Ağagül «aerodrom» papağını başından çıxarıb köhnə divanın üstünə çırpdı və ürəyində yer üzündəki bütün pis adamlarçun, o cümlədən də, təbii ki, Zübeydəyçün hansı söz lazımıydısa, o sözü də dedi.

Ağabacı yerdən palazın üstə oturub qabağındakı bir böyük məcməyi sirkəlik üzümü balonlara doldururdu və indicə salamsız-kəlamsız içəri girən oğlunun

qaşqabağına təəccüb elədi. Axır günlər səhər-axşam Ağagülün üzü gülürdü, nə

deyirdin onu eləyirdi, işə-gücə yarıyırdı və Ağabacı belə bir üzüyolalığı təkcə

onunla yozurdu ki, bir azdan oğlu ikiillik əsgərliyə gedəcəkdi, özü də uzağa

gedəcəkdi, Pribaltikaya, buna görə də ikiillik ayrılıqqabağı ipəkdən yumşaq

olmuşdu.

Əlbəttə, Ağabacı bilmirdi ki, məsələ təkcə bunda deyil, ikinci əsas səbəb də var və bu ikinci əsas səbəb ondan ibarət idi ki, düz iki il dərdindən dəli-divanə

olduğu, dalınca düşdüyü, yayın bürküsündə, qışın boranında, payızın küləyində,

yazın yağışında xəlvətcə qapıları ağzında dayandığı Nisənin daş ürəyi axır ki,

yumşalmışdı və Ağagülün axırıncı məktubuna cavab göndərmişdi və bu cavabdan sonra düz doqquz gün idi ki, hər gün xəlvətcə görüşürdülər. Nisə həyat və insanlar barədə, vəfasızlıq və ilqar barədə danışırdı, hərəsinə üç-dörd dəfə baxdığı hind

kinolarını Ağagülə nağıl edirdi, Ağagül də papirosu papiros dalınca tüstülədə-tüstülədə və çox da ciddi surətdə Nisənin yanınca addımlayırdı, çox zaman da

danışmağa söz tapmırdı.

– Nolub, ədə, papağı nöş tullayırsan? – Bunu heyrətlə oğluna baxan Ağabacı soruşdu.

Ağagül də:

– Heç, – dedi və yenə də ürəyində yer üzündəki bütün pis adamları, o cümlədən də Zübeydəni söydü.

Ağabacı ona görə heyrətlə oğlunun halını xəbər aldı ki, başqa vaxt Ağagül «aerodrom» papağını, az qala, yatanda da başından çıxarmırdı, yayın cırhacırında da nazik köynəkdə, nazik şalvarda və bu «aerodrom» papaqda gəzirdi, bu papaq Ağagülün böyük qardaşı Baladadaşın papağı idi və il yarım bundan əvvəl Baladadaş əsgərliyə gedəndə bu papağı Ağagülə verdi ki, gəzdirsin başında, həmişə qeyrətini çəksin bu papağın; Baladadaş indi Amur vilayətində əsgər idi və beş-altı aydan sonra qayıdıb gələcəkdi və Ağagül Baladadaşın papağını kişi kimi gəzdirmişdi başında, amma indi içəri girən kimi, papağı başından çıxarıb vızıldatdı divanın üstünə, pis adamların əməli yandırıb-yaxmışdı onu, özü də ayrı cür yandırıbyaxmışdı.

Ağabacı yerindən qalxıb əlini dəsmalla sildi və Ağagülün günorta suyunu içib, küftəsi ilə kartofunu axşama saxladığı kasanı gətirib qıraqları xırda qırmızı gül naxışlı, ağ süfrəli mizin arxasında oturmuş Ağagülün qabağına qoydu. Soğan, vəzəri, reyhan gətirdi, bir dənə sirkəyə qoyulmuş badımcan, çörək gətirdi və Ağagül də nə anasının üzünə baxdı, nə qabağındakı göy-göyərtiyə, küftəyə baxdı, elə kortəbii yeməyə başladı.

Ağagül orta məktəbi keçən il bitirmişdi və indi Bakıdakı şoferlər kursunda oxuyurdu, iki həftədən sonra qurtarırdı kursu və iki-üç həftədən sonra da gedirdi əsgərliyə, özü də bilirdi hara: vayenkom Mürsəlov demişdi ki, səni göndərəcəyəm Pribaltikaya, gözəl yerlərdi; yolları da əntiqə, gedib orada canla-başla xidmət eləyərsən Vətənə.

Nisə gecə məktəbində oxuyurdu, onuncu sinifdə, gündüzlər uşaq bağçasında işləyirdi, anasının yanında, uşaqlara nəğmə oxumaq öyrədirdi; yeddiillik musiqi məktəbini də qurtarmışdı Nisə, qarmon çalırdı.

Düz doqquz gün idi ki, Ağagül gecələr məktəbin dalında xəlvətcə Nisəni gözləyirdi və onlar adamsız yerlərdən keçib vağzal bağıyla evə gəlirdilər, yəni, Nisə gedirdi öz evlərinə, Ağagül də gəlirdi öz evlərinə. Ağagül istəyirdi Nisəni nişanlayıb getsin əsgərliyə, amma Nisə deyirdi ki, yox, qayıdıb gələrsən sonra; Nisə bilmək istəyirdi ki, Ağagülü, həqiqətən sevir, yoxsa yox, özünü bu iki ildə sınamaq istəyirdi.

Bu gecə Ağagül ömründə birinci dəfə Nisəni öpdü və Nisə də ömründə birinci dəfə icazə verdi ki, oğlan onu öpsün və Ağagül heç vaxt inana bilməzdi ki, haçansa bir gün gələcək, bugünkü gün kimi və o, Nisəni xəyal aləmində yox, gecə yuxuda yox, doğrudan-doğruya öpəcək və əlbəttə, Ağagül heç vəchlə ağlına gətirməzdi ki, belə bir məqamda Zübeydə kimi dinsizin-imansızın biri gəlib kəsdirəcək başlarının üstünü.

Nisə vağzal bağıyla gələ-gələ ağlayıb özünü öldürürdü ki, biabır olacağam

bütün kənddə, Zübeydə biabır eləyəcək məni, sonra da dedi ki, Ağagül, qurban olum sənə, Ağagül, qoyma biabır eləsin məni Zübeydə, get ona yalvar-yaxar, Ağagül, nə istəyir ver, Ağagül, qoyma məni biabır eləsin, Ağagül qardaşımın üzünə baxa

bilmərəm, heç kimin gözünə görünə bilmərəm. Ağagül də dedi ki, qorxma,

qoymaram, amma bunu deməyə nə var ki, demək asandı, amma Zübeydə kimi bir ifritənin ağzını yummaq asan iş deyil. Gördüyünün də üstünə yüzünü qoyub səhər sübhdən bütün kəndə yayacaq, biabır eləyəcək Nisəni bütün aləmdə və Nisə də dərd eləyəcək bunu ürəyində. Allah bilir neyləyəcək Nisə, nə desən eləyər Nisə, lap

özünə əl də qaldırar, təki qardaşı Atabalanın yanında rüsvay olmasın, təki kəndin arvadlarının arasında anasının başı aşağı olmasın.

Zübeydə yalvar-yaxar başa düşən deyildi, bunun özünü də səhər bir söz eləyib yayacaqdı aləmə ki, Ağagül gəlib ağlayırdı yanımda ki, qələt eləmişəm.

Zübeydənin, gərək, milisioner Səfər demişkən, maddi marağı olsun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Balaca qırmızı çiçək

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.

3 мин
Küləyin, çinarın və qaranquş balasının hekayəti

O çinar ağacı lap balaca idi, sonra gün keçdi, ay dolandı, sonra ay keçdi, il dolandı, o çinar ağacı böyüdü, böyüdü və o qədər illər keçdi ki, o çinar ağacı o qədər böyüdü ki, haçansa eləcə balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından yüngülcə bir yel ötəndə, çöp kimi nazik və sütül gövdəsi az qalırdı sınsın.O çinar ağacının başı göylərə dəyirdi və bütün yer üzünə də eləcə yuxarıdan aşağı baxırdı və o yüksəklikdən gördüyü dünya o qədər ayaq altında, o qədər kiçik idi ki, özünü həmin dünyanın ən güclüsü hesab etdi.

3 мин
Nigar, Yalçın və onların Dədəsi

Nigarın adı Nigar idi. Yalçının adı Yalçın idi.Nigarın dörd yaşı vardı, Yalçının iki yaşı. Nigarın kuklası vardı, Yalçının tapançası. Nigar evcik-evcik oynayırdı, Yalçın top-top. Nigarın öz şarı vardı, Yalçının öz şarı. Nigarın öz şəkilli kitabı vardı, Yalçının öz şəkilli kitabı. Nigarın öz velosipedi vardı, Yalçının öz velosipedi.

3 мин
Mən yaman qoçağam

Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:

2 мин

Стихи других поэтов