Rayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.

Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.

Mühüm işlər müstəntiqi kürkünü çiyninə salmışdı və çölün zəhlətökən havasından sonra yəqin ki, bu saat bu plitə istisinin, bu balaca otaqdakı xudmaniliyin ayrı ləzzəti vardı; amma burası da hiss olunurdu ki, onun gözləri plitənin qızarmış məftillərinə baxırdısa da, fikri başqa yerlərdə dolaşırdı.

Pəncərənin qabağındakı girdə mizin üstündə qənd, mürəbbə, balaca çaynik və bir armudu stəkan vardı. Pəncərənin pərdələri aralanmışdı və şüşənin bayır tərəfinə çırpılan sulu qardan bilinirdi ki, bu hava hələ düzələn şey deyil.

Fəttah dayı əlində balaca bir torba içəri girdi:

– Yatmamışdan əvvəl bir bankalıyam səni gərək, bacıoğlu...

Gündüz Kərimbəyli banka dəsgahının ləzzətini əvvəlcədən hiss edə-edə gülümsədi və:

– Fəttah dayı, – dedi, – pis öyrədirsən ha, qonağı...

Fəttah dayı əlindəki torbanı dəmir çarpayının yanındakı alabəzək sandığın üstünə qoyub:

– Qonaq istəyənin süfrəsi boş olmaz, – dedi. – Düzdü, bu zəmanədə heç kim ac qalmır, hərənin süfrəsində bir şey olur, ağ çörəyin kilosu otuz qəpiyədi, qonaq da ki, umduğunu yeməz, olduğunu yeyər... Amma, bacıoğlu, bu öskürəklə ki, o cür yağışın altında başladın işini görməyə, tanıdım səni yaxşıca! Bildim ki, sabah da belə edəssən, biri gün də, o birisi gün də. Lap ömrünün axırınacan... Deyiblər ki, yaxşılıq elə, at dəryaya, balıq bilməsə də, Xaliq bilər. Sənin də evdə gözləyənin var!..

Gündüz Kərimbəyli ayağa qalxıb kürkü çarpayının başına atdı və gəlib çarpayıda otura-otura dedi:

– Bir anam var Bakıda, Fəttah dayı, elə bil sənin dediklərini yığıb bir-bir.

Fəttah dayı bankaları torbadan çıxarıb, sandığın üstünə düzdü.

– Sənin kimiləri az görməmişəm, bacıoğlu. Sizin xəmiriniz işlə yoğrulub. Astanın işi qalmaz, xəstənin işi qalar, deyiblər. Asta olmağına asta adama oxşamırsan sən, amma xəstə olmağına xəstəsən. Mənim də borcum budu ki, anan səni necə göndərib bura, elə də mən qaytarım səni onun üstünə. Niyə ki, mənim qonağımsan, başqasının yox. – Sonra Fəttah dayı qapıya tərəf dönüb bərkdən çağırdı: – Mürşüd!

Mürşüd qapıdan içəri boylandı:

– Nədi, dədə?

– Gəl kömək elə mənə.

Mürşüd içəri girib təbii ki, çarpayıda oturan qonağı tanıdı. Gündüz Kərimbəyli əlini uzadıb onunla görüşdü.

– Ba!.. – dedi, – Mürşüd kişi, sənin qonağınammış ki...

Fəttah dayı təəccüblə onlara baxdı və o saat da məsələni başa düşüb, oğluna acıqlandı:

– Yenə vağzala getmişdin?

Gündüz Kərimbəyli əynindəki cempiri çıxara-çıxara:

– Kişi kolleksiyaçıdır də! – dedi və əli ilə Mürşüdün qıvrım, qara saçlarını qarışdırdı. – Kolleksiyaçı bilirsən nədir? Biri marka yığır, o biri qəlyan yığır, bir başqası tramvay yığır. Sən də kibrit kağızı yığırsan. Kolleksiyaçı sizsiniz, sizə deyirlər...

Fəttah dayı balaca dəmir çubuğun ucuna pambıq dolaya-dolaya lap təəccübləndi:

– Tramvay ha!

– Hə, Fəttah dayı, hardasa bir milyoner var, tramvay yığır.

Fəttah dayı dedi:

– Harınlıqdandı. Tramvay yığmaq da elə bir qızıl saatdan ötrü adam öldürmək kimi bir şeydi əslində... Bir şahının iki üzüdü... – Sonra spirt şüşəsini də torbadan çıxarıb ağzını açdı. – Tamam soyun, gir yerinə. Bankalayandan sonra üstünü basdıracam. Əslinə baxsan heç gərək sabah da çıxmayasan eşiyə...

– Elə şey yoxdu, Fəttah dayı, sənin bankandan sonra sabah gərək qiyamət eləyək!

Fəttah dayı başını bulaya-bulaya gülümsədi.

Gündüz Kərimbəyli üzüqoylu çarpayıda uzandı. Fəttah dayı yorğanı belinəcən onun üstünə çəkib yekə, döyənəkli əlləri ilə Gündüz Kərimbəylinin kürəklərini ovxaladı, sonra kibriti Mürşüdə verib dedi:

– Yandır görüm.

Mürşüd kibrit çöpünü çəkib yandırdı, Fəttah dayı da yaşına uyuşmayan bir cəldliklə əlindəki dəmir çubuğun pambıqlı ucunu spirtə batırıb yandırdı və bankaları bir-bir salmağa başladı.

– Hə, gör necə tutur!... Bacıoğlu, lap kefin istəyən soyuqlamısan ha...

Gündüz Kərimbəyli qollarını hər iki tərəfdən yanlarına uzadıb, üzünü onlara tərəf tutmuşdu. O, Mürşüdə göz vurdu, Mürşüd gülümsədi.

Fəttah dayı bankaları salıb yorğanı lap yuxarıyacan çəkdi, sonra kətildə oturub pencəyinin cibindən tənbəki kisəsini, qəlyanını çıxartdı.

Mürşüd sandığın üstündə oturdu.

Gündüz Kərimbəyli Mürşüddən soruşdu:

– Neçə nəfərsiz?

Mürşüd dedi:

– Dörd bacım var, iki qardaşım.

Gündüz Kərimbəyli gülümsədi:

– Ordudu ki, bu, a Fəttah dayı!..

Fəttah dayı qəlyanını yandırıb, gülümsəyə-gülümsəyə başını buladı, yəni ki, görürsən də...

Gündüz Kərimbəyli Mürşüddən soruşdu:

– Sən kiçiyisən?

– Yox, bir bacım məndən böyükdü, qalanları hamısı kiçikdi...

Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə bir ayağını qaldırıb altına qoydu və dedi:

– Tez yeyənlə tez evlənən peşman olmaz, deyiblər. Yemək heç, amma evlənməyi düz deyiblər. Mənim kimi gec evlənəndə nəvən yerindəkilərə atalıq eləyəsən gərək... Düzdü, bunu da deyiblər ki, subaylıq sultanlıqdı, amma mən bir sultanlıq görməmişəm... Həmişə zəhmətlə keçib ömrüm. Elə indi də... Buraları silibsüpürürəm, bağ-bağatla məşğul oluram, sənin kimi hörmətli qonaqlara qulluq edirəm, gecələr də kitab dükanında qarovulçuluq edirəm.

– Bəs heç yatmırsan, Fəttah dayı?

– Yatmaq nədi, a saqqalı ağarmış?! Zarafatdı bir ordunun əppəyini yetirmək?.. «Qu» deyəndə su verəsən gərək, «qa» deyəndə çörək. – Fəttah dayı qəlyanına dərin bir qullab vurdu.

Gündüz Kərimbəyli dedi:

– Boynumun yanındakı yaman göynədir, Fəttah dayı.

– Soyuğu çəkib çıxarır də canından. Vaxtı çatanda götürəcəyəm.

– Darıxmırsan mağazada?

Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə:

– Yox, bacıoğlu, darıxmıram. Sizin vaxtınız olanda kinoya baxırsınız, bunları, – Fəttah dayı Mürşüdə işarə elədi, – televizorun qabağından çəkmək olmur. Mənim kinom da, televizorum da keçib getmiş günlərdi, gəlirlər bir-bir gözümün qabağına...

– Fəttah dayının gözləri naməlum bir nöqtəyə zillənib qaldı və kişi elə bil ki, dünyanın bütün işlərini yadından çıxarıb sidq-ürəkdən dedi. – Keçən günə gün çatmaz, calasan da günü günə!.. – Sonra elə bil ki, yenə özünə qayıtdı. – Qayğı da ki, – Fəttah dayı yenə Mürşüdə işarə elədi, – görürsən də, kefin istəyən qədər...

Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli sir-sifətini qırışdırdı:

– Yaman göynədir e, Fəttah dayı...

Fəttah dayı qəlyanını ağzından çıxarıb, bir az rişxəndlə gülümsədi:

– Ba, a kişi, sənin heç davamın yoxmuş ki...

Fəttah dayı yenə də qəlyanını ağzına qoydu və bu dəfə pəncərəyə tərəf baxdı. Sulu qar pəncərə şüşəsini döyəcləyirdi, elə bil ki, bayırın soyuğu bu isti və xudmani otağa soxulmaq istəyirdi.

Gündüz Kərimbəyli Mürşüdə, sonra Fəttah dayıya baxdı və soruşdu:

– İmaş harda işləyir, Fəttah dayı?

– Hansı İmaş?

Mürşüd də öz növbəsində soruşdu:

– Səadət müəllimənin qardaşı?

Gündüz Kərimbəyli yəqin ki, yenə bankaların göynətməsindən sifətini turşudub:

– Hə, – dedi. – Səadət müəllimənin qardaşı.

Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə:

– Gərək heç harda işləməsin, – dedi.

– Niyə? Xəstədi?

Fəttah dayı bir müddət cavab vermədi, sonra dedi:

– Xəstə olmağına xəstədi, amma başqa xəstəlikdi xəstəliyi...

Gündüz Kərimbəyli bir söz deməyib Fəttah dayıya baxdı. Fəttah dayı:

– Adamlardı də... – dedi. – Hərənin bir xəstəliyi olur, biri iflic olur, birinin gözü tutulur, biri də oğru olur. Bayaq dediyin də... Kolleksiyaçı...

Gündüz Kərimbəyli soruşdu:

– Hansındandı İmaş?

Fəttah dayı kətildə qurcalandı:

– Biri ki, haram çörək yedi, gözümün düşmənidi... Düşmənidi gözümün! Hə, oğrudu, oğru İmaş deyərlər ona, anasının əmcəyini kəsəndi...

Mürşüd dedi:

– Səadət müəllimə yaxşı adamdı.

Fəttah dayı:

– Meşə çaqqalsız olmaz, – dedi. – Camaatın toyuğunu, hinduşkasını, qazını, ördəyini oğurladı, yedi-içdi, tənbeh elədilər, bu dəfə də başladı camaatın qoyununu, inəyini, camışını oğurlamağa, atını oğurlamağa, tutdular, neçə il yatdı, indi çıxıb bir-iki aydır, işləmir hələ...

Mürşüd dedi:

– İndi bəs nə oğurlayacaq? Adam?

Fəttah dayı qəlyanı ağzından çıxarıb oğluna çımxırdı:

– Sən kiri! – Gecə vaxtı oğru söhbəti kişinin qanını qaraltmışdı; sonra ayağa qalxıb yorğanı aşağı çəkdi və bankaları bir-bir qoparmağa başladı; bankalar səs sala-sala Gündüz Kərimbəylinin kürəklərindən qopurdu. – Pah! Qapqara qançırdı yerləri, yaman tutubmuş...

Bankalar bir-bir torbaya yığıldı. Fəttah dayı bankaların yerini tez-tələsik ovxalayıb yorğanı yuxarı çəkdi və qonağın üstünü əməllicə basdırdı.

– Yat, bacıoğlu. Gecən xeyrə qalsın.

– Sağ olun.

– Gecə durmaq olmaz. – Guya ki, bir işdən ötrü gecənin yarısı durub-durmamaq mühüm işlər müstəntiqinin özündən asılı idi.

Mürşüd bic-bic güldü:

– Sağ olun.

– Sağ ol, Mürşüd kişi.

Mürşüd banka torbasını götürüb otaqdan çıxdı. Fəttah dayı da işığı keçirib, onun ardınca otaqdan çıxdı və qapını örtdü.

Birdən-birə otağa çökən qaranlıq içində pəncərənin şüşəsi yavaş-yavaş parıldamağa başladı.

Sulu qar tıqqıltı ilə şüşəni döyəcləyirdi.

Gündüz Kərimbəyli arxası üstə çevrilib qollarını başının ardında çarpazladı və gözlərini pəncərəyə zillədi; elə bil ki, şüşənin tıqqıltısı elə hey nəsə deyirdi və mühüm işlər müstəntiqi də bu tıqqıltıya qulaq asırdı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов