Страница 1 из 2

Olub keçənləri bir-bir çəkərsən

Sakit yaddaşının məhkəməsinə...

Şekspir, 30-cu sonetdən.

Çinarın gözü görünmür, çinarın gözü şəffafdır, çünki əslində çinar bütün gövdəsiylə, budaqlarıyla, yarpaqlarıyla görür və çinarın gözlərinin təbəssümü də yarpaqlarına, budaqlarına, gövdəsinə yayılır və mən o təbəssümü bircə yarpaqda da, nazik uzun budaqlarda da, o hündür gövdədə eyni cür görürdüm, o təbəssümdə eyni hərarət, eyni gizli istehza və eyni gizli tənə (bəlkə nifrət?) hiss edirdim, amma həmin tənə (ya nifrət) gizlindən çıxanda, açıq-aşkar bilinəndə yarpaqlardan da, budaqlardan da çox gövdədə duyulurdu, çünki yarpaqlar incə idi, budaqlar zərif idi, gövdə isə bərk idi, cod idi, illər dalınca illər yola salmışdı və tənənin (ya da nifrətin) ağırlığı, tənənin çəkisi o bərklikdə, codluqda, qocalıqda adamı boğurdu, adamı sıxıb qolunu, qabırğasını sındırırdı.

İndi qışdı və indi yəqin o çinar tamam çılpaqdır, üşüyür və çinar beləcə çılpaq olanda, saç kimi nazik və uzun barmaqları soyuq qış axşamında üşüyəndə, uzaqdan Məcnuna oxşayır.

Onda yaz təzəcə qurtarmışdı, yay idi və onda uzaqdan baxanda hündür, şumal çinar Don Kixota oxşayırdı.

Onda yay idi və biz sübh tezdən Bakıdan çıxıb, sonra Şamaxıdan keçib, Ağsu dolaylarını enə-enə Tbilisiyə tərəf üz tutmuşduq, bir-iki gün Tbilisidə qalacaqdıq, sonra mehmanxanalarda qala-qala Qara dənizin sahilindən ötüb Şimali Qafqaza gedəcəkdik, sonra da Rostov – Bakı magistralı ilə evə qayıdacaqdıq; həmişəki kimi bir aylıq yay səyahətinə çıxmışdıq, mənim məzuniyyətim idi, uşaqların da kefinin kök çağları və bütün bu səyahətdə mənə ən çox ləzzət eləyən Vüqarın, Sevilin və Solmazın sevinməsi idi, qayğısızlığı idi və əslində elə Gülərə ən çox ləzzət eləyən bu idi.

Gülər mənim arvadım idi, Vüqar oğlumuz, Sevillə Solmaz da qızlarımız və dördüncü il idi ki, beləcə səyahətə çıxırdıq, Ağsu dolaylarından beləcə ötübgedirdik.

Onda yay idi və mən həmin isti yay səhəri «QAZ 24»ü sürə-sürə növbəti dolayı burulan kimi çinarı gördüm və özümü saxlaya bilməyib qışqırdım:

– Ode, həmin çinar!...

Vüqar soruşdu:

– Hansı çinar?

Sevil soruşdu:

– Nə çinar?

Solmaz dedi:

– Nə olsun, çinar?..

Gülər təəccüblə maşının güzgüsündən mənə baxdı və mən nə həmin yay səhəri, nə də indi, bu qədər vaxtdan sonra başa düşmədim və başa düşə bilmirəm ki, niyə qıpqırmızı qızardım; elə bil ki, uşaqlar məni lüt gördü və yaxud elə bil ki, camaatın gözü qabağında axmaq bir iş görürəm və xəbərim yoxdu ki, camaat mənə baxır, birdən xəbər tuturam.

Hansı çinar? nə çinar? nə olsun, çinar? və doğrudan da, hə, nə olsun, çinar? Bakının həyətləri doludu beləcə çinarla və bu çinarın başqa çinarlardan fərqi nədir ki, mən beləcə həyəcanlanıram, beləcə qışqırıram?

Ona görə ki, həmin çinar mənim çinarımdır.

Yox, o çinarı mən əkməmişəm, cəmi dördüncü dəfə idi o çinarı görürdüm, amma o çinar mənim çinarım idi.

İstəklilər yalnız adamlar arasında olmur, hərənin təbiətdə də bir istəklisi var və bəlkə bundan adamların özünün də xəbəri yoxdu: biri dumanı sevir, o biri yağışı, bir başqası meşəni, ya qıpqırmızı çiçəkləmiş nar ağacını, yaxud da ki, qıjıldaya-qıjıldaya yarğanın dibi ilə axan dağ çayını, mən dedim ki, bəlkə heç adamın özünün də bundan xəbəri olmur, yəni onu demək istəyirəm ki, misal üçün, qar yağır və sən heç özün də bilmirsən ki, bu qar sənin təbiətdə istəklindir. Amma hər tərəf ağappaq ağarır və sən özün də o ağlıq içində tərtəmiz təmizlənirsən, qar yağır və sən qarın altında dayanıb hər tərəfi bürümüş həmin ağlığa, ləkəsizliyə baxırsan və o qar yağan müddətdə dünyada səndən təmiz, səndən pak adam olmur, amma qardan əvvəl belə deyildi və qardan sonra da belə olmayacaqdı.

Atamla, anamla, bacılarımla birlikdə o balaca həyətdən köçüb Bakıya gələndə müharibə qurtarmışdı və mən lap balaca idim. Sonra illər keçdi, mənim balacalığım, uşaqlığım məni qəhərləndirən bir uzaqlıqda, həm də əbədi uzaqlıqda qaldı və mən o balaca həyətdə qoyub gəldiyimiz evimizi də, o balaca həyətin quruluşunu da, yan-yörəsini də tamam yadımdan çıxardım, təkcə boy-buxunu ilə o balaca həyətimiz və ümumiyyətlə, bütün dünyaya meydan oxuyan çinar ağacını yadımdan çıxarmadım və həmin çinar ağacı həmişəlik mənimlə qaldı.

Bütün adamların ağzı var, əlləri-ayaqları var, bütün çinarların da gövdəsi, budaqları, yarpaqları var. Amma çinarlar da bir-birinin eyni deyil, çinarlar da adamlar kimidir. Bir-birindən fərqlənir və onların da arasında həmişəlik keçmişdə qalmış tanışına, dostuna, əzizinə oxşayanını görəndə həyəcanlanır, hisslər səni götürüb aparır, nə qədər edirsən də özünü ələ ala bilmirsən.

Bəlkə özünü ələ almaq istəmirsən?

Dolaylar bir-birini əvəz edirdi, amma mənə elə gəlirdi ki, biz çinara yox, çinar bizə yaxınlaşır və o çinar bizə yaxınlaşdıqca həmin Don Kixot uzunluğu daha da böyüyürdü, budaqlar, sonra da yarpaqlar tək-tək seçilməyə başlayırdı və mən keçən il olduğu kimi, ondan əvvəlki illər olduğu kimi yenə o çinarın yarpaqlarının səsini eşidirdim; əlbəttə, mən başa düşürdüm ki, bu ola bilməz, bu uzaqlıqda, yayın bu küləksizliyində maşının içində, özü də maşın gedə-gedə, özü də Vüqarın səsinə güc verdiyi maqnitofonda Demis Russos, ya da bir başqası oxuya-oxuya çinarın yarpaqlarının səsini eşitmək mümkün deyil, amma bunu başa düşsəm də, çinarın səsini eşidirdim və hətta hiss edirdim ki, o adi yarpaq səsi deyil, bu çinar səsində adam kimi danışmaq vəhyi var və bu hiss yenə də məni qorxudurdu, ürküdürdü və mən yenə də geri dönmək istəyirdim, uzaqbaşı, maşını saxlayıb buralardan qaçıb getmək istəyirdim, amma dolaylar bir-birini əvəz edirdi, Demis Russos, ya bir başqası oxuyurdu, o çinar sürətlə bizə tərəf gəlirdi və mən daha çinar yarpaqlarının adicə səsini yox, dediyi sözləri eşidirdim.

Həmin qorxu, ürkü mənim bütün içimi bürüdü və hətta bir göz qırpımlıq çaxan şimşək kimi, belə bir ehtiras beynimi yedi ki, qabaqdan gələn döngəni dönməyim, maşın düz getsin, maşın uçuruma getsin və ürəyimdə də belə bir dəli ümid oyandı ki, qorxma, uşaqlara heç nə olmaz, nə olacaqsa, təkcə sənə olacaq, qorxma, dönmə bu döngəni, amma döngəni döndüm, çünki o qorxu ilə, ürkü ilə bir yerdə mənim ürəyimdə gizli bir əmin-amanlıq duyğusu da var idi və əmin-amanlıq duyğusu deyirdi ki, o çinardan qorxma, o çinarın xislətində yumşaqlıq var, mülayimlik var, çünki mərhəmətlidir və o çinar adamın ətini yesə də, sümüyünü tullamaz və elə bil ki, o mülayimlik, o yumşaqlıq mənim bədənimə toxundu və o mülayimlikdən, yumşaqlıqdan bir həzinlik də hiss etdim – mənim bütün bədənim, ürəyim, beynim bir mərhəmət həsrətində idi.

Mən bilirdim ki, çinar bizə çatan kimi maşına minəcək, amma o hündürlükdə, o cür qollu-budaqlı ağac bu «QAZ-24»ə necə sığışacaqdı?

Mənim ürəyimdə gizli, ağlasığmaz bir istək də var idi və mən bunu bilirdim: mən istəyirdim ki, o çinar maşına minsin, amma bu dəm mənim ürəyimdə aşkar bir ümid yarandı: mən ümid edirdim ki, o çinar maşına sığışmayacaq, minə bilməyəcək maşına və mənim yanımda oturub mənə baxmayacaq.

Doğrudan da, o, maşına necə sığışacaqdı, axı, illər keçirdi və çinar daha da böyüyürdü, daha da qollu-budaqlı olurdu, amma o maşını saxlayanda və yaşıl yarpaqlı budaqları ilə qabaq qapını açıb mənim yanımda oturanda tamam matım qurudu: o boyda ağac yenə də maşının içinə rahat sığışdı, düzdü, yarpaqlar, budaqlar maşının bütün içini tutdu, amma, hər halda, sınmadı, qırılmadı, qopmadı və özü ilə həmin yay səhəri maşının içinə bir sərinlik gətirdi, maşının içində yüngülcə bir meh əsməyə başladı və yaxşı ki, bu meh əsməyə başladı, yoxsa mən bu dəfə boğulacaqdım.

«Bu nə musiqidi belə?» – onun səsi həm cavan idi, həm qoca idi və mən deyə bilməzdim ki, o qışqırırdı, yoxsa pıçıldayırdı.

«Nə bilim?.. Vüqarın xoşuna gəlir.»

«Nədən qorxacağam?» və həmin an mən onun şəffaf gözlərindəki (yaxud gözündəki) təbəssümü gördüm və həmin təbəssüm get-gedə onun cod gövdəsinə, bütün yarpaqlarına, budaqlarına yayıldı və mən gözümü yoldan çəkib diqqətlə ona baxdıqca, əvvəlcə ən çox həmin istehzanı hiss etdim, sonra yavaş-yavaş bir neçə qat altından sezilən tənəni (ya nifrəti) gördüm və həmin istehzadan da, mülayimlikdən də fərqli olaraq o tənə (ya da nifrət) şəffaf bir şirə kimi idi və həmin şəffaf şirə elə bil ki, hərdənbir mənə yapışırdı, əlimə batırdı, sifətimə batırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xx fəsil

O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun görünüşü o fəhlə yataqxanasındakı güzəranla heç cürə uyuşmurdu və Cəmilə də, Qalib də maraq və həyəcanla o balaca bağlamaya baxırdılarsa da, Güllü arvadı az qalırdı gülmək tutsun.Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağa qayıdan Güllü arvad:

2 мин
Xxı fəsil

Binə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun arxasında böyük bir yarmarka Sovet İttifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron kəndlərinə nisbətən xeyli ucuz idi.Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən gəlib Cümünün gözlərinin qabağında dayandı və Binə Yarmarkasına sarı sürdüyü motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu mikroavtobusa çırpsın.

4 мин
Xxıı fəsil

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:

1 мин
Xxııı fəsil

İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

2 мин

Стихи других поэтов