Qəhrəman Aysu, qara pişik və cıqqılı siçanın nağılı
Aysu çoxdan yuxudan durmuşdu, əl-üzünü yumuşdu, süd içmişdi, pendir-çörək yemişdi və indi də Fatma gəlinciyini durğuzub geyindirirdi.
Yay gəlmişdi və Aysugil də neçə gün idi ki, yay istirahətində Bakıdan kəndə köçmüşdülər, kənddəki evlərində yaşayırdılar.
Aysu Fatma gəlinciyini geyindirib qurtardı, istədi ki, aparıb Fatmanın da əl-üzünü yusun, amma bu vaxt lap astaca bir civilti eşitdi.
Aysu əvvəlcə diqqətlə qulaq asdı, sonra Fatma gəlinciyi çarpayının üstünə qoyb, açıq pəncərənin qabağına qaçdı və həyətə boylandı.
Evin qabağındakı qızılgül kolunun yanında üç dənə cıqqılı siçan balası qaçışa-qaçışa bir-biri ilə oynayırdı.
Bu siçan balalarının tükü bomboz idi, nazik bığları var idi, uzun quyruqlarını tərpədə-tərpədə burunları ilə bir-birini itələyirdilər, ora-bura qaçışırdılar, atılıb-düşürdülər.
Elə gözəl gün çıxmışdı, həyətdəki güllərin, çiçəklərin, otların elə gözəl rəngləri var idi ki, həyət elə sakitlik içində idi ki, boz siçan balaları civildəyə-civildəyə sevinirdilər və sevinə-sevinə də oynaşırdılar.
Boz siçan balaları ömürlərində birinci dəfə idi ki, həyətə oynamağa çıxmışdılar. Aysu tez qaçıb Fatma gəlinciyini də gətirmək istədi ki, Fatma gəlincik də bu cıqqılı siçan balalarına baxsın, görsün ki, onlar necə sevinə-sevinə oynayırlar. Amma...
Amma bu zaman çox qorxulu bir hadisə baş verdi...
Birdən-birə elə bil ki, yerin altından çıxdı, ya göydən düşdü, bir qara pişik balası düz cıqqılı siçan balalarının qabağına atıldı, tüklərini qabartdı, belini dikəltdi və şimşək çaxan gözləri ilə acıqlı-acıqlı siçan balalarına baxıb bərkdən miyoldadı.
Cıqqılı siçan balaları əvvəlcə yerlərində donub qaldılar, sonra birdən özlərinə gəldilər və hərəsi bir tərəfə qaçdı: biri yuxarı tərəfə, biri aşağı tərəfə, biri də Aysugilin evinə tərəf.
Qara pişik balası əvvəlcə istədi ki, cıqqılı siçan balalarının üçünün də dalınca birdən qaçsın, amma başa düşdü ki, belə olmaz və cıqqılı siçan balalarından lap cıqqılısının dalınca atıldı.
O, lap cıqqılı siçan balası qaçıb Aysugilin evinin divarının dibində dayandı, çünki daha qaçmağa yer yox idi.
Qara pişik balası da üç-dörd dəfə atılıb, gəlib cıqqılı siçan balasının qabağında dayandı.
Cıqqılı siçan balası qorxudan tir-tir əsirdi. O birinci dəfə idi ki, pişik görürdü və bilmirdi ki, nə eləsin...
Qara pişik balası da, əslində, bilmirdi ki, nə eləsin, bu siçanla beləcə üzbəüz dayanırdı.
Qara pişik balası yenə də tüklərini qabartdı, belini dikəltdi, qıpqırmızı ağzını açıb bərkdən miyoldadı.
Bu vaxt Aysu:
– Dayan! – qışqırdı.
Aysunun səsini eşidən qara pişik balası bir az qorxdu. Cıqqılı siçan balasının isə tıp-tıp tıppıldayan cıqqılı ürəyində bir ümid yarandı.
Aysugilin evi birmərtəbəli idi, pəncərəsi yerə yaxın idi və Aysu pəncərəyə dırmaşıb həyətə sallandı, gözlərini yumdu və əllərini buraxdı.
Tap!..
Aysu həyətə düşdü, tez qara pişik balası ilə cıqqılı siçanın yanına qaçdı və yenə də:
– Dayan! – qışqırdı.
Qara pişik balası Aysuya baxıb səsini çıxarmadı.
Cıqqılı siçan balası qorxudan eləcə tir-tir əsirdi.
Aysu barmağı ilə siçan balasını göstərib qara pişik balasından soruşdu:
– Sən onu yemək istəyirsən?
Qara pişik balası qıpqırmızı ağzını açıb bərkdən miyoldadı, yəni ki, hə, yemək istəyirəm.
Aysu soruşdu:
– Sənin anan var?
Qara pişik balası yenə miyoldadı, yəni ki, əlbəttə, var.
Aysu soruşdu:
– Sən evə gəlməsən sənin anan nə eləyər?
Bu sözləri eşidəndə az qaldı qara pişik balasının gözləri yaşarsın və o yavaşdan miyoldadı, yəni ki, anam ağlayar...
Aysu soruşdu:
– Sən istəyirsən ki, anan ağlasın?
Qara pişik balasının gözləri doldu, lap yavaşdan miyoldadı, yəni ki, yox...
Aysu yenə barmağı ilə qorxudan tir-tir əsən cıqqılı siçan balasını göstərdi:
– Bəs, onun da axı, anası var!.. Axı, o öz yuvalarına qayıtmasa, anası həmişə ağlayacaq.
Qara pişik balası gah Aysuya baxdı, gah da cıqqılı siçan balasına.
Aysu soruşdu:
– Hə, sən yenə onu yemək istəyirsən?
Qara pişik balası bu dəfə qıpqırmızı ağzını açıb miyoldadı, təkcə yavaş-yavaş başını buladı, yəni ki, yox, mən daha cıqqılı siçan balasını yemək istəmirəm.
Aysu dedi:
– Onda gedin evinizə.
Çünki Aysu özü də Fatma gəlinciyinin yanına tələsirdi, axı, Fatma gəlinciyin əl-üzünü hələ yumamışdı.
Cıqqılı siçan balası Aysunun qabağına gəldi, astaca civilti ilə:
– Çox sağ ol, qəhrəman qız!.. – dedi, sonra qaça-qaça qızılgül kolunun yanındakı yuvalarına getdi.
Qara pişik balası cıqqılı siçanın arxasınca baxa-baxa fikirləşdi: «İşə bir bax a-a-a!.. Sən demə, cıqqılı siçanların da anası olurmuş!..».
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-qehreman-aysu-qara-pisik-ve-ciqqili-sicanin-nagili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
GÜLÜŞ gümüş GÜLDANA GÜL yığdı.Birdən GÜLÜN biri əlindən yerə düşdü.
AbşerondaGetdim meynədən qara ÜZÜM ÜZÜM.ÜZÜMÜ ÜZDÜM, yedim.
Nənəm yaman hirsləndi...Bizim kəndimiz DAĞDADI. Biz də yayda getdik DAĞA. DAĞ nə DAĞ!.. Elə xoşlayıram, elə xoşlayıram DAĞI!.. Meşələr, bulaqlar, yarğanlar... Bir də ki, bizim gözəlimiz kənd...Nə yaxşı ki, biz bütün yayı qalacayıq DAĞDA!
DüzdəMaşına mindik getdik, getdik, DÜZ getdik DÜZƏ.Oy, nə gözəldi DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf kəpənəkdi...
Стихи других поэтов
Sənsizin göydivü qaldı, ey güli-baği-cinan,Lalə tək bağrımda dağü ğönçə tək ağzımda qan.
Söhbəti hal əhlinin ruhə təravət verirSöhbəti hal əhlinin ruhə təravət verir,Ruh təravətli, həm cismə zərafət verir.
ای دل صنمی برده قرار من و توآشفته چو زلف اوست کار من و تو
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.