Qış nağılı
Страница 1 из 4
Novruz Cuvarlinskinin xatirəsinə
Bakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Kərim kişi çovğunun qarasına: – «Bu kəsən şey deyil!» – fikirləşib bir-iki dəqiqə də küçə pəncərəsindən bu qış səhərinin alatoranlığına qəribə bir kədər ağlığı gətirmiş qara baxdı, çovğunun vıyıltısına qulaq asdı və heç kəs yuxudan oyanmasın deyə gəldiyi kimi də ustufca otaqdan çıxıb mətbəxə keçdi, bu dəfə də mətbəxin pəncərəsindən həyətə tamaşa elədi: həyət də başdan-başa qarın içində idi və Marqarita Abramovnanın güclə seçilən pəncərə işığından başqa qarın əlindən heç nə görünmürdü.
Axır vaxtlar Kərim kişinin ürəyinə bir nigarançılıq hopmuşdu və hər gün səhər tezdən eşitdiyi bu mahnı onu nigarançılıqdan qurtarırdı – Marqarita Abramovna yaman qocalmışdı.
Kərim kişigilin həyəti Bakının o həyətlərindəndi ki, bir-birinə bitişik, qədim birmərtəbəli, ikimərtəbəli binaların dövrəsində balaca, girdə adaya oxşayırdı və bu adaların hamısına asfalt basılmışdı, hərəsində də bir, ya iki tut ağacı əkilmişdi – qışda üstü sərçə ilə dolu olardı, yayda kölgə salardı.
İndi isə bu tut ağacları da başdan-başa qar içində idi. Burada Marqarita Abramovnanın fırlatdığı mahnı da daha yaxşı eşidilirdi və indi elə bil bu mahnı da hər tərəfi basmış qarın içində üşüyürdü. Kərim kişi dodaqaltı:
– Mahnı da üşüyərmiş! – dedi və əli ilə pəncərə şüşəsinin içəri üzünü sildi, guya ki, qardan başqa təzə bir şey görəcəkmiş.
Onun iri, kobud əlləri elə bil taxta idi və kişi pəncərəni sildikcə elə səs çıxırdı, elə bil şüşəni əllə yox, quru taxta parçası ilə sürtürsən.
Kərim kişi yenə zənlə bayıra baxdı və yenə də dodaqaltı dedi:
– Kəsən şey deyil bu!
Cavanşir üşüyə-üşüyə mətbəxə boylandı və tez-tələsik:
– Sabahın xeyir! – deyib daha tamam-kamal ağarmış başını qaşıya-qaşıya arakəsmədəki əlüzyuyana tərəf getdi.
Kərim kişi oğlunun ardınca tərs bir nəzər saldı, heç nə cavab vermədi və bundan sonra özünə də məlum oldu ki, səhər-səhər yataqdan yaman hirsli qalxıb.
Məsələ burasında idi ki, Cavanşir dünən and-aman eləyib Kərim kişini yolundan saxladı ki, sabah qar kəsər, hava düzələr, istədiyin yerə də gedərsən. Əlbəttə, Cavanşir hardan biləydi ki, sabah, yəni bu gün, qar aləmi basacaq, çovğun qiyamət qopacaq, trolleybuslar, avtobuslar dayanacaq, iş o yerə çatacaq ki, məktəblərdə dərsləri də saxlayacaqlar.
Uşaqların səhər tezdən durmaq müsibətindən xilas olmaları Kərim kişinin yadına düşdü və hirsli də olsa, ağappaq eşmə bığının altından dodağı qaçdı.
Uşaqlar, yəni Kərim kişinin nəvələri. Beş nəvəsi vardı: böyük qızı köçürmüşdülər – özü də, əri də neftçi idi, ondan kiçiyi Odessada gəmiçilik institutunda oxuyurdu, qalan üç nəfər isə hələ məktəbə gedib-gəlirdi. Bunlar hamısı Cavanşirin balaları idi. Heybət isə müharibədən qayıtmamışdı, tək gəlmişdi, tək getmişdi, həmişə də otaqda divardan asılmış şəklindəki kimi cavan qalmışdı.
Mahnının səsi kəsildi və indi yalnız çovğunun vıyıltısı eşidilirdi, bir də haradasa lap uzaqlarda elə bil ki, bir it hürürdü. Bu it hürüşü Kərim kişinin əhvalını lap pozdu və o, ürəyində öz-özünə yağlı bir söz dedi.
Cavanşirin arvadı Fazilə mətbəxə girib suçlu adamlar kimi:
– Sabahınız xeyir, – dedi. – Sonra qazı yandırdı, çayniki odun üstünə qoydu və Kərim kişinin gözünə görünməsin deyə tələsik də mətbəxdən çıxdı.
Kərim kişi gəlinin salamını almadı, amma özü də özünü məzəmmət elədi ki, nahaq iş gördü, çünki məlum məsələydi ki, qarın, çovğunun bu cür həyasızlıq eləməsində gəlinin heç bir təqsiri yox idi.
Bir azdan otaqda oturub səhər çayı içəndə Cavanşir arvadına dedi ki, heç bilmirəm işə necə gedib çıxacağam, nə maşın işləyir, nə avtobus. Bu sözləri açıq-aşkar surətdə Kərim kişiyə eşitdirirdi, yəni ki, bu havada evdən bayıra çıxmaq mümkün olan iş deyil. Sonra bununla da kifayətlənməyib dedi ki, elektrik qatarları da Sabunçu vağzalında yatıb qalıb, çünki dəmir yolunu qar basıb.
Kərim kişi bu sözləri eşidəndə armudu stəkandakı çayını yarımçıq qoydu mizin üstünə, ayağa qalxdı və mətbəxə keçib yenə də pəncərədən həyətə baxdı: çovğun qiyamət qoparmışdı.
Məsələ burasında idi ki, Kərim kişi pensiyaya çıxdığı vaxtdan ta indiyə kimi, yəni on beş ildən bəri yaydan başqa, qalan aylarda da hər gün, uzaq başı iki gündən bir Bilgəhdəki bağına gedirdi, meynələrə, əncirlərə, narlara qulluq edirdi, bostan salırdı, gül-çiçək əkirdi, uzun sözün qısası, Bilgəhdəki dədə-baba bağları ilə sidq-ürəkdən dostluq edirdi; bağ kişini başa düşürdü, kişi də bağın işinə yarayırdı. Srağagün də bağda idi və srağagün adamın heç ağlına gəlməzdi ki, hava belə dəyişəcək, beləcə qar-çovğun başlayacaq. Şəhərə qayıdanda Nabranın boynuna zəncir salıb damda bağladı ki, açıq qalıb yalaqlanmasın, qabağına da evdə hazırlayıb gətirdiyi yaldan nə qalmışdısa onu qoydu. Sabah tezdən, yəni ki, dünən yenə gələcəkdi, amma srağagün gecədən qar başladı, dünən də dayanmaq bilməyib yağdı və Cavanşirlə Fazilə də onu yoldan elədilər ki, sabah, yəni bu gün hava düzələr, gedərsən.
Bu gün çovğun dünənkindən bərk başlamışdı və Nabran da zəncirə bağlı qalmışdı bağda.
Bir dəfə – dörd-beş il bundan əvvəl, yay vaxtı uşaqlarla birlikdə Nabrana getmişdilər və Kərim kişi oradan bir ovçarka küçüyü alıb gətirmişdi, uşaqlar da bu küçüyün adını qoymuşdular Nabran. Kərim kişi onu bağda saxlayırdı, Nabran da böyüyüb bir it olmuşdu ki, gəl görəsən və indi həmin bu it qarın, çovğunun bu vurhavurunda ac-susuz qalmışdı Bilgəh bağındakı damın içində.
Kərim kişigilin evi birinci mərtəbədə idi, ata-babadan burada yaşayırdılar və indi külək qarı evin bayır qapısının ağzına elə yığmışdı ki, Cavanşir qapını aça bilmirdi. Axır ki, qapını bir balaca aralayıb zorla bayıra çıxdı və birdən-birə arakəsməyə elə güclü külək əsdi, bir göz qırpımında içəri o qədər qar doldu ki, elə bil Bakıda yox, Şimal Buzlu okeandasan. Kərim kişi mətbəxdəki köhnə sandığın arxasından neçə ildən bəri işsiz-gücsüz qalmış beli götürdü və bayır qapısına yaxınlaşıb bütün bədəni ilə sərt soyuq hiss eləyə-eləyə onu qapının arasından oğluna uzatdı:
– Təmizlə!
Cavanşir qapını örtüb çöldə bir xeyli əlləşdi, vuruşdu və yalnız bundan sonra qapını tamam aça bilib təzədən içəri girdi, göyərmiş əlləri ilə qıpqırmızı sifətini ovuşdurdu, kürkünün yaxasını çırpdı və elə bil bu şücaətindən bir az ürəklənib dinməz-söyləməz qarşısında dayanmış Kərim kişiyə:
– Əşşi, çıxıb-eləməyəsən ha, yaman pis havadı, – dedi.
Fazilə də böyürdən:
– Zəhrimara qalsın belə havanı! – dedi, özü də elə dedi ki, yəni ay Kərim əmi, bizə niyə acığın tutur, biz neyləyək, sən yaşda adam bu havada, bu vurhavurda Bilgəhə necə gedib çıxacaq, necə qayıdacaq?
Əlbəttə, Fazilə də, Cavanşir də bilmirdi ki, əslində – lap doğrusu bu idi ki, var – Kərim kişinin acığı özünə tutub, öz səksən yaşına.
– Mən özüm gedərdim, amma indi işin elə vaxtıdı ki, qoyub getmək olmur...
Bu sözləri Cavanşir dedi və Kərim kişi də onun başqa söz deməsinə imkan verməyib:
– Yaxşı, yaxşı, yeri get işinə, – dedi.
Kişi dilləndi deyə Fazilənin eyni açıldı. Cavanşir də gülümsəyib:
– Yaxşı, mən getdim, – dedi və hələ də nigarançılıqdan qurtarmayıb əlavə elədi:
– Amma çıxmayasan ha!..
– Çıxmaz, çıxmaz. – Bu sözləri də Fazilə dedi, yəni ki, arxayın ol, qoymaram getsin.
Kərim kişi bu dəfə də özünü saxlaya bilməyib gəlininə tərs bir nəzər saldı və otağa keçdi.
Cavanşir gəmi təmiri zavodunda işləyirdi, mühəndis idi və məlum məsələydi ki, işi başlı-başına buraxıb Nabranın dalınca Bilgəhə gedə bilməzdi. Cavanşir neftçi deyildi (Heybət neftçi idi), amma necə olsa da, işi dənizlə bağlı idi, neft iyi ilə, mazutla bağlı idi və elə buna görə də oğlunun işinə Kərim kişinin hörməti vardı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-qis-nagili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.
V fəsilRayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.
VI fəsilSulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı.Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı.
VII fəsilXoruzun axırıncı banından xeyli keçmişdi.Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topa-topa buludlar bir azdan yenə qiyamət edəcəkdi.