İkinci hissə, altıncı fəsil
Страница 1 из 2
Elə həmin gün, səhər tezdən evdən çıxarkən Heyran qar yağdığını görüb üşümüş, kədərlənmişdisə, şəhərin bu başında, yataq otağının həyətə açılan pəncərəsindən qarladığını görən Məhəmməd Şəfi çox sevinmişdi. Şair qarı çox sevirdi — soyuğunu, şaxtasını yox, sadəcə sakit-sakit, lopa-lopa yağmasından olmazın ləzzət alırdı həmişə. Xüsusilə Kabilin küləksiz qış günləri gözəl olurdu, havada elə bil saysız-hesabsız ağ kəpənəklər uçurdu, bir-birini qovur, birləşir, fırlana-fırlana, ləngər vura-vura yerə, ağacların, adamların, damların, hasarların üstünə düşürdülər. Şəfi üçün qar havada uçarkən gözəldi — yerə düşdümü, olurdu adicə qar. Belə havalarda o, yaxşı işləyirdi: elə bil, ilham çeşməsinin gözü açılırdı, beynində, ürəyində qar dənələri kimi bir-birini təqib edən, dünyaya gəlməyə çan atan fikirlər ağ vərəqlər üstünə tökülür, yenicə doğulmuş körpəsinə baxıb sevinən ana kimi şair də onlara baxıb sevinirdi. Belə günlərdə, lap vacib işi olsaydı, o, evdən çıxmazdı!. Otağına çəkilib yazardı. Məleykə xanım uzun illərin təcrübəsindən bilirdi ki, Şəfi bu cür havada heç yerə getmir. Odur ki, onun çayını, çörəyini verir, özü isə çəkilib gedir, ev işləri ilə məşğul olurdu. Nahar vaxtı çatanda isə, Məleykə içəri girib onu stulundan qoparır, yemək otağında açdığı süfrə başında uşaqlarla birlikdə oturub xörəklərini yeyir, ordan-burdan danışır, deyib-gülürdülər. Şəfi özü üçün xüsusi rejim yaratmışdı; bu barədə Məleykəyə heç nə deməmişdi, çünki Məleykə təşvişə düşə bilər, nigarançılıq çəkərdi. Həbsxanaya düşəndən sonra Şəfi başa düşmüşdü ki, bir çoxlarınınkı kimi, onun da ömrü təkcə taleyindən asılı deyil; taleyindən başqa — əgər varsa — bir də «yuxarıda» əyləşən ağaların hökmündən asılıdır onun ömrü. Bilmək olmaz harda, haçan şairin ömür kəndirini kəsmək əmri veriləcək. Ona görə, qalan vaxtı-ömrü ağılnan, düşünə-düşünə yaşamaq gərəkdi. Şəfi indi, qalan pullarını ağıllı işlərə sərf etmək, mənfəət gətirə bilən şeylərə xərcləmək qərarına gəlmiş bir tacirə oxşayırdı. Hərdən özünə, bu fikirlərinə gülürdü. Neyləmək olardı, həyat belə qurulmuşdu. Şair qəlbində, beynində gəzdirdiyi, vaxtın azlığı, çatışmazlığı üzündən ildən-ilə adlatdığı əsərlərini kağız üzərinə köçürməklə yanaşı, başqa bir səhvini də düzəldirdi: o, bu çağa qədər evə, ailəyə, uşaqlarına az fikir vermişdi, lazım olduğundan az diqqət yetirmişdi. Evin dərd-səri Məleykənin boynunda idi, o, bu işləri böyük həvəslə görürdü, ancaq Şəfi başa düşürdü ki, hardasa o da əl yetirməlidi, kömək olmalıdı Məleykəyə. Uşaqlar da ata qayğısını tam mənası ilə hiss eləməmişdilər, onların tasəvvüründə ata həmişə yazı masası arxasında oturan, gündüzlər harasa gedən, kitab yazan, kimlərlə isə oturub saatlarla nəsə danışan bir adam kimi qalmışdı indiyəcən. Şəfi bilirdi ki, bu, düz deyil; onların da atalıq haqqını qaytarmalıdı Şəfi. Buna görə son vaxtlar Şəfi həftədə iki dəfə arvadını, uşaqlarını yanına salıb «Sinema-Kabul»a aparırdı, Bəbrəkin dərslərinə baxır,
qızları Jaləni, Rəbiəni əyləndirir, onlara nağıl danışır, şer oxuyur, şer öyrədirdi. Qış aylarında onları qalın geyindirib bayıra çıxarır, qartopu oynayır, balaları üçün qar adamı düzəldirdi. Belə oyunlardan uşaqlar da ləzzət alırdı, o da. Elə bil təzədən özü də dönüb uşaq olurdu Şəfi. «Qoy məni tam varlıqları ilə hiss etsinlər balalarım, sevsinlər məni, sevə bilsinlər. Bir də gördün gözlənilmədən «getdim». Balalarımın yadında nə qalacaq? Heç nə? «Bu fikir Şəfini evə, ailəyə daha möhkəm bağlayırdı. Həmin qərara gəldiyi ilk günlərin birində Şəfi uşaqların otağına keçib onlara qoşularaq top-top oynayanda heç birisi gözünə inanmamış, təəccüblənmişdilər. Jalə heyrətlə Rəbiəyə baxıb:
– A, qibləgahım top-top oynaya bilirmiş ki? — dedikdə Rəbiə atasından soruşmuşdu:
– Şair də heç top-top oynayar?
Şəfi uşaqların bu təbii təəccübünün mənasını anlayaraq:
– Niyə oynamır, qızım? — demişdi. — Şair adam deyil? Şair də vaxtilə sizin kimi uşaq olub, bala. Şair top-top da oynayar, hələ istəsən mayallaq da aşa bilər, qızım! — deyərək xalçanın üstündə çevik bir hərəkətlə mayallaq aşmışdı, bu, onlara qəribə görünsə də, çox xoşlarına gəlmişdi. Sevinmişdilər, gülüb-uğunmuşdular. O gündən sonra Şəfi sanki balaları ilə yenidən qaynayıb-qarışmış, uşaqlaşmış, övladları isə ona daha çox isinişmişdilər. Məleykə isə bundan hədsiz fərəh duymuşdu və ehtiyat üçün onlara tapşırmışdı:
– Daha gedib orda-burda danışmayın ha qibləgahınız belə eləyir. Gülərlər.
– Mənim ballarım ağıllıdır, Məleykə. Onlar yaxşı bilirlər ki, adam evin söz-söhbətini orda-burda danışmaz. Elə deyil?
– Elədi, qibləgahım! — deyə qızlar birağızdan cavab vermişdi. Həmin gün qızlarla oynayıb eyinlərini açandan sonra o, Bəbrəkin otağına keçmişdi. O, mizin arxasında oturub dərslərinə hazırlaşırdı. Şəfi onun başı üstə dayanıb yazısına diqqətlə baxandan sonra:
—Yazını qurtardın, oğul? — deyə soruşmuşdu.
– Hə.
– Gəlsənə səninlə bir şahmat oynayaq?
– Şahmat? — deyə Bəbrək eşitdiyinə inanmamış kimi xəbər almışdı.
– Hə,
– Oynayaq!
Onlar bir saat, «döyüşmüşdülər!» Şəfinin fikri başqa yerdə olduğundan tez-tez səhv eləmiş və nəticədə uduzmuşdu.
– Mən təslim, oğul. Sabah oyunumuzu davam etdirərik. Demək bir sıfır sənin xeyrinə!. Sabah səni udacağam!. Bəbrək atasını udduğuna sevinməmişdi:
– Özünüz bilə-bilə uduzdunuz! — demişdi.
Bəli, Şəfi günlərini belə yaşamağa başlamışdı.
Bu gün qar yağdığını görəndə işə getmək fikrindən daşındı. «Pərçəm»in redaksiyasına zəng edib Elməddinlə danışdı, lazımi tapşırıqlarını verdi, gələn nömrə üçün gedəcək materialları makinadan sonra bir də diqqətlə oxumasını xahiş elədi. Eyni zamanda öyrəndi ki, Elməddin bu gün nahardan sonra Poli-Çərxiyə, hərbi fabrikə gedəcək. Tapşırdı ki, onda axşam mənə dəyərsən, görək orda vəziyyət necədir. «Yaxşı!» — dedi Elməddin.
Çay-çörəyini yeyəndən sonra o, iş otağına qapılıb yazmağa başladı. Əhvali-ruhiyyəsi yaxşı idi. Bu gün xeyli işləyəcəyini nəzərdə tutmuşdu. Ancaq, mümkün olmadı. Saat on birdə Sansur Seyfəddinin gəlib çıxması onun fikirlərini, həvəsini alt-üst elədi. Sansur Seyfəddin Şəfinin pərəstişkarlarından idi. Onu sevirdi, əsərlərini sevə-sevə oxuyurdu. Bütün kitablarının çapına Dövlət senzura idarəsində işlədiyindən o, icazə verirdi və bir qayda olaraq Şəfinin hər çap olunan kitabının ilk siqnal nüsxələrini özünə götürür və münasib fürsət düşəndə şairə üstünü yadigar olaraq yazdırırdı. Seyfəddinin sənəti-şeri başa düşməsi, hər milçəyi böyüdüb fil eləməməsi Şəfinin çox xoşuna gəlirdi. Onların arasında indiyəcən açıq siyasi söhbət olmamışdı. Hər ikisi başa düşürdü ki, eyni fikirli adamlardı, dərdləri, məramları birdi. Onun barəsində Şəfi Bəbirlə də söhbət eləmişdi. Bəbir demişdi:
– Axtarsan bizim cəmiyyətdə elə adamlar çoxdur, Şəfi. Səninlə, mənimlə həmfikir olan adamlar indi hər idarədə var, ancaq məsələ burasındadır ki, heç kəs bir-birinə etibar eləmir, ürəyindəkini açıb demir, çünki qarşısındakına inanmır, qorxur. Sansur Seyfəddin də qəlbən bizimlədir, ancaq ehtiyat eləyir. Eybi yoxdur, qoy hələlik belə işləsin. O, bizə böyük kömək edir — haçansa açılacaq, inanacaq, özü gələcək dəstəmizə. Sansur Seyfəddinin bu qarlı qış günündə Şəfinin evinə gəlməyini şair yaxşı əlamət hesab eləməyib narahat oldu. Ehtimalı düz çıxdı şairin. Seyfəddin təmkinlə, aramla o gün nazirin kabinetində Asəf xanla olan söhbəti Şəfiyə danışdı, üç gün sonra isə əmrinin verilib işdən çıxarılmasını söylədi.
– Mənim bura gəlməkdə məqsədim o deyil ki, sizə işdən qovulmağımı xəbər verim, şair. Mən istəyirəm sizi xəbərdar eləyim ki, sizin kitabınız və Elməddinin hekayəsi deyəsən yuxarının kürkünə birə salıb. Nazir cənabları demişkən, siz «bizim» qapımızdan qapıçının — yəni mənim qəflət etməyim üzündən bir top keçirmisiniz. Hər oyunda gəlməyə adət etmiş timin qapısından müxalif cəbhə top keçirəndə o, təbii ki, quduzlaşır, qəzəblənir, şair! Mən bu qəzəbin şahidi kimi bura gəlmişəm və sizi xəbərdar etməyi özümə borc bilirəm.
– Çox sağ ol, Seyfəddin. Belə şeyləri bizim bilməyimiz çox vacibdir, qardaş!
– Xüsusilə Elməddinin hekayəsi barədə çox sərt sözlər dedi ağayi vəzir! Dilənçi — xalqın obrazıdır, tacir Dövlət xan da bizim dövlətimizdir — deyir. Özü belə nncə mətləbləri başa düşən deyil, onu, mənim fikrimcə, kimsə başa salıb. Yoxsa ağayi Asəf xan özü kitab-ruznamə oxuyan deyil.
Şəfi ah çəkdi:
– Bizim bədbəxtliklərimizdən elə biri də budur, Seyfəddin. Sənətin, mətbuatın, kitabın, sözün nə demək olduğunu bilməyən adamı gətirib vəzir qoyublar! Niyə? Ona görə ki, Asəf xan baş nazirin qohumudur, vəssalam. Vəzifə — qabiliyyətinə, ləyaqətinə görə verilmir adamlara bizim cəmiyyətdə. Bu isə böyük fəlakətdir, qardaş!!!
Xeyli söhbətdən sonra Şəfi Seyfəddinin indi nə iş gördüyü ilə maraqlandı o, qəmli-qəmli gülümsünüb:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Dramatik roman)MƏN – İş saatı yenicə qurtarmışdı. Evə – ailəsinin, uşaqlarının yanına, dükana-bazara tələsən şöbə əməkdaşları beş-altı stol, iki şkaf qoyulmuş, iri lay pəncərələri şəhərin ən gözəl, axar-baxarlı küçələrindən birinə açılan otağı tərk edib getmişdilər. İdarədə təkcə Toğrul qalmışdı. Buna o, uzun illərdən bəri adət eləmişdi. Hamı çıxıb gedəndən, gəl-get azalandan sonra o, redaktə etdiyi əsərin əlyazmasını təzədən qabağına çəkər, səbrlə, təmkinlə, düşünə-düşünə oxuyar və düzəlişlərini edərdi. Yorulanda qələmini yerə qoyub siqaret yandırar, qızarmış, yorğun gözlərini qənşərində qoyulmuş stola ⎯ Nərgizin stoluna dikər, hər səhər hamıdan qabaq gəlib suladığı dibçəkdəki «aşdım-daşdım» gülünə baxar-baxar, xəyalında Nərgizi öz yerinə gətirib oturdar və ürəyində, səssiz-səmirsiz onunla dərdləşərdi.
Birinci hissə, birinci fəsilDünyadan köçəndən sonra daürəklərdə və xatirələrdə yaşamağa
Birinci hissə, ikinci fəsilGecə keçirdi...Əqdəm yatağına uzanmışdı, əllərini başının arxasında daraqlayıb alaqaranlıqda nəsə axtaran, ora-bura çovuyan Gülmirəyə baxırdı. Gəlin şifonerin qənşərində dayandı. Şifonerin qapısı cırıltı ilə açıldı. Əqdəmin burnuna ətir iyi gəldi. Ay işığı güzgü qabağında dayanmış Gülmirənin çılpaq ağ çiyninə düşüb parıldayırdı. Aynada gəlinin tutqun kölgəsi görünürdü. İpək gecə köynəyinin xışıltısı eşidildi, Gülmirə ayna qabağından aralanıb çarpayıya sarı addımladı. Elə bil Əqdəmin yanına güllü-çiçəkli bahar, gənclik və gözəllik ilahəsi gəlirdi. Bu dəm o sehrli bir yuxu görən kimi oldu. Özünü dünyanın ən xoşbəxt adamı hesab elədi. Arvadının təması onu həmişə uçduğu göylərdən də neçə mərtəbə yuxarı qaldırdı...
Birinci hissə, üçüncü fəsilGülmirə güzgü qabağında dayanmışdı. Üst-başını səliqə-səhmana salır, saçını darayırdı. Cığasından iki-üç tel ayrılıb alnına düşmüşdü, nə qədər eləyirdisə, geri qatlaya bilmirdi. Güzgüdən ona gözəl bir gəlin tamaşa eləyirdi. Rəngi-rufu açılıb allanmışdı, yanaqları çıraq kimi yanırdı. Qıvrılıb qaşlarının üstünə düşən bu tellər onu daha da gözəlləşdirirdi.Əqdəm şirin-şirin yatmışdı. Üzündə sakit, yorğun bir ifadə var idi. Gülmirə ayna qabağından ayrılandan sonra ərinin yatışına xeyli tamaşa elədi, ehmalca əyilib onun alnından öpdü.
Стихи других поэтов
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,