Mənlə mən arasında
1 fəsil
Mən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
32 il – bir igidin ömrü...
Aradan 32 il keçib, amma bu hekayələrdən hər birini yazdıran ovqat bütün bu illər boyu mənim yaddaşıma hopub qalıb və indi – bu sətirləri yazdığım 2000-ci ilin küləkli payız gecəsi o ovqatı mən həmin uzun (və bir göz qırpımlıq!) illərin ağrısı-acısı və sevinci ilə, itkiləri və qazancları ilə 32 il bundan əvvəlkindən çox fərqlənən hissiyyatımda yenidən yaşayıram.
Və bu dəm mən sidq-ürəkdən Allaha şükür edirəm ki, 32 ildən sonra bu hekayələri bir yerə toplamağı mənə qismət etdi.
Bir də mən öz yazıçı taleyimdən razıyam ki, 32 ildən sonra bu hekayələrdə bircə sözə belə toxunmadan onları vaxtilə necə yazılmış və necə çap olunmuşdusa, eləcə də yenidən nəşr etdirirəm.
Epoxalar dəyişdi, siyasi-ictimai münasibətlər dəyişdi və mən – oxucudan gizlətmirəm – daxili bir qürur hissi keçirirəm ki, bu hekayələrdə bu gün mənim gizlətmək istəyəcəyim, xəcalət çəkəcəyim, unutmağa çalışacağım bircə söz də yoxdur.
Bu hekayələrin bir qismi olsun ki, yaxşı hekayələrdir, başqa bir qismi bəlkə də nisbətən alınmayıb, amma onlarda bir zərrəcik də desən, yalan yoxdur.
Və bu hekayələr – mövzusundan, yaxşılığından-pisliyindən, yaxınlığındanuzaqlığından asılı olmayaraq, bir yerdə, bir küll halında – mənəm!
32 il bundan əvvəl XXI əsr və üçüncü minillik mənim üçün çox uzaq bir gələcəyin qeyri-real rəqəmləri idi, amma bu gün onlar real həyatımızın göstəriciləridir.
Bu hekayələr bugünkü Elçinlə əlçatmaz, ünyetməz bir keçmişdə qalmış 32 il bundan əvvəlki o Elçin arasında, bəlkə də, ən doğma bir bağlılıqdır, həmin doğma xətdir ki, o cavan yazıçı ilə, o cavan yazıçının hiss-həyəcanı, qara saçları və məchul bir gələcəyə (bu günə!) tuşlanmış baxışları ilə məni birləşdirir.
Mən bu kitabın adını, şirini və acısı ilə bərabər, yaşanmış o illərin ancaq mənə məxsus hiss-həyəcanı şərəfinə «32» qoymaq istəyirdim.
Amma, bax, indicə qələmi götürdüm və bu hekayələr toplanmış qovluğun üstündə həmin hekayələrdən birinin adını yazdım: «Baladadaşın ilk məhəbbəti».
Ona görə yox ki, 1972-ci ildə yazılmış bu hekayə məşhur oldu, əsasında film çəkildi, bir çox dillərə tərcümə edildi, mənim Moskvada rus dilində nəşr olunmuş ilk kitabımın adını daşıdı vəs.
Ona görə də yox ki, bu hekayəyə qədər «aerodrom» papaqlı baladadaşlar sənətdə ancaq satiranın hədəfi olurdu, az qala, mənəvi məhdudluq meyarına (!) çevrilirdi və birdən-birə bu «aerodrom» papaqlı şumaqədər ustasının lirik-romantik (yəni insani!) aləmi peyda oldu.
Yəqin daha çox ona görə ki, Baladadaşın varlığı, onun təmizliyi, iddiasızlığı, səmimiliyi mənim üçün bu 32 ilin daşınan yükü müqabilində çox əhəmiyyətli bir şeydir.
1”Baladadaşın ilk məhəbbəti”kitabına (“Qapp-Poliqraf” nəşriyyatı,Bakı, 2000) yazılmış ön söz .
Orası da yaxşı xatirimdədir ki, 1972-ci ilin yayında bu hekayənin son nöqtəsini qoyub, həmişə olduğu kimi, bu dəfə də oxuyub fikir söyləməsi üçün, onu atama vermişdim və isti bir iyun gecəsi yazı makinasından yenicə çıxmış o vərəqləri oxuyandan sonra, mənim yazılarıma çox tələbkarlıqla yanaşan və buna görə də tərifli söz deməyi bir o qədər də xoşlamayan İlyas Əfəndiyev «Baladadaş»ı əməllicə bəyənmişdi...
... Deyəsən, bu küləkli payız gecəsi də fikir məni, istər-istəməz, xatirələr aləminə aparmaq istəyir, amma bu 32 ilin xatirələri də, əlbəttə, bitib-qurtaran bir şey deyil və o aləmin içinə girəsi olsam, o zaman bu kiçik ön sözün son nöqtəsini qoymaq mənim üçün dünyanın müşkül bir işinə çevriləcək.
Son nöqtəni isə, qoymağı bacarmaq lazımdı.
E l ç i n
3 noyabr 2000.
Zuğulba.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-menle-men-arasinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi.Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.
Günlərin bir günündə1. Qarlı gəzinti həsrətiTülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.
Qış nağılıNovruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Bu dünyada qatarlar gedərDünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.