Orxan bu zaman alimlər evindəki geniş mənzilinin aynəbəndində oturub, sahildən xeyli aralı lövbər salıb dayanmış, işıqları yanan gəmiyə tamaşa edirdi. O, həmişə burada, qaranlıqda əyləşib, düşünməyi xoşlardı. İşləyib yorulanda yazı masasının arxasından durar, aynabəndə çıxıb bir papiros yandırar, tüstülədə-tüstülədə dənizin gecə mənzərəsinə baxıb həyat haqqında, tanıdığı-bildiyi adamlar haqqında, yazdığı əsər haqqında xəyala dalardı. Bu mənzili ona keçən il vermişdilər. Anası, bacıları şəhərdən kənardakı bağlı-bağatlı qəsəbədə, ata-baba mülklərində yaşayırdılar. Yol üç-dörd saat vaxtını alırdı deyə o, evlərinə gedib-gəlmirdi. Buraya köçənə qədər subay dayısından qalma otaqda gün keçirmişdi. Təzə mənzilinə yığışanda kitablarından və bircə dəst təmiz yorğan-döşəkdən savayı gözə dəyən bir şeyi yox idi. Orxanın evinə mübarəkbadlığa gələn iş yoldaşları iri otaqları bom-boş görəndə çiyinlərini çəkib, qaşlarını dartmışdılar.

Qonaqları gülərüzlə qarşılayan anası Şirin arvad irəli çıxıb:

– Bizim Orxanın bu kasıb evinə xoş gəlibsiniz— deyəndə professor Salman Qurbanzadə tələbəsinin zəngin, nəfis kitablarla dolu kitabxanasını göstərib:

– Kasıb niyə olur, ay bacı?—demişdi.— Bəs bunlar var-dövlət deyil?!

– Var-dövlətin ən yaxşısı budur, ana, — deyə Orxan da sözə qarışmışdı.

Bir azdan yemişdilər, içmişdilər, içəndən sonra ehtiyat edib professorun yanında artıq-əskik danışmaqdan qorxanların da dili açılmışdı. Hələ ağız-ağıza verib «Şəbi-hicran»ı da oxumuşdular; - Orxanın dostu, onun şadlıq günündə hamıdan çox sevinən Cəfər məclisin şirin yerində ayağa qalxıb elə buradaca düzəltdiyi bir lətifəni söyləmişdi:

– Bu lətifəni elə «Alimlər evi»nin astanasına ayaq basanda quraşdırmışam. Bir alimə deyirlər ki, gəl sənə «Alimlər evi»ndə mənzil verək. Deyir, yox, getmərəm. Soruşurlar: niyə axı? Cavab verir ki, bir azdan o alimlər evinin birinci mərtəbəsinin divarları ağ xatirə lövhəsi ilə dolacaq, bizim üçün heç yer də qalmayacaq. Bəs biz öləndə xatirə lövhəmizi hara vuracaqlar?

Gülmüşdülər.

Şadlıq, sevinc dolu o gecənin xoş təəssüratı içərisində təkcə Gülalının qara, uzun sifəti, nəsə daxili bir narahatlıqla, qara muncuq kimi dərinlikdə dəbərən gözləri Orxanın yadında ayrıca qalmışdı.

—«Niyə rəngin elə qaradı, Gülalı?» — deyə Orxan bu sakit aprel axşamında bütün varlığı ilə qarşısında canlanan Gülalı ilə səssiz bir həsbi-hala girişmişdi.

«—Anadan belə doğulmuşam».

«— Yox, inanmıram, mənə elə gəlir ki, ürəyinin qarasıdı, çıxıb üzünə».

«— Sən diliacısan Orxan».

«—Həqiqət deyən dil həmişə acı olur...»

«— Biz axı bir yerliyik, Orxan...»

«— Bəzən səninlə bir yerli olduğum üçün də xəcalət çəkirəm». «— Niyə, Orxan? Oğruyam, əyriyəm, nəyəm?»

«— Sənin qarnında qurd var, Gülalı...»

Gülalının qaranlıqda gözləri işım-işım işıldadı:

«—Yox, Orxan, sən səhv eləyirsən...»

«— Var, Gülalı. O qurdu doktor görə bilməz. O adi qurd deyil, xəbislik, paxıllıqdır qurdun adı!»

Elə bil Orxanın ürəyində dediyi bu son sözlər Gülalının xəyalını məhv elədi, o harasa çəkilib getdi, cavab verə bilmədiyi üçün getdi. Yenə məclis Orxanın gözlərinin qabağında canlandı.

Professor şən-şən deyirdi:

– İndi Orxanı evləndirmək gərəkdir. Vaxtıdır.

– Hə, hə, dilinə qurban, ay qardaş, — deyə Şirin arvad aşağı başdan dillənmişdi, —mən də intizardan qurtarardım. Yoxsa haçanacan bu qədər yolu gedib-gələcəyəm, bunun pal-paltarını yuyacağam, ev-eşiyini təmizləyəcəyəm?

– Yox, gərək mütləq evlənsin! — deyən professorun səsindəki qətiyyət Orxanı sanki xəyaldan ayırdı. Məqaləsi yadına düşdü. Bu gün qəzetdə çıxan məqaləsi. Bir papiros yandırdı: «Görəsən, professor məqaləni oxudu? Oxuyar. Tənqidim xoşuna gələcəkmi? Mən düzünü demişəm... O boyda adam belə xırda tənqiddən inciyərmi? Yox, inciməz!»

Onlar on ilə yaxın idi ki, tanışdılar. Salman Orxanın universitetdə müəllimi olmuşdu, institutda elmi rəhbəri. Bu illər ərzində aralarında narazılıq baş verməmişdi.Tək bircə dəfə rəy üstə Orxan professorun xətrinə dəymiş, dediyini eləməmişdi: Orxan məqalə yazmışdı, məcmuədə çap olunması üçün rəy lazım idi. Professor özü razılıq vermişdi, məqalənin ora-burasına baxıb demişdi:

– Orxan, mənim indi heç vaxtım yoxdur. Özün otur məqalən haqda balaca bir rəy yaz, gətir, qol çəkim. Onsuz da bilirəm sən yaxşı məqalə yazacaqsan.

Orxan heyrətlə:

– Nə danışırsınız, professor? — deyə dillənmişdi, — mən öz haqqımda rəy yazım?

– Özün haqqında yox, məqalən haqqında.

– Nə fərqi, yenə özüm barədə yazmaq kimi bir şeydi. Bu mənim üçün çətin olar, professor, mən bunu eləyə bilmərəm.

– Niyə? Mənim dilimdən yazcaqsan da.

—Əlim gəlməz, professor.

Orxan o rəyi yazmamışdı, məqalə isə üç ay gecikmişdi.

Hava soyumuşdu. Dənizdən rütubətli yel əsməyə başlamışdı. Orxan qolunun tüklərinin biz-biz durduğunu hiss eləyib ayağa qalxdı, evə keçib işığı yandırdı. Səliqə-səhman, stolun üstündəki güldana qoyulmuş həmişəbahar gülünün dəstəsi Şirin arvadın bu gün buraya gəldiyini xəbər verirdi.

Orxan üç bacının tək qardaşı idi. Qızlarının üçünü də böyüdüb ər evinə köçürən Həsən kişi ilə Şirin arvad bütün ümidlərini Orxana bağlamışdılar.

Oğul toyu görmək qocaların yeganə arzusu idi. Orxan isə, necə deyərlər, çörəyini-suyunu götürüb elmin dalınca düşmüşdü, evlənmək fikrini, deyəsən, yadından çıxarmışdı.

Şirin arvad onu hələ tələbə ikən evləndirmək, halal südəmmişlərdən birinə bənd eləyib «uşağın» əl-ayağını bir yerə yığmaq istəmişdi. Ancaq Orxan ipə-sapa yatmamışdı: «Məktəbi bitirəndən sonra,

– deyə fikrini bildirmişdi. — Hələ ələ baxıram, özümü saxlayırsınız bəs deyil, üstəlik arvadımı da sizə yük eləyim?!». Vaxt dolanmış, o, məktəbi də bitirmişdi. Bu vaxt ayrı bəhanə gətirmişdi: «Aspiranturanı qurtarmasam evlənməyəcəyəm!»

– Ay başına dönüm, bu qədər də oxumaq olar? On beş ildi oxuyursan, hələ köçünü bir yerə çıxarmayıbsan. İndi də gərək filan qədər gözüyün qarasını tökəsən?— deyə səbri tükənmiş ana söylənmiş, dözməkdən qeyri bir çarə görməmişdi. İndi Orxan il yarımdan çoxdu müdafiə eləmişdi, maaşı çoxalmışdı, təzə ev almışdı. — Hə, tay indi nə deyirsən, ay ömrüm-günüm? — deyə ana tez-tez xəbər alırdı

– yoxsa yenə oxumaq fikrin var?»

Orxan gülə-gülə başını tərpədirdi.

Şirin arvad ayda dörd dəfə— bazar günləri elektrik qatarı ilə qəsəbədən şəhərə, oğlunun yanına gələrdi. Pal-paltarını yuyardı, evi silib-süpürərdi, isti xörək və Həsən kişinin həyətdə əkib-becərdiyi güllərdən bir dəstə oğlu üçün gətirərdi. İlin o fəsli yox idi ki, onların bağçasında gül olmasın. Bütün şəhərdə Həsən kişinin gülləri məşhur idi. Neçə dəfə bu sakit allı-güllü bağça haqqında, gül vurğunu Həsən kişi haqqında qəzetlərdə yazmışdılar.

Bəli, Şirin arvad hər gələndə oğlu üçün bir dəstə gül gətirərdi. Nə qədər qəribə olsa da, ona elə gəlirdi ki, bir gün bu güllər oğlunun istəklisinə qismət olacaq. O bu hissini heç vaxt Orxana deməmişdi, ancaq ürəyinin dərinliklərində bunun geç-tez doğru olacağına inanmışdı.

Bu gün səhər arvad içəri girəndə oğlunu şad görüb zənnlə, fəhmlə ona baxdı: «Dinmə, deyəsən, uşağımda iş var. Deyəsən, daşı ətəyindən töküb», — deyə düşünən ana, Orxanı bir də təpədən dırnağa süzüb soruşdu:

– Məni bu dəfə sevindirəcəksən, oğlum?

Orxan anasının hansı simə vurduğunu dərhal anlayıb, ciddi görkəm aldı.

– Kimdi, ay bala?

– Nə kimdi, ana?

– Deyirəm, yəni qız kimdi, kimlərdəndi? — deyə ana bu səfər naümid olacağından qorxurmuş kimi, ağır-ağır soruşdu.

– Qız nədi, ana?— Orxan özünü saxlaya bilməyib güldü. — Yuxu görübsən nədi, ay arvad?

– Tay yaxşı da, ürəyimizi üzmə görək, sən allah...

– Vallah, qız söhbəti-filan yoxdu.

– Tay nə oldu bu? — Ana doluxsundu:

– Elə deyirdin namızad olum, sonra... Namızad da oldun. Daha səzün nədi, ay qurban olum?

– Darıxma ana, hər şey düzələcək...

Orxan belə dedi, ancaq ürəyində bu sözləri ümid və intizarla yaşayan anaya təsəlli vermək məqsədilə söylədiyini anlayıb, ruhunda bir ağırlıq hiss elədi və özlüyündə: «Yox, heç nə düzəlməyəcək, ana, heç vaxt, heç nə düzəlməyəcək»,— dedi. Bu düşüncədən canı sıxıldı. Bir şöbədə işləsələr də, hər gün neçə dəfə üz-üzə, göz-gözə gəlsələr də Orxan öz gözəlliyi ilə onun nitqini lal eləyən, rahatlığını pozan, qayğısız-qüssəsiz həyatına şirin, əzablı bir ahəng verən Gülmirədən nə qədər uzaq olduğunu hər dəqiqə bütün dəhşətləri ilə anlayırdı. Anlayırdı və məyus olurdu. O bu duyğunu ürəyində boğmaq, məhv etmək istəyirdi. Lakin cidd-cəhdləri boşa çıxırdı, daha doğrusu, Orxan üçün yeni bir aləm açan, hər addımda həyatı əfsanəvi əsrarəngiz dona bürünmüş şəkildə ona sevdirən o qəribə hissi heç kəsə bildirmədən öz ürəyində yaşatmaq, onu qoruyub bəsləmək, gizli-gizli bu duyğu ilə fəxr etmək arzusu daha qüvvətli, daha əzəmətli idi. Gülmirə gözəl qadın idi, su zanbağı kimi ağ və zərifdi, onun məhəbbətini cavabsız da olsa, sinəsində gəzdirən hər kəs özünü bəxtiyar hiss etməyə bilməzdi. Lakin Gülmirə Orxan üçün öz təyyarəçi əri ilə buludlardan yuxarı, ulduzların yanında uçan əlçatmaz, ünyetməz bir səadət idi.

Orxan ah çəkib güldandakı güllərə baxdı, dəstəni nəzərləri ilə yoxladı, ən yaxşı, iri ləçəkləri əzilməmiş bir gülü iylədi və: «Bu— Gülmirənin...»—deyə pıçıldadı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, iyirmi üçüncü fəsil

Şirin arvad həftədə bir dəfə Orxanın evinə gələrdi. İndi yolunu dəyişib, qəbir üstünə gedirdi. Qabaq bazar günləri gələrdi, indi cümə axşamları. Onda oğlu üçün yemək-içmək, cürbəcür ləzzətli xörəklər bişirib gətirərdi, oğlundan xoş xəbər eşitmək ümidi ilə gələrdi. İndi yeməli heç nə gətirmirdi. Dərdli bir ürək, iki ağlar göz... bir də, bir dəstə gül gətirirdi.Aradan neçə ay keçsə də, ana onun ölümünə inanmaq istəmirdi. İnanmaq istəmirdi bura, bu yaşıl qəbiristanlığa gələnə qədər. Ayağı bura dəyəndə, dəmir hasara alınmış qəbir — o dikəlmiş torpaq ananı inandırırdı.

7 мин
Üçüncü hissə, birinci fəsil

Payız günəşi daranmış qara yuna bənzəyən buludlar arasında gizləndi. Havadan yağış qoxusu gəlməyə başladı. Yağacaqdı. Bu gün elə bir gün idi ki, səmanın sinəsi göz qamaşdıran qılıncla yarılmalı, göylər hönkürtü ilə ağlamalı idi. Çünki göylər vurğunu Əqdəmin səma kimi təmiz, saf ürəyi yaralanmış, bircə anın içində uzun illər boyu qəlbində əmin-amanlıqla yaşayan səadəti qəfil bombardmandan uçulub xarabazara dönən şəhər kimi korun-korun tüstülənməyə başlamışdı. Adicə bir təsadüfün sükuta qərq olmuş ölülər dünyasına gətirib çıxartdığı təyyarəçi ləngərli addımlarla qəbirlər arasında gözdən itəndən az sonra halsız-hərəkətsiz, heykəl sayağı dayanıb qızarmış gözlərini Orxanın başdaşına həkk olunmuş gülümsər şəklindən çəkməyən Gülmirə harda olduğunu xatırlamağa çalışan adam təki yan-yörəsinə baxındı. Bura haçan və niyə gəlmişdi? Bu günmü, dünənmi? Bir qərinə əvvəlmi? Orxan nə zaman ölmüşdü, niyə ölmüşdü?Yox, hələ o, anlaşılmazlıq aləmindən ayrılmamışdı. Zaman məfhumu, səbəblər, suallar anlayışı bu dəqiqə Gülmirə üçün öz hökmünü itirmişdi. hər şey ona ilğım dənizində olduğu kimi gah aydın, gah da uzaq, əlçatmaz, xəyali görünürdü.

5 мин
Üçüncü hissə, ikinci fəsil

Qırmızı qapı aralı idi. Bunu görən kimi Gülmirənin beynində soyuq bir fikir dolaşıb tüklərini ürpəşdirdi: «Əqdəm evdədir!» Əzgin, yorğun, taqətsiz addımlarla içəri girdi. Onun bu dəqiqə yeganə bir istəyi vardı: özünü çarpayısına yetirsin, paltarlı uzanıb azca rahatlansın, toxtasın, əsəblərinii gərginliyi azalsın. Bu vəziyyətdə onun ayaq üstə dayanmağa da taqəti yoxdu.Gülmirə ürkək nəzərlərlə otağa göz gəzdirdi; Əqdəm yox idi. Rahat nəfəs alan kimi oldu. Bu ara mizin üstündəki külqabıdan burula-burula yuxarı qalxan tüstü diqtətini cəlb elədi: Qapı açıq idi. Papiros tüstülənirdi. — Bütün bunlar göstərirdi ki, Əqdəm evə gəlib. Bəs hanı? Gülmirə ağzını doldurub Əqdəmi səsləmək istədi, ancaq səsi çıxmadı.

3 мин
Üçüncü hissə, üçüncü fəsil

Nadirə yataq otağında, taxta çarpayıların arasında qoyulmuş bədənnüma güzgüdə özünə baxanda onsuz da qüssəli olan ürəyində həlim, yumşaq bir nisgil baş qaldırdı. Gödək vurulmuş saçlarına daraq çəkəndə gözünə dəyən təkəm-seyrək ağ tüklər qübar olub sinəsini yandırdı. Sınıxdığını, həmişə qızartılı, təravətli olan yanaqlarının solğunlaşdığını, qara, işıqlı gözlərinin yanında qırışlar əmələ gəldiyini elə bil, birinci dəfə görürdü — bunlar yəni əvvəldən belə idi, ya bu axır vaxtlar bu cür olmuşdu? Bu suala indi o, cavab verə bilməzdi. Çünki insan birdən-birə qocalmır, hiss edilmədən qocalır. «Adam birdən-birə qocalsaydı, bu dərdin ağırlığına ürək tab edə bilməzdi», deyə ürəyindən keçirən Nadirə üzündə, gözlərində, ağ pambıq kimi yumşaq buxağında, qədd-qamətində, saçlarında yaşayan cavanlıq nişanələrini görüb ürəyində alışan ümid, təsəlli qığılcımlarının oduna isinən kimi oldu. Amma bu hiss o qədər yüngül və ötəri idi ki, tez keçib getdi. Yox, bunu Nadirə bəlkə də özü tam aydınlığı və dərinliyi ilə hiss eləmirdi, amma, həqiqətən, o, son vaxtlar qocalmışdı, daxilən, mənən qocalmış, daha doğrusu, qocalığın ilk zərbələrini dadmışdı. Son aylar ərzində baş vermiş hadisələr məgər əsər-əlamətsiz keçən, özündən sonra bir iz qoyub getməyən hadisələr idi? Sevimlisi, gözünün ağı-qarası Ceyhun qəzaya düşmüşdü,— şəkilli-şəmayilli oğlanın üzündəki çapıq ox olub Nadirənin gözünə girir, ürəyini deşib keçirdi. Elə bil, ağ, təmiz bir kağızın üstünə ləkə düşmüşdü — silinməz, pozulmaz ləkə. Nadirə canını verərdi, ömrünün illərini verərdi, təki o çapıq, o ləkə silinə biləydi, izi-tozu belə qalmayaydı. Ancaq bu mümkün idimi? Afa — Ceyhunla birlikdə qəzaya uğramış o yeniyetmə, gözəl qız da şikəst olmuşdu, yeriyəndə qıçını çəkirdi. Bu yaxınlarda Nadirə onu atasının yanında qıçını çəkə-çəkə yeridiyini görəndə heç də az əzab çəkməmişdi.Sonra Salmanla aralarında olan elmi ixtilaf, fikir ayrılığı! Kaş, Salman başa düşə biləydi ki, bu fikir ayrılığının onların ailə həyatına heç dəxli yoxdur, o öz ərini sevir, hörmət eləyir, ancaq səhvlərini də göstərməyi unutmur. Burda nə qəbahət iş var? Bəlkə də Salmanın yerinə ayrı bir alim olsaydı, bununla fəxr edər, arvadının tənqidindən, məsləhətlərindən qaralıb darılmazdı. Ya, məsələn, Salman onun, Nadirənin nöqsanlarını üzünə desəydi, mətbuatda tənqid eləsəydi, nə olardı? Nadirənin acığınamı gələrdi? O bu sualla ürəyinin dərinliklərinə baş vurur: «Yox, inciməzdim!» cavabını alıb rahatlanırdı. Amma Salman... Kaş Salman başa düşəydi. Salmanın Sədəfgildən ayaq kəsməsi, Müseyibin çəkilib yad adam kimi bir qıraqda durması da onu az incitmirdi. «Bizi bir-birimizdən ayırıb uzaqlaşdıran nədir, görəsən? Niyə yad olub gedirik?— deyə öz-özünə soruşur, qəti, aydın bir qənaətə gələ bilmirdi.— Şöhrətmi? Var-dövlətmi?» Kitablar yazıb dərin elmi məsələlər qaldıran, çətin, dolaşıq suallara cavab verən Nadirə həyatın bu sadə sualı qarşısında aciz qalmışdı.

8 мин

Стихи других поэтов