Страница 1 из 6

Həmin aprel günü Əbdül Qafarzadə ikinci dəfə Rayon İcraiyyə Komitəsinin binasından çıxıb trolleybusla Qəbiristanlıq İdarəsinə gələndən sonra iki nəfər içəri girib bir balaca qanını qaraltdı. Biri tösmərək oğlan idi, o birisi şalban kimi arıq və uzun bir tip idi (bayaq iclasdan qayıdanda da gözləmə otağında gördüyü bunlar idi), ölüləri üçün yer istəyirdilər və rüşvət əleyhinə mübarizə aparırdılar... Axmaqlar!.. Əbdül Qafarzadənin bu cür miskin adamları görməyə gözü yox idi; əfəl və mənasız məxluqat olduqları üçün ciblərində də bir qəpik olmur və buna görə də ədalət uğrunda mübarizə aparırlar, qanundan dəm vururlar... Bu tösmərək axmaq da Sovet İttifaqının qanunlarını köməyə çağırırdı və Sovet İttifaqındakı qanun keşikçisi mayor Məmmədov da, elə bil, qəsdən burada idi, o axmağın qolundan yapışıb göstərdi ona həmin qanunları.

Tülkü Gəldi Qəbiristanlığı neçə ildən bəri sahə müvəkkili işləyən milis mayoru Məmmədovun ərazisinə daxil idi və o bu işə gələndə baş leytenant idi, Əbdül Qafarzadənin sayəsində indi mayor olmuşdu, amma – insan, əlbəttə, naşükürdür– indi özünü daha sahə müvəkkilliyinə sığışdırmırdı, axır vaxtlar Əbdül Qafarzadəyə, xüsusilə, yaltaqlanırdı ki, kişi gedib Bakı Şəhər Milis İdarəsində, yaxud Daxili İşlər Nazirliyinin özündə ağız açsın, onu irəli çəksinlər. Könlündən rayon milis şöbəsinin rəisliyi keçir, hələlik, heç olmasa, rəis müavini olmaq istəyir... Əvvəllər Əbdül Qafarzadə Mirzəibinin, Ağakərimin, yaxud Vasilinin vasitəsilə hərdənbir Məmmədova cib xərcliyi verirdi, amma indi Məmmədovun özü yeri düşəndə Mirzəibiyə, Vasiliyə, Ağakərimə işarələr vururdu, eyhamlarla (birbaşa deməyə ürək eləmirdi) Əbdül Qafarzadə üçün pul təklif edirdi ki, gedib yuxarılarda işini düzəltsin. Acın biri idi, burada sahə müvəkkili olandan sonra özünü düzəldib – ərazisində nə qədər istəyirsən kababxana, dükan, dondurma sexi, qayış sexi, keramika fabriki, pivəxanalar... Ayda hər birindən çox yox, elə beşcə yüz manat alsa, gör nə qədər eləyir!.. Hər halda, acından ölmür... Nə isə, Məmmədov da adam idi və özünü oda-közə vurub adam kimi yaşamaq istəyirdi. Ola bilsin ki, Əbdül Qafarzadə ona kömək edəcəkdi, amma hələ qəti qərara almamışdı. İndi isə bərk acımışdı və təzə katibə qızı çağırıb çörək və pendir almaqdan ötrü mağazaya göndərdi. Əlbəttə, bu qız səhlənkarlıq eləmişdi və o iki nəfəri icazəsiz içəri buraxmışdı, Əbdül Qafarzadə isə səhlənkarlığı, xüsusən, işdə səhlənkarlığı xoşlamırdı; amma Əbdül Qafarzadə cavan və gözəl qızları xoşlayırdı və o səhlənkarlıq üstündə hissə qapılıb bu qızı qovmağın hələ vaxtı deyildi... Bir də ki, – Əbdül Qafarzadə buna qətiyyən şübhə etmirdi – o iki nəfəri bura katibə qız yox, get-gedə ağlını itirən Bədurə buraxmışdı. Bədurə öz qocalığı ilə heç cürə barışa bilmirdi və indiyə qədər də Əbdül Qafarzadəni qısqanırdı, bunu heç kim görməsə də (bəlkə heç Bədurənin özü də indi bu fikirdə deyil!..), Əbdül Qafarzadə yaxşı görürdü. Azərbaycanlı belədir də... Odur, mühasib Yevdakiya Stanislavovna, ya da ki, kassir Marqarita İosifovna, indi qocalıblar, başlarını da aşağı salıb işlərini görürlər. Cavanlıqlarında bəyəm Əbdül Qafarzadə ilə az oyundan çıxmışdılar?.. Hər halda, Bədurə ilə yaxşıca bir söhbət eləmək lazımdı, bu təzə qızın məsələsi isə gələcəyin işidi, indinin yox. Axır ki, bugünkü qəzetləri rahat oxumaq olar...

O gözəl katibə qız, Əbdül Qafarzadənin verdiyi iki əzik-üzük manata baxa-baxa çaşbaş qalmışdı: bu kişi ki, camaat bunun haqqında bu qədər danışır, adicə qəbirqazanlar kimi, cibindən iki dənə əzik manatlıq çıxartdı və bu adam da nahar zamanı adicə qəbirqazanlar kimi, dükan pendiri ilə dükan çörəyi yeyəcəkdi; qız gah əlində tutduğu o əzik manatlara, gah da Əbdül Qafarzadənin indicə kabinetə girib ardınca örtdüyü içi pambıq dolu qəhvəyi meşin qapıya baxırdı.

Makinaçı Bədurə xanım bu Qəbiristanlıq İdarəsinin də, Əbdül Qafarzadənin də cikinə-bikinə bələd idi (hər halda, iyirmi ildən artıq Qəbiristanlıq İdarəsində işləyən bu arvada belə gəlirdi!) və buna görə də öz küncündə oturub makinadakı yazısını davam etdirə-etdirə təzə katibə qıza baxdı,qıpqırmızı boyadığı dodaqlarından bir təbəssüm keçdi. Bədurə xanım da iyirmi iki il bundan əvvəl bu idarəyə gələndə, iyirmi iki il bundan əvvəl birinci dəfə Əbdül Qafarzadə ilə tanış olanda beləcə çox çaşbaş qalmışdı, amma indi sakitcə öz küncündə oturub dissertasiya çap edirdi. Əbdül Qafarzadə icazə vermişdi ki, İdarə işi olmayanda (bu İdarədə isə makinaçı işi çox az idi – əsas etibarilə Əbdül Qafarzadənin yuxarı təşkilatlara göndərdiyi arayışlar, raportlar, bəzi xahişlər, vəssalam) Bədurə xanım öz müştərilərinin işini yazsın və Bədurə xanım da bir ucdan cürbəcür – ədəbiyyatdan tutmuş fəlsəfəyəcən – dissertasiyaları makinada yazmaqla məşğul idi.

Əlbəttə, o cavan, o gözəl katibə qızın haradan ağlına gələ bilərdi ki, Əbdül Qafarzadə kimi bir adam niyə nahar üçün pendir-çörək istəyir? Niyə Bakının gözəl kababxanalarından (bu kababxanalardan biri elə Tülkü Gəldi Qəbiristanlığının yanında idi və «Əlvida» adlı həmin kababxananın da əsl sahibi Əbdül Qafarzadə idi) özü üçün yemək gətirtmir? Bunun səbəblərindən biri çox sadə idi: Əbdül Qafarzadə indi burada əməlli-başlı nahar eləsəydi, evə gedəndə daha çörək yeyə bilməyəcəkdi və o da evdə çörək yeməyəndə, Qaratel dilinə, ümumiyyətlə, heç nə vurmurdu. Amma indi Əbdül Qafarzadə bir az pendir-çörək yeyəcəkdi, işdən sonra isə, gedib evdə xörək hazırlayacaqdı (əgər Qaratel yenə də sözə baxmayıb ağrıya-ağrıya özü kişinin işdən qayıtması üçün xörək hazırlamayıbsa), iştahla yeyəcəkdi və Qarateli də məcbur edəcəkdi ki, bir az yesin. Nə isə, dünyanın beləcə qəribə işləri o cavan katibə qızın ağlına haradan gələ bilərdi?

Əbdül Qafarzadə kabinetində öz mizinin arxasına keçib qəzetləri oxumağa başlayanda, bayaq Fərid Kazımlının qəzetin arxasında gizlənməyini yadına saldı, sonra da, nədənsə, birdən-birə Burunu xatırladı və səhərin o narahatlığından, günortanın beləcə tələsikliyindən sonra qollarını geniş açıb ləzzətlə gərnəşdi, gülümsədi.

Fərid Kazımlı da, Burun da tamam başqa-başqa adamlar idi, cəmiyyətdə tamam başqa-başqa mövqe tutmuşdular, amma o dəm Əbdül Qafarzadə üçün bu iki adamın arasında nəsə bir yaxınlıq, bir qohumluq var idi.

Tülkü Gəldi Qəbiristanlığındakı Qəbiristanlıq İdarəsinin həyətində kiçik morq binası var idi və bu birmərtəbəli, üç otaqlı, ağ əhənglə ağardılmış binada heç vaxt ölü olmurdu (kim gəlib öz ölüsünü basdırmamışdan əvvəl morqa qoyacaqdı?). Qəbiristanlıq İdarəsinin bənnası, dülgəri, çilingəri, yükdaşıyanı (belə bir ştat da var idi, tabutu maşından düşürdüb qəbirə aparmalı idi), alkoqolik qəbirqazanlar və onların Qəbiristanlıq İdarəsinin ştatında olmayan başqa alkoqolik dostları morqa su çəkmişdilər, ocaqxanadan qaz çəkmişdilər, soba qurmuşdular və o soba elə yanırdı ki, döşəməsi və divarları ağ kaşı ilə hörülmüş otaqlar qışın oğlan çağında da istidən tərləyirdi.

Gündüzlər morqda demək olar ki, adam olmurdu, təkcə bir-iki alkoqolik keflənib kiçik otağın döşəməsində yatırdı, amma elə ki, axşam düşürdü və xüsusən, elə ki, gecə yarıya çatırdı, bu morqda həyat qaynamağa başlayırdı, maşınlar gəlib Qəbiristanlıq İdarəsinin həyətinin örtülü darvazası qabağında dayanırdı, məhrəm müştərilər özləri maşından düşüb morqa tərəf gedirdi, yaxud da taksidə gəlmiş müştəri üçün qəbiristanlığın qarovulçusu Əflatun həvəslə morqa qaçırdı.

Məsələ burasında idi ki, gecələr şəhərdə ərzaq dükanları, restoranlar bağlanandan sonra, morqda araq alveri gedirdi, araq şüşəsinin hər biri üçqat, beşqat bahasına, bəzən bundan da artıq qiymətə satılırdı (baxırdı müştəriyə və havaya; qarlı-çovğunlu gecələrdə burada arağın qiyməti qızdırmalı xəstənin qoltuğundakı termometrin civəsi kimi, o saat yuxarı qalxırdı). Gecələr morqda gedən bu alverin öz sistemi yaranmışdı və Tülkü Gəldi Qəbiristanlığındakı bu gecə həyatının müqəddəratı, qazancı Əbdül Qafarzadənin Qəbiristanlıq İdarəsindəki üç nəfər yaxın adamının əlində idi: ocaqçı Mirzəibinin (bu adam universitetin şərqşünaslıq fakültəsini bitirmişdi, Misirdə, Liviyada tərcüməçi, Elmlər Akademiyasında elmi işçi işləmişdi və təxminən on il bundan əvvəl Əbdül Qafarzadə onu ocaqçı vəzifəsinə götürmüşdü), çilingər Ağakərimin, bir də ki, qəbirqazan vəzifəsində işləyən Vasili Mitrofanovun, Burun isə bu adamların, necə deyərlər, qeyri-rəsmi, özbaşına şəriki idi.

Əlbəttə, nə Mirzəibi Qəbiristanlıq İdarəsinin ocaqxanasında barmağını bir işə vurmuşdu, nə Ağakərim çilingərlik edirdi, nə də Vasili Mitrofanov qəbir qazırdı. Bütün bu işləri alkoqolik qəbirqazanlar və onların alkoqolik dostları görürdülər, bu üç nəfər isə Əbdül Qafarzadənin nəzarətçiləri, iş düzəldənləri, etibarlı adamları idi, Tülkü Gəldi Qəbiristanlığının təkcə gecə yox, gündüz həyatı da, əsasən, bu üç nəfərin əlində idi. Bu üç nəfərin – Mirzəibinin, Vasilinin, Ağakərimin Əbdül Qafarzadəyə xidmətlərində elə bir səliqə-səhman var idi, öz aralarında da elə bir işgüzar münasibət yaranmışdı ki, onlar bir-birlərinə qətiyyən mane olmurdular, əksinə, üçü də bir nəfər kimi kişiyə xidmət edirdilər, çünki öz sahiblərini yaxşı tanıyırdılar, kim olduğunu bilirdilər. Bir neçə il bundan əvvəl üç yox, dörd nəfər idilər (dördüncü nəfər indi adını da çəkməyə cürət etmədikləri Quba yəhudisi Alyoşa idi) və dördü də Əbdül Qafarzadənin ən yaxın adamları idi, amma günlərin bir günündə şeytan, Alyoşanı yoldan çıxartdı, nəsə bəd bir iş tutmuşdu, Əbdül Qafarzadəni satmışdı (nə Vasili, nə Mirzəibi, nə də Ağakərim indiyə kimi də o bədbəxt Alyoşanın günahını dəqiq bilmirdi) və Alyoşanı dənizdən tapdılar: gecə güllə ilə dənizkənarı bulvarda vurub dənizə tullamışdılar, külək isə cəsədini aparıb Zığ tərəfə çıxarmışdı. Ağakərim də, Mirzəibi də, Vasili də bədbəxt Alyoşanın nə üstündə öldürüldüyünü dəqiq bilmirdilər, amma kim tərəfindən öldürüldüyünü tamam dəqiq bilirdilər...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

III fəsil

Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988- ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:– Bay-raq-dar!..

4 мин
IV fəsil

Vasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.

4 мин
V fəsil

On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:

1 мин
VI fəsil

Yataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...

1 мин

Стихи других поэтов