IV fəsil
Страница 1 из 4
Zübeydə miçətkənin altından çıxıb otağa girdi və tərdən tamam yaş olmuş pal-paltarını çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındakı yekə yumurtavarı güzgüyə gözü sataşdıqca, sallanmış döşlərini və yekə qarnını görməsin, sonra həyətə düşüb quyunun motorunu işə saldı, şlanqı əlinə alıb ağacların dibini, qızılgül kollarını (bu gülləri elə xoşlayırdı ki, dərib aparıb Bakı bazarında at qiymətinə satmırdı, güllər elə-eləcə kolun üstündə solub tökülürdü), evin arxasında əkdiyi pomidor, badımcan, bibər ləklərini, soğanı, vəzərini, kəvəri, şüyüdü sulamağa başladı. Ümumiyyətlə, bu bağ-bağçanı Zübeydə öz əllərilə salıb becərmişdi, təkcə o hasar boyu küknar ağaclarını yazıq Əbdül əkmişdi ki, küləyin qabağını kəssin.
Düzdü, kənddə deyirdilər ki, Zübeydə səkkiz dəfə ərə gedib, amma, əslində, Zübeydə bircə dəfə, yəni rəsmi surətdə bircə dəfə ərə getmişdi, onda da Əbdülə. Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamamın yanında bir daxması vardı, orda yaşayırdı (sonralar, müharibədən sonra, Zübeydə bu daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül gülə aşiq olan kimi, Zübeydəyə aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir ləqəbdən incimirdi, əksinə, xeyli feyziyab olurdu və Zübeydə ona məhəl qoymayıb (faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən əvvəl və müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaq kimi ağlayırdı da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə hədiyyələr almaq istəyirdi, qabirkot «demasezonnı», qabardin yubka, yun jaket və ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi. Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər yoxlamışdılar ki, yazıq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz dodaqlarını qaldırıb dişlərini ağardırdı.
At da yazıq, elə Əbdülün özü də yazıq, indi o atın da sümükləri çürüyüb gedib, Əbdülün də; iyirmi ildən artıq idi Əbdülün öldüyü.
Zübeydə müharibənin axırıncı ili Əbdülə ərə getdi; ərə getdi deyəndə ki,
Əbdülü gətirdi öz evinə, kəbinini də kəsdirdi, vəssalam. Əbdül də, bir növ,
Zübeydənin ev əşyası, həyət-bacanın əmlakı kimi bir şey idi. Zübeydə çox vaxt Bakıda rəfiqələrinin yanında qalardı, bəzən Tiflisə, Kislovodska, Soçiyə gəzməyə gedərdi, bəzən aylarla, bax, bu həyətə ayaq basmazdı və Qeysəbdül gözətçilik
eləyərdi buralarda və Qeysəbdül burasını da çox yaxşı başa düşürdü ki, Zubeydə ona niyə ərə gedib; öz yerini bilən adam idi Qeysəbdül və buna görə də kənd camaatının onunla işi yox idi, dəyib-dolaşmırdılar ona, sataşıb ələ salmırdılar onu.
Əlbəttə, kənd camaatı əvvəlcə Qeysəbdülü məzəmmət elədi, «gör gedib kimi alıb» dedi, «o həyasız şəhərdə kefdə-damaqda, Araz aşığından, Kür topuğundan, bu da, bu başıbatmış da, burada, guya, ərlik eləyir, guya, evin kişisi olub» dedi, cavanların arasında «xoşqeyrət oğlu, xoşqeyrət!» deyib ürəyində onu söyənlər də oldu, amma yavaş-yavaş hamının ona yenə də yazığı gəlməyə başladı və bir müddətdən sonra, elə bil ki, Qeysəbdulün Zübeydəyə heç bir dəxli yoxmuş kimi, kişinin yanında da arvadının dalınca danışırdılar; kimin ağzına nə gəlirdi elə Qeysəbdülün yanındaca Zübeydənin qarasına deyirdi və Qeysəbdül heç cınqırını da çəkib bir kəlmə söz demirdi; ən qəribəsi bu idi ki, Qeysəbdül incimirdi də, elə bil ki, deyilən hədyanların hamısı ilə razı idi, amma di gəl ki, nə fayda, özündən asılı deyildi, bütün kürreyi-ərzi Zübeydənin bir dırnağına da dəyişməzdi. Kəndin arvadları bunu yaxşı bilirdi və belə bir aşiqliyə, belə bir sədaqətə ürəyində paxıllıq eləyənlər də çox idi; belə bir aşiqlik, sədaqət kənd arvadlarının yanında Qeysəbdülün hörmətini qaldırıb qoymuşdu dağ başına. Zübeydə kənddə olmayanda, arvadlar hərdənbir, guya ki, təsadüfən Qeysəbdülün həyətinə gəlirdi, hal-əhval tuturdu onunla, xörək gətirən, təndir çörəyi yollayan da olurdu və hətta iki-üç arvadın adını çəkirdilər ki, guya, bu arvadlar sonradan-sonraya Qeysəbdülə aşiq olublar.
Hə, öz yerini bilən adam idi rəhmətlik Əbdül. Bir dəfə nə üçünsə kənddən Bakıya, Zübeydənin o vaxtkı yaxın rəfiqəsi Rozagilə zəng eləyib Zübeydəni xəbər alırmış ki, hardadı, bir aydan artıqdı xəbər-ətər yoxdu ondan, Roza da soruşub ki, «a kto eyo spraşivayet?», Qeysəbdül də cavab verib ki, «Abdul», Roza bərkdən gülüb və deyib ki, «eşe ne izvestno, kto koqo abdul!».
Sonralar o məclis olmurdu ki, Roza bu telefon söhbətini danışmasın və əhli-məclis də şaqqanaq çəkib gülməsin. Zübeydənin kefi kök olanda özü də gülürdü, qanıqara olanda Rozanın abrını bükürdü ətəyinə, «paxıllığından yanıb-yaxılırsan ki, mənim ərim var, ağzı ətə çatmayan pişik kimi, az qalırsan öləsən, alan yoxdu axı, səni, qalmısan aralıqda!» deyirdi. Roza qızarırdı, bozarırdı, «zarafat eləyirəm də!»– deyirdi.
Əlbəttə, Roza düz deyirdi, Roza zarafat eləyirdi, daha belə zarafatlardan başqa ürəkaçan bir şey yox idi, günlər keçirdi, aylar, illər keçirdi və bu günlər, aylar, illər, elə bil, öz-özünə açırdı sandığı, tökürdü pambığı və bu sandığın içinə baxanda,
ancaq belə-belə zarafatlar adamın köməyinə gəlirdi.
Əbdül özü zarafat-zad bilməzdi, rəhmətlik çox duzsuz kişi idi, təkcə bircə dəfə bir duzlu söz demişdi ki, Zübeydə onu heç yadından çıxarmırdı və hər dəfə də
yadına salanda öz-özünə gülürdü: bir yol, əllinci illərin əvvəlləri idi, Bakıdan kəndə bir nevropatoloq gəlmişdi, hamamdan bir az aşağıda çörəkçi Fətullagilin evini
kirayə edib bütün yayı burda dincəlirdi, Martirosyan idi famili və hamı deyirdi ki, çox yaxşı həkimdi bu Martirosyan. Bağban Ağasadığın dörd ildən bəri başına hava gəlmiş oğlu Ələkbəri iki həftənin içində düz-əməlli adam eləyib qoymuşdu camaatın gözünün qabağına; hə, bir yol Zübeydə də gedib özünü bu həkimə göstərmək istədi, axır vaxtlar, tez-tez əsəbiləşirdi (elə bil, yavaş-yavaş başa düşmüşdü ki, axırı, bax, beləcədi, Abdulla kişinin bekarçılıqdan düzəltdiyi süpürgələri bazarda satmaqdı!) və Zübeydə evdən çıxanda Əbdülə dedi: «– Bakıdan nervi həkimi gəlib bura, gedirəm onun yanına». Əbdül soruşdu ki, neynirsən onu? Zübeydə dedi ki, necə yəni
neynirsən onu? «Gedirəm, – dedi. – Nervimi düzəltsin». Qeysəbdül ağzını açıb:
«Ba-a-a!.. – dedi.– Zübeydə, nervisiz sənin nə ləzzətin!»
Yazıq Əbdül, Allah rəhmət eləsin sənə... Zübeydə hərdən əsəbiləşəndə, doğrudan da, turp əkirdi onun başına.
– Zübeydə!..
Zübeydə əlindəki şlanqın ağzını yerə dirəyib bir də qulaq verdi və darvazanın dalından onu bir də səslədilər:
– Zübeydə!
– Kimdi? – Soruşdu Zübeydə. – Kimdi orda?
– Mənəm!
– Sən kimsən? Allahın bacısı oğlusan? Əstəğfürulla... Aduvu de də!..
– Mənəm, Ağagüldü!
Əslində, Zübeydə bu səsin sahibini o saat tanımışdı və elə bil, səhərdən bəri gözləyirdi də bu səsin sahibini, çünki əlində şlanq ağacları, gülləri, evin dalındakı ləkləri sulaya-sulaya arabir hardansa çox dərinlərdən bir hıçqırıq eşidirdi: bu, Nisənin bayaqkı hıçqırtısıydı və bu hıçqırtıda Zübeydənnn ətini ürpəşdirən bir xof, qorxu var idi, bir xoşagəlməzlik var idi.
– Nə var, nolub, balam, gecə vaxtı nöş yaduva düşmüşəm belə? Əsfələssafilin idim bayaq, indi əziz-xələf olmuşam səninçün?
Ağagül nə Zübeydənin bu sözlərinə, nə də ki, bu sözlərdəki eyhama cavab verdi, səsini çıxarmadı, susub dayandı darvazanın dalında və ürəyində də fikirləşdi ki, sözlər çıxır bu arvadın ağzından, heç xoruz səsi eşitməmiş sözlər...
Zübeydə tələsmədən əvvəlcə şlanqı quyunun yanına gətirdi, sonra motoru söndürdü, sonra çarhovuzun krantını açıb əllərini yaxaladı, üz-gözünə su vurub tərini aldı, sonra çarhovuzun yanındakı badam ağacından asılmış təmiz ağ dəsmalla qurulandı və bütün bunlardan sonra, nəhayət, darvazaya yaxınlaşıb Ağagülün nə istədiyini və niyə gəldiyini çox gözəl başa düşə-düşə:
– Nə istəyirsən? – soruşdu. – Nə sözün var mənə, bu gecə vaxtı? – soruşdu və darvazanın bala qapısını açdı.
Ağagül:
– İşim var sənnən, – dedi və bala qapıdan həyətə girdi.
– Nə işin, balam, sən kim, mən kim? Sənnən mənim nə işimiz?
Ağagül darvazanın üstündə yanan və bu saat bütün ətrafında ağcaqanadlar uçuşan iki yüz əllilik elektrik lampasının işığında yenə də bu arvadın buxağı sallanan ətli, girdə sifətinə, xınalı, qırmızı saçlarına, hələ də nəsə sürtdüyü qara gözlərinə baxıb daha burda çox dayanmamaq üçün və bu arvadı da çox görməmək üçün birbaş mətləbə keçdi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-toyugun-diri-qalmasi-iv-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ay işığında uzaqdan Şuşa qalasının qaraltısı görünürdü.Və Şuşa qalasına qalxan yolda üç atlı gedirdi.
İkinci hissə, 34Otaqdakı şam işığında dörd nəfər əyləşmişdi: İbrahim xan, Əmiraslan bəy və Şuşa qalasına qalxan o iki atlı.İbrahim xan o iki nəfərə baxa-baxa deyirdi:
İkinci hissə, 35Elə həmin gecə Vanya yüzbaşının pəncərəsi həyəcanla döyüldü.Vanya yüzbaşı yatağında qurcalanıb:
İkinci hissə, 36Vanya yüzbaşı həyəcanla mayor Lisaneviçin iş otağının qapısını açdı və içəri girib salamsız-kəlamsız dedi:– Cənab mayor, sizin xəbəriniz var ki, bu gecə Abbas Mirzənin iki nəfər elçisi Şuşa qalasına gəlib və İbrahim xanla görüşüb?