İkinci hissə, doqquzuncu fəsil
Yaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.
Bir yay axşamı ana oğlunu başa saldı:
– Ağıllı-kamallı qızdı. Öz evimizin uşağıdı. Gəl daşı tök ətəyindən, kəbininizi kəsdirim.
– Yox, ana.
– Niyə, ay oğul?
– O mənim qardaşımın arvadıdı.
– Mən də bilirəm. Amma Allah-taala görünür, belə məsləhət bilibmiş, oğul.
Elməddinin ürəyində ölmüş hissləri elə bil cana gəldi. Unudulmuş, qara torpaqlar altına kömülmüş duyğular sanki təzədən dirçəldi; odla su arasında qalan Elməddin anasına cavab verə bilmədi. Dili «yox» deyirdi, amma ürəyində kədərqarışıq, tutqun bir sevinc də duyulurdu. O, bu tutqun sevincini imkanı olduqca gizləməyə çalışırdı.
– O kişini mən tanıyıram. Pul üçün arvadını da satar. Razı olma ki, qardaşının arvadı papaq kimi başdan-başa qoyulsun, əldən-ələ keçsin. — Anasının bu sözləri ona təsir etdi: dili sanki yavaş-yavaş kilidləndi, daha «yox» sözü də eşidilmədi.
– Bəlkə Əfsanə heç razı deyil?
– Əfsanə? Ondan arxayın ol, oğlum. Ağzını aramışam, razıdı.
– …
– Səndən artığına verəcək onu, Həzrətgül?
– Nə deyirəm, özün bilən məsləhətdi!!
... Üç gündən sonra kəndin mollası şahidlərin və Əfsanənin vəkili Nazəninin yanında onların kəbinini kəsdi. Yüngülvarı bir qonaqlıq verdilər. Camaat dağılışdı.
... Səbihə Yusifin otağında onlar üçün yer düzəltdi. Otaqda arvadın gözünün yaşı Elməddinin diqqətindən yayınmadı.
– Nə olub, ana?
– Heç, bala. Şadlığımdan ağlayıram.
Ana belə dedisə də, Elməddinə bəlli idi ki, o niyə ağlayır. Elməddin içəri girdi. Otaq işıqlı idi. Xalçanın üstündə yorğan-döşək açılmışdı. Qoşa balış qoyulmuşdu. Bütün bunlar hamısı vaxtilə Yusifin adına düzəldilmişdi. Otaqda hər şey il yarım bundan qabaq — onun zifaf gecəsindəki kimi idi. Yorğan-döşək də həminki idi, bər-bəzək də. Gəlin də. Təkcə bir Yusif yox idi. O indi qara torpaq altında çürümüşdü. Təkcə bir dəyişiklik vardı: onun yerində Elməddin dayanmışdı. Bir də o vaxtkı sevinc, nəşə yox idi bu gecə. Ola da bilməzdi.
Gəlin bir güncə qısılıb oturmuşdu. Onun bir il əynindən çıxarmadığı qara paltarı dünən Nazənin və başqa qız-gəlin çıxartmışdı. O da qəmli idi. O da çaşqın nəzərlərlə Elməddinə baxır, kim bilir, nələri xatırlayırdı?!
Elməddin qorxaq addımlarla gəlib taxtın üstündə oturdu və yorğan-döşəyə — sahiblərini gözləyən yorğan-döşəyə baxdı, baxdı: gözləri yol çəkdi. Bax, bu balış Yusifin idi. O, burda beləcə, pəhləvan kimi arxası üstə yatardı. Yatardı? Bax, indi də yatıb! Görürsənmi, yatıb! Mışıltısı da eşidilir... Yorğanı sinəsinin üstünə çəkib... Başı, sifəti aydın görünür...
Elməddinin gözlərinin önündən Yusif çəkilib getmirdi. Yox. Elməddin çaşıb qalmışdı. Yusif sağ ola-ola o, nə cəsarətlə Əfsanəyə evlənə bilərdi, Bu, səhvdir, bu ola bilməz, Elməddin «hə» deməyib, deməyib.
Elməddin birdən çevrilib Əfsanəyə söylədi:
– Dur, soyun, gir yerinə.
Və durub çırağı söndürdü.
Qaranlıqda xışıltı eşidildi. Əfsanə lal-dinməz soyunub yerinə girdi. Nəfəsindən uçunduğunu bilmək çətin deyildi. İndi Elməddin gələcək. İndi onun isti nəfəsi sifətində gəzəcək, ürəyini sıxıb əzən kədər, qəm-qüssə onun təmasından uçub yox olacaq. Amma Elməddin yerindən tərpənmirdi. Gəlinin gözü qaranlığa alışandan sonra onun tərpənməz siluetini aydın görürdü. Beləcə çox keçdi.
Bir saatmı — iki saatmı?
– «Yox, mən belə binamus ola bilmərəm». — deyən Elməddin səhərə yaxın Əfsanənin titrək, asta səsini eşitdi:
– Niyə gəlib yatmırsan?
– Sən yat, Əfsanə. Məni gözləmə.
– …
Daha cavab gəlmədi.
... Üç gecə belə keçdi. Əfsanə ayrı, Elməddin ayrı yatdı. Əlbəttə, bu barədə Səbihəyə heç biri heç nə demirdi. Ana isə onların kədərli, qəmli-qüssəli gəzmələrinin səbəbini Yusifin faciəsi ilə əlaqələndirirdi.
... Dörd-beş gün sonra Əfsanə yorğan-döşəyin üstündə dizlərini qucaqlayıb oturmuşdu. Elməddin gəldi. Gəlin başını qaldırıb ona sual dolu nəzərlərlə baxdı:
– Əfsanə, — deyə Elməddin dilləndi.
– …
– Mən səni sevirəm, Əfsanə. Əvvəlkindən də çox. Sən heç təsəvvür edə bilməzdin ki, mən səni nə qədər sevirəm. Sən mənnm həyatımsan, Əfsanə.
– Sən də mənim, Elməddin! — deyə Əfsanə astaca cavab verdi.
– Ancaq, əzizim, mən səninlə yaşaya bilməyəcəyəm. Ürəyim qəbul edə bilmir, Əfsanə. Yusifin xəyalı gecə də, gündüz də məni təqib edir. Acıqlı-acıqlı mənə baxır, heç nə demir, elə hey baxır, baxır. Mən ömrüm boyu bunun əziyyətini çəkəcəyəm, Əfsanə. Ağlayırsan?
– …
– Ağlama, Əfsanə.
– …
Əfsanə hıçqırırdı.
... Axşamçağı Elməddin dəftərxanadan qayıdanda Əfsanəni evdə görmədi. Maraqlanmadı da. Səbihə qonşudan gəlib evə baş çəkəndən sonra oğlundan soruşdu:
– Bəs gəlin hanı?
– Bilmirəm.
– Necə bilmirəm?
– Mən gəldim gördüm yoxdur.
– Bəlkə Həzrətgülgilə gedib?
– Nə bilim.
– Onlara gedən deyildi axı... Bəlkə suya gedib? Qoy baxım görüm səhəng burdadı? — Arvad evə girib tez də qayıtdı.
– Suya gedib. Səhəng evdə yoxdur. Sakitləşdilər.
Gözlədilər — gəlib çıxmadı. Gün dağların dalında batdı. Arvad narahat olmağa başladı:
– Birdən çaya düşüb boğular ha? Dur ayağa, bir çayın qırağına baş çək.
Elməddin cığırla çaya tərəf getdi...
Yarım saat sonra səhəng əlində geri qayıtdı,
– Bəs gəlin hanı?
– Yoxdur. Səhəngi də çayın qırağından tapdım.
– Vay! Daha denən evim yıxıldı də, qız boğuldu, — deya Səbihə arvad əl-ayağa düşdü.
Həzrətgülgilə adam göndərdilər: bəlkə səhəngi suyun qırağında qoyub onlara gedib. «Yoxdur, onlarda da yoxdur» — xəbəri gəldi. İki gün axtardılar. Çay qırağında gözətçi qoydular. Meyitindən səs-soraq olmadı.
Əli-ayağı yerdən üzülmüş, nə edəcəyini bilməyən Elməddin, taxçada gizlətdiyi şer dəftərçəsini götürərkən arasından kələ-kötür xətlə yazılmış əl boyda bir məktub düşdü. O, əyilib kağızı götürdü və bunu Əfsanənin yazdığını dərhal anladığı üçün qəhərlənə-qəhərlənə oxudu. Orada bu sözlər yazılmışdı:
«Əlvida, əzizim. Dünyaya bədbəxt gəlmiş bir qızı sən xoşbəxt edə bilməzdin. Məni axtarma. Həmişə səninlə olan, ancaq heç vaxt sənin olmayan Əfsanən».
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-itkin-gelin-ikinci-hisse-doqquzuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Ceyhun.– Nədi?
Birinci hissə, səkkizinci fəsilOrxan bu zaman alimlər evindəki geniş mənzilinin aynəbəndində oturub, sahildən xeyli aralı lövbər salıb dayanmış, işıqları yanan gəmiyə tamaşa edirdi. O, həmişə burada, qaranlıqda əyləşib, düşünməyi xoşlardı. İşləyib yorulanda yazı masasının arxasından durar, aynabəndə çıxıb bir papiros yandırar, tüstülədə-tüstülədə dənizin gecə mənzərəsinə baxıb həyat haqqında, tanıdığı-bildiyi adamlar haqqında, yazdığı əsər haqqında xəyala dalardı. Bu mənzili ona keçən il vermişdilər. Anası, bacıları şəhərdən kənardakı bağlı-bağatlı qəsəbədə, ata-baba mülklərində yaşayırdılar. Yol üç-dörd saat vaxtını alırdı deyə o, evlərinə gedib-gəlmirdi. Buraya köçənə qədər subay dayısından qalma otaqda gün keçirmişdi. Təzə mənzilinə yığışanda kitablarından və bircə dəst təmiz yorğan-döşəkdən savayı gözə dəyən bir şeyi yox idi. Orxanın evinə mübarəkbadlığa gələn iş yoldaşları iri otaqları bom-boş görəndə çiyinlərini çəkib, qaşlarını dartmışdılar.Qonaqları gülərüzlə qarşılayan anası Şirin arvad irəli çıxıb:
Birinci hissə, doqquzuncu fəsilŞöbədə Gülalıdan başqa adam yox idi. Bir az bundan qabaq, otaqda heç kəs olmayanda Nadirə xanımın və Gülmirənin mizinin üstünə. Orxanın qoyduğu güllər eləcə dururdu.Gülalının boğuq rəngi qar kimi ağarmışdı. Orxan dərhal bildi ki, o əsəbiləşib:
Birinci hissə, onuncu fəsilNadirə bacısı oğlu Rəhimi gülər üzlə qarşılayıb içəri apardı. O bu evə az-az gələrdi. Ceyhunla tay-tuş olsaydı da yaxın deyildilər. Aralarında dava-dalaş olmamışdı, umu-küsü olmamışdı, ancaq soyuq idilər. Uşaq vaxtı bir yerdə oynamış, yoldaşlıq eləmişdilər. Lakin illər keçib, ağılları kəsdikcə sanki bir sehrli əl bu iki bacının uşağını bir-birindən uzaqlaşdırıb ayırmışdı. Bəlkə onların soyumasında bacıların da bir təsiri olmuşdu? Yox, Nadirə Rəhimi, Sədəf də Ceyhunu çox istəyirdi.İki ilə yaxındı ki, Ceyhun xalasıgilin qapısını açıb içəri girməmişdi. Nadirə Sədəfgilə gedəndə neçə dəfə oğlunu aparmaq istəmişdi. Ancaq Ceyhun hər dəfə bir şeyi bəhanə edib, boyun qaçırmışdı: «Dərsimi öyrənirəm». «Yoldaşlarımla kinoya gedirəm».
Стихи других поэтов
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Batıb kənd yolunda qəmə, kədərəBatıb kənd yolunda qəmə, kədərə,Bir ana qərq olub düşüncələrə.