Страница 4 из 4 · 75%

Baladadaş dizləri üstə qumda oturub Muradla Sevilə baxırdı.

Sevilin xurmayı saçları çılpaq çiyinlərinə tökülmüşdü. Sevilin çılpaq qıçları, yalın ayaqları qumun üzərində elə addımlayırdı ki, elə bil bütün bu dəniz də, bütün bu sahil də bu qıçların sahibinə məxsus idi. Muradın əzələləri sayılan sağlam bədəni dənizin sularını yardı, Sevilə yol açdı və onlar üzə-üzə sahildən uzaqlaşdılar.

Baladadaş dənizdə idi və dənizdə Baladadaşdan, bir də ki... Sevildən başqa heç kim yox idi. Sevil suda Baladadaşın qolları üzərində uzanmışdı. Sevilin xurmayı saçları dənizin üzünə yayılmışdı. Baladadaş Sevili əllərində tutub dənizin üzü ilə gəzdirirdi. Sevil gözlərini yummuşdu və gülümsəyirdi, həm də şer pıçıldayırdı. Baladadaş Sevilin ağ bənizinə, suyun üzünə yayılmış xurmayı saçlarına, şer pıçıldayan dodaqlarındakı gülüşünə baxırdı və o da gülümsəyirdi.

Sevil göy gözlərini açıb Baladadaşa baxdı, sonra əlini uzadıb onun sifətində gəzdirdi, sonra dodaqlarının tuşunda tutdu. Baladadaş dəniz təmi verən bu əli öpdü, öpdü və üfüqə baxdı.

Gömgöy üfüq xətti bu dəniz xoşbəxtliyinin sərhəddi idi; bu üfüq xəttindən bu tərəfə Baladadaşla Sevilin aləmi idi; bu üfüq xəttindən bu tərəfə bütün dəniz Baladadaşla Sevilin idi və Sevilin xurmayı saçları bu dənizin üzərinə yayılmışdı.

Baladadaş əlləri üstündə tutduğu Sevilə tərəf əyilib onun xurmayı saçlarını və dənizi öpməyə başladı.

– Peyin var bağ üçün, istəmirsən?

Baladadaş gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca kişiyə baxdı, elə bil heç nə görmədi və heç nə eşitmədi, təzədən dənizə baxdı, lakin daha nə Sevil var idi, nə də Sevilin xurmayı saçları dənizin üzərinə yayılmışdı.

– Peyin var deyirəm, bağ üçün, lazımdır?

Baladadaş yenə də gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca kişiyə baxdı, əvvəlcə elə bil ki, təəccüb etdi: bu kişi hardan peyda oldu belə? Sonra oturduğu yerdən ayağa qalxıb parusin şalvarının dalını çırpdı, cavab gözləyən qocaya heç nə demədən adamsız, bomboş sahildən uzaqlaşdı.

Araba da təkərləri cırıldaya-cırıldaya axşamın toranında sahillə yoluna davam etdi.

Baladadaş qayıqların arasından keçib kəndə girəndə hava tamam qaralmışdı və o, yenə də Sevilgilin həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan işıqlı artırmaya baxdı.

Sevil artırmadakı həsir kresloda təkcə oturmuşdu, əlində də kitab var idi.

Sevil sakitcə oturub kitab oxuyurdu və xəbəri yox idi ki, cəmi yarımca saat bundan əvvəl onun bu xurmayı saçları bütün dənizin üzərinə yayılmışdı; xəbəri yox idi ki, Baladadaş dənizin üzərinə yayılmış bu saçları cəmi yarımca saat bundan əvvəl öpürdü; xəbəri yox idi ki, onun bu xurmayı saçlarının şorməzə təmini indi də dodaqlarında hiss edirdi.

Birdən Sevil göy gözlərini kitabdan çəkib bir neçə an qaranlığa – Baladadaşın hasara dırmaşdığı səmtə baxdı və dedi:

– Yenə gəlib çıxmısan hasara?

Baladadaşın ürəyi birdən-birə qırılıb hasarın dibinə düşdü – qabaqlar belə şey olmazdı Baladadaşda.

Sevil dedi:

– Bilirəm də, hasarın üstündəsən. Dünən axşam da çıxmışdın ora. Elə bilirsən xəbərim yox idi? Murada desəm, bilirsən neyləyər sənə?

Baladadaşdan səs çıxmadı. Təkcə qurbağalar quruldayırdı – deyəsən, yağış yağacaqdı. Bir də ki, cırcıramaların səsi aləmi götürmüşdü başına. Sevilgilin evindən də səs gəlirdi – yəqin televizorla kino göstərirdilər və Sevilin anası da oturub kinoya baxırdı.

Sevil gözlərini qaranlıqdan çəkmədən dedi:

– Nə istəyirsən? Sənin tayınam? Get bir güzgüdə kepkana bax... Kepka deyil e, aerodromdur, aerodrom. Üstündən qalxıb aya uçmaq olar.

Sonra Sevil özü öz sözlərinə güldü.

Sevilin anası içəridən boylanıb soruşdu:

– Kimlə danışırsan elə?

– Heç kimlə. Özüm özümlə! – Sevil yenə güldü. – Olmaz?

Baladadaş başa düşdü ki, aşağı düşmək və buradan əkilmək lazımdır, özü də heç vaxt bu hasara dırmaşmaq lazım deyil. Baladadaş bunu başa düşürdü, amma məsələ burasındaydı ki, əl-ayağı sözünə baxmırdı, elə bil ki, Sevilin sözləri onun ürəyini kəsib hasarın dibinə atmışdı, əlini, ayaqlarını qurutmuşdu.

Sevil daha gülmürdü. Bu dəfə lap acıqlı-acıqlı dedi:

– Niyə düşüb getmirsən? Sənin üzündən gedib evin istisində oturum?

Yenə də qurbağalarla cırcıramaların səsindən başqa cavab gəlmədi və Sevil hirslə ayağa qalxıb evə girdi, qapını da arxasınca çırpdı.

Baladadaş bir müddət qurbağalarla cırcıramaların səsinə qulaq asdı, sonra axır ki, hasarın üstündən düşüb Sevilgilin həyətlərindən uzaqlaşdı.

Bu dəfə Baladadaşın yadından çıxdı ki, parusin şalvarının dalını çırpsın.

Kənd irəlidə idi və Baladadaş iki əlinin ikisini də parusin şalvarının ciblərinə salıb günün altında asfalt yolun ortası ilə kəndə tərəf addımlayırdı.

Qırmızı «Moskviç» arxadan gəlib onun yanında dayandı və Murad maşının pəncərəsindən boylanıb:

– Gəl otur, – dedi.

Baladadaş bir qırmızı «Moskviç»ə, bir də kənd tərəfə baxdı, sonra əllərini şalvarının ciblərində qurdalayıb maşına yaxınlaşdı, qapını açıb Muradın yanında oturdu.

Qırmızı «Moskviç» yoluna davam etdi.

Murad gözlərini asfaltdan çəkməyərək soruşdu:

– Oxuyursan?

Baladadaş elə bil ki, atasının maşınıymış kimi, yerini rahatlayıb dedi:

– Oxumuram day. Qurtarmışam məktəbi.

– İşləmirsən də?

– Amurski oblasta gedəcəyəm payızda, əsgərliyə. Qayıdandan sonra işləyəcəyəm.

– Əsgərliyə? – Murad gülümsədi. – Özün öz ayağınla əsgərliyə gedirsən?

– Hə, özüm öz ayağımla əsgərliyə gedirəm. – Baladadaş Murada baxdı və açıq-aşkar hiss olunurdu ki, bu saat bu «Moskviç» sahibi onun gözlərində çox pis adamdı.

Murad dedi:

– Sənə nə var ki, subay oğlansan, lap dünyanın o başına da gedə bilərsən. Gündə də bir qızla kef eləyərsən. – Sonra əlini qaldırıb maşının sandıqçasını açdı və içindən balaca bir qutu götürdü.

Qutuda qızıl medalyon var idi.

Murad dedi:

– Daha bizim günümüzdə deyilsən ki, gedib qızıldan, brilyantdan alıb gətirəsən ki, nişanlının xoşu gəlsin. – Sonra medalyonu çıxardıb köynəyinin döş cibinə qoydu və boş qutunu Baladadaşa uzatdı. – Al, yaxşı qutudu, bağışlayıram sənə. Adam hədiyyəni qutuda verəndə elə bilirlər ki, qiymətini gözə soxursan. Qiyməti də ki, həmişə yazırlar qutunun üstündə.

Baladadaş boş qutunu aldı və dedi:

– Saxla burda düşürəm.

Qırmızı «Moskviç» kəndin girəcəyində dənizə enən qum yolun yanında dayandı. Baladadaş qapını açıb maşından düşdü, sonra əlini cibinə salıb üç dənə iyirmi qəpiklik çıxartdı və dəmir pulları bir-bir maşının oturacağına atıb:

– Çox sağ ol, – dedi. – Bu da yol xərcin. – Sonra maşının qapısını bağladı, parusin şalvarının dalını çırpa-çırpa dənizə tərəf addımladı.

Murad arxadan nə isə qışqırdı, amma Baladadaş heç nə eşitmədi və geri də dönüb baxmadı.

Baladadaş dənizə tərəf gedə-gedə əlindəki medalyon qutusuna baxdı, sonra qutunu bir az qabağa atıb qaça-qaça havada təpiklə vurdu. Qutu göyün yeddinci qatına qalxdı və hara düşdüyü məlum olmadı.

Baladadaş qaça-qaça «aerodrom» kepkasını, miləmil trikotaj köynəyini, parusin şalvarını, səndəllərini çıxarıb özünü dənizə verdi, bir az əl-qol atıb arxası üstə suyun üzərində uzandı və göyə baxdı; göy təmiz və sonsuz idi və bu saat sonsuz göy də bu dəniz kimi ancaq Baladadaşa məxsus idi.

Baladadaşın ilk məhəbbət macərası beləcə sona yetdi və bu məhəbbət macərasını o, yalnız bir dəfə – qatara minib Amur vilayətinə əsgərliyə gedən zaman xatırladı və xurmayı saçların həmin şorməzə tamını dodaqlarında hiss etdi.

İyun, 1972.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов