Baladadaşın ilk məhəbbəti
Страница 1 из 4
Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi.
Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.
Kənddə ins-cins gözə dəymirdi, bircə Baladadaşdan başqa; Baladadaş kəndarası asfalt yolun səkisində, tut ağacının dibində oturmuşdu və bütün kənd camaatından fərqli, günün bu cırhacırında istidən qorxub-eləmirdi; ağacın qotur kölgəsi nə vaxt idi yerini dəyişmişdi, amma Baladadaş yerini dəyişməmişdi, elə-eləcə günün altında oturub mürgü döyürdü.
Baladadaş yalın ayaqlarına səndəl geymişdi, əynində parusin şalvar, qısaqol miləmil trikotaj köynək var idi, başına «aerodrom» kepka qoymuşdu və hərdənbir tər damcıları bu «aerodrom» kepkanın altından yuvarlanıb Baladadaşın sısqa sifətindən üzüaşağı axırdı.
İçi pivə çəlləkləri ilə dolu bir yük maşını asfaltdan gəlib keçdi və bu maşının tırıltısı Baladadaşın heç xoşuna gəlmədi, ağcaqanadın əlindən gecə yaxşı yata bilmədiyinə görə, əməlli-başlı qızarmış gözlərini açıb yerindən tərpənmədən maşının ardınca baxdı, sonra gözlərini qıyıb günəşə baxdı, sonra da tut ağacının yerini dəyişmiş qotur kölgəsinə baxdı, amma ərindiyindən və kəsalət onu basdığından yenə də yerindən tərpənmədi, ayaqlarını irəli uzadıb sidq-ürəkdən əsnədi və qollarını da geniş açıb yaxşıca gərnəşdi.
Qarşıdakı həyətin daş hasarından bir oğlan uşağının başı göründü və bu oğlan uşağı Baladadaşı görən kimi, tez də başını çəkdi, o saat da həyətin göy darvazasının kiçik qapısı açıldı və həmin oğlan uşağı həyətdən çıxıb Baladadaşa tərəf gəldi; bir əlində yaxmac tutmuşdu, o biri əlində də taxta parçası, gəlib Baladadaşın qabağında dayandı və yaxmacdan dişləyib ləzzətlə çeynəyə-çeynəyə taxta parçasını ona uzatdı:
– Şumaqədər yon də mənimçün!..
Baladadaşdan səs çıxmadı. Oğlan yenə yaxmacdan ləzzətli bir dişdəm alıb dedi:
– Nolar, yon də!..
Baladadaşdan səs çıxmadı. Oğlan ağzındakı dişdəmi çeynəyib qurtardıqdan sonra yenə dedi:
– Nolar...
Baladadaş gözlərini qıyıb bir müddət oğlana baxdı, elə bil, onu birinci dəfə idi görürdü, sonra dedi:
– Qəmişini çək məndən.
Oğlan əlindəki yaxmaca baxdı və elə bil, bir az məyus oldu ki, yaxmacın qurtarmasına az qalıb, dedi:
– Əhmədağanı əsgərliyə aparanda demədin ki, onun yerinə şumaqədər yonacaqsan mənə?
Baladadaşdan səs çıxmadı.
Oğlan dedi:
– Dünən Əhmədağadan məktub gəlmişdi, soruşurdu məndən ki, şumaqədər yonur səninçün Baladadaş? Sonra da yazmışdı ki, məndən atəşin salam deginən Baladadaşa. Öz canımçün.
Baladadaş əvvəlcə yenə heç nə demədi və yenə də bir müddət yerindən qımıldanmadı, sonra bir balaca gərnəşdi, əlini şalvarının cibinə salıb «Avrora» çıxartdı, içindən bir dənə siqaret götürüb qoydu qulağının dibinə, qutunu soxdu cibinə və bu dəfə də o biri əlini şalvarının o biri cibinə salıb açılıb-örtülən bıçaq çıxartdı, açıb dırnağında itiliyini yoxladı və dedi:
– Ver bura.
Səhərdən bəri səbrlə Baladadaşdan cavab gözləyən oğlan əlindəki taxta parçasını ona verdi və Baladadaş da taxta parçasını alıb o tərəf-bu tərəfinə baxdı, sonra da yonmağa başladı.
Qarşıdakı göy darvazanın kiçik qapısı yenə açıldı və həyətdən bir qadın çıxıb Baladadaşın yanındakı oğlanı səslədi:
– Ağanəcəf, ay Ağanəcəf!
Ağanəcəf anasına tərəf baxdı:
– Nə var?
– Gəl otur uşaqların yanında, gedirəm bazara.
Ağanəcəf bir anasına baxdı, bir Baladadaşa və əlindəki yaxmacın axırıncı tikəsini ağzına soxub çeynəyə-çeynəyə dedi:
– Qurtaranda çağır gəlim götürüm, hə?
Baladadaş öz işində idi və elə bil heç nə eşitmirdi və ümumiyyətlə, elə bil ki, dünya Baladadaşın vecinə deyildi.
Ağanəcəf qaçıb həyətə girdi.
Qadın gəlib Baladadaşın yanından keçəndə ayaq saxladı:
– Necəsən, Baladadaş, anan necədir?
Baladadaş başını qaldırmadan:
– Yaxşıdır, – dedi.
– Haçan gedirsən əsgərliyə?
– Payızda.
– İnşallah. Əhmədağa da kursa girib orda.
Baladadaş başını qaldırıb qadına baxdı:
– Mən də girəcəyəm.
– İnşallah.
Qadın yoluna davam etdi. Baladadaş da taxtanı yonmağa başladı və birdən yenə başını qaldırıb qadının ardınca qışqırdı:
– Əhmədağaya salam yazun məndən, atəşin. Yazun ki, salamduası var sənə Baladadaşın.
Qadın gülümsəyib başını tərpədə-tərpədə:
– Salam göndərən sağ olsun, çox sağ ol, – dedi və tini burulub gözdən itdi.
Yenə də bir kənd idi, bir günün cırhacırı, bir də tut ağacının altında oturub cidd-cəhdlə şumaqədər yonan Baladadaş.
Bir də dəniz idi; göy uzaqda üfüq xəttilə birləşirdi və güclə sezilən bu üfüq xətti elə bil ki, dünyanın axırı idi.
Göy tərtəmiz idi, dəniz də dalğasız, səssiz-küysüz və bu təmizlikdə, bu səssizlikdə bu dəqiqə elə bir əbədilik var idi ki, elə bil dünyada nə yağış olub, nə çovğun, nə dəniz uğultusu, nə də ki, bir başqa şey.
Əvvəlcə yük maşınının səsi gəldi, sonra özü göründü və səs sala-sala asfalta gəlib Baladadaşın yanından ötdü, iyirmi-iyirmi beş metr aralıda dayandı.
Maşının banında yekə bir dəst yorğan-döşək, miz, taxta kətillər, böyük paltar dolabı, qab-qacaq, qazan, samovar var idi və belə məlum olurdu ki, təzə köç gəlib. Sürücü motoru söndürüb aşağı düşdü, o tərəf-bu tərəfə boylanıb dedi:
– Hə, bude, bax, buradır.
Kök bir qadın hıqqana-hıqqana kabinədən düşüb sürücünün göstərdiyi taxta qapıya baxdı, sonra ətrafa nəzər saldı, sonra dənizi əməlli-başlı süzüb:
– Allah Muradın canını sağ eləsin, – dedi. – Lap əntiqə yerdə götürüb bağı.
Sürücü cibindən çıxartdığı açarla taxta qapının ağzındakı yekə qıfılı açdı və qapını itələyib içəri boylandı. Əncir, heyva və nar ağacları bu balaca həyəti başdan-başa kölgəlik eləmişdi. Artırmalı, birmərtəbəli binanın arxa tərəfi meynəlik idi. Həyətin aşağı başında kiçik bir bostan var idi, bostanın yanında isə ikimərtəbəli talvar və bu saat bir dəstə sığırçın həmin talvarın alt mərtəbəsindəki kölgəlikdə civildəşə-cəvildəşə kefə baxırdı.
Kök qadın bu xudmani həyətin səliqəsindən, kölgəsindən xeyli feyziyab olmuşdu və bir müddət beləcə dayandı qapının ağzında, sonra yəqin yadına düşdü ki, qapının ağzında dayanıb tamaşa eləməyə gəlməyiblər bura, şeyləri evə daşımaq lazımdır və görünür, bu da yadına düşdü ki, on səkkiz yaşında qəşəng bir qızı var və qız hələ bu xudmani həyətə baxmayıb.
– Seva, bir gəl, bax gör nə aləmdi!.. – Kök qadın ətrafına nəzər saldı və yalnız indi hiss elədi ki, Seva səhərdən bəri gözə dəymir, balaca bir təşvişlə sürücüyə baxdı. Sürücü də gözlərini ətrafa dolandırıb təəccüblə çiyinlərini çəkdi, yəni gözə dəymir Seva xanım.
Kök qadın get-gedə artan bir təşvişlə yük maşınının dörd tərəfini dolandı, o tərəf-bu tərəfə boylandı:
– Sevil! Hardasan, Seva!..
Kök qadının təşvişi yavaş-yavaş sürücüyə də sirayət edirdi:
– Seva xanım!
Sürücü pəncələri üstə qalxıb maşının banına boylandı – heç kim yox idi.
Doğrudan da, hardadı görəsən bu qız?
Səhərdən bəri tut ağacının dibində oturub şumaqədər yonmaqla məşğul olan Baladadaş başını qaldırıb yük maşınına tərəf baxdı və sonra yenə də başını aşağı salıb cidd-cəhdlə işinə davam etdi.
Kök qadın sürücüyə yaxınlaşıb özü öz sözlərindən qorxurmuş kimi:
– Birdən yolda uşaq maşından düşər a?.. – dedi.
Sürücü onsuz da başını itirmişdi. Yenə pəncələri üstə qalxıb maşının banına boylandı və dedi:
– Murad yoldaş bilsə ki, Seva xanım kuzovda gəlib, mənim qanım getdi!..
Kök qadın daha sürücüyə təskinlik vermək halında deyildi, əməlli-başlı qorxuya düşmüşdü:
– Sevil! Sevil!
Birdən Sevilin səsi gəldi:
– Nə var maması?..
Kök qadın duruxdu və sürücüyə baxdı. Sürücü yenə də çiyinlərini çəkdi və bu dəfə əyilib maşının altına baxdı, guya ki, Sevil maşının altında olacaqdı.
Kök qadın yenə çağırdı:
– Seva!
– Bəli!...
Sürücü də, kök qadın da çaşbaş qalmışdı və bu zaman maşının başındakı yekə paltar dolabının qapısı açıldı və əynindəki ağ donuyla elə bil ki, göyün yeddinci qatından uçub gəlmiş Sevil adlı məlakə reverans etdi, yəni ki, buyurun zati-aliləri, qulluğunuzda müntəzirəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-baladadasin-ilk-mehebbeti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Şairin ölümü haqqında)olduqca...
Proloqİlyas Əfəndiyevin «Hökmdar və qızı»faciəsinin motivləri əsasında yazılmışdır.
Birinci hissə, 16 sentyabr 1802–ci il. Sankt-Peterburq. Qış Sarayı.İmperator I Aleksandr öz iş otağında general və əyanların arasında var-gəl edirdi və imperator bu dəm, elə bil, əsabələri ilə yox, öz-özü ilə danışırdı:
Birinci hissə, 26 sentyabr 1802-ci il. Sankt-Peterburq. Qış sarayı. Balzalı.
Стихи других поэтов
Etdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
GözləyirBoylanır yaylaqdan arana doğru,Anam binəsində məni gözləyir.