Xxı fəsil
Binə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun arxasında böyük bir yarmarka Sovet İttifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron kəndlərinə nisbətən xeyli ucuz idi.
Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən gəlib Cümünün gözlərinin qabağında dayandı və Binə Yarmarkasına sarı sürdüyü motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu mikroavtobusa çırpsın.
Sonuncu anda qəzadan qurtaran mikroavtobusun sürücüsü barmağı ilə Cümünü hədələdi və hiddətlə nəsə dedi, Allah bilir, nə söyüş söydü, amma Cümü bunun fərqində deyildi, içindən qopub gələn bir «niyə?» onun bütün sısqa vücudunu, elə bil, bir çəkisizlik içinə soxmuşdu: gözünün qabağındakı Sona niyə o paslı güzgüdən ona baxmalı idi, fransız ətri nə zibil bir şeydi ki, Sona onu öz boynuna, sinəsinə vurmasın və niyə, niyə, niyə axı, hansı bir oynaşsa bunu alıb öz qəhbəsinə verə bilər, amma Cümü həmin pula Sonaya don almalıdı ki, əynindəki süzülüb didilmiş dondan canı qurtarsın?
Niyə?
Niyə?
Niyə axı?
Və elə bil, o tır-tır öz-özünə dövrə vurub geri qayıtdı və həmin sentyabr gününün o axşam çağında Cümünü yenə də Buzovna ilə Zuğulba arasındakı o sahilə
– qayalığa gətirib çıxardı.
Yüngül bir xəzri əsdiyi üçün dənizin ləpələri qayalığa çırpılır, köpüklənə-köpüklənə geri çəkilirdi və elə bil, ləpələrin o ardıcıllığı həmin axşam bu yerlərə çökmüş havasızlığı təsdiq edirdi. Cümü birinci dəfə idi ki, bu qayalığa tamam ayıq gəlmişdi və elə bil, dəniz də, bu qayalar da əvvəlkindən də qat-qat artıq dərəcədə yad bir yer idi və qayalıqda oturmuş Cümü bir də onu gördü ki, zır-zır ağlayır, elə ağlaya-ağlaya da əlindəki fransız ətrinin bantını dartıb açmaq, kağızını cırıb tullamaq, şüşəni qutusundan çıxarıb ətirlə bərabər qayalığa çırpmaq istədi və öz-özünə:
– Nə zırıldayırsan, ə, əclaf oğlu əclaf?! – dedi.
Görünür, bir az əvvəl bu yerlərdən mal-qara keçmişdi, çünki dənizin iyinə bir təzək iyi də qarışmışdı. Cümü burnunun suyunu çəkə-çəkə əlində tutduğu ətir qutusuna baxırdı və həmin sentyabr gününün axşamı qəribə bir hadisə oldu: birdən-birə, elə bil, o dəniz və təzək iyinə fransız ətrinin də iyi qarışdı (elə bil, Cümü, doğrudan da, o ətri qayaya çırpmışdı) və güman ki, dünya yaranandan bəri indiyədək Abşeronda heç kimin heç vaxt hiss etmədiyi qarışıq və iyrənc bir qoxu Cümünün burnuna gəldi...
Bu vaxt yüngül xəzrinin qayalığa çırpdığı o yeknəsəq ləpə ardıcıllığı içində qart və hirsli bir qaqqıltı eşidildi – hoppanıb qayalığa çıxmış bir xoruz (Qırmızı xoruz!), ardıyca da iki anac toyuq, elə bil, bu kimsəsiz sahildə çoxdan bəri adam görmədiyi üçün, düz Cümünün üstünə gəlirdi. Cümü ayağa qalxıb fransız ətrini pencəyinin cibinə qoydu, əli ilə burnunun pərələrini tutub bərkdən fınxırdı, burnunun suyunu qayalığa çırpdı və aşağı enib tır-tıra tərəf getdi.
O iyrənc iy hələ də Cümünün burnundan getməmişdi və Cümüyə elə gəldi ki, elə bil, pencəyinin cibindəki o fransız ətri də iylənmiş qurbağa ölüsü kimi bir şeydi.
Qırmızı xoruz da, toyuqlar da qaqqıldaya-qaqqıldaya qayalıqdan düşüb onun ardınca getdi.
Mator isti olduğu üçün tır-tır bir-iki dəfə nərə çəkib tez işə düşdü və o nərələr də Qırmızı xoruzu, toyuqları kənara qaçırmadı, əksinə, daha da bərkdən və daha artıq bir narazılıqla qaqqıldamağa başladılar, elə bil, haray-həşir salırdılar ki, ey insan, bizi burda qoyub hara gedirsən, istəyirsən ki, qurda-quşa yem olaq?
Bu quşlar hardan azıb gəlib bura çıxmışdılar?
Bu boyda Buzovnada onların yiyəsini tapmaq, əlbəttə, müşkül məsələ idi. Son vaxtlar Abşeronda siçovullar çoxaldığı üçün, kol-koslu quru çöllərdə, dəniz kənarındakı qamışlıqlarda tülkü çoxalmışdı, bəzən gecələr buralardan çaqqalların vaqqıldaşması eşidilirdi və bu heyvanlar bir neçə dəfə gecə bu yerlərdən keçib evə gedən tır-tırın da yolunun üstünə çıxmışdı.
Şübhəsiz ki, səhər açılanda bu özündənrazı xoruzdan da, onun o toyuqlarından da bu əbləh dünyada, ancaq tükləri qalacaqdı. Cümü sağ əlinin barmaqları arasındakı siqaretin tüstüsünü ciyərinə çəkə-çəkə, sol əlini uzadıb quşları qovmaq istədi, amma Qırmızı xoruz, elə bil, elə buna bənd imiş kimi, hoppanıb qanadlarını yelləyə-yelləyə tır-tırın adda-budda quru ot tökülmüş kuzovuna qondu, toyuqlar da eləcə Qırmızı xoruzun ardınca kuzova atıldılar və qaqqıldaya-qaqqıldaya, elə bil, taksi müştəriləri idi, tır-tırın tərpənməyini gözləməyə başladılar.
Cümü yenə fınxıraraq burnunun hələ də qurumamış suyunu bu dəfə asfaltın üstünə çırpıb:
– Yaxşı, – dedi, – sizi çaqqal yeyənəcən, elə bizimkilər yeyər. – Sonra, elə bil, özünə bəraət qazandırmaq üçün: – Çaqqallar yeməyə şey tapacaq! – dedi və tır-tırı sürüb dünyanın çox cansıxan yerlərindən biri olan bu qayalıqdan uzaqlaşdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-qarabag-sikestesi-xxi-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Sarı pencəkBelə günlərdə...Evimiz gəmiyə oxşayır,
Qatar. Pikasso. Latur. 1968.Sonra Məleykə xanımın əri yenə mənə elə baxdı ki, elə bil həm qorxudurdu məni, həm də yalvarırdı; həm də çox gülünc bir vəziyyətdə idi.Bələdçi arvad dedi ki, ötürənlər aşağı düşsünlər, qatar indicə tərpənəcək.
Стихи других поэтов
İşində sayıq ol, sözündə kamil,Ariflər içində söyülmə, könül!
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.