İkinci hissə, dördüncü fəsil
Günortaya az qalırdı. Səhərdən idarədə kabinetinə qapılıb işləyən, Nəcməddinə məxsus müxtəlif şirkətlərin, kombinatların göndərdiyi pul-maliyyə sənədlərini nəzərdən keçirən, yazıb-pozmaqdan biləyi ağrıyan Elməddin qələmi cibinə qoyub kağız-kuğuzu kənara itələdi, bayaq sürücü Əhədullanın gətirdiyi qəzetləri qabağına çəkib mütaliə eləməyə başladı. Əlinə birinci keçən «Sülh» qəzeti oldu.
– Hə, Əli Tüğyan möhkəm yazır!—deyə yanında kimsə varmış kimi ucadan söylədi. — Gör nə yaxşı kağız tapıb? Deyəsən, yapon kağızıdı. Bizim ruznamənin kağızından yaxşıdı. Amma heyf ki, belə kağızda çərən-pərən çap eləyir. Özü də az qala hər nömrəsində ən çox öz yazılarını verir. Yəqin yazanı, müəllifi azdı. Neyləsin yazıq?
Baxışları ilə oxuyurdu. «Əli Tüğyan». «Biz qardaşıq» şeri. Yenə öz şerini verib — deyə Elməddin az qala bir sütunu tutmuş şeri nəzərdən keçirdi. Əsər barədə heç nə düşünmədi (çünki duşünüləsi şey yox idi). O biri materiallara diqqət yetirəndə ürəyi şiddətlə döyünməyə başladı. Çünki iri, qara hərflərlə yazılmış «Yalançı sənətkar» sərlövhəsinin altında «Ağayi Elməddinin yazıları...» sözlərini oxuyub məqalənin onun haqqında yazıldığını yəqin etdi. Bəli, hissi Elməddini aldatmamışdı. Uzun məqalənin axırında Əli Tüğyan öz imzasını qoymuşdu. Məqalədə Əli Tüğyan Elməddinin son zamanlar «Pərçəm»də dərc edilmiş lirik şerlərini, «Təqvim» hekayəsini ciddi tənqid atəşinə tutmuş, hətta, deyəsən Rəhgüzərin də, ümumən qəzetin də acığını ondan çıxmaq istəmişdi. Məqaləni oxuduqca Əli Tüğyanın qıpqırmızı sifəti gözlərinin qabağında canlanır, həyəcanlandığından sözləri yaxşı dərk eləyə bilmirdi. Tənqid eşitmək sahəsində təcrübəsi yox idi deyə çox əsəbiləşdi, özündən çıxmışdı. Ancaq dəqiqələr keçəndən sonra təbii halına qayıtdı, sakitləşdi. Və təzədən əvvəlcə ordan-burdan baxdıqca, çoxunu anlamadığı sətirləri təzədən, soyuqqanlıqla gözdən keçirdi.
«Axır vaxtlar sağlam ədəbi mühitimizə dostbazlıqla yol açmış ağayi Elməddin özünün zəif, ürəkdən gəlməyən, quru söz yığınından ibarət olan, ancaq şəxsi (!) intim hissləri təbliğ edən «şerləri» ilə bizim gözəl klassik ənənələr ruhunda tərbiyə almış yüksəkzövqlü oxucularımızda dərin bir təəssüf hissi doğurmuşdur. Bu cızmaqaraların əsl şerlə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Həmin «əsərləri» çap etməklə ağayi Elməddin də, ağayi Rəhgüzər də bizim möhtərəm oxucularımıza ancaq və ancaq hörmətsizlik edirlər ki, bu da bağışlanmaz ədəbi cinayətdir. Biz ağayi Elməddinin «Təqvim» hekayəsini mütaliə eləyəndə heyrətimizdən donub qaldıq. Səbəbi bu idi ki, hekayə adlandırılan bu cızma-qarada bir dənə də olsun həyat həqiqəti yoxdur, hekayə başdan-ayağa yalanlar, özü də, etiraf edək ki, ustalıqla düzəldilmiş yalanlar üzərində qurulmuşdur. Adını sənətkar qoymaq istəyən adam, xalqına, oxucularına necə yalan danışa bilər? Sən demə, bilərmiş. İnanmaq istəməyən, lütfən zəhmət çəkib ağayi Elməddinin «Təqvim» hekayəsini bir də oxusun; onda görərsiniz ki, analar necə yalançı oğullar doğublar. Bizim əməkdaşımız bu münasibətlə vəzarəte-ittilaat və kulturda ağayi vəzirlə müsahibə aparmışdır. Aydınlaşmışdır ki, əvvələn ağayi vəzirin (o, hələ başqa bir qəbahət də edərək ağayi vəzirin adını dəyişmişdir) Dostməmməd adında heç bir dostu və ya tanışı yoxdur. İkincisi, bizim məmləkətdə balaca, cəmi iki-üç səhifədən ibarət cib təqvimindən başqa heç bir bəzəkli şəkilli təqvim buraxılmamışdır. Üçüncüsü... Məncə, elə bunlar da ağayi Elməddinin yalan yazdığını, həyatımıza böhtan atdığını sübut etmək üçün kifayət edəcək dəlillərdir. Beləliklə, ağayi Elməddinin necə bir yalançı pəhləvan olduğu sizə aydın olur»...
Elməddin ilk zərbənin dadını bildi. Ancaq bir şeyə sevindi ki, Əli Tüğyan hekayənin əsl mətləbini anlamamışdı. Ağıllı oxucu üçün bu sözlər, Əli Tüğyanın özünün əleyhinə çevrilmiş olacaqdı. Hər halda Elməddinin həyatında birinci dəfə idi ki, tənqidin xoşagəlməz «ləzzətini» görürdü. Təkcə dostlarının yanında utanacağı Elməddini sıxırdı... Görəsən onlar bu «tənqidi» necə qarşılayacaqdı?
..Telefon səsləndi. Elməddin fikri dağınıq olduğundan aparata donuq nəzərlərlə baxdı, sanki telefonun «qışqırığını» eşitmirdi. Lakin uzun-uzadı zəng səsi əsəblərinə işlədiyindən dəstəyi götürdü:
– Bəli, eşidirəm.
– Elməddin, sənsən?
Elməddin Rəhgüzərin səsini eşidib ürəkləndi:
– Hə, mənəm, salam, ustad!
– Necəsən, pəhləvan?
Ustad heç vaxt Elməddinə belə müraciət eləməmişdi... «Oxuyub»... deyə təəssüf hissilə düşündü. «Məni biabır elədi bu müzür oğlu müzür!» Və süni surətdə güldü.
– Yaxşıyam, ustad. Oxumusan məqaləni?
– Hə, oxumuşam. Ancaq boş şeydi, ürəyini sıxma. O, səndən çox özünü biabır eləyib, Elməddin. Mətbuatdan, sənətdən az-çox başı çıxan adam Əli Tüğyanın savadsızlığına, nadanlığına gülür indi. Sən sözünü demisən, ariflər də başa düşüblər ki, sən nə deyirsən, niyə deyirsən...
– Çox sağ ol, ustad. Yaman pərt olmuşdum, düzü. Belə şey görməmişəm axı.
– Hə, onda gör mən nələr çəkmişəm. O qədər elə haqsız hücümlar olub mənə ki, sənin başının tükü sanı! Belə şeylər adamı daha da mətinləşdirir, Elməddin! Mübarizəmiz yeni, daha gərgin mərhələyə qədəm qoyur və bu, məni çox sevindirir. Əli Tüğyanların əsl simasının ifşa olunmasına çox qalmayıb, Elməddin.
Elməddin telefonda hiss elədi ki, Rəhgüzər tək deyil, yanında kimsə var, çünki kəsik-kəsik səslər eşidirdi. Ona görə xəbər aldı:
– Deyəsən tək deyilsiniz, ustad, orda?
– Hə. Tək deyiləm. Məleykə bacın bayaqdan böyrümü deşib ki, ver mən də danışım. O da yaman həyəcan keçirir, deyir ciyəri yanmış, uşaqdan nə istəyir? Yaxşı, yaxşı, al danış. Elməddin, bacın səninlə danışmaq istəyir.
– Ver.
– Alo, Elməddin qardaş, qətiyyən darıxma ha, it hürər, karvan keçər. Eşitdin?
– Hə, sağ ol, bacı.
Sonra yenə dəstəyi Məhəmməd Şəfi aldı:
– Elməddin..
– Bəli, ustad...
– Böyüyümüz də oxuyub o məqaləni... Mənə zəng eləyib dedi sizə çatdırım ki, möhkəm olsun, ruhdan düşməsin, hekayə bizim cəmiyyətin yaralı yerinə toxunur, biz, deyir, gələcəkdə o yaraları da müalicə etməli olacağıq...
– Hamınıza təşəkkür eləyirəm, Ustad.
...Ağayi Nəcməddin qəzet oxuyan deyildi. Onunku qədim şairlərin nəfis şəkildə çap edilmiş divanlarını mütaliə edib ləzzət almaqdı; bir də tanış şairlərin təşkil etdiyi şer məclislərinə getməyi xoşlardı. Qəzeti isə...
Bu gün «Pole-Mahmud xanın» yanından keçərkən, küçələrdə maşın çox olduğundan, azca ləngiməli olmuşdu. Qəzetsatan uşaqların qışqırığını eşitmişdi:
– «Sülh»ün təzə nömrəsi var ha... Şair Elməddinin atasını yandırıblar. Alın, oxuyun, peşman olmazsınız, ağalar, xanımlar!..
«Şair Elməddin» adını eşidən kimi Nəcməddinin dalağı sancdı, maraqlandı. Maşını yolun azca sağına verib saxladı və qəzetsatan ayaqyalın uşağı çağırdı:
– Beçə, o beçə, mənə bir ruznamə gətir! Başıaçıq, ayaqyalın, sol qolunun üstünə bir dəstə qəzet atmış oğlan asta-asta keçib-gedən maşınların qabağından şütüyüb Nəcməddinin yanına qaçdı:
– Buyur, ağa, şair Elməddinin...
– Yaxşı, yaxşı... — deyə Nəcməddin əsəbiliklə oğlanın ovcuna bir metal beşlik basıb qəzeti aldı. Və açıb baxmamış böyrünə atıb düz evə sürdü.
Zərrintacla Dünya divanda oturub söhbət eləyirdi. Nəcməddinin qanıqara olduğu sifətindən bilinirdi. Salamsız-kəlamsız gəlməsi də buna dəlalət eləyirdi. Dünya o saat dikəldi:
– Nə olub, ağam?
– Elə bir şey deyil. Daha doğrusu hələ bilmirəm nə olub. Onu bilirəm ki, Elməddini ruznaməyə vurublar.
– Ruznaməyə vurublar? — deyə Dünya təəccüblə soruşduqda ağası donub qalmış Zərrintaca ötəri nəzər salıb qəzeti stolun üstünə atdı. Qızların ikisinin də əli birdən irəli uzandı, ancaq Zərrintac qabağa düşdü.
– Bərkdən oxu, biz də qulaq asaq, qız! — deyə Nəcməddin qarşıdakı kresloya yayxandı. Zərrintac qəzeti xışıldada-xışıldada açıb məqaləni tapdı və ucadan oxumağa başladı. Heç kəs dinib-danışmadan qulaq asdı. Zərrintac qurtarandan sonra sükut çökdü. Üçü də dəhşətli bir şeyə baxırmış kimi stolun üstünə atılmış qəzetə gözlərini zilləmişdi. Nəhayət, Nəcməddin ağır-ağır dilləndi:
– Əli Tüğyanın işidi. Yanıqlıdı o, Elməddindən, Rəhgüzərdən. Ona görə, ağzına gələni yazıb... Ruznaməfüruş uşaq elə haray-həşir qoparırdı ki, gəl görəsən... «Şair Elməddinin atasını yandırıblar!» — deyə bağırırdı.
Zərrintac əsəbiliklə yerində qurcalandı:
– Vay, daha denən bütün şəhərdə rüsvay olduq da! — dedi. — Axı deyən gərək sənin Əli Tüğyandı, nə zibildi, onunla nə işin var ki, o da səni belə rüsvay eləsin?
Dünya xanım sözə qarışdı:
– Hekayəsindən başım çıxmadı, ancaq şerləri barədə o Əli Tüğyan gözünün içinəcən yalan deyir. O şerlər bizim mahnılarımız kimi gözəldi, ürəkoxşayandı.
– Eh, — deyə Nəcməddin son sözünü dedi: — Bineyi-qədimdən bu qələm əhli həmişə bir-birilə vuruşub, indi də vuruşur, gələcəkdə də vuruşacaq. — Zərrintacın pərt olduğunu görüb üzünü ona tutdu: — Darıxma, qızım.
– Eh, mən niyə darıxıram, qibləgahım? Mənə nə dəxli var? Qoy nə qədər vuruşur-vuruşsun. Özünə eləyəcək axırda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-ikinci-hisse-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əbdül bu gözlənilməz mənzərədən nə qədər çaşsa da uşağı beşiyinə qoymağı unutmadı. Sonra addım-addım irəli gəldi. Dünyanın tavana zillənmiş açıq gözlərinə heyrət içində bircə anlığına baxdı və Nəcməddinə sarı çevrildi:– Sən neylədin, ağa?
Dördüncü hissə, on dördüncü fəsilYerin-yurdun qalın qarla örtülməsinə baxmayaraq, ertəsi günü, gözlənilmədən öldürülmüş Vəlixanın təziyə mərasiminə çox adam gəlmişdi. Mərhum atasının dostları, özünün iş yoldaşları, tay-tuşları, qohum-əqrəbası... Otaqlar adamla dolmuşdu, həyətdə dayanıb söhbət edənlər də çoxdu. Meyit iri dəhlizdə, ortalıqda qoyulmuşdu. Üzünə qara örtük çəkilmişdi. Kişilər dövrə vurub oturmuşdular. Qadınlar isə deyəsən yan otaqda idilər — çünki ordan qadın ağlaşması, «Can bala», «Dünyadan nakam gedən oğul!» — deyən ana iniltisi eşidilirdi. Ağayi Nəcməddin içəri girəndə hamı yerindən tərpəndi: hörmət, ehtiram əlaməti olaraq ona yuxarı başda, xalça üstündə yer göstərdilər. O, razılıqla başını tərpədib göstərilən yerdə bardaş qurub oturdu. Mərhumun kiçik qardaşı, boyda-buxunda, şəkildə-şəmayildə eynən Vəlixana oxşayan Əlixan meyidin sağ tərəfində əlləri qoynunda, ayaq üstə dayanmışdı. Nəcməddin sakit idi. Ürəyində zərrəcə qorxu, həyəcan hiss eləmirdi. Elə bil, bu qanlı müsibətin ona zərrəcə də dəxli yox idi. Hələ öz daxili aləminə bir az dərindən nüfuz eləyəndə, bəzən bu işindən məmnun olduğunu da duyurdu. Onun dünyasında, haqq-ədalət öz yerini tutmuşdu—namərd, namus oğrusu cəzasına çatmış, qanına qəltan olmuşdu. O, intiqamını almış, toxtamışdı. Bəlkə elə buna görə idi ki, iki cavan öldürülmüş bu ötən qanlı gecədə, on beş gündən bəri bircə an da göz qırpmayan, çimir eləməyən o, beləcə şirin-şirin, demək olar ki, ölü kimi yatmışdı və hətta yuxu da görməmişdi. Bəlkə elə buna görə idi ki, indi çox gümrahdı, arxayın və sakit idi. Nəcməddin oturanlara ötəri nəzər salıb üzünü Əlixana tutdu:– Bu nə müsibətdi sizin başınıza gəldi, ay oğul? Əlixan ağlamaqdan qızarmış gözlərini Nəcməddinə sarı çevirdi:
Dördüncü hissə, on beşinci fəsilElməddin ağayi Nəcməddinin çarpayısı yanında oturmuşdu. Kişi yenə yumağa dönüb balacalaşmışdı, yorğan-döşəyin içində itirdi az qala. Çox arıqlamışdı, gözləri çuxura düşmüşdü. Elməddinin bu vəziyyətdə ona yazığı gəlirdi. Nəcməddin isə bunu sanki onun üz-gözündən oxudu və incik-incik dedi:– Görürəm mənə yazığın gəlir. Yox, oğul. Mənə yazığın gəlməsin. Mən xoşlayıram ki, başqalarına mənim ürəyim yansın, halına acıyım. Amma mənə yox. Mən onda özümü çox pis hiss edirəm, Elməddin. Mən həyatımı yaxşı yaşamışam, ürəyim necə istəyib, nə istəyib onu da eləmişəm. Bu dünyanın heç bir nemətində, ləzzətində gözüm qalmayıb. Dünyanın qanunudur: bir gün yaranan bir gün də öləcək. Mən o dəhşətli hesab edilən ölümdən də qorxmuram. Onunla görüş — çoxunun qorxduğu və dizlərini titrətdiyi görüş cəmi bircə andır. O anı ləyaqətlə qarşılamağı hər kişi bacarmır, amma sənin bu qoca Nəcməddinin ondan da qorxmur.
Dördüncü hissə, on altıncı fəsilİnsan həyatının bəzən elə günləri olur ki, bir ömrə bəs eləyə biləcək sevinci də yaşayır, kədəri də. Elə sevinir ki, özünü dünyanın ən bəxtəvər adamı hesab eləyir, yerə-göyə sığışmır, şadlığından gözləri yaşarır. Elə həmin gün də elə kədərlənir ki, özünü dünyanın ən bədbəxt adamı sayır, bir az əvvəlki xoşbəxtliyindən əsər-əlamət qalmır, unudulur, gözləri kədər yaşları ilə dolur. Bəli, insan həyatında belə təzadlı gün də ola bilər.... Elməddinin ilk kitabı bu gün çapdan çıxıb satışa buraxılmışdı. Həcmcə çox da böyük olmayan göy cildli məcmuəyə onun şerləri və hekayələri toplanmışdı. Müəllifi də özü idi, rəssamı da. Redaktoru Məhəmməd Şəfi Rəhgüzər — onun ustadı, böyük şair, qardaşı idi. Əslində kitabı nəşr etmək məsələsini də ustad özü ortalığa atmışdı, əsərlərini alıb saf-çürük etmiş, seçib yaxşılarını, xoşuna gələni saxlamışdı. Elməddin etiraz eləyib «hələ tezdi, ustad!» — demişdisə də, Şəfi razı olmamışdı; «Vaxtındı, Elməddin. Şairdə təvazökarlıq yaxşı şeydi, bəyənirəm, ancaq yaxşı əsərləri çap etməmək özü də bir günahdı, qardaş!» — demişdi. Elməddin naçar qalıb yazılarını vermişdi, lakin qəribə idi ki, sonra kitabının çıxmasını çox böyük bir intizarla gözləməyə başlamışdı. Bu intizar ilk körpəsinin dünyaya gəlməsini közləyən ana intizarına bənzəyirdi — həm şirin idi, həm əzablı idi, həm də... bir az qorxulu idi. O bilirdi ki, sənət yolu uzun, çətin, daşlı-kəsəkli, eyni zamanda gül-çiçəkli, şan-şöhrətli bir yoldu. Ağrısı da var, sevinci də var, qanadından vurulmuş kimi torpağa — ayaqlar altına düşməyi də var. Ucalmağın — şirinlikdi, səadətdi, şöhrətdi, ən uca zirvən — ölməzlikdi. İlhamın, qismətin olmasa, ürəklərə, beyinlərə yol tapa bilməsən, kimsənin sevimlisi ola bilməzsən. Bu isə adını şair, sənətkar qoyan adam üçün bədbəxtlikdi, ölümdü — diri ikən ölü olmaq deməkdi, demək, sənin ikinci ömrün yoxdu, öləndən sonra yaşaya bilməzsən.
Стихи других поэтов
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
EdəsənBaşına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən