Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.

Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

– Deyəsən tanımadın, hə? — Naməlum adam ağzını açıb bu sözləri deyəndə qızıl dişləri göründü və indi Elməddin onu tanıya bildi:

– O, sənsən, Ətiqulla?

– Hə. Mənəm. Necəsən, Elməddin?

Onlar yaxınlaşıb yerli adət üzrə qabaq-qənşər dayandılar, sonra bir-birini sinəsinə sıxıb öpüşdülər. Ətiqulla qəryədar Qulamın yeganə qardaşının oğlu idi. Evləri paytaxtda olan Ətiqulla kefinə düşəndən-düşənə öz maşınına minib əmisinin yanına gəlirdi.

Xüsusən qış aylarında gəlməyi xoşlayardı. Ona görə. Atasının var-dövlətini yığıb-yığışdırmaqla qurtaran deyildi. Neft-benzin şirkətinin sahibi olan qoca Mümtaz paytaxtın sayı çox da olmayan milyonerlərindən biri, bəlkə də birincisi idi. Onun var-dövlətini, ərazisini təsəvvür eləmək üçün təkcə bunu demək kifayət idi ki, hər il iki yüz əlli min rupi xüms-zəkat verirdi. Hər iki-üç ildən bir isə, məmləkətin padşahına, xəzinəyə bir milyon rupi pul bağışlayırdı. Ona görə, Mümtaz Qarizadələr bütün məmləkətdə məşhur idi və onların kəsdiyi başa sorğu-sual yoxdu, Qəryədar Qulam da öz qardaşının sayəsində uzun illərdi ki Ədnan kəndinin ağası, ağsaqqalı olaraq qalırdı. Kişi əgər azca qoca olmasaydı, yazı-pozusu olsaydı, bəlkə də vilayət mərkəzinə, kim bilir, bəlkə də lap paytaxtın özünə yuxarı çəkilmişdi. Oğul-uşağı olmayan, arvadı ilə baş-başa verib yaşayan Qulamın işi burada da pis keçmirdi. Ətiqullanı öz oğlu kimi sevirdi. Həmişə «oğlum!» deyə çağırırdı.

Elməddin Ətiqulla ilə neçə il qabaq qəryədar Qulamgildə tanış olmuşdu. Ətiqullanın sadəliyi, səxavəti, ürəyiaçıqlığı Elməddinin xoşuna gəlmişdi. Ətiqulla son üç ildə kəndə baş çəkməmişdi. Odur ki, onlar köhnə dost kimi görüşdülər.

– Yaxşıyam, — deyə Elməddin cavab verdi. — Nə əcəb səndən? Neçə ildi gəlib görünmürsən?

– Başım yaman qarışıq idi, — o, gülümsünə-gülümsünə cavab verdi, — bu üç ili demək olar ki, elə xaricdə olmuşam. İranda, Fransada, Amerikada. Kişi daha qocalıb. Şirkətin bütün işini mənim üstümə töküb, Qərardad bağlamaq, nəqliyyə məsələsini həll eləmək hamısı mənim boynumdadı. Bu ölkələr də elə yerlərdi ki, getdin, qayıtmaq, istəmirsən. İki-üç ay işim olursa, dörd-beş ay da özüm artıq qalıram ki, bir bilim, görüm dünyada nə var, nə yox.

– Yaxşı eləyirsən. — Və özlüyündə fikirləşdi ki, xoşbəxt adamdı, — dünyanı gəzib. Mən haranı görmüşəm? Bizim bu kənddən və vilayət mərkəzindən başqa heç yeri. Onlar ağır-ağır addımlayaaddımlaya söhbət eləyirdilər:

– Evlənib eləməmisən ki? — Ətiqulla xəbər aldı.

– Yox.

– Bəs niyə? Deyirlər, tez evlənənlə tez ayrılan peşman olmaz.

– Nə bilim...

– Mən üç ay bundan qabaq dördüncü arvadı da aldım.

– Dördüncü? — Elməddin təəccübləndi. Ümumiyyətlə onun evli olub-olmadığının indiyəcən fərqinə varmamışdı. Təqribən həmyaş olardılar.

– Hə.

– Dörd arvad?

– Bəs nə?

– Necə olub axı...

– Birincini özüm on yeddi yaşım olanda sevmişdim. Atam gördü ki, dəli-divanəyəm, aldı mənim üçün. İki il sonra qardaşım öldü, onun arvadını aldım. Üçüncü arvadım keçmiş baş nazirin bacısıdır, — bunu da atam aldı mənimçün, dedi arxalı yerə söykənmək lazımdı. Dördüncüsünə də bu yaxınlarda rast gəldim. Su sonası kimi bir qızdı. Bunu da özüm aldım.

«Demək belə. Dörd arvadı var. Özü də ölən qardaşının arvadını da alıb!» — deyə düşünən Elməddin dönüb Ətiqulladan xəbər aldı:

– Yaxşı, qardaşının arvadını nə ürəklə aldın, Ətiqulla?

– Başa düşmədim, necə yəni nə ürəklə?!

– Yəni deyirəm, ürəyin necə götürdü?

– Niyə götürməsin ürəyim ki?!

– Mənim də qardaşım ölüb, amma mən onun arvadını almaram.

– Niyə?

– Ona görə ki, o, qardaş arvadıdı.

– Bu, dini-islamın qanunudur, Elməddin!

– Nə olsun? Elə bilirsən islamın bütün qanunları yaxşıdı?!

– Məncə, hə. Xüsusən bu, bu çox yaxşı qanundu.

– Nədi onun yaxşılığı?

– Odur ki, qardaşının arvadını əgər sən almasan, başqası alıb aparacaq, özünə arvad eləyəcək. Ona dözərsən?

– Təlağı veriləndən sonra daha mənə nə dəxli?

– Necə nə dəxli? Axı qardaş arvadıdı.

– Elə ona görə də almaq olmaz. Qardaş arvadı olduğuna görə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, onuncu fəsil

Ağayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.

5 мин
Dördüncü hissə, on birinci fəsil

Darvazanın qabağında bir taksi dayandı. Arxa tərəfdən Məhəmməd Şəfi düşdü. Zəif, xırıltılı səslə sürücüyə sözləri fışıldada-fışıldada söylədi:– Beş dəqiqə gözlə, pulunu gətirim, qardaş. Yanımda pulum yoxdu.

5 мин
Dördüncü hissə, on ikinci fəsil

O gün Dünya xanıma Vəlixanın başına gələn əhvalat barədə danışandan və qadının o qəribə rəftarından sonra kişi qocalmış, demək olar ki, sərxoş halda evdən çıxmış, bütün vaxtını sükan arxasında keçirmiş, maşını məqsədsiz-filansız sürmüş, heç yerdə qərar tuta bilməmişdi. Lap yaxın adamların yanına getməmişdi, çünki halında, vəziyyətində yaranan dəyişiklik o qədər çox və güclü idi ki, bunu heç cür heç kəsdən gizlətmək mümkün deyildi. O, demək olar ki, dəli vəziyyətində idi, öz-özünə danışır, bəzən hətta ağlayırdı da. Siqaret çəkməkdən ağzı siqaret dadırdı. Axşamacan belə, dəlisayağı şəhərin keçmədiyi küçəsini qoymadı, fır-fır fırlandı, yenə aram ola bilmədi. Hiss eləyirdi ki, axırı yaxınlaşıb. İndiyəcən, yetmişillik ömrünü arxayın-asudə yaşamışdı, həyatında çox hadisələrlə qarşılaşmışdı, sarsıntılar keçirdiyi anlar da az olmamışdı. Ancaq belə hala düşdüyü, belə sarsıldığı, belə əzab çəkdiyi yadına gəlmirdi. Yox, bu əzabı heç nəylə müqayisə etmək mümkün deyildi. Elə bil onu dilim-dilim alovları ərşə dayanan böyük bir tonqalın içinə atmışdılar. Yanırdı — vücudu yanırdı, yanıb qurtarmaq bilmirdi. O tonqala atılan dəmir olsaydı, polad olsaydı belə indi əriyib torpağa, külə qarışmışdı. İlahi, bu necə atəş idi, yandırırdı, ancaq əridib məhv eləmirdi. Qəlbinə baxırdı. Dünyaya bəslədiyi o böyük, ölçüyə-biçiyə gəlməz məhəbbətdən heç nə qalmamışdı, heç nə qalmamışdı. Onun yerini qəzəb qılınclı, zəhər kəsərli bir nifrət doldurmuşdu indi. O nifrət o qədər küclü və qarşısıalınmaz idi ki, kişi özü də buna təəccüb eləyirdi. O, bir vaxtlar, Dünyanı sevəndə də təəccüb eləmişdi. Çünki ona qədər heç kəsi belə məhəbbətlə sevməmişdi. Və indi bunu da anlayırdı ki, heç kəsə də belə nifrət bəsləməmişdir, — bütün ömrü boyu müxtəlif adamlara bu və ya digər münasibətlərlə bəslədiyi nifrətlərin hamısını bir-birinin üstünə yığsan, dağ yanında balaca bir təpə kimi görünərdi.Axşam beyninin dumanı bir az ayazıdı. Suda boğulan saman çöpündən yapışan kimi, özünə təskinlik verməyə çalışdı. Bəlkə səhv eşidib? Bəlkə Dünya heç belə demədi axı deyəsən. Lap elə Əbdül də səhv deyə bilər — sərxoş idi, çox içmişdi, elə mən özüm də çox içmişdim. Yox, hamısı düzdü. Öz qulaqlarımla eşitmişəm. Vəlixanın başına gələn müsibət Dünyanı sarsıtdı. Bunu öz gözlərimlə gördüm. Rəngi dəyişdi, gözlərini yana döndərib ani olaraq fikrə getdi, bəbəklərində qısqanclıq qığılcımları parladı. — İndi Nəcməddin bu söhbətin dalını gözləməli idi. Əgər həqiqətən onların arasında bir şey varsa, Dünya o kürən köpəkoğluna üz göstəribsə, Əbdülün öldürməyə hazırlaşdığı o telefon yenə səslənəcək; onlar danışacaqlar. Danışıqlar və səsləri maqnitofon lentinə yazılacaq. Belə olsa, hər şey bitdi. Aman allah, olmasın. Qoy Dünya danışmasın, qoy bunların hamısı yalan olsun, yalan olsun. Sonra fikirləşdi ki, bu gecə evə getməyəcək. Daha doğrusu, zəng edib Dünyaya deyəcək ki, gəlməyəcəyəm. Bu da bir sınaqdır...

29 мин
Dördüncü hissə, on üçüncü fəsil

Əbdül bu gözlənilməz mənzərədən nə qədər çaşsa da uşağı beşiyinə qoymağı unutmadı. Sonra addım-addım irəli gəldi. Dünyanın tavana zillənmiş açıq gözlərinə heyrət içində bircə anlığına baxdı və Nəcməddinə sarı çevrildi:– Sən neylədin, ağa?

6 мин

Стихи других поэтов