Страница 2 из 3 · 33%

Hotel Bristol Muraddan nə qədər böyük idi? On yaşmı? On beşmi? Amma, hər halda, özünü Muradın qəyyumu kimi aparırdı, guya, Muradın daxili aləmini institutda heç kim başa düşə bilməz və ancaq Hotel Bristol Muradın hisslər və düşüncələr aləmini duyur və ümumiyyətlə, guya Hotel Bristol mənən zənginlik xiridarıdır, özü mənəvi sarsıntıları çox keçirib, başı daşdan-daşa dəyib və buna görə də sirlərlə dolu daxili aləmi var; tez-tez Muradı söhbətə tuturdu, tarixdən danışırdı, arxitekturadan, rəssamlıqdan, İtaliya kinosundan, fransız romanından danışırdı və bəzən lap aləm olurdu, məsələn, Hotel Bristol Muradı təkləyib başlayırdı xarici ədəbiyyatdan söz salmağa, Murad da adını bildiyi Amerika kosmonavtlarını bir-bir ingilis yazıçıları kimi Hotel Bristola sırıyırdı.

Hotel Bristol soruşurdu:

– Təzə nə oxuyursunuz?

Murad deyirdi:

– Bir ingilis yazıçısı var, Devid Skott, onun romanını oxuyuram.

Hotel Bristol o saat heyranlığını bildirirdi:

– O-o!.. Yaxşı yazıçıdır! Hansı romanını oxuyursunuz?

Murad bədahətən bir roman adı quraşdırıb deyirdi:

– «Həyat səhra kimidir...»

Əlbəttə, bu adda roman yox idi; əlbəttə, Murad bilmirdi ki, ömrün payızlı bir çağında beləcə bir yük maşınının ardınca gedəcək və burasını da bilmirdi ki, həmin nəm taxtalı qutunun içindəki Hotel Bristolu qəbiristanlığa müşayiət edən əklillərin, güllərin iyi birdən-birə Hotel Bristolun ətirli kağız dəsmallarını onun yadına salacaq.

Murad o romanın adını söyləyən kimi, Hotel Bristol deyirdi:

– Hə, pis roman deyil... Amma görürsünüz, iki-üç cümlə ilə qadın psixologiyasını necə dəqiq ifadə edir?

Əlbəttə, hərgah bir romanın adı «Həyat səhra kimidir...»sə, orada, heç olmasa, bir qadın olacaqdı və yazıçı da – nə olsun ki, Devid Skott kosmonavtdır? – həmin qadın haqqında bir-iki cümlə deyəcəkdi, amma bu birtərəfli oyunun da ləzzəti onda idi ki, mübahisə qızışırdı və Murad da mübahisə edirdi:

– Mən deməzdim ki, bir o qədər də dəqiq ifadə edir...

O məşhur təbəssüm həmin andaca Hotel Bristolun dodaqlarına qonurdu:

– Siz qadın psixologiyasının bilicisisiz? – Xüsusi vurğu ilə dediyi bu sözlərdən sonra bir anlıq araya mənalı sükut çökürdü, sonra Hotel Bristol yenə romana qayıdırdı. – Əlbəttə, Skott da bütün ingilislər kimi bir az qurudu, amma bəzən elə detallar verir ki, çox yerinə düşür. Siz onun başqa əsərlərini oxumusunuz?

– Yox, oxumamışam.

Hotel Bristol deyirdi:

– Onun bir povesti var, keçən il çıxmışdı. Adını bu saat deyim... hə, «Vzqlyad çernoqo kota»! Çox gözəl əsərdir. Məncə Skottun ən yaxşı yazısıdır. Mütləq tapıb oxuyun, heyif, mən kiməsə vermişəm... Hər dəfə özümə söz verirəm ki, heç kimə kitab verməyəcəyəm, amma yenə də olmur...

Bəzən Murada elə gəlirdi ki, Hotel Bristol da onu ələ salır, amma Hotel Bristol heç kimi ələ salmırdı, sadəcə olaraq, Hotel Bristolun başqa əlacı yox idi və əlbəttə, deyə bilməzdi ki, bağışlayın, mən Devid Skott adında yazıçı tanımıram və onun heç bir əsərini oxumamışam; Murad Hotel Bristolla söhbətlərində Salvadorun prezidentini İspaniya kinorejissoru kimi qələmə verirdi, Fransa generalını Kanada dirijoru kimi, ingilis artistini Avstraliya ornitoloqu kimi və Hotel Bristol da bütün bu olmayan kinorejissorların, bəstəkarların, alimlərin hamısını tanıyırdı, onların başqa əsərlərinin adını çəkirdi, sənətə, elmə, ədəbiyyata dair onların fikirlərini söyləyirdi, yaradıcılıqları barədə Muradla mübahisələr aparırdı.

Bəzən Səlminazla Musa da otaqda olardı, heyran-heyran Hotel Bristolla Muradın söhbətlərinə qulaq asardı, ilk dəfə eşitdikləri böyük alimlərin, rejissorların, yazıçıların qəliz adlarını yadlarında saxlamağa çalışardı ki, yeri düşəndə onlar da bu adları çəksinlər; Musa hərdən utana-utana, sıxıla-sıxıla imkan tapıb qeydlər də edirdi ki, eşitdiyi bu ağıllı söhbətlər onun cib dəftərçəsindən kənarda qalmasın; Musa həmişə utanırdı, həmişə sıxılırdı; burasını da deyirdilər ki, neçə illərdən bəri institutda kiçik elmi işçi işləyən, elmdə də, həyatda da heç bir xüsusi iddiası olmayan Musa altı uşağına və sapsağlam arvadına baxmayaraq, gizlin-gizlin Hotel Bristolu sevir və arvadını boşamağa hazırlaşır və deyirdilər ki, Hotel Bristolun özünün də bu gizli məhəbbətdən xəbəri var...

Yük maşını qəbiristanlığın qapısı ağzında dayandı və Əlisəttar müəllim köhnə «Jiquli»dən düşüb tələsik yük maşınına tərəf gəldi və Murada elə gəldi ki, Əlisəttar müəllim də əslində o trolleybus, taksi sürücüləri və sərnişinləri kimi tələsir, tələsir ki, bütün bu matəm mərasimi tez qurtarsın, Hotel Bristolu bu payız soyuğunu canına çəkmiş qara torpağa tez tapşırsınlar, amma yazıq Əlisəttar müəllimin, təbii ki, Muradın bu hisslərindən xəbəri yox idi və yük maşınından tabutu aşağı sallayan cavan oğlanlara:

– Yavaş olun... – deyirdi. – Yavaş olun...

Tabutu aşağı salladılar və yenə də dörd nəfər o nəm çəkmiş taxta qutunu çiyninə aldı və hamı tabutun ardınca addımladı; qəbiristanlıq həmişəki sakitlik içində idi və bu sakitlikdə gizli bir narahatlıq, hərislik var idi və Murada elə gəldi ki, qəbiristanlıq nə vaxtdı ki, onları gözləyirdi, yəni bu mənada yox ki, hamı öləcək və qəbiristanlıq da bir-bir bütün bu adamlar üçün son məskən olacaq – bu, öz yerində; bu mənada ki, elə bil qəbiristanlıq məhz bu cənazəni gözləyirdi və elə bil ki, bu cənazə gəldi, həmin qəbiristanlıq rahat nəfəs aldı və o nəfəsi Murad bütün hissləri ilə, bədəni ilə duydu.

Əlisəttar müəllim tabutun üstünə xırda güllü ipək örtük salmışdı və bu dəm o, xırda ağ güllər Muradın gözlərində böyüdü, qıpqırmızı qızardı və həmin yekə qırmızı güllü xalat bu dəfə bir həzinlik, bir hərarət gətirdi...

Onda necə oldu ki, Hotel Bristolgilə getdilər?

Kiminsə dissertasiya müdafiəsindən sonra banket idi, xeyli yeyib-içdilər, Muradla Hotel Bristol yanaşı oturmuşdular, sonra burası Muradın yadına gəlirdi ki, həmin yay gecəsi banketdən çıxıb hansı kimsəsiz bağdasa Hotel Bristolla öpüşdülər, sonra da burası yadına gəlir ki, Hotel Bristolun evinə getdilər və qapını Hotel Bristol özü açarla açdı, çünki evlərində heç kim yox idi, sonra Muradın ürəyi bulandı, vanna otağına keçdi, sonra oradan çıxanda gördü ki, Hotel Bristol artıq həmin yekə qırmızı güllü məşhur xalatı əyninə geyib.

İnstitutda hamı bilirdi ki, Hotel Bristolun belə bir xalatı var və həmin yekə qırmızı güllü xalat haqqında dastanlar gəzirdi, amma Murad bu xalatı gözləri ilə görəndə təəccübündən çaşıb qaldı, elə bil ki, Hotel Bristolun bu yekə qırmızı güllü xalatı da uçan xalça kimi, yaxud Ələddinin çırağı kimi bir şey idi və onu həqiqətdə görmək mümkün deyilmiş; sonra hər şey pis romanlardakı kimi oldu: xalatın açıq ətəyindən Hotel Bristolun çılpaq baldırları göründü, otağın işığı da elə bil öz-özünə söndü, Hotel Bristol Muradın yanında divanda oturdu və bütün bunların hamısı Muradın içkili beynində bir dumana bürünmüşdü, sonralar bütün bunları xatırlayanda, o birinci və sonuncu gecəni yadına salanda hər şey həmin dumanın içində idi və Murada elə gəldi ki, illər keçdikcə o duman da qocalıb, köhnəlib, o dumanın da az-çox şövqü vardısa da, çıxıb gedib, yerini payız xisləti tutub.

Həmin gecənin səhəri dostları Muraddan soruşanda ki, banketdən sonra birdən-birə hara itdi? – Murad güldü: HOTEL «BRISTOL»da istirahət edirdim... və bundan sonra həmin sözlər institutda, dostları arasında bir zərb-məsələ çevrildi:

– Əcəb HOTEL «BRISTOL»da dincəlməli gündü...

– Dünən niyə görünmədin? HOTEL «BRISTOL»a getmişdin?

– Lap HOTEL «BRISTOL» əhvalatıdı...

...Qəbirqazanlar əllərində bel tutub gözləyirdilər ki, nə vaxt cənazəni tabutdan çıxarıb qəbrə qoyacaqlar ki, onlar qəbri torpaqla doldurub işlərini qurtarsınlar və bu vaxt Əlisəttar müəllim özünü saxlaya bilmədi, tabutun yanında diz çökdü və hönkür-hönkür ağlamağa başladı, yazıq Əlisəttar müəllim,

bir vaxt hər şey unudulacaq.

bir vaxt nə sən olacaqsan dünyada, nə də mən.

bir vaxt bütün bu adamlar da olmayacaq dünyada.

amma günəş beləcə çıxacaq, çünki milyon il bundan əvvəl də beləcə çıxıb və milyon il bundan sonra da beləcə çıxacaq.

o vaxt sənin kimisi, mənim kimisi olacaq və onlar da beləcə düşünəcək.

ya da beləcə düşünməyəcək.

nə fərqi? Yox, Musa da Hotel Bristolu sevmirmiş, Musa arvadını boşamağına boşadı, amma Səlminazla evləndi və Murad onları təxminən iki ay bundan əvvəl gördü; Murad neçə il idi ki, başqa işə keçmişdi və həmin gün işdən sonra nəhayət ki, vaxt tapıb, xəstəxanada yatan qayınatasına baş çəkməyə gəlmişdi və xəstəxananın ağlığı və təmizliyi də xəstəxananın iyi kimi Muradın ürəyini sıxırdı, xəstəxana işçilərinin geydiyi nişastalı ağ xalatların ləkəsizliyində, tərtəmizliyində soyuq bir ümidsizlik var idi; üçüncü mərtəbənin aralığında Musa və Səlminazla rastlaşdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов