O zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da «2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də belə olacaqdı.

O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?– Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub gedirdi və indiki zindan ağırlığında deyildi.

O universitet səfərindən sonra Cümünün həyatında gözəl hadisələr baş vermişdi, evlənmişdi, uşağı olmuşdu, Şuşanın sayılıb-seçilən taksi sürücülərindən biri idi, özünə yaxşı həyət-baca düzəltmişdi və o həyətdə bir armud varıydı ki, ağacdan dərib bir dəfə dişləyəndə şirəsi adamın bütün yaxasını isladırdı və indi ermənilər də yəqin o həyətdə Cümünün dədə-babasının goruna söyə-söyə o armudu ləzzətlə yeyirlər. Heç o həyət də olmasaydı, o ev-eşik də olmasaydı, heç arvad-uşaq da olmasaydı, Şuşanın özü ki, var idi və bu az idi bəyəm? Bunu fikirləşəndə, Cümü Şuşanın təkcə məhəllələrini, evlərini, bağlarını, düzlərini, sıldırım qayalarını yox, Topxana meşəsini, Cıdır düzünü, Ərimgəldini, İsa bulağını, Turş suyu, Səkili bulağı, hətta özünün doğulduğu və ömrü boyu yaşadığı Ağadədəli məhəlləsini yox, Şuşanın, az qala, bütün ağaclarını, daşlarını da bir-bir gözünün qabağına gətirirdi, hətta, Şuşanın kənarlarındakı böyürtkən kolları da köhnə (və doğma!) tanışlar kimi yadına düşürdü və bəzən Cümü özü də heyrətə gəlirdi ki, bu daşlar, bu ağaclar, kollar onun beyninə bu dəqiqliklə nə vaxt və necə həkk olub?

Cümü ömrü boyu Şuşanın Ağadədəli məhəlləsində yaşamışdı, çünki erməni gəlib Şuşanı alandan sonra ki, qaçdılar, qaçqın olub gəlib burada, Buzovnadakı bu fəhlə yataqxanasında məskunlaşdılar, aradan keçən bu on ildəki həyat Cümünün ömrü deyildi, bu başqa bir şey idi. Nə idi? Nə idisə də, Cümünün yaşadığı ömür – Şuşada, o Ağadədəli məhəlləsində qaldı və Cümü bütün sısqa vücudu ilə hiss edirdi ki, bir daha Şuşaya gedib o ömrü davam etdirməyəcək, ona görə yox ki, erməni haçansa Şuşadan qovulmayacaq, ona görə ki, Cümü elə burada öləcək və onun mafəsini Buzovnadakı fəhlə yataqxanasının həyətindən qaldırıb aparıb kənd qəbirstanlığının böyründə bir yer tapıb basdıracaqlar və bu ətrafın sümsük itləri də gəlib orda pislik edəcək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов