İkinci hissə, XIII
Elə həmin gecə idi.
Fəxrəndə xanım, Hümmət, bir də bir başqa atlı yaraqlı-yasaqlı Qala həbsxanasının aşağı başında, uçurumun yanında dayanıb gözləyirdilər. Onların yanında dördüncü at da vardı, yəhərli, qayışı tüfəngli, amma yiyəsiz at. Bu at da öz yiyəsini gözləyirdi...
...Yapıncısı çiynində, papağını gözünün üstünə basmış, ağzını, burnunu şalla örtmüş bir atlı da Ərimgəldi tərəfdən Qala həbsxanasına çapırdı və bu atlının da yanınca beli yəhərli, qayışı tüfəngli boş bir at çapırdı...
...Şahnaz xanım Qala həbsxanasının darvazasına yaxınlaşıb qapının dəmir çəkicini döyəclədi.
Valeh darvazaya yaxınlaşıb:
– Kimdi? – soruşdu.
– Komissarın arvadıdı!
Valeh Şahnaz xanımın səsini tanıdı, darvazanın qapısını açdı.
Şahnaz xanım tələsik:
– Nicatdan izin almışam, Böyük bəylə görüşə gəlmişəm, – dedi.
Valeh tərəddüd etdi:
– Yoldaş komissar mənə bir söz deməyib...
– Mənə inanmırsınız?
– İnanıram, yoldaş komissar arvadı, amma...
– Tez edin, mən Böyük bəylə cəmi üç dəqiqə danışıb gedəcəyəm.
Valeh tərəddüd içində qalıb dayanmışdı.
– O mənim qardaşımdı axı, bilmirsiz?
– Bilirəm...
– Tez eləyin!
Valeh darvazanın qapısını içəridən bağlayıb:
– Dayanın burda, – dedi və həbsxananın pilləkəni ilə yuxarı qalxdı.
Bu üçmərtəbəli kiçik həbsxananın artırmaları həyətə baxırdı və bu kiçik həyət üç tərəfdən də hündür daş hasarla əhatəyə alınmışdı...
... Yapıncılı atlı Qala həbsxanasının hasarına çatıb dayandı. Yanındakı boş at da dayandı. Yapıncılı atlı atın belindən kəmənd götürüb hasarın başında çoxdan hədəf elədiyi sal daşa atdı. Kəməndin ucu hasarın başındakı daşı aldı və yapıncılı atlı:
– Ya Allah! – deyib atın belindən kəməndlə üzüyuxarı qalxmağa başladı...
... Valeh pilləkənləri aşağı düşüb:
– Yoldaş komissar arvadı, – dedi. – Böyük bəy gəlmədi. Deyir sizlə görüşmək istəmir.
Şahnaz xanım eyni soyuqqanlılıqla:
– Gedin deyin ki, mən ona çox mühüm bir xəbər verməliyəm.
Valeh yenə tərəddüd içində dayanıb qaldı. Hiss olunurdu ki, bütün bu əhvalat bu cavan oğlanın xoşuna gəlmir.
– Xahiş edirəm, Valeh.
Valeh ikinci dəfə yuxarı qalxdı...
...Yapıncılı adam hasarın üstünə dırmaşdı və oradan aşağı baxdı. Hasarın üstündən həbsxananın zəif işığı altında həyət ovuc içindəymiş kimi görünürdü...
...Böyük bəy əlləri arxasında, Valeh də əlində tüfəng onun ardınca pilləkənləri aşağı düşdülər.
Böyük bəyin ilk sözü bu oldu:
– Nəyə gəlmisən?
Şahnaz xanım qardaşına baxdı. Böyük bəy bu aylar ərzində on beş il qocalmışdı, saçı-saqqalı tamam ağarmışdı. Həmişə səliqə ilə geyinən bu kişinin üz-gözünü tük basmışdı, pal-paltarı çirkin-pasın içindəydi, amma, başını yenə dik tutmuşdu, addımları, hərəkətləri yenə də əvvəlki kimi sərrast, qəti və sanballı idi.
Şahnaz xanım bu dəfə Valehə baxdı və Valeh də bu baxışların mənasını başa düşüb, istər-istəməz, kənara çəkildi, amma əlindəki tüfəngi hazır tutmuşdu.
Şahnaz xanım dedi:
– Bu saat qala uçurumunun yanında yəhərli bir at səni gözləyir, qardaş. Qaç, özünü qurtar. Al bunu. – Şahnaz qoynundan tapança çıxarıb ehmalca Böyük bəyə tərəf tutdu ki, Valeh görməsin.
Böyük bəy tapançaya baxdı.
– Mənə acıyırsan, hə? – dedi, Böyük bəy. – Bilirsən ki, güllələyəcəklər məni, qurtarmaq istəyirsən, hə? Niyə qaçım, yenə də on nəfər bolşevik öldürüm, on beş nəfər də qurban verim? Sonrası nə olsun? Get! Görmək istəmirəm səni! Hərdən vaxt tapıb fikirləşirdim sənin haqqında, elə bilirdim ki, yenə də istəyirəm səni, amma indi görürəm ki, kəsib atmışam səni ürəyimdən! Baxa bilmirəm üzünə sənin! Qaçıb Arazı keçim, canımı qurtarım? Qaçardım, bolşeviklərlə bacarmaq mümkün deyil. Gedib o tayda bir gün ağlardım özümə. Fəxrəndə də xoşbəxt olardı... – Daha Böyük bəy özünü saxlaya bilməyib elə danışırdı, elə bil, dünyanın ən pis adamına, dünyanın ən namussuz, ən iyrənc məxluquna söyüş söyürdü. – Amma sənnən almaram o tapançanı. Belə binamusluq yaraşmaz mənə. Məni evimdən-eşiyimdən eləyib çöllərə salan bir adamı gecələr qucağına alan bacının əllərindən iyrənirəm mən!..
Şahnaz xanım dəhşət içində təkcə elə bunu pıçıldayırdı:
– Böyük!.. Böyük!.. Böyük!..
Böyük bəy Valehə üz tutub:
– Gedək, qarovulçu, gedək – dedi. – Dustağından muğayat ol!
Böyük bəy həbsxananın pilləkəninə tərəf addımladı.
Valeh bir dustağa, bir də komissar arvadına baxıb əvvəlcə darvazanın qapısını açdı və Şahnaz xanım da ayaqları ayaqlarına dolaşa-dolaşa həbsxananın həyətindən çıxdı.
...Fəxrəndə xanım onlara tərəf gələn Şahnaz xanımı görüb irəli çapdı:
– Nə oldu, qız? – soruşdu. – Hanı Böyük?
Şahnaz xanım, elə bil, heç nə eşitmədi, Fəxrəndə xanımın yanından ötüb uçuruma yaxınlaşdı və birdən-birə əlindəki tapançaya baxa-baxa lap astadan oxumağa başladı:
Aman ovçu, vurma məni,
Mən bu dağın maralıyam.
Yaralıyam, yaralıyam,
Mən bu dağın maralıyam...
Və elə bu zaman Şahnaz xanım ürəyinin başına sıxdığı tapançanın tətiyini çəkdi.
Güllə səsi həmin gecənin sakitliyini pozdu.
Fəxrəndə xanım özünü atdan atıb:
– Şahnaz! – qışqırdı.
Şahnaz xanım qaya parçasının üstündə sərilib qalmışdı və ay işığında qızın solğun üzü gülümsəyirdi, dodaqlarının qırağından isə qan süzülürdü...
...Pilləkənləri qalxan Böyük bəy güllə səsi eşidib ayaq saxladı. Valeh də geri çönüb güllə səsi gələn tərəfə baxdı.
Bu dəm hasarın üstündəki yapıncılı adam kəməndi atdı və kəməndin atılmasıyla da Valehin əlinin-qolunun bədəninə sarılıb pilləkənlərdən yerə aşması bir oldu.
Yapıncılı adam:
– Haydı, Böyük! – qışqırdı. – Darvazanın qabağında at gözləyir səni!
Böyük bəy hasarın üstünə baxdı. Yapıncılı adam daha yox olmuşdu. Böyük bəy bir ildırım sürətilə aşağı atılıb əli-qolu bağlı yerdə çapalayan Valehin cibindən açarı çıxardı, darvazaya atılıb qapını açdı və Böyük bəy eşiyə çıxanda artıq yapıncılı adam at belində darvaza önündə idi, yəhərli boş at da yanında.
Böyük bəy boş atın belinə sıçradı və hər iki atlı üzüaşağı çapıb ay işığında gümüş kimi ağara-ağara qıjıltıyla axan Daşaltı çayına tərəf getdi...
...Çay qırağında yüyənlər çəkildi, qızmış atlar şahə qalxdı və Böyük bəy nəfəsini dərib:
– Kimsən, igid? – qışqırdı. – Kimsənsə, bu gündən qardaşdan artıqsan mənə!
– Yox! – Bağırdı yapıncılı adam. – Qanlıyıq biz son nəfəsə qədər! Axır ki, təkbətəkik səninlə!
Yapıncılı adam əl atıb üzündəki dəsmalı açdı və Böyük bəy yalnız indi Solaxay Həsənalını tanıdı.
Solaxay Həsənalı qışqırdı:
– Qaldır tüfəngi! Ya sənə verən Allah, ya mənə!
Böyük bəy tüfəngi atın qayışından dartıb çıxardı.
Həmin gecə ay işığında gümüş kimi parıldaya-parıldaya qıjıltıyla axan Daşaltı çayının qırağındakı çınqıllıqda dalbadal iki güllə açıldı və bu güllələrin açılmasıyla da Solaxay Həsənalının atdan aşıb yerə sərilməyi bir oldu.
Böyük bəy yaxına çapdı.
Bu vaxt ovçu Həsənalı güclə dirsəklənib dizləri üstə qalxdı. Böyük bəyə ikinci dəfə atmağa imkan vermədi, sol əlindən buraxmadığı tüfəngi qaldırıb tətiyi çəkdi. Həmin gecə dördüncü güllə belə atıldı və Böyük bəyin qolları yanına düşdü, bəy atın belindən sürüşüb üzüqoylu çınqıllığa sərildi.
Solaxay Həsənalı:
– Kəramətinə şükür, İlahi! – dedi və üzüüstə Daşaltı çayına yıxıldı.
Atlar kişnədi və elə bil, bu kişnərti də Daşaltı çayının qıjıltısına qarışıb axdı. Və boş atlar baş alıb çapdı, elə bil ki, sakitliyini güllə deşən bu gecədən qaçıb qurtarmaq istəyirdilər...
Sonra tamam sakitlik çökdü.
Sonra, elə bil ki, uzaqlardan bir əks-səda gəldi:
Aman ovçu, vurma məni,
Mən bu dağın maralıyam.
Yaralıyam, yaralıyam,
Mən bu dağın maralıyam...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-aman-ovcu-vurma-meni-ikinci-hisse-xiii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən:– Axşamın xeyir, a Fəttah dayı, – dedi.
V fəsilRayon evlərinin yaş taxtapuşları qaranlıqda işıldayırdı; sulu qar elə hey yağır, yağırdı. Dəmir kirəmitli taxtapuşlardan süzülüb tökülən, novçalardan gələn su sel kimi küçələrdən axırdı. Rayonun işıqları yavaş-yavaş sönürdü və bu qaranlıq içində, bu kimsəsizlikdə küçələrdəki tut, qoz, söyüd ağaclarının çılpaq görkəmi adamı daha da üşüdürdü.Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli balaca elektrik plitəsinin yanındakı taxta kətildə oturub cərəyandan qıpqırmızı qızarmış məftillərə baxırdı; bu balaca elektrik plitəsindən güclə seziləcək bir ilğım qalxırdı. Və elə bil ki, bu ilğım bayırın soyuğundan və ümumiyyətlə, dünyanın bütün əbləh işlərindən şikayət edirdi.
VI fəsilSulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı.Qulağıkəsik it səs eşidib ayağa qalxdı və bu səs salanın Ayna xala olduğunu bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı.
VII fəsilXoruzun axırıncı banından xeyli keçmişdi.Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topa-topa buludlar bir azdan yenə qiyamət edəcəkdi.