Страница 2 из 2 · 50%

«Axı, nə üçün, niyə?»

O bütün yarpaqları ilə, budaqları ilə, gövdəsi ilə gülümsədi.

«Başqaları məndən yaxşıdır guya?» – və düzdü, bu sözləri dedim, amma o saat burasını da başa düşdüm ki, mənasız sözlər dedim, çünki bu dəm bizim bu söhbətlərimizin dünyada heç kimə dəxli yox idi, çünki bu dəm dünyada, ümumiyyətlə, heç kim yox idi, təkcə mən idim, bir də ki, o idi və bir də ki, onun şəffaf təbəssümü idi; düzdü, mən indicə dediyim sözlərin mənasızlığını başa düşdüm, amma həmin anda da içimdən bir ehtiras baş qaldırdı, onun yarpaqları ilə, budaqları ilə, gövdəsiylə beləcə gülümsəməyi məndə dəli bir intiqam hissi oyatdı və mən istədim düz onun gözünün (ya gözlərinin) içinə baxa-baxa qışqırım ki, hə, rüşvət alıram mən, hə, imzasız məktub yazıram mən, hə, məşuqələr saxlayıram mən, hə, hə, hər şey eləyirəm mən, amma heç nədən də qorxmuram, bax, bu saat düz gedəcəyəm, bax, bu döngəni dönməyəcəyəm və sən də mənimlə birgə o uçuruma yuvarlanacaqsan, amma mən qışqıra bilmədim, heç nə deyə bilmədim, çünki birdən-birə özümü uçurumdan yuvarlanan maşının içində hiss etdim və mənim bütün bədənimi soyuq tər bürüdü.

O yenə də bütün yarpaqları ilə, budaqları ilə, gövdəsilə gülümsədi.

Ağsu dolayları daha qurtardı və düz magistral yol həmin yay səhəri uzandıqca uzanırdı.

«Mən səni çox istəyirəm, yarpaqlarını da, budaqlarını da, qartımış gövdəni də çox istəyirəm. İstəyirsən öldür məni... Dola budaqlarını boynuma, qabırğalarıma, sıx, öldür məni, kim biləcək ki, sənin işindi bu, kimin ağlına gələcək?..»

«Bədbəxt adamsan...»

«Hə...»

«Amma keçən il belə demirdin, soruşurdun ki, niyə?»

«Keçən ildən on iki ay ötüb. On iki ay üç yüz altmış beş gündü. Üç yüz altmış beş günün üç yüz altmış beş də gecəsi var...»

«Hesabı yaxşı bilirsən, pul saymaqdandı. Nə qədərin var indi?»

«Nə bilim? Day saymıram. Atıram bir tərəfə, elə-eləcə qalır...» Və mən özümlə heç nə eləyə bilmədim, mənim ürəyim çırpınmağa başladı, uşaqlıqda dərsi bilməyəndə və gözləyəndə ki, müəllim indicə məndən soruşacaq – belə çırpınardı ürəyim; mənim ürəyim çırpınmağa başladı ki, o bütün yarpaqları, budaqları, qoca, cod gövdəsi ilə soruşacaq: neçəsi halaldı, neçəsi haram? – və bu söhbət də qarşıdakı bu magistral yol kimi uzanacaq, mən özüm ucundan tutub ucuzluğuna gedəcəyəm və mən qorxdum ki, birdən onun özü ilə birlikdə maşının içinə gətirdiyi bu yüngül meh dayanar və mən ölməkdən yox, həmin havasızlıqdan dəhşətə gəldim, amma o başqa söz soruşdu:

«Gülər də saymır?».

« O da bezib, saymır daha...» – və bu dəfə yəqin ki, mənim də sifətimdə bir istehza var idi, amma mənim bu istehzam da mənim özümə aid idi və düzdü, mən güzgüyə baxa bilmirdim, amma bilirdim ki, belədir ki, var.

«Ver uşaqlar saysın.»

«Onlarda işin olmasın.»

«Niyə?»

«Sən belə şeyləri başa düşməzsən. İnsan deyilsən, axı. Bəlkə heç insan olsaydın da başa düşməzdin, çünki insanların da arasında insanı başa düşən, ancaq həmin insanın özüdü, başqası deyil...»

Bu dəfə onun yarpaqlarında da, budaqlarında da, qoca, cod gövdəsində də açıq-aşkar bir nifrət var idi və mən onu sancmaq istədim, istədim soruşum ki, bu qədər nifrətin ünvanı tək mənəm, yoxsa Yer üzünün bütün insanlarıdı? – amma soruşmadım, çünki bu nifrət mənim ürəyimin cızdağını çıxarırdı, çünki o çinarı, həqiqətən, sevirdim, onun yarpaqlarını, budaqlarını, qoca və cod gövdəsini ürəyimdən gələn bir məhəbbətlə sevirdim.

«Mən ki, səni bu qədər istəyirəm, deməli, mən tamam pis adam ola bilmərəm. Deməli, mənim içimdə də nəsə yaxşı bir şey var. Bilirəm, sənin məndən zəhlən gedir, sən məndən iyrənirsən, yenə də öz həmişəki yerinə qayıtmaq istəyirsən, darıxırsan bu maşının içində, azad olmursan burda, sığışmırsan bu maşına, amma niyə başa düşmürsən ki, mən də sığışmıram bu maşına, mənim də hisslərim var, mənim də duyğularım var, qanmaz deyiləm mən və ümumiyyətlə, qanmaz insan yoxdur. Sənin məndən zəhlən gedir, amma Vüqar məni istəyir, Sevil məni istəyir, Solmaz məni istəyir, mən onlara lazımam, gərəyəm və əgər onlar məni istəyirlərsə, mən onlara lazımam, gərəyəmsə, deməli, məndə də nəsə var...»

«Onda, bəs, nə istəyirsən? Bir halda ki, hər şey belə gözəldir, onda məndən niyə əl çəkmirsən? Mən insan deyiləm, bəlkə ona görə bir şey başa düşmürəm?..»

«Ya da ki, heç nə yoxdu məndə?»

«Üç yüz altmış beş günün üç yüz altmış beş gecəsi var, düz deyirsən, bəs, o üç yüz altmış beş gecənin neçəsini rahat yata bilirsən?»

«Heç birini... Gündüz adamın başını qatır, gündüz adam hər şeyi yadından çıxarır, yaxşılıq eləyir, pislik eləyir, dərd gecənin dərdidi. Heç nədən qorxmuram mən, nə tutulmaqdan qorxuram, nə biabırçılıqdan qorxuram, təkcə gecədən qorxuram... Qurtar məni gecədən, qurtar məni gecələr özüm özümlə tək qalmaqdan, qurtar... Axı, mən bu qədər səni istəyirəmsə, deməli, nəsə yaxşı bir şey var məndə, qurtar məni gecələrdən, bir yol göstər mənə...»

«Yol? Budey, yol. Birbaş Tiflisə aparacaq səni. Dostlar gözləyir orda, əla keçəcək orda sizinçün. Sonra Qara dəniz, sonra ...»

«Axı, sən gərək belə cəllad olmayasan...» və bilmirəm nə üçün birdən-birə uşaq vaxtı eşitdiyim bir rəvayət (bəlkə rəvayət deyildi, doğrudan da, olmuşdu?) mənim yadıma düşdü: o vaxt ki, Yer üzünü su basdı və o vaxt ki, Nuhun gəmisi üzməyə başladı, bir nəfər suda çapalaya-çapalaya qışqırdı: « – Ya peyğəmbər, kəndir at, məni də gəminə qaldır. Yadına gəlirmi, bir zaman sənin çörək bişirmək üçün unun yox idi, ac qalmışdın, mən sənə çuval-çuval un verdim». Nuh özünü eşitməməzliyə vurdu, dünyanı su basmış o məqamda belə fikirləşdi ki, bu adamı sudan çıxararam, xilas edərəm, sonra mənə verdiyi unu geri istəyər...

Bu rəvayət hardan gəlib mənim yadıma düşdü?

Bu yol, yox, Bakı – Tbilisi yolu deyildi, bu yol əslində mənim həyatımın yolu idi və mən anadan olduğum gündən bu yolun yolçusu idim, gedirdim, gedirdim və gedirdim; hamının əvvəli ilə axırı birdir, amma əvvəldən axıra aparan bu yollar bir-birinin eyni deyil, daha doğrusu, hamı bir yolla, bir magistralla gedir, amma o yol, o magistral hərənin öz yoludur, öz magistralıdır, hərənin öz gecəsinin, öz təkbətəkliyinin yoludur.

Suda çapalayan o adam gərək peyğəmbəri aldadaydı, gərək Nuha deyəydi ki, mən sənə yox, sən mənə çuval-çuval un vermişdin, onda yəqin Nuh həmin adamı dartıb sudan çıxarardı, çünki yəqin Nuh fikirləşərdi ki, qoy bu adamı xilas edim, mənim çörək borcumu qaytarsın.

Amma bu yaşıl yarpaqlar, bu budaqlar, bu qoca və cod gövdə Nuh peyğəmbər deyildi, çinar ağacı idi və çinar ağacları uzaqdan Don Kixota oxşayırdı.

«Bəlkə sən mənə inanmırsan? Bəlkə elə bilirsən ki, mən sənə də yalan deyirəm? İnan, inan mənə... Mən səni çox istəyirəm, sənin yarpaqlarını da çox istəyirəm, budaqlarını da, qartımış gövdəni də. Düz deyirsən, mən Güləri də aldadıram, düz deyirsən, dostları da aldadıram, özümü də aldadıram, amma sənə düz deyirəm, çox istəyirəm səni, inan mənə, inan...»

– A-a-a! .. Nolub sənə! Noldu belə?! Niyə ağlayırsan?

Gülərin səsi idi və Gülər qorxu və heyrətlə maşının güzgüsündən mənə baxırdı. Vüqar da, Sevil də, Solmaz da təəccüblə mənə baxırdı.

Mən də maşının güzgüsündən özümə baxdım və qızarmış yaş gözlərimi tələsik sildim, burnumu çəkdim və bir balaca toxtadım.

Sonra uşaqların üzünə gülümsədim.

Demis Russos, ya da kimsə başqası – mən onları bir-birindən seçmirdim – oxuyurdu və Vüqar da gözlərini məndən çəkib maqnitofonuna qapandı.

Gülər əvvəlcə çox narahat idi, sonra yavaş-yavaş sakitləşdi və mürgüləməyə başladı.

Qızlar o yay səhəri o yol boyu ötüb-gedən gül-çiçəyə, dağlara, yamaclara baxırdı.

O yaşıl çinar çoxdan arxada qalmışdı və görünmürdü.

Məni qəhərləndirən uzaqlıqda, həm də əbədi uzaqlıqda qalmış – çinar isə yenə də mənim ürəyimdə idi...

Aprel, 1983.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xx fəsil

O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun görünüşü o fəhlə yataqxanasındakı güzəranla heç cürə uyuşmurdu və Cəmilə də, Qalib də maraq və həyəcanla o balaca bağlamaya baxırdılarsa da, Güllü arvadı az qalırdı gülmək tutsun.Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağa qayıdan Güllü arvad:

2 мин
Xxı fəsil

Binə aeroportunun qarşı tərəfində, Bakıdan gələn əsas şose yolun arxasında böyük bir yarmarka Sovet İttifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron kəndlərinə nisbətən xeyli ucuz idi.Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən gəlib Cümünün gözlərinin qabağında dayandı və Binə Yarmarkasına sarı sürdüyü motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu mikroavtobusa çırpsın.

4 мин
Xxıı fəsil

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:

1 мин
Xxııı fəsil

İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

2 мин

Стихи других поэтов