Gecə keçirdi...

Əqdəm yatağına uzanmışdı, əllərini başının arxasında daraqlayıb alaqaranlıqda nəsə axtaran, ora-bura çovuyan Gülmirəyə baxırdı. Gəlin şifonerin qənşərində dayandı. Şifonerin qapısı cırıltı ilə açıldı. Əqdəmin burnuna ətir iyi gəldi. Ay işığı güzgü qabağında dayanmış Gülmirənin çılpaq ağ çiyninə düşüb parıldayırdı. Aynada gəlinin tutqun kölgəsi görünürdü. İpək gecə köynəyinin xışıltısı eşidildi, Gülmirə ayna qabağından aralanıb çarpayıya sarı addımladı. Elə bil Əqdəmin yanına güllü-çiçəkli bahar, gənclik və gözəllik ilahəsi gəlirdi. Bu dəm o sehrli bir yuxu görən kimi oldu. Özünü dünyanın ən xoşbəxt adamı hesab elədi. Arvadının təması onu həmişə uçduğu göylərdən də neçə mərtəbə yuxarı qaldırdı...

Onlar yanaşı uzanmışdılar. Gecə sakitdi. Dənizdə səfərəmi çıxan, səfərdənmi qayıdan gəmi üç dəfə fit verib susdu.

Sanki danışmağa söz tapmırdılar. Əslində, içəridə — öz dünyalarında danışırdılar. Əqdəm düşünürdü ki, sabah tezdən iş yerinə qayıdacağını Gülmirəyə necə desin?! «Çətindi, çox çətindi. İki ay yol gözləyib. Qonaq kimi gəl get... Bir ay deyil, bir il deyil. Kim bilir, nə vaxta qədər belə olacaq... Mənim kimi adam gərək evlənməsin. Burada, şəhərin kənarında işləməyim məni aldatdı. Hökumət adamıyam, əsgərəm. Hara desələr, ora da getməliyəm. Gülmirəni özümlə aparardım, ancaq yapışıb elmi işin qulpundan, elmindən də ağlım bir şey kəsmir. O biri yandan da Xatun arvad... «Getmə gözümdən, gedərəm özümdən»— deyir. Anadır, onu da başa düşürəm.»

Gülmirə isə:—«haçan gedəcəksən?» soruşmaqdan çəkinirdi, daha doğrusu, qorxurdu. Ona görə də getmək, yenə də ayrılmaq məsələsini fikrinə gətirməməyə çalışaraq bu az vaxtı,— neçə gün olsaydı da, fərqi yox idi, yenə az idi — qorxusuz yaşamaq istəyirdi.

Gəlinin arzusu baş tutmurdu. Evləndiklərindən il yarım adlamışdı. Əqdəm hələ onu bir dəfə də gümüş təyyarəsinə mindirib göylərə qaldırmamışdı. Gülmirəyə bu ancaq xəyal aləmində nəsib oldu. Əqdəm deyirdi ki, icazə yoxdur. Gəlin arzulayırdı ki, heç olmasa istirahət günləri, bayramlarda Əqdəmlə şəhəri gəzməyə çıxsın, kinoya, teatra getsin, əylənsin... Bu fürsət də çox az-az ələ düşürdü. O yandan da anası onun gününü göy əskiyə düymüşdü: «Gördün mən deyən oldu, ya yox? Böyük sözünə baxmayan axırda böyürə-böyürə qalar»

– deyir, azca keçməmiş qızını danlayıb-dansadığına görə peşman olur, uşaq təki kövrəlirdi.

Gülmirə də: «Özü yıxılan ağlamaz!» — deyib, giley-güzar eləməz, fikir-qüssəni içəri verib susar, kitab-dəftərlə, elmi işlə başını qarışdırmağa çalışardı.

Sükut çox cansıxıcı idi.

– Gülmirə...

—...Gülü?!

– Nədi, Əqdəm?!

Əqdəm söz tapmırmış kimi, duruxa-duruxa danışdı:

– Deyirəm. Birdən hissəmizdən indi zəng vursalar, məni tələsik çağırsalar, neylərsən? Məni buraxarsan?

Gülmirə yerində qurcalandı, çarpayı cırıldadı.

– Niyə cavab vermirsən?

– İcazə verib-verməməyimin əhəmiyyəti olmaz, elə bilirəm.

– Niyə?

– Mən bu fikrə gəlmişəm ki, ümumiyyətlə, müharibələrdə, döyüşlərdə ən cəsur olan adamlar eyni zamanda ən qorxaq adamlardır.

– Oho.. Sən lap filosofluq eləyirsən, Gülü.

—Əvvəllər etməzdim.

– Amma indi edirsən, hə?

– Bəli, həyat insanı düşündürür.

Əqdəm bayaqdan hiss eləyirdi ki, Gülmirənin ürəyi doludur, söz-sözü çəkəcək, qəlbindəkiləri açıb Əqdəmə deyəcək. Əqdəm isə bunu istəmirdi. Gülmirənin nə deyəcəyini o özü yaxşıca bilir və eyni nigarançılıq hissi ilə yaşayırdı. Gülmirəni düşündürən, ona eyhamlı, atmacalı sözlər dedirdən şeyləri sözsüz duyub anlayırdı. Onları çılpaq şəkildə dilə gətirmək, açıq-saçıq demək nəyə lazımdı ki?

Əqdəm sözü dəyişmək məqsədi ilə söhbəti Gülmirənin iki-üç dəqiqə irəli dediyi qorxaqlıq məsələsinin üstünə gətirdi:

– Nizam-intizama tabe olmaq, qayda-qanunu gözləmək, səncə, qorxaqlıqdır?

– Ona bənzər bir şeydir.

– Yox Gülü, düz demirsən!...

Gülmirə dikəlib sol qolu üstə dirsəkləndi. Bayaqdan süst-yorğun kimi danışan gəlin elə bil cana gəldi, dirçəldi:

– Müharibə vaxtı qəribə bir əhvalat olub. Bunu mənə atam danışıb. Bir əskər hərbi hissədə keşik çəkirmiş. Əlində avtomat, sinəsində durbin. Doğulub böyüdüyü şəhər yaxınmış, anası eşidir ki, oğlu filan yerdədir, getsə görə bilər. Üç ildir ayrılıblarmış. Ana ürəyidir, dözmür, ayından-oyundan bir zənbil hazırlayıb götürür, yola düşür. Soraqlaşa-soraqlaşa gəlib oğlu qulluq eləyən hissəyə çatır. Deyirlər bax, oğlun odur, keşikçi məntəqəsində növbədədir, gözlə, iki saatdan sonra gələr. Üç ilin intizarını çəkmiş anada iki saat gözləməyə səbir hardaydı, dözüm hardaydı? Qollarını açıb: «Mənim əzizim, gözümün işığı!» — deyə-deyə oğlunun keşik çəkdiyi məntəqəyə üz tutur. Oğlan görür ki bir arvad ona sarı gəlir. Baxır, tanıyır ki, anasıdır: «Buraya gəlməyə icazə yoxdur, o bura niyə gəlir?» — deyə oğul yan-yörəsinə baxa-baxa fikirləşir. «İndi komandirimiz görsə, bir şiddötli töhmət yapışdıracaq böyrümə.»

– Ana, gəlmə!

– Mənəm, Seryoja, ananam.

– Gəlmə, gəlmə. İki saata görüşərik.

Ana sözə qulaq asmır, gedir. Lap yaxınlaşır.

– Canım-ciyərim, Seryojam mənim!...

– Ay arvad, qayıt geri. Ana yenə eşitmək istəmir.

– Vuracağam, qayıt geri!— Oğlan avtomatı sinəsinə qaldırır.

– Qırışmal müharibələrdə də zarafatından qalmır ha!— deyə ana bir gözündən ağlayıb, bir gözündən gülə-gülə irəliləyir.Oğlan görür ki, iş ayrı cürdü, arvad heç nəyə baxmadan gəlir, sonra bunun altından çıxa bilməyəcək — şart arvadın başının üstündən, ayağının altından iki-üç güllə vızıldadır. Arvadın ürəyi bayaq gedir, tir-tap uzanır yerə. Səsə yığışıb gəlirlər. Məsələ məlum olur. Sonra Seryojaya əsgəri sayıqlığına görə bir orden verirlər. Anası isə ondan bərk incimişmiş. Hətta, küsüb geri qayıtmaq istəyirmiş. Əsgərlər — yığışıb qarını birtəhər başa salıblar...

Əhvalatı danışıb qurtarandan sonra Gülmirə Əqdəmdən soruşdu:

– Sən bilən bu qorxaqlıq deyil?

– Yox, hərbi qanun-qaydanı bilsəydin, belə fikirləşməzdin.

– Qanunlar göydən düşmür ki, onları da insanlar yaratmırmı? Qanunlar gərək insan ürəyinin, insan ağlının min bir halını nəzərə alsın!...

Gəlin ürəyini boşaldıb toxdadı: ona elə gəlirdi ki, neçə vaxtdan bəri ürəyini deşən sözlərinin hamısını demişdir. Axı Əqdəm həssas adamdır, o, hər şeyi kiçicik bir eyhamdan, baxışdan başa düşür. Gülmirə ağır yük altından xilas olmuş kimi, nəfəsini dörib ağrıyan dirsəyini yanına uzatdı, başını balışa qoyub, gözlərini tavanın ortasından asılmış üç lampalı çilçırağa zillədi.

Ağ divarda bir baş kölgəsi göründü. Əqdəm dikəldi. Gülmirənin sifətinə baxdı. Ay işığında gözlərinin bulaqlarında titrəşən ağ damcılar mirvari təki parıldayırdı.

Əqdəm Gülmirənin çiynindən yapışıb, ehmal bir hərəkətlə onu özünə sarı çəkdi. Sağ divardakı kölgə aşağı enib çarpayıda görünməz oldu.

Telefon səsləndi. Əqdəm başını döndərib narazılıqla telefon qoyulan küncə baxdı. Gülmirənin o dəqiqə ürəyinə gəldi ki, gecənin bu vaxtı ona zəng eləyən ancaq Orxan ola bilər, səsini eşitmək üçün! Əqdəmin gəlməyindən xəbəri yoxdur, yəqin! Yoxsa zəng eləməzdi. Bu Orxan qəribə oğlandır, çox qəribə. Əqdəm dikəlib telefona cavab vermək istədi. Gülmirə gözlərini açmadan zarıltıya bənzər bir səslə:

– Durma, lazım deyil!— dedi.

– Eh, göylər elə gözəldi, elə təmizdi ki, hər dəfə uçanda şair ola bilmədiyimə təəssüflənirəm, Gülü!..

– Sən göylər şairisən, Əqdəm!.. Ulduzlar, gözlər, hörüklər...

– Onlar mənim sözüm deyil, Gülü. Bir hekayədə oxumuşam.

– Hansı hekayədə?

– Sən ədəbiyyatçısan, belə şeyləri gərək beş barmağın kimi biləsən.

– Gözlərin ulduz, saçların bulud...— Düşündü.— Yox yadıma gəlmir.

—Əgər səhv etmirəmsə, Əbdürrəhimbəyin «Röya» hekayəsindəndir. On il qabaq oxumuşam, amma heç yadımdan çıxmır... dadlı, qəmli bir röya kimi...

Bu ara Əqdəmin gözü küçənin o tayındakı evin pəncərəsini silən Xatın arvada sataşdı:

– Mənim qaynanam necədi, Gülü? Yenə kölgəmi qılınclayır? Gülmirə boylandı:

– Hə, sənin kölgəni yaman qılınclayır.— Ay mə!..— Gülmirə ərinin gəldiyini anasına xəbər vermək istəyəndə Əqdəm qoymadı.

– Hələ demə, Gülü, qoy işini görsün.

Gülmirə ərinin par-par parıldayıb yanan gözlərinə baxdı. Qalxıb pəncərənin pərdəsini saldı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, ikinci fəsil

Elə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.

20 мин
Birinci hissə, üçüncü fəsil

Hava qaralmışdı. Hardansa uçub gəlmiş sərçələr budaqların üstünə qonub yaşıl yarpaqlar arasında civildəşirdi, toyuq-cücə tara qalxırdı yavaş-yavaş.Nəzər tut ağacının budağından asdığı elektrik lampasını burub yandırmışdı, gur işıq altında kitab oxuyurdu. Birdən bir qanadı yanıb ütülmüş pərvanə vərəqin üstünə düşərək çırpınıb-çırpınıb öldü. Nəzər baxışlarını qaldırıb yuxarı baxdı: lampanın böyür-başında saysız-hesabsız pərvanə-kəpənək uçuşurdu, gah çırağa, gah bir-birinə dəyib, təzədən hərlənib-fırlanırdı.

10 мин
Birinci hissə, dördüncü fəsil

Sən demə, Nəzər özünü Zakirənin yanında sındırmaq istəmirmiş. Onun özündən başqa yəqin heç kəs heç vaxt bilməzdi və bilməyəcəkdi də ki, bu təqaüd əhvalatını eşidəndə nə hala düşmüşdü– elə bil qəlbində nə isə çox qiymətli və əziz bir şey qəfildən əsən tufanınmı, küləyinmi təsiri ilə daşa-qayaya dəyib çilik-çilik olmuşdu; sevinc içində göylərdə uçan o, birdən-birə qanadı qırılmış quş kimi, başı üstə yerə gəlmişdi. Qəribə idi ki, torpaq da ayağı altından qaçırdı elə bil.

6 мин
Birinci hissə, beşinci fəsil

...Canəli bəyin əlindən bütün kənd camaatı tük salardı. Bəy, adamların təkcə malının, mülkünün ağası deyildi, həm də canının sahibi idi, az-çox xoşbəxt olan vardısa, bəy idi onun səbəbkarı. Bədbəxt olanın da bədbəxtliyinin səbəbkarı o idi. Camaat yuxarıda, göylərdə, gözəgörünməz Allahdan, aşağıda, torpaq üstündə isə ancaq Canəli bəydən qorxub çəkinərdi. Uzunsifət, sallaqbığ, sür qaragül dəridən şüş qarapapaq qoyub, vəzinəli çuxa geyən, zəhmli Canəli bəyin hökm-fərmanlığı o əndazəyə gəlib çatmışdı ki, kimin ixtiyarı nəydi onun razılığı olmadan evlənəydi, ya qız ərə verəydi. Özü evlənən, oğul evləndirmək istəyən adam, gərək əvvəlcə (əlbəttə, qız evi ilə gizli dil tapandan sonra) boynu zınqırovlu bir qara qoçu (qoç mütləq qara olmalıydı, çünki bəyin qara qoçdan, qara atdan xoşu gəlirdi və bunu artıq kənd adamları yaxşı bilirdi) qabağına qataydı, çəkinə-çəkinə bəyin kənddə yeganə olan ikimərtəbəli evinin qabağına gələydi, işarə ilə nökər Kərimi çağırıb, onun da ovcuna bir şey — şirinlik basıb içəri sifariş göndərəydi, bəydən icazə alandan sonra həyətə keçib, adətən ikinci mərtəbədə, öz otağında, ya da eyvanda əyləşib təsbeh çevirə-çevirə çay içən kişinin hüzurunda əli sinəsində dayanaraq mətləbini ərz eləyəydi. Bəy də mütəkkəyə dirsəklənmiş halda:– Xub, xub, — deyəydi, bığlarını sol əlinin arxasıyla sığallaya-sığallaya, — Hm, nə olar, nə olar. Bir qız bir oğlanındı. Bizim borcumuz cavanlara kömək eləməkdi, yol göstərməkdi. Mən... etiraz eləmirəm, mübarəkdi, — söyləyəydi.

19 мин

Стихи других поэтов