Bozluq içində iki nəfər
Страница 1 из 2
Döz, bağrı daş olan könlüm...
Abbas Tufarqanlı
Yaz çoxdan ötüb-getmişdi və o ötüb-getmiş yazın ən qüssəli xatirəsi həmin yaşıl-sarımtıl seyrək yarpaqlar idi. Hər gün səhər yerindən qalxıb həyətə açılan pəncərədən o seyrək yarpaqları görürdü və hər səhər də o yaşıl-sarımtıl seyrək yarpaqlar təkcə ötüb-getmiş yazdan yox, ötüb-getmiş ömürlərdən, dünyanın müvəqqətiliyindən xəbər verirdi, illərlə xatırlamadığı və çoxdan bu dünyadan köçüb getmiş adamları birdən-birə xatırlayırdı, yaxın, uzaq o simalar, sifətlər bir-bir gözlərinin qabağında canlanırdı və o simaların gözləri həmişə də yumulu olurdu, bu seyrək yarpaqların yaşıl-sarımtıl solğunluğu bir sarı kölgə kimi o simalara, sifətlərə də hopurdu; sonra xəstəxanalar yadına düşürdü, çünki dünyanın ən qüssəli yeri xəstəxanalardı.
O, pensiyaya çıxmazdan əvvəl də, sonra da xəstəxanalarda yatmışdı, yaxınları, tanış-bilişləri yoluxmağa da çox getmişdi xəstəxanalara və o adamların da nə qədəri indi dünyada yoxdu və indi bu yaşıl-sarımtıl seyrək yarpaqlara baxa-baxa o adamları da həmin xəstəxana qəmginliyi və sarılığı içində bir-bir gözlərinin qabağına gətirirdi və onların da hamısının gözləri yumulu olurdu, həmin adamların sifətlərinin bütün
gizgilərini xatırlayırdı, dodaqlarının təbəssümünü xatırlayırdı, amma gözlərinin
rəngini xatırlaya bilmirdi, çünki yaddaşının indi göstərdiyi o adamların gözləri heç cürə açılmırdı, həmişə yumulu olurdu, daha doğrusu, o bilirdi ki, bax, bunun gözləri göy idi, bununku isə, deyəsən, qara idi, amma həmin göyü də, həmin qaranı da görə bilmirdi, çünki hər şey bir rəngdə idi, çünki hər şey bu yaşıl-sarımtıl seyrək
yarpaqların qəmgin sarısına boyanmışdı.
Sulu qar yağırdı və o seyrək yarpaqlar tamam islanırdı, üşüm-üşüm üşüyürdü və bu yarpaq üşüməyini o, az qala, öz bədəni ilə hiss edirdi və bu dəm uşaq vaxtı
ağlamağını yadına gətirirdi, sonra başqa uşaqların ağlamağını yadına gətirirdi, sonra böyük adamların ağlamağını yadına gətirirdi – əvvəlcə qızların, arvadların
ağlamağını, sonra kişilərin ağlamağını; sonra da uzun-uzun illər boyu iştirak etdiyi matəm mərasimləri yadına düşürdü, çiyinlərində üzü qəbiristanlığa tərəf gedən üstü xalçalı mafələr, tabutlar gözlərinin qabağına gəlirdi, sonra da ömründə ağlamağını görmədiyi kişilərin necə ağlamaqlarını, daha doğrusu, necə ağlaya biləcəklərini,
gözlərinin necə dolacağını, dodaqlarını, çənələrini əsdirəcək təbəssümlərini
gözlərinin qabağına gətirirdi və ən qəribəsi bu idi ki, yaxşılığından, pisliyindən,
sərtliyindən, mülayimliyindən, hətta onun şəxsən tanıyıb-tanımamağından,
vəzifəsindən, şöhrətindən asılı olmayaraq, elə bir adam yox idi ki, indi onun
təsəvvüründə ağlaya bilməsin, qəzetdə yalnız şəklini gördüyü tanınmaz-bilinməz bir nəfərdən tutmuş Əlisəfayacan hamını öz təsəvvüründə ağladırdı və bəzən ona elə gəlirdi ki, gözlərinin qabağındakı bu görümlərdə nəsə oğurluğa bənzər bir şey var, elə bil xısın-xısın gizlənib qapının açar deşiyindən içəri baxır; amma gözlərini sulu qardan islanmış, soyuqdan-sazaqdan üşüm-üşüm üşüyən o yaşıl-sarımtıl seyrək
yarpaqlardan çəkə bilmirdi, çünki yetmiş üç yaşına baxmayaraq, tamam heyrət
içində görürdü ki, Yer üzündəki bütün adamlar onun təsəvvüründə eyni cür ağlayır; bütün insanların ağlamağı bir-birinin eyni idi, insanlar eyni cür içini çəkirdi, eyni cür gözlərinin yaşını axıdırdı, eyni cür də dərindən sarsılırdı, eyni cür kədərlənirdi, yanırdı və ən başlıcası isə, həmin insanların belə bir eynilikdən xəbəri yox idi,
xəbəri yox idi ki, bu dərəcədə bir-birlərinə oxşayırlar, dərdə düşəndə, ağlayanda bir-birlərinin eyni olurlar.
Bu yaşıl-sarımtıl seyrək yarpaqlar əslində insan xislətinin eyniliyindən xəbər verirdi, birinci insandan tutmuş sonuncu insana kimi, Yer üzündəki bütün məxluqatın əslində eyni ömür – küll, vahid ömür yaşadıqlarından xəbər verirdi və həmin böyük, əvvəli-axırı görünməyən ömrün özünün də əslində bir göz qırpımlığından deyirdi.
...Sulu qar kəsirdi, sonra təzədən başlayırdı; sulu qar ara verirdi və soyuq külək mənim yaşıl-sarımtıl seyrək yarpaqlarımı qurudurdu və həmin soyuq xatirələrdəki bütün ilıq hissləri, həyəcanları boyat çörək kimi fal-fal doğrayırdı və həmin bıçağın metal soyuğu adamın iliyinəcən işləyirdi, sonra bir neçə gün keçirdi, o seyrək yarpaqlar daha da seyrəlirdi, daha bir yarpaq nəm və çılpaq budaqdan qırılıb düşürdü və o dəm mən gözlərimi yaşıl-sarımtıl seyrək yarpaqlardan çəkirdim, çünki qırılıb düşmüş o yarpağı son mənzilə aparan yolu görmək istəmirdim...
...Əlbəttə, bu son payız keçəcəkdi, qışın soyuqları da ötəcəkdi, yenə yaz gələcəkdi, yamyaşıl yarpaqlar budaqları bürüyəcəkdi, amma bütün bunlar mənim üçün bir təskinlik deyildi: düzdü, yamyaşıl yarpaqlar bu budaqları bürüyəcəkdi, amma, bax, bu yaşıl-sarımtıl yarpaqlar daha heç vaxt olmayacaqdı, çürüyəcəkdi, yox olacaqdı; qış ötəcəkdi, yaz gələcəkdi və o zaman indi Yer üzündə olan adamların da, indi mənim kimi beləcə pəncərədən baxan, dünyanı beləcə görənlərin də bir çoxu olmayacaqdı və bir vaxt mən də olmayacaqdım və bəlkə onda da kim isə o zamanın son payızında o zamanın yaşıl-sarımtıl seyrək yarpaqlarına baxıb elə mənim özümü xatırlayacaqdı və mən onun təsəvvüründə ağlayacaqdım, ya güləcəkdim, nə fərqi?
Axır vaxtlar hərdənbir öz-özü ilə danışırdı; axır vaxtlar? Bəs, əvvəllər necə, əvvəllər həmsöhbəti kim olub? Gülümsədi və bu təbəssümdə bir istehza, daha doğrusu, gizli, lap dərinlərdə gizlənmiş bir intiqam hissi var idi, amma kimə istehza edirdi, kimdən intiqam alırdı? Özündən? Arvadından? Bəlkə bu yaşıl-sarımtıl seyrək yarpaqlardan, yox, yox, hamıdan və hər şeydən intiqam almaq olar (dünyada kimin və nəyin təqsiri yoxdur?), amma bu yaşıl-sarımtıl seyrək yarpaqlardan intiqam almaq mümkün deyil, çünki onlar intiqama davam gətirə bilməz, hətta onun sifətindəki belə bir zəif təbəssümün də intiqamına davam gətirə bilməz və bir halda ki, beləcə, zəif bir təbəssümün də intiqamına tab etməz, deməli, heç bir günahları yoxdu; bəs, onda nə üçün pöhrədən çırtdayıb çıxdılar, böyüdülər, yamyaşıl yarpaq oldular və sonra da beləcə seyrəldilər, beləcə sapsarı saraldılar?
Arvadı həmişəki kimi, yumşaq, qırmızı kürsüdə oturub nəvələrindən hansı üçünsə əlcək toxuyurdu və əlcəyin üstündə zanbaq gülündən naxış var idi, amma arvadı əlcəyin üstündəki bu zanbaq gülünü elə toxumuşdu ki, zanbaqdan çox gəmi lövbərinə oxşayırdı və bu oxşarlıq da onun ürəyini sıxdı, çünki bir yerdə dayanmaqdan, hərəkətsizlikdən, ağırlıqdan xəbər verirdi.
Qabaqlar arvadı ilə birlikdə teatr tamaşalarına gedərdi, amma bir ildən artıqdı ki, daha tamaşalara da getmirdi, çünki səhnəyə baxdıqca darıxırdı, fikirləşirdi ki, artistlər eyni tamaşada həmişə eyni sözləri deyirlər, cümə axşamı, ya çərşənbə, ya bazar günü, yaz günü, payız axşamı, ya da qışın soyuğu – artistlər üçün fərqi yox idi, eyni sözlər deyilməliydi. Külək əsir? Əssin. Qar yağır? Yağsın. Kimsə ölüb? Ölsün. Kimsə anadan olub? Olsun. Fərqi yox idi, eyni sözlər deyilməliydi və artistlərin, misal üçün, dörd yüz il bundan əvvəl Şekspirin yazdığı sözlərin qəlibindən çıxa bilməməsi onun ürəyini sıxırdı və daha arvadını da yanına salıb axşamlar teatrlara getmədi və əlbəttə, arvadı yenə bir şey başa düşmədi, amma həmişə teatra getməyə razı olduğu kimi, getməməyimin də fərqinə varmadı.
...Bu qədər illər yaşadım, xəstələndim, sağaldım, yaxşılıq elədim, amma öz aramızda, pislik də gəldi əlimdən, incidim, incitdim, nigaran oldum, gözüm yol çəkdi, məclislərdə çalıb-oynadım, yas da saxladım, təzəcə anadan olmuş çağa gördüm, qoca meyiti də gördüm və bütün bunların hamısı da ona görə ki, günlərin bir payız günü məlum olsun ki, ömür gəldi keçdi, bir at mindim, başı yox, bir çay keçdim, daşı yox...
Onun uzun ömründə hər şey olmuşdu, təkcə... təkcə nə olmamışdı?
Bəsdir.
Təngnəfəs oldu və yadına düşdü ki, çox-çox illər bundan əvvəl bir xalası var idi, tez-tez təngnəfəs olardı, sonra özü öz nəfəsinin ağırlığına lağ edərdi: bir qardaşım var, getdi qayıtmadı, nədi bu, o balaca idi, xalasının dediyi tapmacaya çox fikirləşib, çox söz deyib cavab tapa bilmirdi, xalası gülürdü: nəfəsdi də, ay dilbilməz, mənim bu qaragün nəfəsimdi də gedir, qayıtmır; sonra xalasının o uzaq gülüşü bu seyrək yarpaqlar sarısında əvvəlcə dondu, sonra muma döndü, sonra da əridi, sarı içində də yox olub getdi.
Pəncərənin qabağında dayanıb yaşıl-sarımtıl seyrək yarpaqlara baxırdı və bir azdan gəzməyinin vaxtı gələcəkdi, paltosunu geyib şlyapasını başına qoyacaqdı, evdən çıxıb yavaş-yavaş bulvara gedəcəkdi, kiməsə rast gələcəkdi və yaxud heç kimə rast gəlməyəcəkdi, sonra yavaş-yavaş da geri qayıdacaqdı, arvadı diyetalı axşam yeməyini verəcəkdi, dadsız-duzsuz o yeməyi yeyəcəkdi, sonra bir az televizora baxacaqdı, oğlu, ya qızı telefonla zəng edəcəkdi, arvadı danışacaqdı uşaqlarla və onun da kefinin yaxşı olduğunu deyəcəkdi, sonra nə olacaqdı? Sonra da yatacaqdı, yatacaqdı ki, səhər yenə də durub bu yaşıl-sarımtıl seyrək yarpaqlara baxsın və bu sarı içində xatirələr onu götürüb aparsın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-bozluq-icinde-iki-nefer
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Abbas Mirzə at belində və bir neçə atlının əhatəsində düşərgənin qarşısında dayanmışdı.Yağış yağmağa başlamışdı, amma Abbas Mirzə də, o biri atlılar da qətiyyən bunun fərqində deyildi.
İkinci hissə, 2928 yanvar 1806-cı il. Tiflis. Sərdar iqamətgahı.Knyaz Sisianov müşavirə çağırmışdı.
İkinci hissə, 308 fevral 1806-cı il. Bakının ətrafı.Knyaz Sisianov ilə polkovnik Eristavi at belində astadan çapa-çapa yanaşı gedirdi.
İkinci hissə, 31Axşamçağı yüngül bir külək əsirdi və Xəzərin sularını yüngülcə bir dalğa kimi də sahilə çıxarıb, geri qaytarırdı…Bakıya axşam düşmüşdü.
Стихи других поэтов
Əlkidə al alma, imas kim, ata tutar,Al ilə aldı könlümi ol şuxi-gül'uzar.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,