Страница 3 из 8 · 25%

Mir Cəfər Bağırov yuxusuzluqdan və yorğunluqdan qızarmış gözlərini Komissardan çəkib yenə də üzbəüz divardan asılmış həmin şəklə baxdı; kabinetin tavanından sallanmış sadə çilçırağın işığı şəklin üzərindəki şüşəyə düşüb onu parıldadırdı və bu zaman Mir Cəfər Bağırov bəlkə də ömründə ilk dəfə fikirləşdi ki, haçansa yoldaş Stalin də öləcək və o vaxt yəqin yoldaş Stalinin də cənazəsi Lenin kimi, şüşə sarfakanqın altında olacaq. Mir Cəfər Bağırov özü bu qəfil fikirdən səksəndi və onun sağlam ürəyi bir an, cəmi bircə an bərkdən döyündü, hətta ona elə gəldi ki, gözlənilmədən beynindən keçən bu fikri Komissar da duydu və Mir Cəfər Bağırov gözlərini yoldaş Stalinin şəklindən çəkib, Komissara baxdı və soruşdu:

– Bayırda hava soyuqdur?

Komissar sövq-təbii qarşısındakı qovluğun içindəki kağızlara baxdı və elə bil ki, yalnız bundan sonra Mir Cəfər Bağırovun bu dəfəki sualının bu qovluqdakı kağızlara dəxli olmadığını başa düşdü və bu sadə sualdan çaş-baş qaldı– Mir Cəfər Bağırov həmişə yalnız bilavasitə işdən danışardı və tabeliyində olan adamların hava haqqındakı fikirləri onu qətiyyən maraqlandırmırdı; amma Mir Cəfər Bağırov Komissarın cavabını gözləmədi və:

– Sən də maşında gəzirsən... – dedi, sonra üzbəüz divardakı şəklə işarə edib: – Necə şəkildi? – soruşdu.

Komissar başını çevirib yoldaş Stalinin divardan asılmış şəklinə baxdı və istər-istəməz, ayağa qalxdı, amma nə cavab verəcəyini bilmədi və ümumiyyətlə, bu sualın nə üçün verildiyini başa düşmədi, ürəyində bir nigarançılıq baş qaldırdı. Mir Cəfər Bağırov mənasız suallar verən, hisslərlə yaşayan adam deyildi – Komissar bunu yaxşı bilirdi, amma eyni zamanda, Mir Cəfər Bağırov hər hansı bir dəqiqə dünyanın ən gözlənilməz hərəkətini edə bilərdi və Komissar bunu da yaxşı bilirdi.

Düzdür, ildə-ayda bir dəfə elə anlar, məqamlar olurdu və Komissara elə gəlirdi ki, Mir Cəfər Bağırov ürəyinin ən dərin bir guşəsində sentimental, kövrək adamdır və var gücü ilə o sentimentallığı, kövrəkliyi ətrafındakılardan gizlətmək, qəddarlığıyla, sərtliyiylə özü özünü təsdiq etmək istəyir, amma lap qısaca bir müddət keçirdi və Komissar yanıldığını başa düşürdü, bu adamda heç bir sentimentallıq, kövrəklik yox idi və hərdənbir görünən o sentimentallıq, kövrəklik əlamətlərinin özü də qəsdən göstərilirdi. Mir Cəfər Bağırovun beyni hər bir sözün, hərəkətin təsirini çoxgedişli və dəqiq hesablayan bir şahmatçının beyni kimi işləyirdi. Fərq burasında idi ki, şahmatçı yalnız oyun zamanı, şahmat taxtasının arxasında əyləşdiyi vaxtlar həmin hesablamaları aparırdı, amma Mir Cəfər Bağırov fasiləsiz olaraq bütün sutka ərzində, yəni bütün ömrü, həyatı ilə bu oyunun içindəydi, daimi bir oyunçu idi.

Bir dəfə Azərbaycanda qışın sərt keçdiyi vaxtlardan biri idi. Respublikada yun üzrə planı yerinə yetirmək heç cürə mümkün olmadı və o zaman öz kabinetində – bax, bu kabinetdə çağırdığı müşavirədə Mir Cəfər Bağırovun necə qışqırdığını və onun sifətinin bəlkə də ən ibtidai insanlara məxsus (bir-birləri ilə ölüm-dirim vuruşuna çıxdıqları zaman) ifadəsini, gözlərindəki qəzəbi və soyuğu Komissar heç cürə unuda bilmirdi. Həmin müşavirədən sonra, qışın o oğlan çağında Mir Cəfər Bağırovun bilavasitə göstərişi və nəzarəti ilə inzibati orqanların işçiləri yunçuluqla məşğul olan rayonları kənd-kənd gəzib, camaatın yorğanını, döşəyini çarpayısından dartıb çıxarıb yununu müsadirə etdilər və respublikanın yun planı da eləcə doldu. Yox, Mir Cəfər Bağırovun ürəyində heç bir nazikliyə, incəliyə, kövrəkliyə yer yox idi – hər halda, Komissarın bu barədə fikri tamam qəti idi. Hələ 1922-ci ildə Partiya sıralarının təmizlənməsi üzrə Qafqaz Ölkə Komissiyası siyasi dustaqları şəxsən döydüyünə görə M.C.Bağırova töhmət vermişdi və bundan düz on beş il sonra isə Mir Cəfər Bağırov respublika maarif naziri Məmməd Cuvarlinskini və kinofoto sənayesi idarəsinin rəisi Qulam Sultanovu şəxsən özü güllələmişdi.

Komissar birinci katibin qəbulunda olduğu vaxtlar bir neçə dəfə Mir Cəfər Bağırovun yoldaş Stalinlə telefon söhbətlərinin şahidi olmuşdu. Əlbəttə, Mir Cəfər Bağırov, yoldaş Stalinlə böyük bir ehtiramla danışırdı, amma eyni zamanda, bu danışıqda bir məhrəmlik, bir yaxınlıq var idi, Mir Cəfər Bağırov yoldaş Stalin üçün adi rəhbər, partiya xadimi deyidi, həm də şəxsi sadiqliyi yüksək qiymətləndirilən bir adam idi. Mir Cəfər Bağırov bəzən kefinə düşəndə Azərbaycan SSR Daxili İşlər Komissarının müavini, sonra komissar, sonra yenə müavin işləyən Markaryanı «moy vernıy, tsennıy pyos» deyə çağırırdı və hamıdan da belə bir sədaqət tələb edirdi, çünki Mir Cəfər Bağırovun özü də yoldaş Stalin üçün belə bir sədaqət sahibi idi.

İnqilabdan hələ xeyli əvvəl – 1909-cu ildə yoldaş Stalin Bakıda, Bayıl həbsxanasında 38 nömrəli kamerada dustaq yatmışdı. Belə deyirdilər ki, guya, o zaman siyasi dustaqları dəmir buxovlarla aparanda Koba qışqırmışdı: «– Niçeqo, tovarişi, niçeqo! Eti kandalı nam eşyo priqodyatsya!» Komissar tez-tez o dəmir buxovların buz soyuğunu öz boynunda hiss edirdi...

Bayıl həbsxanasında o zaman 1500 dustaq var idi – canilər, oğrular, əyyaşlar, bir də bütün Zaqafqaziyadan və Orta Asiyadan gətirilmiş siyasi dustaqlar: bolşeviklər, demokratlar, sağ eserlər, sol eserler, menşeviklər, millətçilər... Yoldaş Stalin Bayıl həbsxanasında siyasi dustaqlarla qızğın mübahisələrə girişirdi, bolşevizm ideyalarını təbliğ edirdi, Marksın və Leninin əsərlərini oxuyurdu, esperantonu öyrənirdi, çünki gələcəyin yeganə dilinə inanırdı...

Gələcək – yəni bu gün. Bu günün isə yeganə dili esperanto yox, ifşalar, həbslər və qətllər idi və həmin ifşadan, həbsdən, qətldən qorxan Komissarın özü o yeganə dili ciddi-cəhdlə həyata tətbiq edənlərdən biri idi. Komissar nə qədər çox qorxurdusa, bir o qədər artıq canfəşanlıqla ifşa edirdi, həbs edirdi, qətlə yetirirdi.

Bayıl həbsxanası XDİK -nın indiki zirzəmilərinə bənzəmirdi, orada dustaqlar sərbəst gəzişirdi, siyasi müzakirələr aparırdı. Bir müddət Orconikidze də yoldaş Stalinlə bərabər Bayıl həbsxanasında yatmışdı və bir dəfə siyasi mübahisə üstündə Kobanın işarəsi ilə yumruq vurub, eser İliko Karzevadzenin ağzını partlatmışdı. Onda yoldaş Stalin demişdi: «Protiv partiynoqo protivnika vsyo dozvoleno!» Düzdü, sonra eserlər Bayıl həbsxanasında Orconikidzeni təkləyib nöyüt iyi verənəcən döymüşdülər, amma yoldaş Stalinin o zaman Bayıl həbsxanasında dediyi o sözlər bu gün, əslində, partiyanın əsas şüarı idi. «Bütün ölkələrin proletarları, birləşin!» – bu şüar hər yerdə yazılırdı, bütün qəzetlər o şüarla çap olunurdu, amma bu, söz idi. «Partiya əleyhdarına qarşı bütün vasitələrdən istifadə etmək olar!» – bu şüar isə heç yerdə yazılmırdı, amma əməl idi. Partiya isə – yoldaş Stalin demək idi. Azərbaycanda partiya – Mir Cəfər Bağırov demək idi.

Komissar daimi bir gərginlik içində idi, çünki yoldaş Stalinin (partiyanın!) işlərindən baş açmaq, bu işləri məntiqi bir ardıcıllığa düzmək çətin idi və lap əvvəldən, lap cavanlığından yoldaş Stalin bir sirr içində idi. Bakı erməniləri hələ indiyə qədər danışırdılar ki, əsrin əvvəllərində yoldaş Stalinin yaxın dostu Stepan Şaumyan həbs olunanda onu Bakı milyonçusu Şibayevin xahişi ilə qubernator özü azad etmişdi, Şibayevi isə belə bir xahişə Koba məcbur etmişdi. Amma necə? Bunu yalnız Koba, bir də ki, sümükləri də çürümüş Şibayev bilirdi...

1907-ci ildə Sibirdə sürgündən qaçıb Bakıya gələn Kobanın üç qorxulu rəqibi var idi: Bakı polismeysteri polkovnik Martınov (köhnə tanış idi– əvvəllər Tiflis polisinin rəisi idi və Kobanı birinci dəfə Sibirə o sürgün etmişdi), menşeviklər, bir də ki, Bakı qoçuları. Koba Bakı qoçuları ilə tez dil tapdı, Bakı qoçuları ilə birlikdə menşeviklərin gözünün odunu aldı, polkovnik Martınov isə bir ildən sonra Balaxanı neft mədənlərində Kobanın gizləndiyi daxmanı tapdı və onu 1908-ci ildə Voloqdaya sürgünə göndərdi. Koba Voloqdadan qaçıb yenə Bakıya qayıtdı (indi sürgündən qaçan olsun, görüm necə qaçır!..). Axmaq Martınov!.. Koba inqilabi vərəqələri gizlincə onun mətbəəsində çap edirdi!..

Bütün bunları inqilabi fəaliyyət üstündə Bayıl həbsxanasında yatmış köhnə Bakı bolşevikləri yaxşı xatırlayırdı və indi xalq düşməni olmadıqlarını sübuta yetirmək üçün işgəncələr zamanı orqan işçilərinə, o cümlədən, Komissarın özünə danışırdılar, amma bu, köhnə Bakı bolşeviklərinin köməyinə çatmırdı, hamısı xalq düşməni kimi ifşa olunub güllələnirdi.

Komissar – milliyətcə rus olan bu adam – ilk gənclik çağlarında Bayıl tərəfdə dəllək işləmişdi... Amma nə olsun? Yoldaş Stalin ilk SSRİ Xalq Daxili İşlər Komissarı vəzifəsinə Yaqodanı təyin etmişdi, Yaqoda isə gəncliyində aptekçi idi. Yejov kim idi? İyirminci illərdə Nikolay İvanoviç Yejovu kim tanıyırdı? Heç kim! Haradasa Qazaxıstanda hansı bir işdəsə işləyirdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов