Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.

Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:

– Bəli, dünya əzəldən belə yaranıb, oğul. Bir gün yaranan, bir gün də bu fani aləmdən köçünü çəkib dari-bəqaya getməlidi. Səbihə arvad, sənin anan xiffətdən, təklikdən, Yusifin, sənin dərdindən qışın orta ayında yorğan-döşəyə düşdü. Nədən ki, o qədər dərdə, taleyin zərbələrinə arıq, çəlimsiz bir qadın daha tab gətirə bilmədi. Dükandar Həzrətgülün kiçik övrəti tez-tez ona baş çəkərdi, yemək-çay verərdi. Ancaq biçarə günorta vaxtı keçindi. Xəbəri eşidəndə çox qəmgin oldum; fərmayiş verdim ki, mərhuməni el adətincə yığışıb dəfn eləsinlər. Dəfn mərasimində də özüm şəxsən iştirak elədim. Biçarəni oğlunun — Yusifin yanında torpağa tapşırdıq... Ağlama, oğul, heç kəsin ata-anası ömrünün axırına qədər yanında qalmır. Hanı mənim atam, anam? İndiyə sümükləri də çürümüş olar yəqin. Şəkilləri də az qala yadımdan çıxıb. Dünya etibarsız dünyadı, oğul.

Elməddin cib yaylığı ilə gözlərini sildi, anasının dəfnini təşkil etdiyi üçün qəryədar Qulama öz minnətdarlığını bildirmək istədi, ancaq münasib söz tapa bilməyib susdu, eləcə ehtiramla ona baxmaqla kifayətləndi.

Qəryədar Qulam davam etdi:

– Mal-qaranızı, gördüm ki, aralıqda qalıb itib-batacaq, qatdım öz heyvanlarıma. Səndən məktub alandan sonra isə torpağınızı da, evinizi də özüm kötürdüm. Fikirləşdim ki, başqasına qismət olunca elə özümüzdə qalsın. Sən də şəhərdəsən, yəqin sənə də pul-para lazımdı: nədən ki indi pulsuz-parasız uzağa gedə bilməzsən. Odur ki, bu dəfə şəhərə gələndə qardaşoğlundan xahiş elədim ki, həl-həlbət səni tapsın, əmanətini verim. İndi, bacıoğlu, sənin adına axşam Ətiqulla xana iki yüz əlli minlik bir çek yazdırdım — bu, torpağının, mal-qaranın, evinizin puludu, hamısı bir yerdə. Gərək az da olsa götürəsən, çox da olsa, — deyə qəryədar Qulam cibindəki portmanatın içindən bir kağız çıxardıb Elməddinə verdi. Elməddin heç vaxt alver etməmişdi, məzənnəni də bilmirdi, ona görə qəryədar Qulamın haqq-hesabda onu aldatdığını, yaxud insafla iş gördüyünü deyə bilməzdi, amma hər necə olsaydı, qəryədar Qulam ona böyük yaxşılıqlar, hörmətlər etmişdi, bunun müqabilində Elməddin onunla qəpik-quruş söhbəti etməzdi: həm də bu, təbiətinə yad idi.

Digər tərəfdən Elməddinin ömründə bu qədər pulu olmamışdı, «iki yüz əlli min» sözünü eşidəndə qulaqları guruldadı: həyəcanını gizləmək üçün piyalədə qalıb soyumuş çaydan dalbadal üç-dörd qurtum içdi, tələsik:

– Çox sağ olun, — dedi. — Bəsdi. O qədər əziyyət çəkmisiniz, ağa! Sizə ömrüm boyu minnətdaram.

– Pulunu istədiyin vaxt gedib mərkəzi bankdan götürə bilərsən, oğul. Ev ala bilərsən, evlənməlisən kec-tez. Yaxşı yadıma düşdü, Əfsanədən bir səs-soraq çıxdımı?

– Xeyir, ağa — o, köks ötürdü. — Taleyikəm heç bilmədim necə oldu. Axtarmadığım kənd, şəhər qalmadı, kümanım gələn yerlərə baş çəkdim, gördüm deyən olmadı. Ruznamədə elan da verdirdim, nəticəsiz qaldı. Ürəyim mənə deyir ki sağdı. Ancaq haradadı bəs?

– Hər şey ola bilər, oğul.

– Günah məndə oldu, ağa. Mən onu bədbəxt elədim, onsuz da bədbəxt idi, təzədən mən də bədbəxt elədim. Onu qəbul eləmədim, arvad kimi...

– Necə qəbul eləmədin, Elməddin? Axı sizin toyunuzdan bir həftə sonra yoxa çıxdı qız?

– Bəli. Elə ona görə yoxa çıxdı ki, mən onunla bir yastığa baş qoymadım. Ürəyim qəbul etmədi. Axı o mənim nakam qardaşımın arvadı idi. Yusif rəhmətlik gəldi durdu gözlərimin qabağında. Keçmişin söhbəti olduğuna görə indi sizə deyə bilərəm ki, Yusifdən əvvəl onu mən istəmişdim, qız da məni sevmişdi. Ancaq fələk işləri elə qurdu ki, mənə yox, qardaşıma qismət oldu Əfsanə! Sonrası da ki...

Qəryədar Qulam təsbehini çevirə-çevirə başını buladı:

– Səhv eləmisən, oğul. Gərək o qıza qarşı sən elə qəddar olmayaydın, madam ki səni də istəyirmiş, gərək heç belə eləməyəydin, onun da, özünün də isti yuvanıza su calamayaydın, oğul. İnsan gərək xoşbəxtliyini tapanda çalışsın ki, itirməsin onu. İtirdinmi, sonra ayağına dəmir çarıq geysən də, əlinə dəmir əsa alıb dünyanı dolaşsan da, çətin taparsan, oğul. Ola bilər, tapasan da! Ancaq daha o xoşbəxtlik deyil, onun külüdür, kölgəsidir.

– Nə bilim, görünür, qismətimiz belə imiş, yazı yazan, siz demişkən, belə yazıbmış! Qaldı ki mənim şəhərə gəlməyimə, buna peşman deyiləm, ağa, əsla peşman deyiləm. Bu, mənim çoxdankı arzum idi. Burada, indi yavaş-yavaş ayağım yer tutur, dostlarım var, sizin kimi, yaxşı dostlarım var.

– Hə, Ətiqulla danışırdı. Mən bununla ancaq fəxr edə bilərəm, Elməddin. Bir də, üzünə demək olmasın, sən elə oğulsan ki, hayana getsən özünə dost-tanış, hörmət-ehtiram qazana bilərsən. Nədən ki, mərdsən, ürəyin təmizdi, orada bəzi adamlar kimi, ilan-çayan qaynaşmır. Bir olan Allah bilir ki, mən səni həmişə bu sifətlərinə görə çox istəmişəm, indi də istəyirəm.

– Ömrünüz uzun olsun, ağa.

Susdular. Sanki hər şeyi danışıb qurtarmışdılar. Lakin Elməddinin yadına haradansa Cahan qarı düşdü.

– Cahan arvaddan nə xəbər var, ağa? Qəryədar başını buladı:

– Heç ..nə, — dedi.—Yayda danışırdılar ki, binəvanın başı lap pozulub. Dava-dərman da kömək eləmir. Deyirdilər zəncirdə saxlayırlar. İndiyə sağ qalmaz, ölmüş olar.

– Hə, qoca arvad idi. — Bir az susub əlavə etdi: — onu bilirəm ki, dünya müsibətlərlə doludur. Bu niyə belədi görəsən, ağa?

Qəryədar Qulam «ya Allah!» — deyib döşəkçənin üstündən qalxdıqdan sonra ağır-ağır dilləndi:

– Dünya əzəldən belə bina olub, oğul. Yaradan belə xəlq eləyib bu cahanı. Hamı xoşbəxt olsaydı, bəlkə də zindəkanlıq belə maraqlı olmazdı. Görürsən, bu gün gülən, sabah ağlayır. Bu gün öldürəni sabah öldürürlər. Bütün ömrünü xoşbəxtliklər, bəxtəvərliklər içində yaşayan adam nadir tapılır yer üzündə, oğul. Hər kəsin bir dərdi, səri olmamış deyil. Mən sənə baxanda xoşbəxtəm, sən bir başqasının gözündə xoşbəxtsən, oğul. Halbuki biz özümüz yaxşıdan da yaxşı bilirik ki, mənim də dərdim var, sənin də... Bir gözü kor olan adam, iki gözü də işıq üzünə həsrət qalmış adama baxıb təsəlli alır, oğul. Yoxsa, belə olmasaydı, onun ürəyi partlardı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, yeddinci fəsil

Elməddin pəncərənin qabağında dayanıb çölə baxırdı. Hər yan ağappaq ağarırdı. Ağaclar, damlar, hasarlar qar altında qalmışdı... Heç təsəvvür eləmək olmurdu ki, bir gecə ərzində yerə bu hündürlükdə qar düşsün. Amma düşmüşdü. Ədnan camaatı çoxdan belə yağıntı görməmişdi.Kənddə ölü bir sükut hökm sürürdü. Elə bil, qış canlı olan hər şeyi dondurub susdurmuşdu. Mal-qara tövlədə idi, adamlar evlərdən çıxmamışdı. Uca çinarların başında oturmuş qarğaların, pəncərə qabağına qonub cikkildəşən sərçələrin səsi Elməddinin ürəyində kövrək bir hiss doğurur, onsuz da soyuq olan evdə onu daha da üşüdürdü Səbihə, Əfsanə əlacsız adamlar kimi əllərini qoynuna qoyub bayır bacağa baxırdı... hərəsi öz aləmində odunun, taxılın və mal-qara üçün ot-ələfin çatıb-çatmayacağını götür-qoy edirdi. Bu məsələlər indi hamıdan çox Elməddini düşündürürdü.

4 мин
İkinci hissə, səkkizinci fəsil

Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

3 мин
İkinci hissə, doqquzuncu fəsil

Yaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.Bir yay axşamı ana oğlunu başa saldı:

5 мин
Üçüncü hissə, birinci fəsil

Əfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».

6 мин

Стихи других поэтов