Poçtalyon Nəcəfqulu deyirdi, guya, alimlər qəzetlərdə yazıblar ki,

müharibədən sonra otuz ildi Abşeronda belə isti olmayıb. Əlbəttə, Zübeydə yaxşı bilirdi ki, hər deyilən sözə inanmayasan gərək, amma bu yerlərdə belə isti, doğrudan da, yadına gəlmirdi; heç müharibədən əvvəllər də belə isti yadına gəlmirdi. Bu, lap Aşqabadın o istisinə oxşayırdı, Aşqabadın o istisinə ki, Zübeydə gəmiyə minib,

Xəzəri üzüb gedib düşmüşdü o istiyə; qaragül xəzi almağa getmişdi ki, gətirib

Bakıda satsın (Papaqçı Əlihüseyn şirnikləndirmişdi onu o vaxt, indi gorbagor olub köpək oğlu!), amma bilməmişdi ki, bir qara daş da dalınca gedir: Bakıdan apardığı Nuxa krepdeşinini satdığı yerdə (yaxşı deyiblər ki, artıq tamah baş yarar!)

tutmuşdular onu Aşqabad bazarında və amnistiya olmasaydı, bir il iki ay on dörd gün yox, şəhərlərarası alver üstə düz altıca il yatacaqdı türmədə. Həmin bir il iki ay on dörd günün elə günü olmadı ki, Zübeydə tövbə eləməsin və papaqçı Əlihüseynin də atasının goruna söyməsin ki, bir də belə iş tutmayacaq. Belə iş deyəndə ki, yəni, böyük iş, yəni, qaz vurub, qazan doldurmaq məsələsi. O vaxtdan da xırda-xuruş idi Zübeydəninki, amma xırda-xuruşun da üzü qara olsun, bude, bu gün günortadan

bazarda idi, günortanın o cırhacırından axşamacan, satdığı da cəmi üç dənə süpürgə olmuşdu. Bu şoqəribə qalmış süpürgələri Abdulla kişi bekarçılıqdan düzəldirdi və Zübeydə də kişinin qılığına girib, süpürgələri ucuz qiymətə ondan alırdı və bazara aparıb satırdı. Dünən lap betər olmuşdu, cəmi iki süpürgə satmışdı və bu axşam da Zübeydə süpürgə dolu həsir zənbili nar ağacının budaqlarına ilişə-ilişə və ürəyində də Ağagülün qarasına deyinə-deyinə ağaclıqdan çıxıb vağzal bağının cığırına düşdü; buna bax də, bir, hələ «ding» eləyib yumurtadan çıxmamış, əncir ağacının altında qızla öpüşür, amma adama da elə baxır, elə bil ki, gürzə ilana baxır, nədi, balam,

nolub, sancacağam səni, sancmışam səni, nədi axı? Atan səhərdən axşamacan

avtobus sürür buradan Bakıya, Bakıdan bura, yığıb gətirir evə, anan yeyib

harınnıyır, özün də uşağın başını tovlayıb gətirirsən axşamın qaranlığında əncir

ağacının altına, indi nolub, mənəm təqsirkar? Nöşün, lənətüllah, bu da bu tərəfdən çıxdı qabağıma...

Zübeydə uzaqdan ona tərəf gələn qaraltını, milisioner Səfəri o saat tanıdı, lənətüllahı da onunçun dedi və içi süpürgə dolu həsir zənbili görüb, milisioner Səfərin yenə qırsaqqız olmaması üçün, təzədən öyüd-nəsihət verməməsi üçün yolunu dəyişdi, vağzalın aşağı tərəfindən keçən cığıra döndü ki, Məsməxanımın indi bağlı olan tərəvəz köşkünün qabağından dövrə vurub evə getsin; yolu xeyli uzandı və bu da Zübeydəni lap dilxor elədi.

Zübeydə elə bildi ki, milisioner Səfər onu görmədi, amma milisioner Səfərin də gözləri sərraf gözləri idi, lap uzaqdan Zübeydəni tanıdı, əlindəki həsir zənbili də gördü, arvadın tez yolunu dəyişib başqa cığıra düşməsinin də səbəbini başa düşdü və axır vaxtlar, yəni bir xeyli müddət Zübeydəni faydalı əmək yoluna çağıra-çağıra daha zinhara gələndən sonra, bu tüfeyli arvad barədə sabitləşmiş fikri bir də gəlib beynindən keçdi: « – Əşşi, qoy cəhənnəm olsun getsin, qozbeli qəbir düzəldər».

Əlbəttə, Zübeydənin xəbəri yox idi ki, milisioner Səfər bu saat onu, ancaq qəbirdə düzələcək qozbel hesab elədi (xəbəri olsaydı, yenə bir şey bəhanə eləyib milisioner Səfərin arvadı Zübeydəylə – bu əfəl oğlu əfəlin də arvadının adı Zübeydə idi – kəndin ümumi hamamında bir dava-şava qoparacaqdı ki, arvadlar onları güçlə aralayacaqdı!), amma elə-beləcə dilxor idi və dilxor-dilxor da getdi öz xarabasına.

Bayaq vağzal bağından keçib bazardan evə qayıdırdı, cığırın qırağındakı ağaclıqdan, ancaq onun eşidə biləcəyi bir pıçıltı eşitdi və əlbəttə, Zübeydə də Zübeydə olmazdı ki, tez, lap bircə göz qırpımında özünü ağaclığa verib pıçıldaşanların kim olduğunu pusmasın; baxıb gördü ki, bəli, məclis arəstədi, bağça müəlliməsi Firuzənin qızı Nisə ilə o zəhləsi getmiş Ağabacının oğlu Ağagül dayanıblar üzbəsurət və pıçıldaya-pıçıldaya eşq-məhəbbətdən dəm vururlar, sonra da qol-boyun olub öpüşdülər və sonra da qızın gözünə cin-şeytan göründü.

Belə-belə işlər.

Bu tərəfdən də bu milisioner Səfər böyürdən çıxıb, yolunu uzaq saldı; qaragün oğlu qaragün, altı yekə qızı var, altısı da evdə; bu qızların yükü altda az qalır boğazının damarları şişib partlaya, papağını da çıxaranda xalis keçəl bülbülə oxşayır, bircə dənə tük də yoxdu başında; əşşi, özü bilər, sənə nə, sən kimsən, ləçər arvadı var, qoy o da dərdini çəksin kişisinin...

Düzdü, bir dəfə, lap elə bu yazın sözüdü, milisioner Səfər bazar başında ona yaxınlaşıb bir söz dedi, həmin söz heç yadından çıxmır, beynində həkk olub qalıb o söz düz üç aydı, tez-tez yadına düşür və milisioner Səfərin, azı, otuz ildi ona dediyi sözlər bu bircə cümlənin yanında tamam heç zaddı.

Zübeydə Bakıdakı bir köhnə tanışından zəfəran, sarıkök, cirə, zəncəfil,

yumurta boyamaq üçün rəngbərəng boyalar alıb gətirib kəndin bazarında satırdı,

milisioner Səfəri görüb şey-şüyünü yığışdırdı, bazar başına getdi və on-on beş

dəqiqədən sonra elə oradaca milisioner Səfər təzədən pırtlayıb çıxdı böyürdən, gəlib Zübeydəylə üzbəüz dayandı və Zübeydə elə bildi ki, milisioner Səfər yenə də bir

neçə il bundan qabaqkı kimi, onu milis idarəsinə aparacaq, amma milisioner Səfər onu milis idarəsinə aparmadı, arvadın qıpqırmızı xınalı saçlarına, cavanlıqda çox sinəsinə döyən cayılların ağlını başından eləmiş və indi yavaş-yavaş kiçilən, sulanan qara gözlərinin kənarındakı qırışlara, lırtlaşmış, buxağı sallanan sifətinə baxdı,

baxdı, elə bil, Zübeydənin cavanlığı gəldi durdu gözlərinin qabağında (qəribəydi ki, milisioner Səfərin bu baxışlarının altında Zübeydə də birdən-birə öz cavanlığını

yadına saldı, öz cavan sir-sifəti, cavan əndamı gəldi durdu gözlərinin qabağında) və dedi:

– Özünü o qazanın altında yandırdın ki, içindəki heç kimə lazım deyil...

Milisioner Səfər bu sözləri dedi və çıxıb getdi.

Həmin gün Zübeydə tamam hali-pərişan oldu.

Nə isə, gəldi çıxdı evinə.

Kənddə, ancaq işi düşənin – alanın, satanın, axtaranın, Bakıya ev dəyişənin, bağ kirayə verənin... – ayağı dəyən bu ev, bu həyət-baca kəndin aşağı başında, qumluqla qayalığın arasında idi və bu qayalıqdan dənizə yüz əlli-iki yüz metr məsafə vardı və yay-qış dənizin səsi Zübeydənin radiosuydu, konsertiydi; Bakıya, ya başqa bir yerə gedəndə, əlbəttə, bu qum üçün də darıxırdı, bu qayalıq üçün də, həyətdəki bu meynələr üçün, iydə, xartut, ərik, heyva, nar, əncir ağaclarıyçun da darıxırdı, amma hər şeydən çox, ən birinci, dənizin səsi üçün darıxırdı.

Zübeydənin ikiotaqlı daş evi, mətbəxi, mətbəxin yanında hamamı və hamamın da yanında içəri tərəfdən divarına yarıyacan çex kafeli düzülmüş tualeti vardı. Həyətində balaca çarhovuzu vardı və cəmi iyirmi sotluq bu həyətdəki sağlam ağaclar kəndin az-az həyətlərində vardı və ümumiyyətlə, Zübeydənin evindəki, həyət-bacasındakı səliqə-sahmanına kənddə onun Ağabacı kimi ən birinci düşmənlərinin belə, sözü yox idi.

Zübeydə həyətə girən kimi, əlindəki həsir zənbili hirslə darvazanın yanındakı alça ağacının dibinə atdı və guya, bütün təqsirlər yazıq Abdulla kişidəymiş kimi, onun qarasına bir-iki yağlı söz dedi, sonra iti addımlarla quyuya yaxınlaşıb bir vedrə su çəkib çıxardı, sərin sudan bir parç götürüb birnəfəsə başına çəkdi və bu bir parç sərin quyu suyundan sonra, elə bil, bir balaca sakitləşdi. Vedrənin qalan suyundan üç-dörd ovuc töküb üz-gözünə çırpdı, bir-iki parç da su doldurub artırmanın sement döşəməsinə atdı ki, bir az sərinlik olsun.

Quyunun həndəvərində ağcaqanad daha çox idi və Zübeydə vedrəni yerə qoyub yaş əliylə ətli qollarını, sinəsini şappıldada-şappıldada artırmaya qalxdı, hər tərəfi açıq artırmanın bir kənarında qurduğu miçətkənin içinə girib palazın üstündən sərdiyi nazik yay döşəyində uzandı, başını yumşaq mütəkkəyə qoyub, qollarını açdı və sinədolusu nəfəs alıb bir:

– Oxxay!.. – dedi.

Dənizdən lap yavaş bir uğultu gəlirdi, yel deyilən şey yox idi və dənizin xırda bir ləpəsi də tərpənmirdi. Artırmada yaş sement döşəmə çox tez qurudu və sərinliyi də çox tez keçib getdi, elə bil, həyətdə ocaq qalamışdın və hasar boyu əkilmiş

küknar ağaclarının qozalarının səsi də, elə bil, ocaqda yanan odunun şaqqıltısıydı; küknar qozaları hərdənbir öz-özünə şaqqıldayıb çatlayırdı, sonra bir-bir tuppultuyla yerə düşürdü.

Zübeydə miçətkənin altından əlini uzadıb taxta kətilin üstündəki bir ləyən

üzümdən bir gilə qoparıb ağzına qoydu, sonra əllərinin ikisini də başının altında

çarpazladı. Üzüm giləsi isti idi və elə bil ki, bütün dadını-tamını itirmişdi.

Ümumiyyətlə, elə bil ki, meyvələr get-gedə dadsızlaşırdı və Zübeydə sidq-ürəkdən hayıfsılana-hayıfsılana fikirləşdi ki, hanı indi Hövsan soğanı, Corat qovunu, Zirənin ağ turpu, kökü, Buzovnanın kahısı, Nardarandakı Paçan bağlarının qara şanısı,

Sarayın, Novxanının ağ şanısı, Qala tərəfdəki Hacıxuna bağlarının sarıgiləsi,

Bilgəhin səhər-səbahi kəhrəba kimi ənciri?..

Zübeydə bunları fikirləşdi, bu meyvələrin, tərəvəzin tamını ağzında hiss elədi və birdən-birə özü də özünə çox köhnə, qədim bir məxluq kimi göründü.

Zübeydə heç özü də yaxşı bilmirdi ki, neçə yaşı var, vaxtıyla o qədər o tərəf-bu tərəf eləmişdi yaşını ki, o qədər dolaşdırmışdı ki, axırda özü də çaşbaş qalmışdı; hər halda, əlli altı ilə əlli səkkiz arasında olardı, artıq olmazdı, amma əskik də olmazdı.

Burası da qəribə idi ki, Zübeydə birinci dəfəydi beləcə ciddi surətdə yaş barədə fikirləşirdi, yəni, yaşını nə üçünsə azaltmaq barədə yox, nə üçünsə çoxaltmaq barədə yox, elə-belə, səbəbsiz-zadsız, düzünəqulu öz yaşı barədə.

Nə isə, aşıq deyib ki, ya bir başqası, hər halda, kimsə deyib ki, gün keçdi, il keçdi, cavan olmaram bir də mən. Zübeydə bunu da fikirləşəndən sonra, Molla Nəsrəddinin bir əhvalatı yadına düşdü: deyirlər ki, bir gün molla ata minmək istəyirmiş, ayağını üzəngiyə basıb bir güc eləyib, iki güc eləyib, amma ata minə bilməyib, deyib ki, eh, hardasan, ey cavanlıq, sonra baxıb görüb ki, yan-yörəsində heç kim yoxdu, deyib: « – Heç cavanlıqda da bir zad deyildin!».

Əşşi, molla da getsin işinin dalınca, o birisi də, sən Allah, qoy uzanmışıq yerimizdə, qoy bir nəfəsimizi dərək, amma... amma bir məsələ vardı ki, Zübeydə, misal üçün, Aşqabadın o istisinə düşəndə, dünya-ərzdə Ağagülün heç izi-sorağı da yox idi, amma indi adama elə baxır ki, elə bil, əfi ilana baxır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XVIII fəsil

Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:

1 мин
XIX fəsil

Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında salınmış şuşalılar qəbiristanlığı hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 qəbir var idi və bunun da 17-si Buzovnadakı Fəhlə Yataqxanasından idi, beşi isə başqa ətrafda yaşayan şuşalıların (bəlkə də təkcə şuşalıların yox, ümumiyyətlə, qarabağlı qaçqınların) qəbri idi.Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbiristanlığı idi.

1 мин
XX fəsil

... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...

2 мин
XXI fəsil

O axşam Cümü hələ gəlməmişdi və Cümü evə (otağa) gəlməmiş, əvvəlcə həyətdən tırtırın səsi gəlirdi, tırtırın o səsi həyətdə axırıncı dəfə zilə qalxıb, susurdu, bir-iki dəqiqədən – Cümü Yataqxananın beşinci mərtəbəsinə qalxırdı – sonra, hələ otağın qapısı açılmamış, arağın iyi içəri dolurdu və o arağın iyi daha əvvəlkitək Sonanın ürəyini bulandırmırdı, çünki o günə ki, Şuşadan sonra Cümü düşmüşdü – Şuşanın bir nömrəli taksi sürücüsü Qızıl Diş Cümşüd ki, plov yemirdi, bığım yağa batar, indi hər dəfə tırıltısı dünyanın xəcalətini gətirib bu beşinci mərtəbədəki otağa pərçim edən köhnə motorollerin (tırtırın) lafetində Abşeron kəndlərinə yem satan Cümü olmuşdu – o günü, Sona fikrindən keçirirdi ki, Allah ermənidən başqa, heç kimə göstərməsin və Şuşada ildə-ayda, toyda-düyündə bir az təmiz tut arağından başqa heç nə içməyən Cümü, indi gündə nöyüt kimi arağı dümləyib ürəyini o araq stəkanına boşaldırdısa, nə eləmək olardı, Sona fikirləşirdi ki, qoy içsin və Cümünün arağa verdiyi o pula ki, 300 qram ət almaq olardı, o 300 qram ət də heç lazım deyildi.O axşam Cümü hələ gəlməmişdi, Sona pəncərənin qabağında dayanıb eşiyin qaranlığına baxırdı, Güllü arvad plastmas siniyə (gözəl mis sini Şuşada qalmışdı) düyü töküb (humanitar yardım idi) Cəmiləyə vermişdi ki, arıtlasın və Cəmilə də otaqdakı yeganə çarpayının üstündə oturub, o plastmas sinini də dizlərinin üstünə qoyub haçan qurtaracağını səbrsizliklə gözləyə-gözləyə düyü arıtlayırdı.

2 мин

Стихи других поэтов