Qərib bir durnayam, ay dost, qatardan ayrı düşdüm mən,Qəfil güllə cüda saldı məni ulduzlu göylərdən.Qəfil güllə nə öldürdü, könül qurtarsın həsrətdən,Nə qoydu kam alım bir dəm uçuş adlı səadətdən.Uçardım mən, çəkinməzdim əsən yeldən, yağan qardan,Keçərdim dadlı nəğməmlə o sərhədsiz səmalardan.Ucalmaqçün yaranmışlar vüqar ilə dinər göydə,Məni dinlərdi heyrətlə günəş, ulduz, qəmər göydə.Mənim nəğməm səmalarda sanardım odlu şimşəkdi,Ürəklərlə, diləklərlə, çiçəklərlə həmahəngdi.Üfüqlər adladım gəldim qatarda öndə getdim mən,Fəsillər qaldı arxamda, soyuqda, gündə getdim mən,Fəqət bir gün qəfil güllə məni göylərdən endirdi.Aman düşmən, qəfil güllə səni candan sevindirdi.Fəlakətdir, fəlakətdir ürək sevdadan ayrılsa,Günəş göydən, ağac yerdən, balıq dəryadan ayrılsa.Fəqət mən ayrı düşdüm öz qatarımdan, qatar getdi.Mənimlə həmyaşıd, həmsöz, həmavaz durnalar getdi.Nə eybi, mən qaldım, getsin mənim pərvazım onlarla,Qanadlansın mənim nəğməm, mənim avazım onlarla.Fəqət bir iltimasım var: qatarlar durnasız olmaz,Qoy uçsun durnalar göydə, qoy uçsun nəğmələr qışyaz.Soyuq qurşun qəfil güllə, qəfil atəş yaman dərddir.Üfüqlər adlayan bir nəğməyə kim qıysa namərddir!Soyuq əllər cüda saldı məni ulduzlu göylərdən,Qərib bir durna idim ki, qatardan ayrı düşdüm mən...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке