«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.

Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.

Hər ikisi möhkəm acmışdı, danışmır, iştahla yeyirdilər. Birinci badədən gözlərinin qurdunu öldürəndən sonra danışıq tutmuşdu:

– Sən qəribə oğlansan, vallah! — Ətiqulla dedi. — Mən ömrümdə birinci dəfədi sənin kimi adama rast kəlirəm.

– Nə olub ki? — Elməddin onun nəyə işarə elədiyindən anlayıb təəccüblə yox, elə-belə, xala xətrin qalmasın, xəbər aldıqda Ətiqulla söylədi:

– O dəfə qızın yanından çıxmışam, səni axtarmışam, qızlar gülə-gülə deyiblər ki, bəs dostunun bizdən xoşu gəlmədi, Həsrət arvadı bəyəndi, düşdü onun yanına. Arvad da dedi ki, çıxdı getdi, qalmadı. Təəccüb eləmişəm. Sənə nə olub? Cavan oğlansan, özü də subay. Sənin yerinə olsaydım, vallah, billah, gecə-kündüz ordan çıxmazdım. Ölüb qalmalı yerdi. Bir də, ay Elməddin, biz dünyaya bir dəfə gəlirik. Qocalandan, öləndən sonra həyat öz ləzzətini yamanca itirir, qardaş. Bilsəm ki, ikinci dəfə də dünyaya qayıtmaq mümkün olacaq, o başqa məsələ, ancaq ovcumun içi kimi bilirəm ki, möcüzələrlə dolu olan bu dünyada ancaq iki möcüzə baş verməyəcək; birinci budu ki, ölü dirilməyəcək, ikincisi də budu ki, qoca dönüb cavan olmayacaq. Ona görə, bu beşgünlük fani dünyada ye, iç, kefini çək. Şükür ki, indi pulun da var.

– Ömrün mənası ancaq yemək-içməkdən, kefdən ibarət deyil, Ətiqulla. İnsan ancaq bunun üçün yaşamır ki...

– Bəs nə üçün yaşayır, Elməddin?

Elməddin dostunun bu sualına ətraflı cavab vermək istədi, ancaq düşündü ki, fikri-zikri yemək-içmək, əyyaşlıq olan Ətiqulla onu çətin anlayar. Belə adamların məqsədi ancaq puldu, yeməkdi, qadındı, onlar başqa heç nə barədə fikirləşmək istəmirlər. Varlarını, milyonlarını qorumaq üçün — yalnız bunun üçün lazım gəlsə, vuruşmağa, oda-alova girməyə hazırdılar. Vəssalam. Odur ki, qısaca söylədi:

– İnsan yaşayır ki, onun dünyaya gəlib-getməyi bilinsin. Öz işilə, əməllərilə adını dünyanın, vətənin yaddaşına həkk eləsin. İnsan elə yaşamalıdır ki, ölüb gedəndən sonra da onu unuda bilməsinlər...

– Əşi, o, boş-boş şeylərdi. Bu ancaq şöhrətpərəstlərin, nağdı qoyub nisyənin dalınca qaçanların xülyasıdı, Elməddin. — O, fransız arağını badələrə süzüb: — Götür içək, əşi, götür içək öz sağlığımıza, həyat adamı olmaq, bu günümüzün, bax, bu dəqiqə sağ olmağımızın, nəfəs almağımızın şərəfinə. Bizdən sonra nə olacaq, onu Allah bilir, – dedi.

İçdilər. Ətiqulla portağal soyub Elməddinin qabağına qoydu, sonra bir bananın da «köynəyini» çıxarıb Elməddinə uzatdı.

– Çox sağ ol, Ətiq, zəhmət çəkmə, özüm...

– Yeməyin də pisdi. Fikirlisən. Heç olmasa yemək-içmək zamanı bu fikir-xəyalı qoy kənara. Başın dincəlsin. Fikir-xəyal kimi insanın ömrünü gödəldən ikinci bir şey yoxdu cahanda. — Elməddin portağalın dilimini ağzına atdı:

– Təbiətim belədi, sən fikir vermə. Hər şeydən qaça bilər insan. Ancaq özündən, ürəyindən heç yana qaça bilməz.— Elməddin daha nə isə demək istəyirdi ki, Ətiqulla o biri stola yaxınlaşan ucaboy, qırmızıyanaq, bığlı kişini səslədi:

– Ağayi Əli, bura təşrif gətirin, bura.

Əli adlanan kişini Elməddin birinci dəfə idi görürdü. O, əllərini ovuşdura-ovuşdura yaxınlaşdı, Ətiqullanı tanıyan kimi şax, uca qamətini əyib irəli uzandı və əlini sıxdı:

– Xoş gördük, a şair! — dedi Ətiqulla,— yenə restoranlarda gəzirsən, özü də tək-tənha. Adam da restorana tək gələr, ay şair?

Əli şair imiş—düşündü Elməddin və o dəqiqə ürəyinə damdı ki, bu, şair Əli Tüğyan olacaq. Hissi aldatmamışdı, o idi. Və bu gözlənilməz görüşdən Elməddin sıxıldı. Karikaturası gəlib durdu gözlərinin qabağında. Rəhgüzər gəlib durdu gözlərinin önündə. Əzabı ilə. Maraqlı idi ki, indi, onu tanıyandan sonra Əli Tüğyan nə hala düşəcək, ona necə münasibət bəsləyəcək və bu maraq Elməddinin ürəyindəki sıxıntını qovub çıxartdı.

Əli Tüğyan Ətiqullanın göstərdiyi stulda əyləşdi və qövsvarı, qalın qaşlarıpın altında parıldayan iri gözlərini dolandırıb Elməddinə baxdı. Ətiqulla dnlləndi:

– Bu, — şairi göstərdi, — bu bizim şair Əli Tüğyandı. Tanış olun, bu da — o, Elməddinə işarə elədi, — bu da mənim dostumdu, ağayi Elməddindi, ağayi Nəcməddinin yanında işləyir.

Əli Tüğyanın üz-közündən, əzvayişindən başa düşdü ki, Elməddini tanımadı, yəni bilmədi ki, Rəhgüzərin qəzetində dərc olunmuş «o biabırçı» karikaturanın müəllifi ilə üzbəüz oturub. «Bəlkə belə yaxşıdı, qoy tanımasın».

– Ha axtardım, əlimə bir fərli-başlı adam keçmədi ki, gətirəm özümlə çörək yeməyə, — deyə Əli Tüğyan kabab tikələrinə baxıb udqundu.

– Adamın fərli-başlısını axtardın, tapa bilmədin, hə? Ye, görürəm, bərk acsan, bizə baxma ye. Ay səni, şair. Bir dilənçi gətirəydin, bir qarın çörək verəydin. Olmazdı? Dilənçi ki doludu şəhərdə.

– Mən dilənçi ilə restorana gələydim, ağa? — deyə o, tikəsini çeynəyə-çeynəyə Ətiqullaya baxdı.

– Özünə yaraşdırmazsan. Şair və dilənçi bir restoranda, bir stol arxasında çörək yeyir... Görən, bilən nə deyər?

– Ağam zarafat eləyir ey — deyə o, bu dəfə Elməddinə baxıb qımışdı. Əli acközlüklə yeməyi — xörəyi gözünə təpirdi. Ətiqulla onun üçün də araq süzdü:

– Götür şair, götür içək bu badələri sənin sağlığına. Sən qibləgahımın ürəyinə yaman yol tapıbsan, kişi oturub-durub səni tərifləyir. Onun pullarının axırına çıxsan, sən çıxacaqsan. — Sonra o, üzünü Elməddinə tutub davam elədi. — Bilirsən də, qibləgahım pul buraxır, o da ruznamə nəşr eləyir, yəni ki, kişinin pullarını havaya üfürür.

– Hə? — deyə Elməddin söhbətin təzə nəşrə başlayan «Sülh» qəzetindən getdiyini bilsə də özünü bixəbər kimi göstərib xəbər aldı.

– Nə ruznamədir o belə? Mən bütün ruznamələri oxuyuram.

– Oxuyursan? — Əli Tüğyan badəsi əlində Elməddinə diqqətlə baxdı — «Sülh»ü də oxuyursan?

– Bəli.

– Mənciyəz ruznamə-zad oxumuram. Nəyimə lazımdı başımı ağrıdım? Bilirəm hamısı çərən-pərən yazır. Ruznamə yazanların çoxunu özüm tanıyıram, bilirəm kim necə adamdı, kim nə yaza bilər, — dedi Ətiqulla.

Əli Tüğyan söylədi:

– Bax, o «Sülh»ün redaktoru mənəm. Necədi, xoşunuza gəlir?

– Nə deyim, vallah? — Elməddin çiynini çəkdi. — Düzünü desəm, qorxuram acığınıza gələr.

– Yox, canım. Acığıma niyə gəlir?

– Acığına gələr, araq içər, — deyə Ətiqulla zarafat elədi. Və fürsətdən istifadə edib badəsini başına çəkdi, o birilər də ona baxıb içdilər. — Bax belə. Bax belə, keçmişlərdə bir şeydən hirslənəndə, acıqlananda su içərdilər, indi araq içirlər.

– Hə, deməli bizim ruznaməni oxuyursunuz? Mən oxucu ilə rubəru durub söhbət etməyi xoşlayıram. Nədən ki, oxucu səsi kütlənin, xalqın səsidir. Onu eşitmək, gələcək fəaliyyətimizdə, təkliflərini, arzularını nəzərə almaq ümumi işimizin xeyrinədi. O biri yandan da, bunu hamı bilir ki, ruznamə xalqın əfkari-ümumisidir.

– Elədir, ancaq hər ruznamə yox, ağayi Əli Tüğyan.

– Tamamilə düz buyurursunuz. Ruznamə gərək xalqın, camaatın ürəyinə girə bilsin, onun dərdini bəyan eləyə bilsin, işıqlı gələcəyindən danışa, xəbər verə bilsin.

– Amma bu, hər ruznaməyə müyəssər olmur, ağa! Məsələn sizin ruznaməni götürək. Mən əminəm ki, bir oxucunuz kimi fikrimi deyə bilərəm, elə deyilmi?

– Əlbəttə, buyurun.

– Sizin ruznamə... — Elməddin ani olaraq duruxdu, demək istədiklərini yumşaltmaq üçün yollar aradı, ancaq düzü düz, əyrini əyri deməkdən ayrı çarə görməyib davam etdi: — Sizin ruznamə təəssüf ki, xalq ruznaməsi deyil, camaatı düşündürən məsələlərdən yan keçir, ümumi sülh şüarı ilə cəmiyyətin kəm-kəsirlərini ört-basdır eləyir.

– Hə? — Əli Tüğyanın gözləri böyüdü, qırmızı yanaqları daha da qızarıb allandı.

– Bəli, ağa. Siz dövlətlər arasında ümumi sülhü təbliğ edirsiniz, bu özlüyündə çox yaxşıdır. Ancaq bizim cəmiyyətimizdə — ağası, nökəri, varlısı, yoxsulu olan cəmiyyətdə insanlar arasında da sülhü, qardaşlığı təbliğ edirsiniz. Bax, bu düz deyil, sizin səhviniz, özü də böyük səhviniz bundadır, ağa. Mən inanmıram ki, sizin kimi savadlı, hörmətli bir şair, neçə-neçə şer məcmuəsinin müəllifi bu həqiqəti başa düşməsin. Yox, bunu çox gözəl anlayırsınız, ancaq sizin sinfi mövqeyiniz buna imkan vermir, ağa. Bir özünüz fikirləşin — mülkədarla ac-yalavac kəndli, milyonerlə evsiz-eşiksiz şəhər yoxsulları arasında hansı bərabərlikdən, qardaşlıqdan və sülhdən danışmaq olar? Bunlar təbiətən necə deyərlər, anadangəlmə bir-birinə düşmən olan zümrələr deyilmi? Görürsünüz, ağayi Ətiqullanın bayaq zarafatla dediyi sözlərdə çox böyük bir həqiqət var — siz, dilənçi ilə bir restoranda, bir stol arxasında oturmağı, çörək yeməyi öz şəninizə sığışdıra bilmədiniz. Amma ruznamənizin yazdığına görə, axı siz qardaşsınız, bərabərsiniz?! — Əli Tüğyan Elməddini dinləyirdi, yemək-içmək yadından çıxmışdı, hiss edirdi ki, qarşısında oturan bu cavan oğlan heç də adi dəftərxana işçisinə oxşamır, sözləri, mühakimələri məntiqlidir, kəskindir və haradasa ürəyinin dərinliklərində bunu da anlayırdı ki, çox şeyləri düz deyir. Bununla belə arxasını yerə qoymaq, təslim olmaq istəmirdi.

– Mən deyərdim ki, sizin də sözləriiizdə müəyyən qədər həqiqət var, lakin siz hələ cavansınız, bir çox həyat həqiqətlərini, hadisələrin məntiqi inkişafının kələcəyini hələ layiqincə görə bilmirsiniz, dərk edə bilmirsiniz, ağa.

Biz qan əleyhinəyik, nahaq qan tökülməsi əleyhinəyik. Bu cəmiyyətimizin bütün üzvlərini ona görə qardaş olmağa çağırırıq ki, qan tökülməsini istəmirik, bəli! Yoxsa siz bir anlığa təsəvvür edin ki, biz də, ağayi Rəhgüzər kimi, cəmiyyətimizin zümrələrə bölsək, onları bir-birinin üstünə qaldırsaq, onda nə olar? Qan su yerinə axar, qardaş qardaşı qırar, ata oğula əl qaldırar. Onda müsibətlər olar, ağa.

Elməddin artıq danışmaq istəmədi, Əli Tüğyanı şübhələndirəcəyindən ehtiyat edib susdu, saatına baxıb getmək vaxtı çatdığını Ətiqullaya xatırlatdı. Amma Elməddinin söz-söhbəti Əli Tüğyanın xoşuna gəlmişdi. Onunla ətraflı maraqlanır, hardan gəldiyini, konkret nə ilə məşğul olduğunu öyrənmək istəyirdi. Elməddinin isə bu, ürəyincə deyildi.

Ətiqulla, tərs kimi, dostunu ətraflı təqdim etməyə məcbur oldu:

– Ağayi Elməddin də şer, hekayə yazır, ağayi Əli Tüğyan.

Düzdü, mən oxumamışam, ancaq deyirlər pis yazmır. —O, — deyə Əli Tüğyan sevindi — Əşi, bunu bayaqdan de də! Mən də fikirləşirəm ki, ay allah, bu kimdi. Mən sizin şerləri, hekayələri çox böyük məmnuniyyətlə oxuyuram, ağayi Elməddin. Ağayi Rəhgüzər sizin yazıları böyük bir səxavətlə çap edir. Sən bayaqdan danışdıqca barmağımı dişlədim ki, bu məktəb ağayi Rəhgüzərin məktəbinə oxşayır.

Yanılmamışam. — O, nəsə fikirləşib:—Yeri gəlmişkən bir şey soruşum sizdən, — dedi.

– Buyurun.

– Rəhgüzərin ruznaməsinin rəssamı kimdi?

Elməddin onun nəyə işarə elədiyini duyub gülümsündü:

– Düzü, bilmirəm, ağa!

Əli Tüğyan köks ötürdü:

– Rəhgüzər böyük sənətkardır, amma heyf ki, yollarımız ayrıdı.

Elməddin qalxdı:

– Bəlkə elə-belə olmağı yaxşıdı, ağa!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, altıncı fəsil

Elə həmin gün, səhər tezdən evdən çıxarkən Heyran qar yağdığını görüb üşümüş, kədərlənmişdisə, şəhərin bu başında, yataq otağının həyətə açılan pəncərəsindən qarladığını görən Məhəmməd Şəfi çox sevinmişdi. Şair qarı çox sevirdi — soyuğunu, şaxtasını yox, sadəcə sakit-sakit, lopa-lopa yağmasından olmazın ləzzət alırdı həmişə. Xüsusilə Kabilin küləksiz qış günləri gözəl olurdu, havada elə bil saysız-hesabsız ağ kəpənəklər uçurdu, bir-birini qovur, birləşir, fırlana-fırlana, ləngər vura-vura yerə, ağacların, adamların, damların, hasarların üstünə düşürdülər. Şəfi üçün qar havada uçarkən gözəldi — yerə düşdümü, olurdu adicə qar. Belə havalarda o, yaxşı işləyirdi: elə bil, ilham çeşməsinin gözü açılırdı, beynində, ürəyində qar dənələri kimi bir-birini təqib edən, dünyaya gəlməyə çan atan fikirlər ağ vərəqlər üstünə tökülür, yenicə doğulmuş körpəsinə baxıb sevinən ana kimi şair də onlara baxıb sevinirdi. Belə günlərdə, lap vacib işi olsaydı, o, evdən çıxmazdı!. Otağına çəkilib yazardı. Məleykə xanım uzun illərin təcrübəsindən bilirdi ki, Şəfi bu cür havada heç yerə getmir. Odur ki, onun çayını, çörəyini verir, özü isə çəkilib gedir, ev işləri ilə məşğul olurdu. Nahar vaxtı çatanda isə, Məleykə içəri girib onu stulundan qoparır, yemək otağında açdığı süfrə başında uşaqlarla birlikdə oturub xörəklərini yeyir, ordan-burdan danışır, deyib-gülürdülər. Şəfi özü üçün xüsusi rejim yaratmışdı; bu barədə Məleykəyə heç nə deməmişdi, çünki Məleykə təşvişə düşə bilər, nigarançılıq çəkərdi. Həbsxanaya düşəndən sonra Şəfi başa düşmüşdü ki, bir çoxlarınınkı kimi, onun da ömrü təkcə taleyindən asılı deyil; taleyindən başqa — əgər varsa — bir də «yuxarıda» əyləşən ağaların hökmündən asılıdır onun ömrü. Bilmək olmaz harda, haçan şairin ömür kəndirini kəsmək əmri veriləcək. Ona görə, qalan vaxtı-ömrü ağılnan, düşünə-düşünə yaşamaq gərəkdi. Şəfi indi, qalan pullarını ağıllı işlərə sərf etmək, mənfəət gətirə bilən şeylərə xərcləmək qərarına gəlmiş bir tacirə oxşayırdı. Hərdən özünə, bu fikirlərinə gülürdü. Neyləmək olardı, həyat belə qurulmuşdu. Şair qəlbində, beynində gəzdirdiyi, vaxtın azlığı, çatışmazlığı üzündən ildən-ilə adlatdığı əsərlərini kağız üzərinə köçürməklə yanaşı, başqa bir səhvini də düzəldirdi: o, bu çağa qədər evə, ailəyə, uşaqlarına az fikir vermişdi, lazım olduğundan az diqqət yetirmişdi. Evin dərd-səri Məleykənin boynunda idi, o, bu işləri böyük həvəslə görürdü, ancaq Şəfi başa düşürdü ki, hardasa o da əl yetirməlidi, kömək olmalıdı Məleykəyə. Uşaqlar da ata qayğısını tam mənası ilə hiss eləməmişdilər, onların tasəvvüründə ata həmişə yazı masası arxasında oturan, gündüzlər harasa gedən, kitab yazan, kimlərlə isə oturub saatlarla nəsə danışan bir adam kimi qalmışdı indiyəcən. Şəfi bilirdi ki, bu, düz deyil; onların da atalıq haqqını qaytarmalıdı Şəfi. Buna görə son vaxtlar Şəfi həftədə iki dəfə arvadını, uşaqlarını yanına salıb «Sinema-Kabul»a aparırdı, Bəbrəkin dərslərinə baxır,qızları Jaləni, Rəbiəni əyləndirir, onlara nağıl danışır, şer oxuyur, şer öyrədirdi. Qış aylarında onları qalın geyindirib bayıra çıxarır, qartopu oynayır, balaları üçün qar adamı düzəldirdi. Belə oyunlardan uşaqlar da ləzzət alırdı, o da. Elə bil təzədən özü də dönüb uşaq olurdu Şəfi. «Qoy məni tam varlıqları ilə hiss etsinlər balalarım, sevsinlər məni, sevə bilsinlər. Bir də gördün gözlənilmədən «getdim». Balalarımın yadında nə qalacaq? Heç nə? «Bu fikir Şəfini evə, ailəyə daha möhkəm bağlayırdı. Həmin qərara gəldiyi ilk günlərin birində Şəfi uşaqların otağına keçib onlara qoşularaq top-top oynayanda heç birisi gözünə inanmamış, təəccüblənmişdilər. Jalə heyrətlə Rəbiəyə baxıb:

10 мин
İkinci hissə, yeddinci fəsil

Heyran Darüləmanın mərkəzində, Kabil muzeyinin qabağında servisdən düşdü, əlindəki zənbili yelləyə-yelləyə, iti addımlarla evə tələsdi. Yüngülvarı bazarlıq eləmişdi, acından başının hərləndiyini, gözlərinin tor gətirdiyini görüb küçədə isti çuğundur satan oğlandan bir qıça qırmızı çuğundur alıb elə ayaq üstə yemiş, açlığını dəf eləmişdi. Uçmağa qanadı yox idi. Əynindəki paltar onun haçandan sevinməyən ürəyini hədsiz bir fərəhlə doldurmuşdu. Əbdül onun gözündə yox yerdən peyda olmuş bir xilaskara dönmüşdü. Necə də xeyirxah adamlar varmış bu dünyada?! Desəydilər, Heyran bəlkə də buna inanmazdı — nağıl, əfsanə hesab eləyərdi. «Ərini də götür, gəl. Burda yaşarsız. Yeməyinizi-yerinizi verərəm». — Bu sözləri o özü Əbdülün dilindən eşitmişdi. Necə inanmaya bilərdi?! «Görünür, zatən yaxşı adamdı. Həm də, deyəsən, Dünya bacım da ona yaxşı baxıb. Yoxsa... Mən onun nəyiyəm ki?» Heyran bütün yol boyu ürəyində beləcə danışmışdı, ancaq söz-söhbəti qurtarmamışdı. Fikri paltardan, Əbdüldən, cibindəki pullardan qopub Cabbarın üstündə qərar tutmuşdu: «İndi məni bu paltarda görəndə heç tanımayacaq Cabbar. Həmişə arzusu idi məni yaxşı geyindirib-keçindirsin. Axır görəcək məni gözəl paltarda, sevinəcək yazıq. Özü üçün də yaxşı olacaq — isti otağımız olacaq, yeməyimiz bol olacaq. Biçarə haçandı doyunca xörək yemir, yoxdur. Bəlkə əmələ gələr, Allah kərimdi. Yoxsa lap üzülüb, canı-cəsədi qalmayıb».Heyran Darüləmanın kənarındakı yastı-yapalaq evlərin arası ilə iti addımlarla yeriyirdi. Bura artıq öz məhəllələri idi. Qabağına tanış qadınlar, uşaqlar çıxırdı, ancaq salam verməmiş keçib gedirdilər. Deyəsən, təzə paltarda Heyranı tanımırdılar. Bunu o, evə lap az qalmış, qonşu arvadla üz-üzə gələndə müəyyən etdi. Kürəyində dəri su tuluğu olan, ağzı yaşmaqlı qadın qarşısına çatanda Heyran addımlarını yavaşıtdı, nəfəsini dərib:

6 мин
İkinci hissə, səkkizinci fəsil

Zərrintac xanım boş və mənasız bir həyat keçirirdi. Günləri ağır-ağır, yeknəsəq və sevincsiz ötüşdükcə qəlbinə vahimə çökür. Doğrudanmı həyatının beləcə sıxıntı, təklik məngənəsində sovuşub gedəcəyini ağlına gətirdikcə məyuslaşırdı; hər şeyə biganə olmuşdu. Bir vaxt Elməddinin gördüyü işləri özü yerinə yetirirdi — xeyli müddət bu, onun başını qarışdırır, günlərin hardan gəlib hara getdiyindən xəbəri olmurdu. Ancaq az sonra bu da onu yorub usandırdı. Kinolar da, şirkətin sexlərini gəzmək də. hər şey, hər şey ona artıq bir yük-kimi görünməyə başladıqda o, «belə olmaz, bir çarə tapmaq gərəkdir!» — deyə qərara aldı. Lakin nə etməli? Günlərlə, həftələrlə götür-qoy elədi, ölçdü-biçdi, ancaq axırını bir yana çıxara bilmədi. Gah istədi bu ev-eşiyi satıb atasının xanimanına qayıtsın, Əbdülün yanına! Uşağı özü saxlayardı, Əbdülə isə Elməddinin vəzifəsini həvalə eləyərdi. Yox, bu mümkün deyildi. Əvvələn, ona görə ki, onun uşaq saxlamağa hövsələsi yox idi, ağlayanda, qışqıranda, sözünə baxmayanda vurub şikəst elərdi yazıq uşağı. O isə özgə deyildi, atasının yadigarı idi. İkincisi ona görə ki, Əbdülün qətiyyən savadı, yazı-pozusu yox idi, təbii ki, o, Elməddinin vəzifəsinin öhdəsindən gələ bilməzdi, yox, bu variant qətiyyən Zərrintac xanımı təmin eləmirdi. Məhz buna görə də iki-üç gün bu barədə düşünəndən sonra bir daha onun üstünə qayıtmamağı qərara aldı.Siracəddinin təklifini eşidəndə Zərrintac xanımın ayağı lap yerə yapışmışdı. O, yalnız bundan sonra bu kidi dünyanın son dərəcə mürəkkəb, baş çıxarmaq mümkün olmayan qəribə bir aləm olduğunu dərk edib həyata, insanlara çirkin, alçaq, murdar bir varlıq kimi baxmağa başladı. O dəhşətli, ağılsız gecədən — Siracəddin onun yanında olduğu gecədən iki ay sonra kişi qəribə bir həyasızlıqla, əslində isə heç bir şey olmamış kimi, Zərrintac xanıma təklif etmişdi ki, əgər razılıq versə, onu kiçik qardaşının böyük oğluna alardı. Tərifləyirdi qardaşı oğlunu: «Gözəldi, ağıllıdı, əsl sənin adamındı. Tək qalmaq sənə qətiyyən əl verməz, xanım, — deyirdi, — gözəlsən, həm də subaysan. Bu şəhərin yaman adamlarının dilinə-ağzına düşmək dəhşətdi. Sonra dünya dağıla o pis, ləkəli adı üstündən götürə bilməzsən, xanım. Həm sənə qulaq yoldaşı olar Sultan xan, həm də sənin işlərini görər. Bu iş ki, indi sən görürsən, qadın işi deyil, bala. Sən gəl razılıq ver, bu xeyir işi qurtaraq!» — deyirdi Siracəddin. O danışdıqca Zərrintac xanım dinləyir, utandığından kişinin üzünə baxa bilmir, ürəyində düşünürdü ki, bu necə alçaq kişidi, necə şəxsiyyətsiz-heysiyyətsiz insandı. İçərisində ona qarşı sonsuz bir qəzəb, kin qaynadı, bu söhbət küçədə olmasaydı, Zərrintac xanım bəlkə də onun üzünə tüpürərdi, bəlkə də qadın olduğuna baxmayaraq, Siracəddini

13 мин
İkinci hissə, doqquzuncu fəsil

Təklik dəhşətli şeymiş! Bunu Heyran əvvəllər bilməzdi, deyən olsaydı, inanmazdı. Ancaq biçarə Cabbarın o qarlı gündə ölümündən sonra keçən bu yalqızlıq aləmində Heyran dünyada kimsəsiz qalmağın, dörd divar arasında tənha yaşamağın nə demək olduğunu anlamışdı, böyüklü-kiçikli, qonaqlı-qaralı olmamışdı, Cabbar səhər gedib axşam yorğun-arğın qayıdıb gəlmişdi. Bütün günü evdə, həyət-bacada tək qalan Heyran onda heç vaxt özünü yalqız hesab eləməmişdi. Cabbarın axşam, yataqda dediyi bir xoş sözü, bir isti nəvazişi bütün günü yadına salıb rahatca gəzib-dolanmış, səbirsizliklə ərinin işdən qayıtmağını gözləmişdi. Cabbar xəstələnib yatağa düşəndə də o, gah ərilə danışmış, gah da ürəyində allahla həsb-hal eləmiş, ona cansağlığı diləmişdi. Hər iki halda Heyranın başını qarışdıran, ona tək olmadığını hiss etdirən bir şey olmuşdu. Ancaq indi...Cabbar gözünün qabağında ölmüşdü. Onun qışqırığına yığılıb gələn qonum-qonşu—ağsaqqallar, qoca arvadlar Cabbarın ağır xəstəlikdən öldüyünü zənn edirdilər. Təkcə Heyran bilirdi ki, o, xəstəlikdən ölmədi, bu xəstəliklə hələ çox yaşaya bilərdi, məsələn, hələ beş il də yaşaya bilərdi. Heyran yaxşı bilirdi ki, Cabbarın bağrı çatladı, öldü; əgər onu yarsaydılar, tibbi muayinə eləsəydilər, mütləq təyin edərdilər ki, Cabbarın ürəyi partlayıb! Heyran cənazənin üstündə saç-birçəyini yola-yola, üz-gözünü cıra-cıra ağladıqca, «Cabbarım!» deyə ağı söylədikcə bu məşum hiss — özünün günahkar olmağı hissi azalmırdı və onun ürəyini, beynini yandırırdı. Qonşulardan yığılıb gəlmiş beş-altı kişi, Cabbarı yuyub kəfənə bükərək, günortadan sonra dəfn eləməyə aparanda da, yaxınlıqdakı qəbiristanda torpağa tapşırıb geri qayıdanda da, yasa gəlmiş beş-on qonşu arvad gecə saat onda dağılışıb evlərinə-eşiklərinə gedəndə də, on beş-on altı il ərzində ilk dəfə damın altında tək-tənha qalıb gecə səhərəcən göz qırpmayanda da, bir-birinin dalınca çox böyük ləngərlə ağır-ağır ötüb keçən bu qırx gün müddətində də—heç vaxt, bircə an da olsa o məşum günahkarlıq hissi Heyranı tərk eləməmişdi, onu köz üstə atılmış ət parçası kimi - cızhacızla yandırmışdı. Qəribə idi, Cabbarla yaşadığı on beş ilin acılı-şirinli xatirələrindən indi bircəciyi də yada düşmürdü; yada düşən ancaq onun ölümqabağı keçirdiyi çılğın vəziyyət idi. — Heyranın təzə paltarda əlidolu qayıdarkən gördüyü anlarda düşdüyü vəziyyət idi. Bəli, on beş illik həyatdan ancaq bu qalmışdı Heyran üçün. İlahi, o da elə ağır idi, elə yandırıcı idi—isti yaranın üstünə səpilən duz kimi cızdağını çıxarırdı. Bu, cəmi üç-dörd dəqiqə çəkməmişdi heç. Amma bir ömrün, özünə görə xoş olan bütün şirinliklərinin, gözəlliklərinin üstündən xətt çəkmişdi. İnsan necə də anlaşılmaz məxluq imiş! On beş ildə Heyran bircə dəfə də olsa, Cabbarda belə sifət görməmişdi, hirsləndiyini, ona güldən ağır bir söz dediyini eşitməmişdi, duymamışdı. Amma onda Cabbar tamam başqa adama çevrilmişdi, tanınmalısı qalmamışdı. Yəqin onun o dəqiqələrdə iqtidarı olsaydı, durmağa taqəti olsaydı, vücudu sözünə baxsaydı, Heyran Cabbarın daha başqa snfətlərini də görə bilərdi. Yəqin ürəyində tüğyan eləyən o lənətə gəlmiş qısqanclıq hissi ilə vücudunun qüdrəti uyğun gəlmədiyinə görə, hirsindən, hikkəsindən ürəyi partlamışdı Cabbarın. Bu faciənin əgər yarısı qəzəbindən baş vermişdisə, yarısı da gücsüzlüyündən, zəlilliyindən meydana gəlmişdi.

8 мин

Стихи других поэтов