Ağayi Nəcməddinin kefi kök, nəşəsi sazdı. Aynabənddə qoyulmuş yumşaq divanda oturub qıçını-qıçının üstünə aşıraraq təsbeh çevirir, fit çalırdı. Günorta yatıb durmuşdu. Əsəbləri sakit, əhvali-ruhiyyəsi yaxşı idi.

Dünya evləri yığışdırıb, silib-süpürüb çəkələklərini sürüyə-sürüyə Nəcməddinin yanına gəldi, onun böyründə əyləşib başını divanın söykənəcəyinə dayayaraq:

– Vay! - dedi,— lap əldən düşdüm.

– Özünü çox yorursan, mənim əzizim! — deyə Nəcməddin çevrilib Dünyanın qəşəng üzünə, yumulu gözlərinə, yanaqlarını döyən kirpiklərinə tamaşa elədi, onun gözəlliyindən ürəyində incə, güclə sezilə biləcək bir titrəyiş duyub öz-özünə gülümsündü və düşündü: «Zalımın balasında elə bil əfsun var, sehr var. Hər görəndə uçunuram, qəlbim əsir, müti, zəif bir uşağa dönürəm qabağında. Bütün dünyanın sevinci axıb sinəmə dolur. Bu qız, bu mələk donu geymiş varlıq ya mənim ən böyük, bir də heç vaxt görə bilməyəcəyim səadətdi, xoşbəxtlikdi, tanrı mənim üçün ömrün qürub çağı göndərib. Ya da ən böyük bədbəxtlikdi, rüsvayçılıqdı, hər nə isə, Allah axırını xeyir eləsin».

– Neynim,- Dünya gözlərini açıb nazlandı,—iş çoxdu, Zərrintaca özüm qıymıram. Cavandı, qoy gəzsin, kefini çəksin. Sonra dikəlib açıq pəncərələrdən həyətə göz gəzdirdi: — Bu Əbdül ciyəri yanmış hardadı, bir çaynik çay gətirərdi, ciyərim yanır!

– Susamısan? Hə, elə mən də çay içmək istəyirəm. O beçə, ay Əbdül! —deyə Nəcməddin durub aynabənddən aşağı boylandı: — o beçə!..

Əbdül əlində bıçaq qaça-qaça gəldi:

– Bəli, ağa.

– Bura çay gətir!

– Baş üstə, ağa.

Nəcməddin qayıdıb yenə yerində oturdu;

– Hə, deyirsən Zərrintacı qoymursan işləsin, hə?

– Bəli, ürəyim gəlmir, elə zərif qızdı ki, Allah saxlamış! Mən qadınlığımla ona az qala vurulmuşam.

– Yox a?

– Vallah!

– Düz deyirsən, Dünya. Mənim ciyərparam qəşəngdi. Ancaq mənim üçün sən hamıdan qəşəngsən, əzizim. Dünya xanım qəmzə ilə güldu:

– Sənin gözünə elə görünür, Nəcmi. Sevirsən məni, ona görə gözündə gözələm... Sevməsən, elə-belə, adi bir qadınam... Məhəbbət sevənin gözündə çirkini də gözəlləşdirir, ilahiləşdirir,— deyirlər. Məsələn, indi Zərrintac xanımın nəzərində —deyə o ustalıqla sözü hərləyib-fırlayıb mətləb üstünə gətirdi — Elməddindən qəşəng oğlan yoxdu.

Nəcməddin yerində qurcalandı:

– Hə? Nədən bilirsən, Dünya?

– Bilirəm də... Qız Elməddini sevir, Nəcmi. Sən bir ata kimi bunu görmürsəi?

Nəcməddin çətin sual qarşısında qalmış şagird təki əvvəlcə nə deyəcəyini bilmədi, sonra kəkələyə-kəkələyə:

– Nə isə... hiss eləyirəm... Görürəm qız onu görəndə sevinir, gül təki açılır...— dedi. — Ancaq fikirləşirəm ki, o yaşda hər kəsdə belə hallar ola bilər... Bəlkə keçib-gedər...

Yox, qibləgahım, səhv eləyirsən. Daha doğrusu özünü aldadırsan. Onlar artıq danışıblar, necə deyərlər, bir-birinin ağzını arayıblar...

– Belə de!

– Hə, qibləgahım!

Nəcməddin təsbehi divanın qabağındakı stolun üstünə tulladı, zərli amerikan siqaretindən birini yandırıb damağına qoydu, tüstünü havaya buraxıb:

– Bu da işdi, sən allah, su sonası kimi qız böyüt, tərbiyə elə, gecə-gündüz üstündə əs, günlərin birində öz əlinlə ver gədanın birinə, aparsın qoysun başının altına.

– Həyatın qanunu belədi, Nəcmi. Bəs özün belə eləməmisən? Nə yoğurub, nə yapıb, hazırca kökə tapmayıbsan? Məni gətirib qoymamısan balışın altına? Yazıq atam-anam mənim bu xoş günümü körməmiş köçüb getdilər. Anam elə hey deyirdi, səni doğunca qara bir daş doğaydım, bala. Bu zamanada qız doğulmaq bədbəxtlikdi, quzum — deyərdi rəhmətlik. — O, köks ötürdü, — kaş bir möcüzə olaydı, anam-atam bircə günlüyə diriləydi, gəlib mənim bu günümü görəydi, rahat olaydı.

Nəcməddin razılaşdı:

– Düz deyirsən. Atalar demişkən, əkiblər yemişik, əkirik yesinlər. Amma hər necə olsa, adam qısqanır! Bu Elməddin də ki elə bil göydan zənbilnən gəlib düşdü ocağımızın başına. Pis oğlan deyil, insafən. İşbacarandı, zirəkdi, yaxşı qələmi var. Di gəl ki, mənim tayım deyil, əsli-nəcabəti bəlli deyil. Deyirsən, alışıb-verişiblər artıq?

– Hə, ağam. Toylarını eləyək, əl-ayaqlarını yığaq bir yerə, -deyə Dünya evin xanımı kimi məsləhət elədi.— Cavandılar, qoy yaşasınlar! — Dünya Zərrintacın Elməddinlə gəzməyə çıxdığını, söhbətlərini təfərrüatı ilə Nəcməddinə söylədi.

Nəcməddin qaşlarını alnının ortasına qaldırıb ovurdlarını köpürdərək «pıff» elədi və çarəsiz adamsayağı:

– Nə deyirəm ki, Dünya?—dedi.— Atalıq borcumuzu yerinə yetirməliyik, yetirək!

Nəcməddin Dünyanı evinə gətirəndən sonra, Elməddinin buraya gəlib-getməsindən yana gizlində, ürəyinin dərinliklərində xeyli narahatçılıq hiss eləməyə başlamışdı. Ona görə yox ki, Elməddinə etibar eləmirdi. Yox, Elməddin çox başıaşağı, əxlaqlı, çörək kəsdiyi evin qeyrətini çəkməyi bacaran bir oğlan təsiri bağışlamışdı ona. Kişi ilk dəfə Dünya ilə onun bir məclisdə iştirak elədiyi gün də, sonralar da gözaltı baxıb fikir vermişdi və əmin olmuşdu ki, Elməddin Dünyaya — Nəcməddinin sevdiyi adama başqa nəzərlə baxmamışdı, başıaşağı gəlib, başıaşağı da getmişdi. Qardaşı arvadını almaması bu inamı bir az da artırırdı. Onun qızı ilə mehriban danışdığına, baxışlarına qısqanmışdı. Qəribə idi, hardasa, ürəyinin dərinliklərində bundan ağrılı-əzablı bir sevinc də duymuşdu deyəsən. Ancaq özünü bunda tutmuşdu ki, Elməddin cavandı, qəşəngdi, üstəlik şer də yazır — Dünya, bu gözəl mələk ona vurula bilər, rəğbət bəsləyə bilər — onda qəlbini elə bil sıxıb əzmişdilər. Dünyanın incə zövq sahibi olması, musiqinin, şerin pərəstişkarı olması Nəcməddinin ürəyinə gözəgörünməz bir xal, gizli bir qorxu salmışdı. Keçən dəfə Elməddinin həyətə gəlməsi, qapıdan qayıtması... «Mən heç kəsə, hətta özümə də inanmıram!» — fəlsəfəsi ilə yaşayan Nəcməddin qadına, xüsusən Dünya kimi gözəl qadına inanmaq fikrindən uzaq idi. «Qadın incə, zərif məxluqdur, onlarda hiss, ürək, ağıldan üstün olur çox vaxt! Şirin sözə, yağlı vədə tez aldanır qadın. Küclü məhəbbət qarşısında isə, bütün varlığı dəmirdən yoğrulmuş, sərt, ürəyidaş qadın belə gün altına qoyulmuş buz kimi əriyib suya dönə bilər! Odur ki, kişi olan kəs gərək qadın məsələsində işini bəri başdan ehtiyatlı tutsun, inansa da qorusun, hər addımına fikir versin, başlı-başına buraxmasın. Yoxsa bir də görərsən ki, axmağın, alçağın biri sənin başına elə papaq qoydu ki, heç ömrün boyu çıxarda bilməzsən, bədnam olarsan, gözükölgəli olarsan...» Bütün həyatını tədbirlə, yüz ölçüb, bir biçə-biçə yaşamış Nəcməddin bu mülahizələri nəzərə alaraq, işini ehtiyatlı tutub, Elməddinlə Zərrintacın münasibətini görəndən sonra şəhərin axar-baxarlı yerində, bağ-bağatlı, ayrıca bir həyət, altıçeşməli bir mənzil almış, mebelini, xalı-xalçasını gətizdirmiş, bəzətdirmişdi, qapısını da bağlayıb açarını cibinə qoymuşdu. Bu barədə nə qızına, nə Dünya xanıma heç nə deməmiş, açarları toy günü qızına, kürəkəninə verəcəyini qərara almışdı. Gələcək kürəkəni üçün hələ qara rəngli «Mersedes» sifariş verdiyini də gizli saxlamışdı.

– Nə olar? — deyə Nəcməddin düşüncələrindən ayrılıb dilləndi, — əvvəl-axır bir qız bir oğlanındır. Evləri hazır, eşikləri hazır...

Dünya bayaqdan ürəyində dolandırdığı sözü Nəcməddindən eşidəndə, yaxşı məqam düşdüyünü görüb xəbər aldı:

– Bu üç otaq bəsləridi, elə deyil?

– Hansı üç otaq?

– Bunlar da, — deyə Dünya əlilə Zərrintacın yataq otağına, onun böyründəki iki geniş zala işarə elədi. — Məncə, hələlik bəsləridir.

Nəcməddin güldü:

– Yox, Dünya. Atalar sözüdü, deyir: el elə sığar, ancaq ev evə sığmaz. Qorxuram bir yerdə yaşasaq, araya inciklik düşə bilər, narazılıq olar. Ona görə... — kişi Dünyaya sirr verirmiş kimi səsini alçaltdı, — qızıma təzə mülk almışam, Dünya. Gözəl bir mülkdü, cənnət kimidi lap. Toy hədiyyəsi eləyərik onlara...

Dünya Nəcməddinin mülk alması söhbətini eşidəndə nə qədər sevindisə, «eləyərik» sözünə ondan da çox sevindi. Demək Nəcməddin onu özündən ayırmır, demək, Zərrintac toy olan günü həyətdən gedəcək və bu cah-calallı ev-eşik yalnız onun ixtiyarında qalacaq!.. Bu, Dünya xanımın indiyəcən dilinə gətirmədiyi, ancaq fikrində gizlicə elə hey dolandırdığı arzularından biri idi. İndi o arzusu yerinə yetirdi.

– Ağıllı iş görmüsən, Nəcmi! Ancaq onsuz darıxacağıq, öyrəşmişik. O da darıxacaq, biz də, — deyə Dünya özünü tox tutub canıyananlıqla söyləyəndə Nəcməddin:

– Darıxar, gələr bura, yeyərik-içərik, yatmağa gedərlər öz evlərinə. Yaxud biz darıxarıq, gedərik dəyərik. Bu elə çətin məsələ deyil, Dünya. Təki qızım xoşbəxt olsun.

Dünya bir ana qayğıkeşliyi ilə:

– Amin! — dedi. — Amin!..

Pilləkənlərdə tappıltı eşidildi. Hər ikisi dönüb baxdı. Əbdül əlində güllü sini, içində iki çaynik və iki piyalə gəldi; günahkar kimi yalvarıcı tərzdə:

– Ağa, bağışlayın məni, sən allah, çayı kec gətirdim, əlim ilişdi, çaydan dağıldı. Təzədən qaynadınca... — dedi.

– Eybi yoxdur, olur!—deyə Nəcməddin kefi kök halda cavab verdi. Dünya isə, — əgər Nəcməddin baxsaydı, görərdi, — qıpqırmızı qızarmışdı, Əbdülün ancaq ayaqlarına baxırdı, üzünə baxmağa ehtiyat eləyirdi sanki. Nəzərləri taxta çəkələkli ayaqlarında ilişib qalmışdı, Amma fikrinin, ürəyinin gözləri onu təpədən dırnağacan görürdü; indi o, Dünyanın nəzərində paltarsız idi, başından axıb ayağında bənd olan suyun şırıltısını eşidirdi, bədəninin tüklərini görürdü. Qəribə idi, baxmırdı, ancaq görürdü. Əbdül gedəndən sonra Dünya piyalələrə çay süzdü. Hiss etdi ki, əlləri əsir... Vücudunu gəzib-dolaşan gizilti keçib getməmişdi hələ, canına axıb dolmuş hərarət azalmamışdı hələ. Kirpiklərini üç-dörd dəfə qırpdısa da, Əbdülün çılpaq heykəli yerindən tərpənmədi ki, tərpənmədi. Və bu hal, tək indi baş vermirdi. Dünyanın öz qəribə hisslərinin əlində əsir olduğu gündən bəri neçə dəfə belə olmuşdu. Həyət-bacada hər dəfə onu görəndə Dünya utancaqlıq qarışıq əsrarəngiz bir istəyin əsiri olur, tilsimə düşür, qopub uzaqlaşmaq üçün əl-qol atıb çapalayırdı.

Dünya bir şeyi dərk eləməmişdi ki, o gündən, bəlkə də elə o andan sonra Nəcməddin — dağcüssəli, hökmlü-zəhmli Nəcməddin gözündə balacalaşıb kiçilmiş, gücsüzləşmiş, yazıqlaşmışdı. Doğrudur, Dünya bu hissi var qüvvəsi ilə qəlbindən çıxarmağa çalışırdı və çox vaxt da buna müvəffəq olurdu. Fikrində, təsəvvüründə getdikcə əriyib cılızlaşan Nəcməddinin əlindən-qolundan bərk-bərk yapışır, əvvəlki yerinə-mövqeyinə, ucalığına qaldırırdı, lakin az sonra, Əbdül gözə görünən və xəyalının bağlı qapılarını açıb içəri girən təki, Nəcməddin yaş balıq sayağı Dünyanın ovcundan sürüşüb yerə — aşağı, ayaq altına, gücsüzluk, kiçiklik məqamına düşürdü. Dünya qaldırırdı, Nəcməddin isə düşürdü. Bu qəribə mübarizədən, gözəgörünməz vuruşdan nə Nəcməddinin, nə də Əbdülün xəbəri vardı. Bunu təkcə Dünya bilirdi və heç kəsə də deyə bilməzdi. Bu, ürək sirri idi, ancaq özünəməxsus bir sirr idi.

– Əcəb ləzzət elədi çay mənə! — dedi Nəcməddin.

– Hə, ciyərim yanırdı!—deyə Dünya onun sözünə qüvvət verdi, Əbdülün çayını, xörəyini tərifləmək istədi, ancaq nə düşündüsə, fikrindən daşındı, söhbəti, özündən asılı olmayaraq yenə onun üstünə gətirdi:

– O kişiyə yaxşı baxmırsan ha, Nəcmi?—dedi. Nəcməddin piyaləni yerə qoyub təəccüblə:

– Hansı kişiyə, qadası? — dedi.

– Əbdülə də. Nəcməddin gülümsündü:

– Əbdül nə vaxtdan kişi olub? O, nökərdi, Dünya.

– Mən də elə nökər demək istəyirdim, — deyə Dünya səhvə yol verdiyini anlayıb sözünü düzəltdi. — Bizim nökərə...

– Nə cür yəni yaxşı baxmırsan, başa düşmədim...

– Yəni paltarları-zadı lap tökülür yazığın deyirəm. Dəyişəyifilanı yoxdu. Hayana dönsə adı sənindi, Nəcmi. Bazara-dükana gedir, yəni çoxu bilir ki, o sənin nökərindir. Sənin adına görə deyirəm, Nəcmi. Mən istəmirəm ki, sənin haqqında hər yetən ağzıgöyçək bir söz desin...

Nəcməddin siqaret yandırdı və Dünyanın sözlzrini saf-çürük eləyib sevindi:

– Hə, düz deyirsən, Dünya. Ağıllım mənim. İndiyəcən heç bu barədə fikirləşməmişəm, doğrusu. Mənim adımdı. Tamamilə düz ərz eləyirsən. Pul verrəm, köhnəfüruşdan bəzi şeylər alar, geyər.

Tüstünü havaya üfürən Nəcməddin Dünyanın təkcə evdə yox, hətta bütün şəhərdə yerə-göyə sığmayan adı, şöhrəti, üstündə necə əsdiyini zənn edib xoşbəxtcəsinə gərnəşdi və əlini Dünyanın çənəsinə atıb:

– Ay mənim ağıllı mələyim!—deyərək saçlarından öpdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, ikinci fəsil

İldırım nahaq çaxmırmış, bir azdan Elməddin maşından düşüb Rəhgüzərgilin qapısı ağzına çatanda çisələmə yağış başladı və getdikcə gücləndi. Küçə fənərinin işığında iri yağış damcıları aydın görünürdü.Qapını Məleykə xanım açdı. Elməddin az qala salam verməyi də yaddan çıxarıb tələsik özünü həyətə saldı. Qadın ona «xoş gəldin» eləyəndən sonra ayılan kimi oldu, salam verdi. Məleykə çaşqınlığından, ağappaq ağarmış sifətindən o dəqiqə anladı ki, Elməddinə nə isə olub. Hərəkətlərində bir ürkəklik vardı, pencəyinin yaxası, başı açıq idi. Darvazadan içəri girərkən də, həyətdən keçib artırmaya çıxarkən də elə bir gözü arxada idi; elə bil, daldan kimsə onu qovurdu, indicə çatıb tutacaqdı. Məleykə xanımı şübhələndirən həm də bu idi ki, indiyəcən Elməddin bircə dəfə də olsa gecənin belə vədəsində onlara gəlməmişdi.

11 мин
Birinci hissə, üçüncü fəsil

Zərrintac eyvandakı kresloda əyləşmişdi. Qarşısındakı dördkünc, alçaq jurnal stolunun üstündəki piyalədə məxməri çay buğlanırdı. Əyninə güllü parçadan isti xalat geymiş qız əllərini qoynuna qoyub fikrə getmişdi, gözləri yol çəkirdi. Nigaran idi, Elməddin dünən axşam gəlməli idi, amma gəlib çıxmamışdı. Nədənsə Zərrintac keçən gün çox istəyirdi ki, onunla görüşsün, söhbət eləsin. Söhbət də olmasa, elə-belə otursunlar, baxsınlar bir-birinə, — bu istək qəlbini elə sarmışdı ki, vaxt keçdikcə, oğlan gəlib çıxmadıqca qız bir yerdə qərar tutmamış, gah evə girmiş, gah eyvana çıxmış, yollara baxmaqdan darıxmışdı. Onun bu narahatlığını atası da hiss eləmişdi, ancaq üzünə vurmayıb bir söz deməmişdi.İki-üç dəfə evə zəng çalmışdı, ancaq dəstəyi götürən olmamışdı. Demək yox idi, harasa getmişdi. Bəs hara? Gecə keçəndən sonra da ondan bir xəbər çıxmadı. Bu gün isə bütün gecəni narahat yatan Zərrintac yuxudan ayılanda gördü ki, Elməddindən küsüb. Ona görə səhər də zəng eləmədi, harda olduğunun, niyə gəlmədiyinin səbəbi ilə maraqlanmadı.

10 мин
Birinci hissə, dördüncü fəsil

Nəcməddin Dünyanı çox istəyirdi. Buna, bəlkə də, indiki cavanların xeyli hissəsinin başa düşdüyü mənada, sevgi demək olmazdı. Ömrünun odunu söndürüb külü ilə oynayan ahıl, saç-saqqalı çoxdan ağarmış bir kişi ilə həyatının güllü-çiçəkli yazını yaşayan, cazibəli, gözəl gəlini bir-birilə bağlayan tellər, əlbəttə hamının anladığı, hiss edə biləcəyi məhəbbət deyildi və ola da bilməzdi. Bəli, Dünya qəşəngdi, təsəvvür olunacağından qat-qat qəşəngdi; bu qəşənglik təkcə cavanlıqla, təravətlə bağlı deyildi; bu, eyni zamanda onun hisslərinin coşğunluğu, təbiətinin qaynarlığı, həssaslığı, şuxluğu ilə əlaqədar idi, gündən-günə də baxıldıqca, sevildikcə daha da cilalanır, göz-könül oxşayır, çiskinli payızı, qarlı-çovğunlu qışı da Nəcməddinin közündə bahara döndərirdi. Zahiri qəşəngliyini doğulub böyüdüyü «hurilər dərəsinin» həzin, kədərli, bəzən isə şən və oynaq mahnıları, şirin, sümük titrədən rəqsləri tamamlayır, kamilləşdirir, ilahiləşdirirdi. Ömrünün qurub çağında heç vaxt narazı olmadığı taleyiilə bəxş etdiyi bu səadət üçün kişi, yaradanına qəlbən minnətdar olur, qalan günlərini, illərini sevilə-sevilə, sevinə-sevinə, şükranlıqla yaşayırdı. Nəcməddini dünyaya bağlayan cavanlıq eşqindən daha çox, piranilik məhəbbəti idi. Bəzən, tək qalan vaxtlarında xəyalən, fikrən keçmiş çağlarına, cavanlıq illərinə qayıdır və öz-özünə iqrar eləyirdi ki, heç vaxt heç kəsi belə dərin, kövrək bir məhəbbətlə sevməyib. Və bu sevgi ona qol-qanad verirdi, gümrahlaşdırırdı. Xarici görkəmi və yaşı ilə daxili aləmi, hissləri, mənəvi qüdrəti arasındakı kəskin fərqi özü lap aydın duyurdu. Dünyaya bir həyat, gənclik çeşməsi kimi baxırdı, ürəyində onu allahlaşdırırdı. Bədəni süd kimi ağappaq, ipək kimi yupyumşaq, saçları yer üzünün ətirləri ilə müəttərlənmiş Dünyanın hər təmasından Nəcməddinin qəlbi nanə yarpağı kimi titrəyir, o boyda, o yaşda kişi, ilk eşqə düşən cavanlar, uzun illərin ayrılığını dadıb hicran odunda qovrulan həsrətlilər kimi ləzzətdən, bəxtəvərlikdən məst olur, sözünü, danışığını itirir, sərrast nitq qabiliyyətinə malik olmağına baxmayaraq, dili dolaşır, fikri qırılırdı, Bu zaman Dünya özünəməxsus şən bir ədayla uğunub gedir, onun ağ saçlarından, pırpız qaşları altında yaşarıb parıldayan gözlərindən öpür, övladını əzizləyən ana sayağı, kişini şirin nəvazişlər içində itirib batırırdı.Dünya həssas idi, Nəcməddinin hər arzusunu, istəyini gözlərindən oxumağı bacarırdı, kədərli olanda sınayıcı nəzərlərlə üzünə baxıb bunun səbəbini tapır, işvəsi, nazı, mahnısı ilə sevgilisinin fikrini dağıdır, az bir müddətdə əhvali-ruhiyyəsini tamamilə dəyişir, hər şeyi unutdurur və beləliklə, onu özünə daha möhkəm tellərlə bağlaya bilirdi.

9 мин
Birinci hissə, beşinci fəsil

Əbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:

4 мин

Стихи других поэтов