Страница 3 из 3 · 67%

Dürdanə gözaltı, guya ki, qəsdən yox, elə-belə, Cavanşirə baxırdı.

– Axşamınız xeyir. – Hələ də ağ xələtini əynindən çıxartmayıb sanatoriyanın həyət qapısı ağzında dayanmış və çox ciddi görkəmli meydançadakı Sadıq müəllimə tamaşa edən İsgəndər Abışov – Şuşa sanatoriyasının məşhur dietoloqu – Cavanşirlə salamlaşdı.

Bu axşam klarnet çalan Müslüm gecikirdi, gəlib çıxmamışdı hələ və mədəni-kütləvi işə baxan Sadıq müəllim özü meydanın ortasına çıxıb camaata fokus göstərirdi: bütöv bir qəzeti meydana toplaşanların gözü qabağında gəzdirib cırırdı, qəzetin qırıntılarını hər iki ovcunun içinə yığırdı, sonra ovcunun içində də gizlətdiyi başqa bir qəzeti yavaş-yavaş bütöv açırdı, cırılmış qəzetin qırıntılarını isə yenə ovcunda, təzə qəzetin arxasında gizlədirdi və bu zaman cırılmış qəzetin qırıntılarından bir-ikisi Sadıq müəllimin ovcunun sözünə baxmayıb yerə düşürdü və Sadıq müəllim də tez onları ayağıyla tapdalayırdı ki, heç kim görməsin.

Dietoloq İsgəndər Abışov bu fokusa sidq-ürəkdən heyrətlənib:

– Malades, Sadıq müəllim! – dedi və Cavanşirə baxıb Sadıq müəllimin fokusundan valehliklə başını tərpətdi: – İnteresna!..

İsgəndər Abışov keçən il Bakıdakı tibb texnikumunu bitirib Şuşa sanatoriyasında işləməyə gəlmişdi və bu bir il ərzində bu tərəflərin feldşer, tibb bacıları arasında olmazın hörmət qazanmışdı və hələ də öz vəzifəsinin mötəbərliyinə ürəkdən inanırdı. Ortaboylu, qıvrım qara saçlarını səliqə ilə dala darayan, nazik qara bığlı, yanağı qara xallı İsgəndər Abışovun ağ xələti həmişə tərtəmiz, kraxmallı və ütülü olurdu, ağ köynək geyib qara qalstuk taxırdı və qalstukunun ortasında da həmişə brilyanta oxşayan bir şüşə parıldayırdı. Səhər qəlyanaltısı, günorta naharı və şam zamanı İsgəndər Abışov sanatoriyanın yeməkxanasını miz-miz gəzirdi, diqqətlə yeməklərə baxırdı və sifəti cürbəcür görkəm alırdı: gah qaşları çatılırdı və adam öz yeməyinə baxıb şübhələnirdi ki, görəsən nə olub; gah bəyənmək və təqdir etmək münasibətilə başı yavaş-yavaş enib-qalxırdı, « – Moruq qlükozadı» deyirdi. « – Keşnişdə linalool spirti çoxdu» deyirdi, «– Balqabaq öd kisəsinin iltihabına dərmandı» deyirdi, «Bu, vitamin «A»dı» deyirdi, «Bu, vitamin «S»di, «Bu, vitamin «D»di deyirdi və Güləndam nənə də İsgəndər Abışova «Vitamin oğlan» deyirdi və sanatoriyadakı şəfqət bacılarının qulağından iraq, «Güləndam nənə bunu da deyirdi ki, bu «Vitamin oğlan» ağ xələtli dəlləyə oxşayır, amma Güləndam nənədən xeyli fərqli olaraq, təkcə şəfqət bacıları, feldşerlər yox, yeməkxananın baş aşpazı Kazım kişidən tutmuş xörəkpaylayan Parandzemə kimi hamı İsgəndər Abışova «həkim» deyə müraciət edirdi.

Müslüm dəstəsiylə tələsik sanatoriyanın həyətinə girib meydana gəldi, bayaq Doppa Dadaşın oturduğu kətildə oturub klarneti qoburundan çıxartdı, tez yığdı və klarneti yığmağıyla da «tormoz» Hüseynin havası sanatoriyanın həyətinə yayıldı, Müslümün klarneti zilə qalxdı, bəmə endi və Müslümün hər iki tərəfində ayaq üstə dayanmış zurnaçı Anuşavanın zurnası, nağaraçı Məliyin nağarası klarnetə qol-qanad verdi və döşü orden-medalla dolu Safurə arvad yenə özünü saxlaya bilməyib meydana çıxdı, sındıra-sındıra süzməyə başladı.

Gün yavaş-yavaş batırdı, ulduzlar da yavaş-yavaş görünürdü və belə aydın havalarda Şuşa sanatoriyasından görünən uzaq Molla Nəsrəddin yolunun qıvrımlarında maşınların işığı da yavaş-yavaş yanmağa başlayırdı; belə aydın havalarda Şuşa hər tərəfdən ulduzlarla əhatə olunurdu, göydəki ulduzlarla və aşağılarda – Stepanakertdə, Müxətər kəndində, Şüşü kəndində, Keşiş kəndində yanan işıqlarla; belə aydın havalarda Şuşa sanatoriyasında göy arasında, dağlar arasında məsafə də yox olub gedirdi, hər tərəfi bir genişlik bürüyürdü.

– Gedək bir yerdə bir az çaxır içək.

– Çaxır içək? – İsgəndər Abışov təəccüblə Cavanşirə baxdı.

– Hə, gedək çaxır içək bir az, turş çaxır. – Cavanşir İsgəndər Abışovun qoluna girdi. – Gedək...

Cavanşirin bu təklifi İsgəndər Abışov üçün çox gözlənilməz oldu və İsgəndər Abışov əvvəlcə bilmədi ki, qəbul etsin bu təklifi, yoxsa yox, sonra:

– Bir stəkan turş çaxır olar, – dedi. – Professor Gerasimov deyir ki, hər gün bir stəkan çaxır içmək lazımdı. Professor Gerasimov deyir ki...

– Yaxşı söz deyir professor Gerasimov. Gedək.

– Qoy gedim xələti çıxarım.

Cavanşir təəccüblə İsgəndər Abışova baxdı, elə bil ki, İsgəndər Abışov əynindəki xələti çıxara bilməzmiş.

– Gözləyirəm.

İsgəndər Abışov paltarını dəyişmək üçün içəri girdi.

Safurə arvad sındıra-sındıra bəs deyincə oynayandan sonra, Müslüm «tormoz» Hüseynin havasını çalıb qurtardı və klarneti söküb tələm-tələsik qobura yığdı – bu axşam bazarkom Fətinin oğlunun anadan olan günü idi, Müslüm öz dəstəsiylə indi də Fətigilə tələsirdi, Sadıq müəllim meydanın ortasına çıxıb bərkdən:

– Gecəniz xeyrə qalsın, əziz yoldaşlar! – dedi. – Sizə gözəl Şuşa gecəsi arzulayıram!

Sonra Sadıq müəllim bu sözləri rus dilində dedi və meydana toplaşan camaat iki-bir, üç-bir dağılışmağa başladı, kimi sanatoriyanın yuxarısındakı kinoteatr tərəfə getdi – bu gün kinomexanik Haqverdi hind kinosu göstərəcəkdi, «Bobbi»; kimi şəhərə gəzməyə çıxdı, kimi Cıdır düzünə tərəf yollandı ki, Şuşanın ən gözəl havası oradadı, kimi Ərimgəldi tərəfə getdi, kimi Qaya başına.

Hüsaməddin Alovlu Marusya Nikiforovaya yaxınlaşdı və onunla rəfiqəsi Lyudmilanı teatra dəvət etdi; Lyudmila mənalı-mənalı Marusyaya baxdı və Marusya Nikiforova da bir balaca qızardı, sonra gülümsədi və Hüsaməddin Alovlunun dəvətini qəbul etdi.

Üç yay ayının təqaüdünün hamısı bir yerdə Cavanşirin cibində idi, amma onun birdən-birə çaxır eşqinə düşməyinin səbəbi bu deyildi, səbəb bu da deyildi ki, Cavanşir içki xoşlayırdı, belə deyildi, Cavanşirin bədəni içki götürmürdü və bir az içən kimi, ürəyi bulanırdı; nədənsə, birdən-birə bütün bu yerlər, Şuşanın ayı, ulduzları, indi ay işığında təkcə qaraltısı görünən ağacları, kolları, Şuşanın dağları, ab-havası, Müslümün klarnetindən sonra sanatoriyanın həyətinə çökmüş sakitlikdəki cırcırama cırıltısı Cavanşirə yad göründü, Cavanşirə elə gəldi ki, Şuşa həmin Şuşa deyil, həmin Şuşa ki, Cavanşir on iki-on üç yaşlarında, bax, bu sanatoriyanın indiki yerində böyürtkən yığıb sünbülə düzərdi, yerli uşaqlarla futbol oynayardı, az qala, İsa bulağınacan piyada gedib moruq yığardı, uşaqlarla mərc edib yanmış kilsənin qaranlıq və kimsəsiz zirvəsinə girərdi; həmin Şuşa birdən-birə çox-çox uzaqlara getdi, beş-altı il əvvəlki uşaqlıq illəri Şuşa sanatoriyasının həyətindəki bu avqust axşamından çox-çox uzaq illərin arxasında qaldı və bu hiss bir yalqızlıq, bir təklik gətirdi, Cavanşirin ürəyini sıxdı, qısdı, hər şey elə bil ki, birdən-birə bütün mənasını itirdi.

İsgəndər Abışov:

– Mən hazır, – dedi və Cavanşir İsgəndər Abışovu adi bəndələrin geydiyi kostyumda, xələtsiz görəndə istər-istəməz təəccüb etdi, əynindən xələtini çıxarmış bu cavan oğlan elə bil ki, doğrudan da İsgəndər Abışov deyildi, bir başqa adam idi.

Birlikdə Şuşa sanatoriyasının həyətindən çıxanda İsgəndər Abışov dedi:

– Yaman baxır sənə o qız...

İsgəndər Abışovun bu sözləri də qəribə səsləndi, elə bil o, ancaq yemək-içməyin vitaminiylə maraqlanmalıydı və hər hansı bir qız barədə, ümumiyyətlə, arvad məxluqu haqqında söz demək İsgəndər Abışova yaraşmırdı.

– Hansı qız?

– Ode, o qız... İsgəndər Abışov başı ilə Dürdanənin dayandığı eyvana işarə elədi və bu zaman necə oldusa, heç özü də bunu bilmədi ki, necə oldu, Cavanşir çox yuxarıdan aşağı gülümsədi, elə gülümsədi ki, yəni mən hara, o qız hara, yəni mən plov yemirəm ki, bığım yağa batar, sən də gör kimdən danışırsan, ay İsgəndər Abışov, öz arşınınla ölçürsən məni? Və ən qəribəsi də bu oldu ki, İsgəndər Abışov özü Cavanşirin bu gülümsəməyinin mənasını təsdiq elədi, sanatoriyadan şəhərə enən yoxuşu düşə-düşə: – Əlbəttə, – dedi, – sənin yüz dənə o cür qızın var...

– Eh, başım çox çəkib mənim... – Cavanşir bu sözləri də dedi və özü də fikirləşdi ki, niyə dedi bu sözləri, bu sözlərə nə ehtiyac var və ümumiyyətlə, heç İsgəndər Abışov da olmasın, bu cür dona girmək, belə bir artistlik eləmək nəyə lazımdı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов