Страница 1 из 2

Zərrintac eyvandakı kresloda əyləşmişdi. Qarşısındakı dördkünc, alçaq jurnal stolunun üstündəki piyalədə məxməri çay buğlanırdı. Əyninə güllü parçadan isti xalat geymiş qız əllərini qoynuna qoyub fikrə getmişdi, gözləri yol çəkirdi. Nigaran idi, Elməddin dünən axşam gəlməli idi, amma gəlib çıxmamışdı. Nədənsə Zərrintac keçən gün çox istəyirdi ki, onunla görüşsün, söhbət eləsin. Söhbət də olmasa, elə-belə otursunlar, baxsınlar bir-birinə, — bu istək qəlbini elə sarmışdı ki, vaxt keçdikcə, oğlan gəlib çıxmadıqca qız bir yerdə qərar tutmamış, gah evə girmiş, gah eyvana çıxmış, yollara baxmaqdan darıxmışdı. Onun bu narahatlığını atası da hiss eləmişdi, ancaq üzünə vurmayıb bir söz deməmişdi.

İki-üç dəfə evə zəng çalmışdı, ancaq dəstəyi götürən olmamışdı. Demək yox idi, harasa getmişdi. Bəs hara? Gecə keçəndən sonra da ondan bir xəbər çıxmadı. Bu gün isə bütün gecəni narahat yatan Zərrintac yuxudan ayılanda gördü ki, Elməddindən küsüb. Ona görə səhər də zəng eləmədi, harda olduğunun, niyə gəlmədiyinin səbəbi ilə maraqlanmadı.

İndi gözləri yol çəkirdi. Fikri-düşüncəsi pərişan idi. Çayı çoxdan soyumuşdu, çay içmək həvəsi də sönmüşdü. Qalxıb aynabəndin açıq pəncərəsindən həyətə boylandı. İlıq payız günəşinin qızılı telləri ağacların qızıllaşmağa başlayan yarpaqlarında oynayırdı. Göyərçinlər dirəyin üstündəki yuvalarından yerə enib quğuldaya-quğuldaya dənlənir, dolçadan su içirdilər. Dəstədən ayrılıb divarın dibinə çəkilmiş ağ köyərçinlə abı rəngli köyərçin tüklərini qabarda-qabarda bir-birilə döşləşir, yaxınlaşıb-uzaqlaşır, sonra yenə mehriban olurdular, ağ köyərçin dilini çıxardır, abı köyərçin isə dimdiyini ayırıb onun dilindən qəribə tərzdə öpürdü. Göyərçinlərin belə ünsiyyəti Zərrintacın ürəyində kövrək, şirin və anlaşılmaz hisslər doğurur, Onu daha da kədərləndirirdi. Zərrintac sadəlövhlüklə düşünürdü ki, kaş adam göyərçin dilini biləydi, görəydi o bəxtəvərlər nə danışır? Ancaq heyf ki, insan belə qüdrətə malik deyil. Ona bax, nökər Əbdül də darvazanın ağzındakı daşın üstündə oturub necə də maraqla onların öpüşməsinə tamaşa eləyir, hərdən də bic-bic qımışır? Görəsən o nə düşünür? Qəribə adamdı o da: heç danışıb-eləmir, elə bil ki, dili yoxdur. «Bəli», «xeyr»dən başqa Zərrintac ondan ayrı söz eşitməmişdi. Neçə aydı Əbdül onlarda yaşayırdı. Ağayi Nəcməddin özü gətirmişdi — öz şirkətinin aşxanasında işləyirdi Əbdül neçə il idi. Çox dadlı, ləziz xörəklər bişirərdi. Ən ümdəsi o idi ki, Əbdül əliəyri deyildi, təmiz adam idi. Dünyada yeganə qayğısı ancaq bir qarın çörək, bir dəst paltar, isti yatacaq yeri idi. Vəssalam. Varlığı, yoxluğu bilinməzdi. Həqiqətən buna Zərrintac tezliklə əmin oldu — qadın kimi səliqəli idi, həyət-bacaya, ev-eşiyə elə baxırdı ki, elə bil - hər şey özünün idi. Nəcməddinin də, Zərrintacın da maşınını elə yuyub təmizlərdi ki, lap üstünə yağ tök yala, şəklin üstünə düşərdi, ayna kimi parıldayardı. Səhərdən axşamacan — əl-ayaq, qonaq-qara çəkilib gedənəcən ayaq üstə olardı, yan yerə qoymazdı. Gecələr nə vaxt gəlsəydin, Əbdül oyaq idi.

Nəcməddin yatmışdı. Bu, onun günorta yuxusu idi. Adət eləmişdi; arvadı — Zərrintacın anası öləndən sonra nahar yeməyini yeyib saat yarım dincələrdi... Kişi oyaq olsaydı, yenə ata-bala ordan-burdan danışardı, sıxıntı keçib-gedərdi.

Yenə həyətə göz gəzdirdi. O iki göyərçin bir-birindən doymaq bilmirdi; elə bil onlardan biri harasa uzun müddətə getmişdi, çoxlu, lap çoxlu həsrət çəkmişdilər.

Zərrintac Əbdülün göyərçinlərə tamaşa etməkdən həzz aldığını görüb onu dilləndirmək qərarına gəldi:

– Əbdül?

Əbdül, xanımın səsini eşidib dik atıldı:

– Bəli, xanım.

– Yaxın kəl görüm.

Əbdül nazlanan, sevib-sevilən, nəvazişlə bir-birinn xoşbəxt edən göyərçinləri uçurtmasın, hürkütməsin deyə dövrə vurub demək olar ki, qaça-qaça eyvanın altına gəldi və başını qaldırıb altdan-yuxarı Zərrintaca baxdı. Zərrintac dirsəklərini eyvanın ağ rəngli sürahisinə söykəmişdi, gün işığında kəhrəba kimi parıldayan ipək saçları üzüaşağı tökülmüşdü. Xalatının açıq yaxasından ağappaq sinəsinin bir parçası aydın görünürdü. Əbdül heç nəyə — nə qızın ipək saçlarına, nə qəribə bir parıltı ilə yanan gözlərinə, nə də açıq sinəsinə fikir vermədən iri, göy gözlərini xanımın ağzına dikib:

– Hə, xanım? — dedi.

Zərrintac kənarda bayaqdan yorulmaq bilmədən mazaqlaşan o iki göyərçini göstərdi:

– Onlar neyləyirlər elə, Əbdül?—deyə şeytan-şeytan qımışıb xəbər aldı.

Əbdül Zərrintac xanımın məhz hansı köyərçinləri nəzərdə tutduğunu o dəqiqə anlayıb:

– Eləyirlər də, xanım, — dedi və sanki utanıb başını aşağı saldı. Zərrintac yenə bic-bic qımışıb israr etdi:

– Nə eləyirlər axı?

Əbdül əlini təmiz qırxılmış çənəsində gəzdirib:

– Dimdikləşirlər, xanım! — dedi.

– Bəlkə öpüşürlər, ədə?!

– Öpüşürlər, xanım.

– Bəs deyirsən dimdikləşirlər?

– Hə, dimdikləşirlər, xanım.

– Yox ey, ay səfeh onlar öpüşürlər.

– Hə, düz deyirsiz, xanım, öpüşürlər. Zərrintac Əbdülün gah nala, gah mıxa vurmasına yaman bərk güldü:

– Ay səni öküz vursun, Əbdül. Qəribə adamsan. Yaxşı, mənim bir sualıma cavab ver, Əbdül.

– Buyur, xanım.

– Ömründə heç öpüşmüsən? Əbdül təəccüblə:

– Mən, xanım?

Zərrintac bu dəfə lap ürəkdən güldü:

– Yox, mən! Əlbəttə, səni deyirəm!

Əbdül yenə başını sinəsinə endirdi, çənəsini qaşıdı, sanki kimisə indiyəcən öpüb-öpmədiyini xatırlamaq istəyirmiş kimi ani fikrə getdi. Azacıq sükutdan sonra:

– Uşaq vaxtı, xanım! — dedi.

– Uşaq vaxtı?

– Bəli, xanım.

– Kimlə, Əbdül?

– Anamla, xanım.

– Bəs sonra, cavan vaxtı...

– Xeyr, xanım!

– Heçç?

– Heçç, xanım! —deyə Əbdül də qeyri-iradi «heç» sözünü Zərrintac kimi uzada-uzada söyləyib susdu. Onsuz da gödəkboylu adam olan Əbdül bu sözdən sonra elə bil bir az da balacalaşdı. Zərrintacın haradasa, qəlbinin dərinliklərində ona yazığı gəldi. «Dünyada nə görübsən bəs, ay biçarə? Sən heç yaşamamısan ki?» — deyə ürəyindən keçirtdi. Əbdülün yaşı çoxdan qırxı adlamışdı. Saçları qapqara şəvə kimi idi, ancaq kicgahlarının tükü ağarmışdı. Uzun çənəsi, iri alnı, qonur gözləri vardı, Bədəni sağlamdı, güclü idi. Lakin nə olsun ki, belə bir adam ömrünü insan kimi yaşaya bilməmişdi. Zərrintacın atası onu ilk dəfə evə gətirərkən dediyi sözləri xatırlayıb:

– Qibləgahım söyləyirdi ki, sən heç evlənməmisən,— dedi.

– Bu, doğrudu?

Əbdül sinədolusu ah çəkdi:

– Bəli, xanım.

– Bəs niyə evlənməmisən, Əbdül? Əbdül yenə köks ötürdü:

– Eh, xanım, səbəbi çoxdur.

– Nədi, məsələn?

O, üstü deşik-deşik ayaqqabısının ucu ilə torpağı qurdalaya-qurdalaya dedi:

– Kimdi mənə qız verən, xanım? Ömrüm boyu onun-bunun əlinə baxmışam, bir qarın çörəyə möhtac olmuşam.

Zərrintac düşündü: «Yazıq dərdli imiş. Danışdıranda danışırmış, biçarə! Mən də deyirəm bunun dili-ağzı yoxdu?

– Səni evləndirsəm, evlənərsən? Əbdül yenə çənəsini qaşıdı, təəccüblə:

– Məni, xanım? — dedi.

– Yox, məni! Əlbəttə, səni.

Əbdül ömründə kimsədən belə söz eşitməmişdi. Heç kəs indiyəcən ona bu cür təklif eləməmişdi. Uzun illər bundan qabaq çirkli, cır-cındır paltarlar içində, dalanlarda, parklarda, uçuq-sökük evlərin divarları dibində yaşayıb gecələyəndə, cavan ürəyinin qaynar, ehtiraslı hissləri coşub-tüğyan eləyəndə kasıblıq, yurdsuzluq bu təbii arzunu utandırıb öldürmüşdü. İnsan həyatının güllü-çiçəkli yazı sayılan gənclik illərində o şirin arzu yerin dərinliklərində pıqqır-pıqqır qaynayan, ancaq özünə çıxış yolu tapa bilməyən və buna görə də yavaş-yavaş zəifləyib boğulan çeşmə kimi Əbdülün ürəyində tədricən ölüb getmişdi. İndi isə... Əbdül səsində dərin bir hüzn söylədi:

– Sağ olun, xanım. Ömrünüz uzun olsun, xanım. Gərək deyil. Mən istəmirəm ki, balalarım bu fani dünyada mənim çəkdiklərimi çəksinlər, mənə lənət oxusunlar, necə ki, mən öz valideynimi qarğışla, nifrətlə yad eləyirəm. — O, dərindən köks ötürüb əlavə elədi: — Əgər qovmasanız, ömrümün axırına qədər sizə, bu halal ocağa qulluq eləyəcəyəm. Ağamdan da, sizdən də, — Allah ikinizə də uzun ömür versin, — yerdən göyəcən razıyam. Sizdən bircə təmənnam budu ki, bir gün bu dünyadan köçəndə məni adam kimi beş arşın ağa büküb dəfn elətdirəsiniz, meyitim sahibsiz, yersiz-yurdsuz adamların meyiti təki ortalıqda qalmasın. Bircə təmənnam bu olacaq sizdən, xanım.

Əbdülün kədərlə dediyi bu sözlərdən sonra Zərrintac xanım susdu, heç nə demədi. Diqqətlə onu təpədən dırnağa qədər süzüb çəkdi. Əbdül isə çiynində ağır, gözəgörünməz yük aparırmış kimi ləngərli addımlarla göyərçinləri ürkütməmək üçün kənardan dövrə vurub kölgəsayağı uzaqlaşdı, həyətin o başında yerləşən hücrəsinə girəndən sonra Zərrintac xanım göyərçinlərə nəzər saldı. Qəribə idi. Ağ, dişi göyərçin indi başqa birisini — xınayı xallı köyərçini yannamışdı və eyni əda ilə, tüklərini qabarda-qabarda onun ətrafında fırlanır, naz eləyirdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, beşinci fəsil

Əbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:

4 мин
Birinci hissə, altıncı fəsil

Əbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi:

14 мин
Birinci hissə, yeddinci fəsil

«Zərnigar» parkında oturmuşdular. Şəhərdən və parkdan əl-ayaq çəkilmişdi. Təpənin üstündəki dirəyin yeganə lampası yanır, ətrafa solğun, dumanlı bir işıq səpələyirdi. Parkın küçəyə çıxan qapısı ağzında iki polis nəfəri gəzişirdi.Havada şaxta vardı: quru bir şaxta dolaşırdı parkın içində. Ətraf dağlardan seyrək duman axıb gəlmişdi, ağacları, evləri nazik, boz pərdəyə bürümüşdü.

12 мин
Birinci hissə, səkkizinci fəsil

Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:

6 мин

Стихи других поэтов