Страница 2 из 2 · 50%

Solmaz, Məmmədbağır üçün çay gətirdiyi stəkanı əlindən salıb sındırdı. Sonra yüzillik sükut çökdü. Sonra Solmaz qışqıra-qışqıra gəlib Məmmədbağırın qolundan dartdı ki, bu saat dur çıx bizim evdən, bir də buralara ayaq basma. Şahin qımıldandı yerində. Hövlnak yerindən qalxıb gəlmiş Gülü xala Şahinin çarpayısına tərəf qaçdı.

Məmmədbağır yavaş-yavaş ayağa qalxdı, dedi ki, mən çay içməyib gedərəm, amma sizə baha başa gələr ha; sonra üzünü Şahin tərəfə tutdu. Solmaz o saat dedi ki, otur, otur, dedi, indi çay gətirirəm, iç sonra get.

Məmmədbağır yerində oturdu.

Yaman maxorka çəkirsən, dedim, azalt bir az, küçənin o başından gələndə bu başında maxorka iyindən dayanmaq olmur. Nə edim, dedi, deyirsən yanı maxorka da çəkməyim?

Ya Sibirdən qaçıb, ya da bir başqa yerdən, axırı ki, qaçıb gəlib Ağagül. Nə olar, qaçıb, yenə tutub göndərərlər öz yerinə, bir az da artırarlar işini, çünki on il öz-özlüyündə az deyil, amma Ağagül üçün azdır, hərçənd Ağagül bu barədə ömründə fikirləşməyib yəqin – uşaqlıqdan bələdəm ona, bir məhəllənin uşaqlarıyıq; özü də ona görə fikirləşməz ki, istəmir fikirləşsin, ona görə ki, bacarmır fikirləşməyi; fikirləşmək üçün gərək adam olasan, Ağagül adam deyildi, şübhəsiz.

Ağagülün atası Əzizağa keçən il camaatın yanında dedi mənə: «Alə, ay oğraş, girmədün yerə, satdun uşağı? Əybi yox...» Eybi yox, yəni ki, borclu borclunun sağlığını istər.

İstəsin də, sağlığını istəmir, lap nəyini istəyir istəsin, bəsdir daha.

Ağagül, Qasımı bizim dalanın qabağında bıçaqladı, günün günorta çağında, azı iyirmi-iyirmi beş nəfərin gözü baxa-baxa. Təkcə mən şahid durdum üzünə; özü də məndən xahiş eləyən-zad yox idi, Qasımdan da zəhləm gedirdi, çünki elə Qasım da Ağagülün tayı idi. Şahid durdum ona görə ki, həmin iyirmi-iyirmi beş nəfərin hamısı danırdı ki, bir şey görməyb; ona görə ki, həmin iyirmi-iyirmi beş nəfərin hamısından zəhləm gedirdi; ona görə ki, Ağagül adam deyildi. Ağagülü «satdım», çünki birinci dəfə idi məhəllənin qanunu pozulurdu, yaxşı da olurdu pozulurdu, çoxunun da canından idi bu, amma mən satqın idim.

Məmmədbağır ayağa qalxdı, sonra dedi ki, Allah şəfa versin. Sonra getdi. Şahin yatmışdı. Gülü xala mətbəxdə idi, Məmmədbağırın şorba yediyi kasanı, qaşığı, çay içdiyi stəkanı qaynadırdı. Solmaz mizin arxasında oturub heç nə danışmırdı. Soruşdum ki, nə olub, yenə? Dedi ki, nə olub, heç nə, hər şey öz qaydasındadır. Bəsdir, dedim, heç nə olmayacaq, qorxma. Dedi ki, qorxub-eləmirəm, nə olacaq ki, əlbəttə, heç nə olmayacaq. Gedim bir az uzanım, dedim, saat on ikiyə işləyib, lap az qalıb, sabah səhər açılacaq, hər şey yenə əvvəlki kimi olacaq, iyirmi gün bundan qabaqkı kimi yenə əla olacaq hər şey; elə-belə uzanıram yerimdə, yatmıram; mən yanındayam, həmişə yanındayam, dedim, mənim üçün də qorxub-eləmə; Kazımlı dedi ki, hər şey yaxşı olacaq, böhran keçib gedib, işdi-şayətdi dedi...

Sonra o biri otağa keçib çarpayımızda uzandım. Sonra qapı cəftəsinin səsini eşitdim, yəqin Solmaz bayır qapısını təzədən yoxlayırdı. Sonra Gülü xala ilə Solmazın səsi gəldi, nə danışdıqlarını eşitmirdim. Sonra xəstəxanaya girdim elə bil, hər tərəfdən dərman iyi gəlirdi. Sonra yavaş-yavaş külək əsməyə başladı...

Ağagül başının üstündə çəkic fırladırdı; stadion ağzınacan dolu idi, hamısı da bizim məhəllənin adamları, çığır-bağır salmışdılar, Ağagülə ürək-dirək verirdilər.

Ağagül uzun göy dizlik geymişdi, əynində rəngi saralmış tor köynək var idi, başına qara kepka qoymuşdu, damağında da papiros.

Ağagül sısqa qolları ilə ağır çəkici başı üzərində fırladırdı ki, uzağa atsın.

Sonra çəkic Ağagülün başı üzərindən qalxdı göyə.

Sonra bütün stadion ayağa qalxdı.

Ağagül bir əli belində, papirosdan qullab vurub tüstünü bir-bir stadiondakıların üzünə buraxırdı.

Sonra göydə çəkici gördüm, gördüm ki, bu çəkic deyil, bu Şahindir.

Ağagülün yaxasından yapışıb silkələyirdim.

Sonra Məmmədbağırı gördüm, dedi ki, məni niyə silkələyirsən, sənə nə pisliyim keçib, burax məni, hamama tərəf gedirəm.

Ağagül hanı, dedim, hanı Ağagül?..

Gülü xala qışqırırdı ki, dur ay evi viranə qalmış, dur, uşaq gedir əldən, dur demirəm sənə, getdi uşaq...

Hara getdi, dedim, hara getdi uşaq, nə ağzına gələni danışırsan, yekə arvadsan, ayıbdır səninçün, necə yanı getdi uşaq?!

Şahinin sinəsi tavana dəyib qayıdırdı, yenə tavana qədər qalxıb qayıdırdı. Sonra yenə tavana dəyirdi.

Solmaz qışqırdı ki, yox buraxmaram səni, buraxmaram səni, heç hara getməyəcəksən; sonra qolumdan yapışdı Solmaz, dedi ki, olmaz, qoymaram, getmə. Burax dedim, burax qolumu, Kazımlıgil yaxındır, dedim, özü demişdi ki, gəl durğuz o saat məni, qorxma, dedim, heç nədən qorxma, beş dəqiqəyə gəlirəm, beşcə dəqiqəyə gəlirəm. Sonra onu itələyib dalana çıxdım, sonra küçəyə çıxdım, sonra yüyürməyə başladım.

Mənə elə gəldi ki, indi canavar görəcəyəm, iki gözü parlayacaq bu zülmətdə, sonra yadıma düşdü ki, haçansa qəzetdə oxumuşdum: bir çoban çomağı ilə dörd canavar öldürüb.

Bir canavar çomağı ilə dörd canavar öldürüb, çünki bu canavarlar qoyuna girişirmişlər, çünki bu qoyunların arasında quzular da var idi, hərçənd canavarların da küçükləri var idi, yəqin ki, onlar da yetim qalacaqdılar, yəni bəraət eyni idi, amma bir çoban dörd canavar öldürdü.

Bir çoban dörd canavar öldürüb.

Tez.

Tez.

Tez.

Məhəlləmizin aşağı başında iki tut ağacı var idi, «Qoşa tut» deyirdik, bu «Qoşa tut»un ətrafı məhəlləmizin cəngəlliyi idi; hamının yolu buradan keçib-gedirdi. Bax, Fazili burada vurmuşdular gecə, Ələkbəri də burada vurmuşdular, Ağarzanı burada vurmuşdular.

Bıçaqla olsa bacararam.

Tez.

Tez.

Tez.

Heç olmasa elə vuraydı ki, gedib Kazımlını evə göndərə biləydim, gələydi uşağın üstünə. Gələydi uşağın üstünə.

Yerimdə mıxlandım, sonra dedim ki, burax məni, burax məni, dedim, nə işin var, qalsın sonraya, indi burax məni. Soruşdu ki, buraxım? Dedim, hə, burax. Anaşadan saralmış sifəti ay işığında güldü, alə, dedi, nə gic-gic danışırsan, iki gecədir tutluqda titrəyə-titrəyə səni gözləyirəm, necə yəni burax məni? Alə, bütün mələnin papağını soxmusan yerə, adam satırsan, indi deyirsən məni burax? Alə, nə çaqqal uşaqsan sən?! Şahin xəstədir, dedim, Şahin ölür, dedim, həkim dalınca gedirəm, Şahini ki, tanıyırsan. Bəs, sən Orxanı tanımırsan dedi, tanımırsan Orxanı? Tanımırdın Orxanı bəyəm atasının üzünə durub tutduranda? Tanımırdın Orxanı məni tutduranda? Nə vaxt, hara desən gələrəm, dedim, indi burax məni. Burada yeddi güllə var, dedi, yeddisi də səninçündür. Gedək, dedim, bir yerdə gedək həkimi çağırım, sonra vur, sonra nə eləyirsən, elə. Məni nə hesab eləyirsən, dedi, kim hesab eləyirsən məni, neçə gündür çıxmışam aradan, neçə gündür ayaq üstəyəm, neçə gündür ac-susuzam, gözümü yummamışam, ölürəm, ancaq sən məndən tez öləcəksən, nöşün ki, kişi döyülsən, oğraşsan.

Sonra güllə səsi eşitdim, qışqırmaq istədim: KA-ZIM-LI! Qışqırmaq istədim ki, KA-ZIM-LI! Amma vaxtım çatmadı – yenə güllə səsi eşitdim, sonra dəmir cingildədi, sonra Ağagülün zənlə baxan gözlərini gördüm, canavar gözlərini, sonra qışqırdı ki, alə, nə geymisən altdan, dəmir geymisən əyninə? Dəmir geymisən ki, güllə dəyməsin sənə? Bilmirsən ki, kəllənə boşaldaram gülləni?

Yenə güllə açıldı, sonra yenə dəmir cingildədi, yenə bir güllə, yenə dəmir cingildədi.

Sonra bütün ətrafa ölü sükut çökdü, tut yarpaqlarının xışıltısı da bütün bu aylı gecə kimi öldü.

Udquna-udquna dedi ki, adə, nə eləmisən özünə, güllə nöşün başıva dəyib yerə düşür, neyləmisən, alə? Sonra qışqırdı ki, üstümə yerimə, üstümə yerimə, qışqırdı, vuraram, dayan, vuraram.

Dalbadal iki güllə açıldı, iki dəfə də dəmir cingildədi.

Bu dəfə mən alnıma dəyib yerə sıçrayan güllələrin zərbəsini hiss etdim və elə bil ki, bu zərbələr məni silkələyib özümə gətirdi: güllə məni tutmurdu, mənim bütün bədənim polad zirehə dönmüşdü.

Ağagül əlindəki tapançanı yerə atıb qışqıra-qışqıra qaçdı – görünür görkəmim dəhşətli imiş.

...İndi də bu əhvalat barədə fikirləşəndə bəzən tərəddüd bürüyür məni: bu həqiqət idimi? Doğrudanmı, o gecə mən Ağagüllə görüşdüm və onun atdığı güllələr məni tutmadı, mənə dəyib yerə düşdü? Fəqət bu tərəddüd əbəs idi, çünki Ağagül əlindəki tapançanı atıb qaçmışdı, mən həmin tapançanı götürmüşdüm, bu, həqiqi tapança idi, içində qalmış güllə də həqiqi güllə idi; sonra həmin tapançanı hamamın yanındakı qanova atdım.

Mənə elə gəlir ki, əslinə baxsan, burada qeyri-adi, fövqəladə heç bir şey yoxdur, hərçənd bu hadisəni heç kimə danışmamışam, heç Solmaza da.

Bu axşam Şahinin çarpayısında oturub ona pələngləri necə öldürməyimdən danışırdım. Çəlik səsi gəldi: tak-tuk, tak-tuk. Solmaz gedib qapını açdı, dedi ki, gəl, gəl içəri, plov bişirmişəm, sənə də bir boşqab pay saxlamışam. Məmmədbağır dedi ki, Allah bərəkət versin, dedi ki, qoy çubuğu boşaldım gəlim. Sonra otağa girdi. Maxorka iyi evə doldu.

Solmaz Məmmədbağırın qolundan yapışıb mizin arxasında oturtdu. Məmmədbağır yerini rahatlayıb salamlaşdı: əssalam-əleykümə. Şahin dedi ki, əleykəssalam. Solmaz bir boşqab plovu gətirib Məmmədbağırın qabağına qoydu. Məmmədbağır da:

– «Ya Allah!» – deyib yeməyə başladı, sonra da yeyə-yeyə dedi ki, eşitmisiniz, Ağagül dəli olub, dünən tutublar, bulvarda barmağını uzadıb, guya ki, tapançadır, camaata bir-bir güllə atırmış? «–Bom! Bom! Bom!..»

May, 1969.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, XI

Qızıl əsgərlər hücuma keçmişdi. Böyük bəyin adamlarının daldalandığı qayalıqda baş qaldırmaq mümkün deyildi, hər tərəfdən güllə dolu kimi yağırdı, əl qumbaraları partlayırdı.Başı sarıqlı, üstü-başı qanlı, çirkli Yunis bəy arxa tərəfdən çapa-çapa qaya dibinə sığınıb dalbadal güllə atan Böyük bəyin yanına gəldi.

1 мин
İkinci hissə, XII

Gecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:

4 мин
İkinci hissə, XIII

Elə həmin gecə idi.Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...

6 мин
Balaca qırmızı çiçək

Balaca Qırmızı Çiçəyin bir gün yaşı var idi. Bircə gün idi ki, Balaca Qırmızı Çiçəyin qönçəsi açmışdı. Qıpqırmızı xırdaca ləçəkləri lap nazik idi. Elə nazik ki, kəpənək qonsaydı əzilərdi. Buna görə də kəpənəklər o Balaca Qırmızı Çiçəyin ləçəklərinə qonmurdu, kəpənəklər istəmirdi ki, o ləçəklər əzilsin, uçub gedib başqa güllərə, başqa çiçəklərə qonurdu.Kəpənəklər özləri də çox yüngül idi, qırmızı idi, ağ idi, sarı idi, adam o rəngbərəng kəpənəklərə baxdıqca baxmaq istəyirdi. Buna görə də kəpənəklər başqa güllərə, başqa çiçəklərə qonub Balaca Qırmızı Çiçəyə baxırdı, Balaca Qırmızı Çiçəyin yüngüllüyünü hiss edirdi, qıpqırmızı xırdaca ləçəklərinin zərifliyini görürdü və kəpənəklər də dünyada belə gözəl qırmızı çiçək olduğu üçün sevinirdi.

3 мин

Стихи других поэтов