VI fəsil
Страница 2 из 3 · 33%
Zakir. 12 yanvar 1942-ci il.»
Zakir birini də yazmışdı məktubun, ikisini bir yerdə almışdı Zübeydə; cavab yazmadı Zakirə və bir də gedib mərkəzi poçta dəymədi ki, görsün təzə məktub var ona, yoxsa yox? Bəlkə çox məktub yazmışdı Zakir və bu məktublar da Zübeydəni gözləyib, gözləyib axırda qayıtmışdı Zakirin özünə? Bəlkə heç çatmamışdı Zakirə. Qırx üçdə ölüm xəbəri gəlmişdi Zakirin... Yox, deyəsən, qırx dörd idi... Nə isə...
Görəsən yenə məktub yazmışdı Zakir? Niyə yazaydı axı, niyə yazaydı, ona görə ki, həmin yaz günü aldatmışdı Zakiri ki, gələcəyəm görüşünə, getməmişdi? Ona görə ki, Zakir gecə-gündüz çəkmə fabrikində işləyib, bacılarıyçün çörəkpulu qazanırdı, Zübeydə də Qızıldiş Adil kimilərinin haram puluna qarnıtox, damağı da ki, çağ, kef eləyirdi? Ona görə ki, o uzaq yaz axşamı Zakir Zübeydə ilə Qızıldiş Adilin qabağına çıxıb ona hücum eləmək istəyən Qızıldişi bir yumruq ilə yerə uzadanda, Zübeydə «Ay aman!..» eləyib Qızıldişin üstünə cummuşdu. Qızıldişi yerdən qaldırmışdı. Qızıldişlə birgə getmişdi?
«Zübeydə! («Ay can!...»)
Bu məktubu sənə ön cəbhədən yazıram. («Yazan barmaqlarına qurban olum sənin!..») Atışma kəsib indi («O atışma gətirənin ciyəri yansın, necə ki, yandı da, qara yerə girəydi o, necə ki, girdi də...»), bir azdan yenə başlayacaq. Düzünü deyim ki, yazmaq istəmirdim sənə bu məktubu («Əcəb eləyirdin, lap əlinin içindən gəlirdi, yazmayaydın heç gərək... Niyə yazırdın mənim kimi ləçərə? Mən taydım sənə? Sən təmizin, gözəlin, kişinin biriydin, mən vələdüznanın cövhəri, özü də çirkab içində, xirtdəyə kimi... yazmayaydın gərək...»), amma yarım saat bundan qabaq güllə yağış kimi üstümüzə yağanda («O güllə gərək mənim başıma yağaydı...») bildim ki, gərək yazam sənə bu məktubu («Nahaq yerə, lap nahaq yerə...»). Adam bu güllə yağışının altında olanda («Can-can...») hər şeyi yaddan çıxarır, bütün pisliklər, yaddan çıxır («Çünki özün təmiz idin, yaxşı idin...»), ancaq yaxşısı yadda qalır. Sən məni istəyə də bilərsən, istəməyə də bilərsən (« Səni istəməyənin gözü çıxaydı, necə ki, işıqlı dünya qaranlıq zülmət olub onunçun...»), ancaq özünü istə («Nəyimi istəyim
özümün, nəyimi?..»). Mən müəllim deyiləm («Müəllimdən də artıqsan...»), sən də şagird deyilsən («Şagird professoruydu mənim yanımda...»). Nəsihət eləməyəcəyəm sənə («Nə təsir eləyəcəkdi mənə nəsihət? Adamın gərək qanında olaydı, Zakir...»). Ancaq o evə gedib-gəlmə («O evin nə təqsiri, təqsir özündədi adamın, ev
neyləsin?»). İşə gir («Ay işlədim mən, ha!..»). Özünü hayıf eləmə. («Elədim, ay
Zakir, ay qadası, yaman hayıf elədim özümü, iki qəpikdi mənim qiymətim, kül olub mənim başıma, ay Zakir, ay qadası, ay canım, sənə qurban... zay elədim özümü. Zay oldum getdim, ay Zakir...»). Sən də bir kişinin qızısan, həmin kişinin papağını yerə soxma («Soxdum yerə o rəhmətliyin papağını, Zakir, lap quyunun dibinə soxdum. Doğrayardı məni sağ olsaydı, öz əliylə doğrayardı...»). Yenə başladı atışma
(«Muğayat ol ay bala!..»)».
Zübeydə daha məktubun ardını oxuya bilmədi, saralıb-solmuş hərflər
gözlərinin qabağında yayıldı və elə bil ki, həmin bürkülü yay gecəsində bütün bu otaq basma kağıza düşmüş mürəkkəb damcısı kimi ətrafa yayıldı, qaranlıqlaşdı,
havasızlaşdı; bütün bu otağa, bu otağın əşyalarına, divarlarına, döşəməsinə,
tavanına, elə bil, tünd bir örpək salındı və bu örpəyin o biri üzündə bir dumanlıq arxasında on yeddi yaşlı cavan bir qız, gözəl bir qız kəndin camaatıyla bərabər
atasının cəsədi qoyulmuş mafənin ardınca gedirdi; günəşli bir gün idi və günəşli
ləpələr sahilə qaçışırdı, elə bil, dənizdə bir günəş sevinci var idi və on yeddi yaşlı qız, meyitinin dalınca getdiyi atasının ölümünə yanmaqdan daha çox, dənizin
sevincinə sevinirdi; elə bil, bu saat bütün kənd camaatının dərdi-qəmi bu on yeddi yaşlı qız üçün tamam yad bir şey idi, çünki o on yeddi yaşlı qız nə ölümü dərk
edirdi, nə də dərk etmək istəyirdi; o on yeddi yaşlı qız özü də bu günəşin bir
parçasıydı, bu dənizin bir parçasıydı və illər keçdikdən sonra da o qız, bax, eləcə, günəşsiz sevinə bilmirdi, şadlana bilmirdi, yaşaya bilmirdi; kasıbçılıqdan isə günəş boylanmırdı. Müharibə illərinin çörəksizliyində günəş doğmurdu; aclıq olsun, kef olsun, deyiblər, amma düz deməyiblər, lap ağ yalan deyiblər, aclıqla kef bir araya sığışan şey deyil, hər halda, Zübeydə, o gözəl qız, müharibə illərinin o xatın qızı
belə bir əqidədəydi. Araz aşığından idi o qızın, Kür topuğundan, özünü kefi
köklərin, damağı çağların odunda yandıran, yandırıb kül eləyən bu bəxti qaranın...
Zübeydə bağlamanı büküb dolabın alt gözünə qoydu, yeşiyi bağlayıb burnunu çəkə-çəkə, gecə köynəyinin yaxası ilə üz-gözünün yaşını silə-silə ayağa qalxdı, otaqdan çıxıb, külafirəngiyə tərəf gəldi, yuxarı qalxıb, palazın üstündə oturdu və dənizə baxdı.
Zübeydə yadına gələndən bu dənizin sahilində oynamışdı, anası onca günün içində sətəlcəmdən öləndən sonra, bütün bu tərəflərdə, Abşeronun bu hissəsində məşhur balıqçı olan atasının torunu Zübeydə yamamışdı, qayığını Zübeydə silib-süpürmüşdü, atası ölən həmin gecə bütün kənd camaatı onların evinə girib-çıxmışdı, amma heç kim də bunu bilməmişdi ki, Zübeydə səhərə kimi dənizin, bax, bu sahilində təkcə oturmuşdu.
Əslində, lap əslində, Zübeydə bu dənizin yanında da üzüqara idi, çünki nənəsilə tək qaldığı o uzaq illər, bax, bu dəniz Zübeydənin beynindəki bütün fitnəfəsadların, kin-küdurətin, nəfs-tamahın şahidi olmuşdu; Zübeydə indi belə fikirləşirdi, indi o uzaq illərin firavanlıq, fironluq arzu-xəyallarını fitnə-fəsad hesab edirdi, indi, onda yox. Nənəsi yazıq o qədər qocalmışdı ki, ölməyinə yaxın (nənəsi öləndə müharibənin ikinci ili idi) Zübeydəni öz balıqçı oğlu hesab edirdi, yəni Zübeydəni, Zübeydənin atası bilirdi, əlbəttə, doxsandan idi bu və elə bu özü də doxsandan idi ki, Zübeydə bu dəm bütün bunların hamısını beləcə fikirləşirdi.
Yel yenə tamam-kamal dayanmışdı və hətta, külafirəngidə də ağcaqanadlar adamı oturmağa qoymurdu, elə bil ki, vızıldaya-vızıldaya hər şeyin keçibgetdiyindən, heç nəyin geri qayıtmayacağından dəm vurub uçuşurdu; xartutun yarpaqları səsini tamam kəsmişdi. Dənizin uğultusu, elə bil, başqa bir dünyadan gəlirdi, elə bil, o biri dünyanın səsi idi və elə bil ki, gecə ovuna çıxmış o iki yarasa da bürküdən karıxdığı üçün ağaclara dəyirdi, evin divarına toxunurdu, külafirənginin dirəklərinə çırpılırdı. Hərdənbir gələn cırcırama səsi də sabahın nəfəskəsən istisindən xəbər verirdi.
O ev isə, Şirinxanımın o köhnə evi, İçərişəhərin qoşa qala qapısı ağzındakı
ikimərtəbəli binanın ikinci mərtəbəsində idi. O ev də, ondan beş-altı bina aralıdakı Zakirgilin evi də indi çoxdan sökülmüşdü, yerində meydan salınmışdı. Zübeydənin cavanlıq günlərinin çoxu, yəni, o günlərinin ki, ağrısı indi ağrıdırdı Zübeydəni,
Şirinxanımın o evində keçmişdi.
Şirinxanım Zübeydəgilin – bu qayğısız və gözəl, nazlı-qəmzəli qızların içində hamısından ağıllısı, tədbirlisi, işəyarayanı və istiqanlısı idi. Şirinxanım anası ilə
yaşayırdı, anası Sabunçu vağzalında peraşkisatan idi və səhər tezdən gecəyə kimi evdə olmurdu, olanda da rəfiqələrin əl-ayağına dolaşmırdı, «yaxşı eləyirsiz, kef
eləyirsiz, əlivizin də içindən gəlir, beşgünlük dünyadı» deyirdi. Qızı ona bir şey
bağışlayanda, ya bir kofta, ya bir yaylıq, ya da bir başqa şey alanda, Zübeydəgil ona bir hədiyyə verəndə arvadın uçmağa qanadı olmurdu və sidq-ürəkdən özünü də,
qızını da xoşbəxt bilirdi, «əcəb eləyirsüz, işləmirsüz, qoy nə qədər hürürlər
hürsünlər, paxıllıqdandı hamısı, səhər sübhdən gecəyə kimi ayaqüstə vağzal qabağında peraşki satıram, nəyim var, bir həsirəm, bir də Məmməd Nəsirəm, «əcəb eləyirsüz, lap əlivizin də içindən gəlir» deyirdi.
Şirinxanım yaxşı arvad paltarı tikirdi (elə indi də, xəstəxanada baş həkim işləyirdi, amma öz paltarlarını özü tikirdi, başqasına etibar eləmirdi) və o zaman Bakının bir çox məşhur xanımları İçərişəhərin həmin qoşa qala qapısı ağzındakı ikimərtəbəli sarı binaya gəlib-gedirdi, Şirinxanıma paltar tikdirirdi. Zübeydəgil saatlarla bu evdə oturub bir-birləriylə dərdləşirdi, zarafatlaşırdı, küsüşürdü, barışırdı və Zübeydəgilin ən gözəl məclisləri, dalbadal ad günləri – hərəsinin bir ildə dörd-beş ad günü – bu evdə keçirdi. Çox şərablar içilmişdi, çox qədəhlər sındırılmışdı o evdə. Bir dəfə işıq sönəndə Qızıldiş Adil yüzlük yandırıb stolun üstünə işıq salmışdı və o vaxt bir ağızdan min ağıza hamı demişdi ki, bəxtəvərdi Zübeydə, yəni bəxtəvərdi Zübeydə ki, belə bir oynaşı var.
Beləydi, Zakir... Bax, beləcəydi, Zakir, işlər...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-toyugun-diri-qalmasi-vi-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ömründə mənə zəng eləyən deyil, o gün gördüm ki, zəng eləyib: «– Nə var, nə yox, ay Mürşüd məllim? Heç görükmürsən...» Guya ki, məni görməkdən ötrü gözünün ucu axır... «– Sağlığın. – dedim. – iş-güc qoyur ki...» « – Əşşi, – dedi, – bəsdi bu qədər yazdın-pozdun da, başuva dönüm sənin!.. Hara baxırsan, maşallah, elə sənin kitablarındı... Fəxrimizsən də!.. Amma bir az istirahət elə, ay Mürşüd, canına bax!» Gərək mütləq bir işarə vursun, heç olmasa, bir balaca sancsın, yoxsa Əbdül Qafarzadə olmaz axı... Bizim nəşriyyatın müdiri İslamzadə ki, var, bunun dostudu, özü də tamahkarın, əliəyrinin biridir, lakin iyirmi ildir o boyda nəşriyyata rəhbərlik eləyir. Əvvəllər heç beş ildə bir dəfə mənim kitabımı plana salmırdı, sarı, seyrək dişlərinin arasından tüpürcək sıçrada-sıçrada: « – Yaxşı deyil! – deyirdi. – Özün nəşriyyatda redaktor işləyirsən. Sonra deyəcəklər ki, özünüz özünüzü çap eləyirsiniz. Yazıların da, bilirsən də, camaatı cəlb eləmir, alan olmur. – Lap elə üzümə beləcə deyirdi vicdansız. – Çıxanda da gözlərinə döndüyüm tənqidçilər başlayırlar bizi tənqid eləməyə ki, istedadlar qalıb bir tərəfdə, nəşriyyatlar Mürşüd Gülcahaninin romanını çap eləyir... İncimə e, sən də kommunistsən, mən də. Sənnən bir kommunist kimi danışıram!» Yalançının atasına lənət! Səndən kommunist olar, ay alçaq?! Əxlaq pozğunusan, bu, day, bütün Bakıya məlumdur, rüşvətxorsan, rüşvətlə kitab buraxırsan, bunu da ki, Allaha şükür, Bakıda bilməyən yoxdur! Lakin nə edəsən, deyəcəkdim bunları üzünə, heç olmasa, yenə beş ildən-bir kitabımı buraxırdı, vicdansız onu da buraxmayacaqdı, özümü də nəşriyyatda pisikdirəcəkdi. Bir qırmızı sifəti var ki, nə abır-həya bilir, nə yaşa baxır. Bir dəfə düz gözlərimin içinə dedi: « – Bilirsən nə var, Mürşüd Gülcahani, istəyirsən sənin kitabını buraxım, onda nəşriyyatdan işdən çıx, bir də buralara gəlmə!» Lakin, elə ki, bununla, bu Əbdül Qafarzadəylə qohum oldum (Allah kəssin belə qohumluğu!), o boyda İslamzadə ki, böyük-böyük yazıçılar əlindən qan ağlayırdı (elə indi də ağlayır!), çönüb oldu başqa adam, hər il kitabımı salır plana. İndi bəs nə olub, ay vicdansız, bəs niyə qorxmursan ki, deyərlər özünüz özünüzü çap eləyirsiniz? Hə? Noldu bəs sənin kommunistliyin, ay riyakar?! İşə bax də, nəşriyyat müdiri hara, qəbiristanlıq müdiri hara, lakin vicdanım haqqı, elə ki, o Ömər binəva Əbdül Qafarzadənin bu atbalaxanım qızına rast gəldi, elə ki, bununla qohum olduq, gördüm ki, o İslamzadə ilə bu Qafarzadə canbir qəlbdirlər, çünki ikisi də bir yuvanın quşudur. Özü də dünyanın işinə bax ki, İslamzadə Qafarzadəyə yaltaqlanır, öz nazirindən elə çəkinmir ki, Qafarzadədən çəkinir. Hərdən görürsən ki, çağırdı məni, İslamzadəni deyirəm, yalandan hal-əhval tutdu, bilirəm axı, fırıldaqdı, gözləyirəm görüm sözünün canı nədi, o da keçir mətləbə, qızımı institutda filan müəllim kəsib, daha mənim üzüm gəlmir (səndə üz varıydı ki, gəlməsin?!), sən Allah, Mürşüd müəllim (əvvəllər mənə müəllim-zad deməzdi, elə-eləcə Mürşüd deyərdi, vicdansız), de Əbdül qardaşımıza, qızı tapşırsın. Mən də gəlib deyirəm. Neyləyim. Neyləyim, özümü alçaldıram, lakin əlac nədir, zəmanə pis zəmanədir, mənim kimi adamı, mənim kimi yazıçını belələrinə möhtac eləyir. Bizdə adını cavan yazıçı qoymuş sırtığın biri var, adı Səlim Bədbindir (bir adam ki, təxəllüsünü «Bədbin» qoysun, daha ondan nə gözləyəsən?), utanıb-qızarmır, üzümə hırıldaya-hırıldaya deyir ki, Mürşüd müəllim, Azərbaycanda ən böyük vəzifə nazir-zad deyil, hamısı boş şeydir, ən böyük vəzifə Əbdül Qafarzadənin qohumu olmaqdı. Nə deyəsən bu vicdansıza? Eh, deyirəm, çölüm yandırır, demirəm, içim. Viranə qalsın belə vəzifə! Mən boyda adamın gedib oğlumun – yeganə ovladımın evində bir stəkan çay içməyə ixtiyarı yoxdur. Gedib otururam, o saat bunun o atbalaxanım qızı: « – Tixo, – deyir. – Abdulçik zanimaetsə!» Özü də yanımızda oturub başlayır kitab oxumağa. Kitab da bir kitab ola, dərd yarıdı! Hamısı cuhudların yazdıqlarıdı... Ömər yazıq cıqqırığını çıxartmağa qorxur, məlul-məlul mənə baxır, mən də ona, sonra da durub çıxıb gedirəm evimə. Uşağa da bunun adını qoyublar, hər dəfə «Abdulçik» eşidəndə, vicdan haqqı, elə bil, başıma bir vedrə qaynar su tökürlər. Kimə deyəsən?.. İş o yerə çatıb ki, heç uşaq da məni vecinə almır, məni görəndə heç oturduğu yerdən tərpənmir də, lakin elə ki, bunu görür: «–Dedulya!» – deyib cumur üstünə. Uşaqda nə təqsir var?.. Bir dəfə uşağın saqqızını oğurladım, aldım qucağıma, oturduq pəncərənin qabağında. Axşam idi, göydə ulduzlar bərq vururdu. Mənim daxili aləmimdə lirik hisslər baş qaldırdı. Uşağa da istədim romantika aşılayım. Dedim: « – Bax, balası, o ulduzları görürsən? O ulduzlardan hansını istəyirsən, göydən götürüm, verim sənə!.. Olsun sənin ulduzun!..» Uşaq ağzını açmağa macal tapmamış, o saat ifritə anası çımxırdı: « – Yaxşı olardı ki, Mürşüd əmi, siz özünüz hökumətdən bir ulduz alıb taxaydınız döşünüzə! Nəvəniz də fəxr eləyərdi ki, babası başqa yazıçılar kimi, geroydur! Heç Allahın medalı da yoxunuzdur! Ona görə də heç kim tanımır sizi!» Uşağın əlindən dartıb götürüb apardı o biri otağa. İfritədir də, ifritə!.. Əbdül Qafarzadənin qızı nə bilir ki, romantika nədir?! İkinci budur ki, düz demir, dörd dənə medalım var, bir dəfə də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanını almışam. Üçüncüsü də, indi mənim kimi adamlara, mənim kimi sənətkarlara qiymət qoyan kimdir? Brejnev deyiləm ki, əlimi salım torbaya, ulduz çıxarıb taxım döşümə, ay ifritə! Nə gedib Moskvada oturub redaktorları qonaq edirəm, nə burdan onlara başqaları kimi ərməğanlar göndərirəm, nə də MK-da dostum, tanışım var! Öz vicdanımla və istedadımla yazıram! Lakin indi kimdi vicdana və istedada qiymət qoyan?! Bir ölkədə ki, Stalin boyda bir dahini gorbagor eləyələr, daha kimə nə deyəsən? O Stalin ki, bu ölkəni yaratdı! Bir də ki, niyə məni heç kim tanımır?! Özüm təvazökaram, lakin bunu Əbdül Qafarzadənin qızı hardan başa düşsün? Uşağın istedadını da Ömərdə görmür, atasında görür. Deyir, bu uşaq ki, çalğıya bu qədər meyl göstərir, guya, babasına, yəni Əbdül Qafarzadəyə çəkib, ona görə: «Moy papa oçen muzıkalnıy çelovek! Mı vse v neqo poşli!.. I Abdulçik toje!» Uşağın familini də, deyəsən, dəyişdirib Qafarzadə eləmək istəyir, Ömər bizdən gizlədir. Yazıq Ömər... Bu atbalaxanım, Öməri hər üzünə aldada bilər, bunlardan nə desən çıxar, bəlkə də elə aldadır... Görmürsən gözlərindən cin yağır? O gün o sırtıq Səlim Bədbin nəşriyyatda, camaatın içində mənə deyir: «– Mürşüd müəllim, gəlinivi gördüm...» Özü də çox mənalı-mənalı deyirdi. Mən də daha camaatın içində ucundan tutub, ucuzluğa getmədim. Soruşacağam harda gördün? Nə bilim nə deyəcək? Allah bilir, harda görüb, o ifritədən nə desən çıxar, atasının qızıdır! Soruşacağam sən hardan tanıyırsan mənim gəlinimi, nə bilim nə cavab verəcək?! Üstündən keçdim, guya, mənə heç nə demədi... Yazıq Ömər... Gül kimi tərtəmiz, başıaşağı, üzüyola, fağır uşaqdı, incə qəlblidi, düşüb bu canavarların cənginə... Bunların da, Əbdül Qafarzadəgili deyirəm, bir oğlu varıydı Orduxan adında. Cavan oğlanıydı, lakin arvadbazın biriydi. İşi-peşəsi camaatın arvadını əlindən almaq idi, camaatın arvadına sataşmaq idi. Əbdül İraq konsulunun «Mersedes»ini mənim adıma alıb – beləcə mənim adımdan o qədər istifadə edir ki, heç özümün də xəbərim olmur – vermişdi oğluna, o da maşını Bakının küçələrində 100-lə sürürdü, özü də idmançı idi, voleyboldu – nədi, onnan oynayırdı. Əbdül onu yığma komandaya saldırmışdı, həftə səkkiz, mən doqquz – Türkiyədə idi, Braziliyada idi, Yaponiyada idi. Mən boyda yazıçı ömrümdə bircə dəfə Bolqarıstanda turist olmuşam, lakin bunun o Orduxan oğlu Hindistandan vurub ABŞ-dan çıxırdı. Bir həftənin içində qripdən getdi, çünki göydə Allah gördü bu ədalətsizliyi, atanın da, oğulun da pozğunluğunu, cəzalandırdı onları. Düzdür, mən ateistəm, lakin görünür, hansı bir qüvvəsə var, cəzalandırır... Başımda onun ölməyi haqqında bir roman var, lap hazırdı, oturub qələmə almaq lazımdı, lakin qorxuram, yazaram, Əbdül də oxuyub başa düşə, ondan sonra di gəl də... Lakin daha oxuya bilməyəcək... Orduxan öləndən sonra, Yeni il ərəfəsində ölmüşdü, o atbalaxanım qız, yəni mənim o gəlinim hər il Yeni ildə yazıq Öməri məcbur eləyir ki, yeddi gün səhərdən axşamacan pianinoda ölü havaları çalsın. Kimə deyəsən?.. Nə isə... Hə, o gün zəng eləyib deyir ki, «–Hara baxırsan, sənin kitablarındı». Yəni ki, mənə görə nəşr eləyirlər sənin kitablarını. Mən də yaxşı cavab verdim, belə lap möhkəm cavab verdim, özümün də xoşuma gəldi, dedim: «–Yazıçının gərək kitabı olsun də!»Güldü, lakin budəfəki gülməyində nəsə bir sınıqlıq var idi, yazıçıyam axı, o saat tutdum. «– Mürşüd, – dedi, – axı, sənə bir işim düşüb...» Qulaqlarıma inanmadım, yəni bunun da mənə işi düşə bilər?.. Bu qədər müddətdə birinci dəfəydi mənə belə söz deyirdi... Fikirləşdim ki, yəqin indi bu da bir fırıldaqdı. «– Buyur» – dedim. « – O sənin bir dostun var e, professor...» «– Hansı professor?» – soruşdum. «– Əşşi, Səmədbəylidi, Əhmədbəylidi, nədi?» «– Mürsəlbəylini deyirsən bəlkə?» «– Hə, – dedi. – Mürsəlbəyli. İstəyirəm bir səninlə gedək, özümü ona göstərim». At kimi sağlam adamdı, toyuğun budunu sümüyüylə bir yerdə yeyir, buna nə olub belə? « – Sən hara, həkim hara, ay Əbdül?» – dedim. Güldü, lakin yenə də sınıq güldü – yazıçıyam də!.. « – Yox, – dedi, – elə, bir şey yoxdu. Dünən həkim Bronşteynin yanına getmişdim, məsləhət gördü ki, özümü bir yaxşı mütəxəssisə göstərim...» Şahların saray həkimi olan kimi, həkim Bronşteyn də bunların ev həkimidi. Harayhəşirçinin biridi. Ömərgilə də on beş gündə bir dəfə gəlib o baxır. Tanıyıram, tərifləyirlər, nədi, nədi, yəhudidi... Yəhudi ki, oldu, deməli, yaxşı həkimdi...
17. Kak dela?Xədicə arvadı Tülkü Gəldi Qəbiristanlığında yox, Bakıdan xeyli aralıdakı Təzə qəbiristanlıqda dəfn elədilər və çörəkçi Ağabalanın arvadı birinci dəfəydi ki, Təzə qəbiristanlığı görürdü, yana-yana:– Vay, vay, vay!.. – dedi. – Ağəz, bura lap mikrorayondu ki!
18. İntiharAxşam düşhadüş idi və o aprel axşamı kimsəsiz çimərlikdəki talvarların, uzun kətillərin qışdan sonra hələ də rəngini itirməmiş rəngbərəng taxtaları, dəmir dirəkləri, iri və rəngbərəng brezent çətirlər yağışın altında tamam islanmışdı, qərbə tərəf axan topa-topa yaz buludlarının arasından hərdən bu yerlərə gün işığı düşürdü və o zaman o rəngbərəng brezent də, talvarların və uzun kətillərin rəngbərəng dəmir dirəkləri, taxtaları da, elə bil, o gün işığına sevinib parıldayırdı; sahilə cuman dalğalar ağappaq köpüklənmişdi və Gicbəsər qara gözlərini dənizin və topa-topa axan buludların bozluğu içində o ağlığa dikmişdi, sahilə çırpılan o dalğalara baxırdı.Sonra yağış birdən-birə başladığı kimi, birdən-birə də kəsdi və uzaqda güclə sezilən üfüq xəttindən buludların arası ilə yavaş-yavaş qövsi-qüzeh görünməyə başladı və o qövsi-qüzehin yaşıl, sarı, göy, qırmızı rəngi get-gedə lap aydınlaşdı. Çimərliyin düz qarşısında üfüq xəttindən qalxmış o qövsi-qüzeh buludların arası ilə dövrə vurub buralardan xeyli uzaqlarda yenə də üfüq xəttində qurtarırdı.
İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti(Sənədli romandan fraqmentlər)*1
Стихи других поэтов
— İsmayıl:Başına döndüyüm, qurban olduğum
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Məndən, səba, de ol gülə: qurbanınam, seninMəndən, səba, de ol gülə: qurbanınam. senin,Rəhm etgilen bu bülbüle, quıbanınam sənin,