapa bilmirdi, ya bəlkə... bəlkə maşına, fəhləyə pul çatmırdı? Gərək o onluğu da Əlipaşaya verəydi, lazım olardı – xərcləyərdi, lazım olmazdı, – onsuz da, Əlipaşa qaytarıb verəcəkdi...
Züleyxa bir ildən artıq idi ki, yığdığı pulun məbləği artdıqca hərdənbir gedib o dükana dəyirdi (dükan evlərindən çox da uzaq deyildi, trolleybusla iki dayanacaq yol idi), alacaqları rəngli televizora baxırdı və o televizorun qiyməti düz 784 manat idi, Əlipaşaya 810 manat vermək istəyirdi, amma sonra hesablayıb gördü ki, 800 manat da kifayət eləyər, fəhləyə, maşına 16 manat bəsdir, 10 manatı redikülünə qoydu, Əlipaşaya 800 manat verdi və indi fikirləşdi ki, gərək 10 manatı götürməyəydi.
Amma bir iş var idi ki, Əlipaşa nədən ötrüsə geciksəydi də, evə zəng eləyərdi, çünki bu iki ildə ki, evlərinə telefon çəkmişdilər, Əlipaşa işə çatanda da, işdən çıxanda da evə zəng eləyirdi, hal-əhval tuturdu, soruşurdu ki, bir şey lazımdı, yoxsa yox və indi də, əlbəttə, zəng eləyərdi; niyə zəng eləmirdi? Züleyxa başa düşə bilmirdi...
Elə bu vaxt telefon səsləndi və Züleyxa hövlnak dəstəyi götürdü, amma danışan Əlipaşa deyildi, Züleyxanın anası idi, soruşurdu ki, Əlipaşa gəlib çıxdı, yoxsa yox? Bu evə yəni Əlipaşagilə telefon çəkiləndən bəri Züleyxanın anası qızıgildə keçən saatların da hamısından xəbərdar idi.
Züleyxa dəstəyi yerə qoyub yenə də şalı çiyninə saldı və həyət eyvanına çıxdı, aşağı boylandı: Əlipaşagildən xəbər-ətər yox idi, amma o gözəl qarlı hava təmizliyinə nəsə başqa qoxular da qatışmışdı və Züleyxa, istər-istəməz, qonşuları Mürsəlgilin eyvanına tərəf baxdı.
Çox zaman mətbəxlərindəki fin soyuducusunda yer olmadığı üçün, xüsusən qış vaxtlarında Zeynəb «Sağlamlıq» restoranının bufetindən gətirdiyi azuqəni həyət eyvanındakı dolabda yerbəyer edirdi və bu zaman Züleyxa da öz eyvanlarında olanda iyindən bilirdi ki, Zeynəbin dolaba yığdığı yenə hisə tutulmuş osetrinadı, ya pendirdi, ya kolbasadı, ya da ki, başqa bir dadlı şeydi. Həmin qarlı cümə gününün gecəsi də Zeynəb bayaq ərinin iş yerindən gətirdiyi dolu zənbili boşaldıb eyvandakı dolaba yığırdı və həmin gecə Zeynəbə ən çox təsir edəni o idi ki, bir elə müddətdə restoranda Əlipaşa onu görmədi, çıxanda xüsusi olaraq Əlipaşanın lap yanından ötdü, amma yenə Əlipaşa onu görmədi; heç olmasa, görəydi, amma özünü görməzliyə vuraydı – o başqa məsələ idi.
Zeynəb Züleyxa ilə salamlaşdı, sonra diqqətlə Züleyxaya baxdı və səriştəli bir gözlə özü ilə Züleyxanın bədəninin gözə çarpan üzvləri arasında bir-bir müqayisə apardı və üstünlüyü özünə verdi; düzdü, Züleyxanın döşü-başı, insafən, pis deyildi, amma Zeynəb üstünlüyü yüz faiz özünə verdi, bundan sonra, elə bil ki, bir balaca kefi duruldu, sınayıcı nəzərlərlə Züleyxanı bir də maraqla başdan-ayağacan süzüb:
– Xeyir ola, a qonşu? – soruşdu. – Nə əcəb belə qarda-busatda balkona çıxmısan?
Züleyxa Zeynəbin səsində nəsə təzə bir cəhət hiss etdi, amma bunun nə olduğunu fikirləşmək halında deyildi və:
– Heç... – deyib otağa girmək istədi.
Zeynəb soruşdu:
– Əlipaşa müəllim gəldi?
Züleyxa təəccüb içində dayanıb Zeynəbə baxdı:
– Hardan gəlməliydi ki?
– Necə hardan? Restorandan!
– Nə?
Özünü həmişə ciddi aparan bu qonşu arvadın – Züleyxanın beləcə təəccüb içində donub qalması Zeynəbi lap həvəsə gətirdi:
– A-a-a... Əlipaşa müəllim «Sağlamlıq» restoranında bir oynamaq oynayır ki, gəl görəsən!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-gul-dedi-bulbule-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O axşam Cümü hələ gəlməmişdi və Cümü evə (otağa) gəlməmiş, əvvəlcə həyətdən tırtırın səsi gəlirdi, tırtırın o səsi həyətdə axırıncı dəfə zilə qalxıb, susurdu, bir-iki dəqiqədən – Cümü Yataqxananın beşinci mərtəbəsinə qalxırdı – sonra, hələ otağın qapısı açılmamış, arağın iyi içəri dolurdu və o arağın iyi daha əvvəlkitək Sonanın ürəyini bulandırmırdı, çünki o günə ki, Şuşadan sonra Cümü düşmüşdü – Şuşanın bir nömrəli taksi sürücüsü Qızıl Diş Cümşüd ki, plov yemirdi, bığım yağa batar, indi hər dəfə tırıltısı dünyanın xəcalətini gətirib bu beşinci mərtəbədəki otağa pərçim edən köhnə motorollerin (tırtırın) lafetində Abşeron kəndlərinə yem satan Cümü olmuşdu – o günü, Sona fikrindən keçirirdi ki, Allah ermənidən başqa, heç kimə göstərməsin və Şuşada ildə-ayda, toyda-düyündə bir az təmiz tut arağından başqa heç nə içməyən Cümü, indi gündə nöyüt kimi arağı dümləyib ürəyini o araq stəkanına boşaldırdısa, nə eləmək olardı, Sona fikirləşirdi ki, qoy içsin və Cümünün arağa verdiyi o pula ki, 300 qram ət almaq olardı, o 300 qram ət də heç lazım deyildi.O axşam Cümü hələ gəlməmişdi, Sona pəncərənin qabağında dayanıb eşiyin qaranlığına baxırdı, Güllü arvad plastmas siniyə (gözəl mis sini Şuşada qalmışdı) düyü töküb (humanitar yardım idi) Cəmiləyə vermişdi ki, arıtlasın və Cəmilə də otaqdakı yeganə çarpayının üstündə oturub, o plastmas sinini də dizlərinin üstünə qoyub haçan qurtaracağını səbrsizliklə gözləyə-gözləyə düyü arıtlayırdı.
XXII fəsilƏhməd Ağayeviçin özü də, ailəsi də Bilgəhdəki bağlarında bircə gün dəyaşamamışdılar və altı il idi ki, bu ikimərtəbəli mülkü tikdirib hazır eləmişdi, Azərbaycanın müxtəlif rayonlarından gətirtdirdiyi cins Quba almalarından, Ordubad əriyindən, Göyçay narından tutmuş Abşeron ənciri, xartutu, muşmulası, iydəsi,
XXIII fəsilEysebio (Əbülfət!.. Əbülfət!.. Əbülfət!..) Bakıdan gəlib Yataqxananın o həyətində futbol oynayanda, Cəmiləyə elə gəlirdi ki, həyətin yuxarı başındakı o üç gözəl iydə ağacı da Eysebioya (Əbülfətə!.. Əbülfətə!.. Əbülfətə!..) baxırlar və onlar da Eysebionu (Əbülfəti!.. Əbülfəti!.. Əbülfəti!..) sevirlər...XXIV
I hissə(Gümüşü Furqon)– Adamın gərək naxışı gətirə!.. Bir də görürsən ki, bir-birindən bixəbər iki nəfər – bir qız, bir oğlan çöl-biyabanda bir-birinə rast gəldi; birdən
Стихи других поэтов
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Nə yaxşı ki...Mən dənizi görəndəGözlərin düşür yada,
Hattun ki hatâ eyledi şâhâ ne kılam benHattun ki hatâ eyledi şâhâ ne kılam benOl ortada bârî sanemâ ben ne kılam ben
SinəzənÇək xəncərini, baş-qulağın qan eyləyib yar,Vəhşiyyətini aləmə elan eyləyib yar,