Birinci hissə, beşinci fəsil
Страница 1 из 3
...Canəli bəyin əlindən bütün kənd camaatı tük salardı. Bəy, adamların təkcə malının, mülkünün ağası deyildi, həm də canının sahibi idi, az-çox xoşbəxt olan vardısa, bəy idi onun səbəbkarı. Bədbəxt olanın da bədbəxtliyinin səbəbkarı o idi. Camaat yuxarıda, göylərdə, gözəgörünməz Allahdan, aşağıda, torpaq üstündə isə ancaq Canəli bəydən qorxub çəkinərdi. Uzunsifət, sallaqbığ, sür qaragül dəridən şüş qarapapaq qoyub, vəzinəli çuxa geyən, zəhmli Canəli bəyin hökm-fərmanlığı o əndazəyə gəlib çatmışdı ki, kimin ixtiyarı nəydi onun razılığı olmadan evlənəydi, ya qız ərə verəydi. Özü evlənən, oğul evləndirmək istəyən adam, gərək əvvəlcə (əlbəttə, qız evi ilə gizli dil tapandan sonra) boynu zınqırovlu bir qara qoçu (qoç mütləq qara olmalıydı, çünki bəyin qara qoçdan, qara atdan xoşu gəlirdi və bunu artıq kənd adamları yaxşı bilirdi) qabağına qataydı, çəkinə-çəkinə bəyin kənddə yeganə olan ikimərtəbəli evinin qabağına gələydi, işarə ilə nökər Kərimi çağırıb, onun da ovcuna bir şey — şirinlik basıb içəri sifariş göndərəydi, bəydən icazə alandan sonra həyətə keçib, adətən ikinci mərtəbədə, öz otağında, ya da eyvanda əyləşib təsbeh çevirə-çevirə çay içən kişinin hüzurunda əli sinəsində dayanaraq mətləbini ərz eləyəydi. Bəy də mütəkkəyə dirsəklənmiş halda:
– Xub, xub, — deyəydi, bığlarını sol əlinin arxasıyla sığallaya-sığallaya, — Hm, nə olar, nə olar. Bir qız bir oğlanındı. Bizim borcumuz cavanlara kömək eləməkdi, yol göstərməkdi. Mən... etiraz eləmirəm, mübarəkdi, — söyləyəydi.
Üç gün sonra da qız adamları eyni qayda ilə gəlib, Canəli bəydən icazə almalıydı.
Kürdən kanal çəkdirmişdi — kanalın ağzında o vaxt bu tərəflərdə heç kəsin görmədiyi su nasosu qoydurmuşdu — pambıq əkdirirdi, nə qədər torpağı vardı, başını döndərmək mümkün olmayan sürüləri vardı ki, hesabını, miqdarını özü də düz-əməlli bilmirdi Canəli bəy.
Kərimi bu həyətə gətirəndə on beş yaşı ancaq olardı. Arıq, sısqa, cırın-cındırın içində olan bir uşaq idi. Yetim oğlan idi, kimi-kimsəsi yox idi. Dağ kəndindən gəlmişdi, dediyinə görə, atası qan qusub ölmüşdü.
Təmiz oğlandı, səliqəsindən, üzüyolalığından, həyalı-abırlı olmağından bəyin xoşu gəlirdi. Dindirsən dinərdi, dindnrməsən yox. Bəy yeməyini-içməyini verirdi, onunla həmyaş olan oğlu Muradın köhnə paltarlarını verirdi, vəssalam. Həyətin aşağı başındakı daxmada yatıb-durardı Kərim. Canla-başla qulluq eləyərdi ağasına. Vaxtının çoxunu Canəli bəyin qara kəhərinə sərf eləyərdi. Evin-həyətin bütün işləri — süpürmək, odun doğramaq, su gətirmək, samovarda çay qaynatmaq onun boynuna idi. Bütün nökərlər kimi, o da hamıdan tez durub, hamıdan gec yatardı. Ağadan əlavə, oğlu Murad da, arvadı Xanımcahan xanım da onun xətrini çox istəyərdi.
Beləcə, darvazanın yanındakı balaca otaqda yaşaya-yaşaya bir də onda ayılıb gördü ki, səkkiz ildi bəyin qapısındadı, böyüyüb, bığlı-saqqallı bir cavan olub. Və bir də bunu başa düşdü ki, çayın qırağında yaşayan, var-dövlət adına kiçik bir küməsi, bir uzunqulağı olan hacı Məsimin gözəl-göyçək qızı Səlminaza vurulub. Səlminaz ondan beş yaş balaca idi, anasını itirəndən sonra damın altında dədəsilə yaşayırdı. Kərim onu o yay ilk dəfə qara kəhəri çaya suvarmağa aparanda görmüşdü. Əvvəllər də görərdi, ancaq heç fikir verməzdi, uşaq hesab eləyərdi. Sən demə, Kərimin ona məhəl qoymamağı qızlar bulağından su içmiş Səlminazı yaman yandırırmış, cırnadırmış.
O yay Kərim sanki birdən yuxudan ayılmışdı, fikir vermişdi ki, o, at belində bura — çay qırağına gələn kimi, Səlminaz da cuna örpəyini başına bağlayıb, qırmızı mis farşı da çiyninə keçirib suya gəlir. Kərimə qabaqlar heç baxmazdı da, kirimişcə suyunu götürüb gedərdi. Ancaq son vaxtlar əl-üzünü, ayaqlarını yumağa başlamışdı. Bir dəfə gözləri rastlaşmışdı və ikisi də qeyri-ixtiyari gülümsünmüşdü. Kərimin elə bil onda gözləri açılmışdı: qızın çiyinlərindən düşüb topuqlarını döyəcləyən qoşa hörüyünə, saya çitdən geydiyi donunun yaxasını qabardan sinəsinə və mütənasib bədəninə heyran-heyran baxıb-baxıb, nə vaxt dəli-divanə olduğunu bilməmişdi.
Qara kəhəri çayda o qədər yumuşdu ki, heyvanın qara tükləri az qala ağarmağa başlamışdı. Və arada bir kəlmə də kəsməsələr, onların sevdası dilə-dişə düşmüşdu.
Günlərin birində isə Xanımcahan xanımın kənd içindəki bütün yenilikləri, məlumatları vaxtlı-vaxtında, isti-isti gətirən «simsiz teleqrafı» Məsmə arvad bu xəbəri də astaca onun qulağına pıçıldamışdı. O sözdən sonra Xanımcahan xanım gündə beş-on dəfə görüb buyurduğu Kərimə zənlə baxıb başa düşmüşdü ki, Məsmə arvadın bu xəbəri də düzdü, çünki Kərimin iri, qara gözləri qabaqkı kimi qayğısız, şən deyildi, fikirli-fikirli gəzib-dolanırdı, tez-tez ah çəkirdi, deyilən tapşırıqları yaxşı yadında saxlaya bilmirdi.
Bəy arvadı əzazil deyildi, zülm etməyi xoşlamazdı, çünki uşaq vaxtı, lap elə yeniyetmə çağlarınacan — Canəli bəyin arvadı olanacan özü analıq əlindən çox zülmlər görmüşdü. Ona görə onsuz da çox istədiyi Kərimə rəhmi gəldi, gecələrin birində pərqu yorğan-döşəkdə uzanıb istirahət eləyən vaxtı, bəyin kefini duru görüb, əhvalatı açıb ona dedi:
– Savabdı, ay kişi, sən dədəyin goru, uşağın — Kərimi deyirəm ey — qabağına düş, ağsaqqallıq elə, evləndir. Hacı Məsimin qızı Səlminaz da, deyirlər, pis uşaq döyül. Gətirərsən, o da bizə kömək olar, ev-eşikdə əlimdən tutar. Yoxsa bir də görəcəksən Kərim sənin qara kəhərini yuya-yuya ağ kəhərə döndərib!
Bəy uğunub güldü:
– Deyirəm axı... Adə, bu Kərimi nə vaxt axtarırsan, çaydadı. Sən demə, iş varmış.
Xanımcahan xanımın sözü ağlına batmışdı. Səhəri Kərimi yanına çağırıb:
– Ə, Kərim, gözümə birtəhər dəyirsən? — demişdi. — Nə olub? Kərim ağasının yanında məktəbli kimi əlləri böyründə dayanıb, gözlərini döymüşdü:
– Heç nə, bəyim!
Bəy əlini bığına çəkmişdi:
– Məndən gizləmə, ə. De görüm sənə nə olub?
– Vallah, heç nə, bəyim.
– Hə, onda aramız dəyəcək,—deyə o, özünü inciyən kimi göstərmişdi,—ə, böyümüsən deyə, şərtimiz yadından çıxıb?
– Nə şərt, bəyim?
– O şərt ki, nə sözün-sovun olsa, kişi kimi gəlib mənim özümə deməlisən!
– Yadımdadı, bəyim.
– Dərsurəti ki, yadındadı, de gəlsin! — deyə Canəli bəy gözləmişdi.
—…
– Hə, görürəm, utanırsan. Onda qulaq as, mən deyim.
—…
Bəy təsbehini şaqqıldatmışdı:
– Sən Hacı Məsimin qızına aşiq olmusan, Kərim. Cavanlıqdı da, olar belə şeylər. Sən də evlənmək istəyirsən, ancaq fikrləşirsən ki, Məsim qızını mənə verməz. Mən nökər babayam, heylədimi?
Kərim təəccübdən donmuşdu — «Bəyim bunları hardan bilir?»
– düşünmüşdü, qıpqırmızı qızarıb, başını aşağı salmış, çarığının şiş burnu ilə torpağı cıza-cıza başını tərpətmişdi.
Canəli bəy gülmüşdü, özündən razı halda:
– Görürsən də, Canəli bəy hamısını bilir,—demişdi.
– Allah bəyimin, köməyn olsun! Nəhayət Kərim razılığını bu üç-dörd sözlə bildirmişdi. Ürəyindən keçənləri, onu səhərə qədər yatmağa qoymayan arzularını sehrkar kimi üzünə oxuyan bəyin qabağına gəlib əlindən öpmək istəmişdi. Ancaq Canəli bəy qoymamışdı. Boğazı büzməli, zərli pul kisəsini çıxarıb:
– Al bunu, get dərzi Ələskərin yanına, de ki, bəyim göndərib, sənə bir yaxşı paltar tiksin. Denən, bacardıqca tez eləsin! – deyərək Kərimin ovcuna pul qoymuşdu. Kərim baxmadan bilmişdi ki, bu, qızıl onluqdu. — Denən, başdan-ayağa bəzəndirsin səni. Özün də qayıdıb gəl, o imarətini — daxmaya işarə eləmişdi — səliqə-sahmana sal. Elə et ki, Hacı Məsimin qızı hürküb qaçmasın. Nə lazımsa da, Xanımcahan xanımdan istə, utanma.
Kərim deməyə söz tapmamışdı. Gözləri yaşla dolmuşdu.
Bir həftə sonra Canəli bəy Səlminazla Kərimin toyunu eləmişdi. Kənd camaatının yaman xoşuna gəlmişdi bəyin bu hərəkəti. Eşidən-bilən əlindən qopanı — kimi pul, kimi parça, kimi qoyun kətirmişdi Canəli bəyin həyətinə. Kimi, Kərimin adına, kimi bəyin adına, Canəli bəy gələn hədiyyələri — qara qoçlardan başqa — təzə bəylə gəlinə bağışlamışdı, Xanımcahan xanım da çox da böyük olmayan mağara girib qız-gəlinin arasında əyləşmiş Səlminazın başına Xorasandan Canəli bəyin gətirdiyi tirmə şalı bağlamış, əyilib onun göyçək üzündən öpmüş və:
—Xoşbəxt ol, qızım! — demişdi. Anasını çoxdan itirmiş, bu xoş günundə ana xeyir-duası eşitmək arzusu ilə qəlbi çırpınan, ancaq bunun heç vaxt mümkün olmayacağını başa düşüb taleyi ilə barışaraq niskilli bir sevinc içində oturmuş Səlminaz ədəblə ayağa qalxaraq Xanımcahan xanımın əlindən öpüb başını sinəsinə söykəmiş, ağlamışdı.
Səlminazın o gecə başına yağan ağ noğullar sakit, mülayim qış gecəsində yağan lapar-lapar qar dənələri kimi sonralar da heç vaxt yadından çıxmamışdı. Və əslində, Səlminazın o gecədən şirin gecəsi olmamışdı ömründə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zərrintac eyvandakı kresloda əyləşmişdi. Qarşısındakı dördkünc, alçaq jurnal stolunun üstündəki piyalədə məxməri çay buğlanırdı. Əyninə güllü parçadan isti xalat geymiş qız əllərini qoynuna qoyub fikrə getmişdi, gözləri yol çəkirdi. Nigaran idi, Elməddin dünən axşam gəlməli idi, amma gəlib çıxmamışdı. Nədənsə Zərrintac keçən gün çox istəyirdi ki, onunla görüşsün, söhbət eləsin. Söhbət də olmasa, elə-belə otursunlar, baxsınlar bir-birinə, — bu istək qəlbini elə sarmışdı ki, vaxt keçdikcə, oğlan gəlib çıxmadıqca qız bir yerdə qərar tutmamış, gah evə girmiş, gah eyvana çıxmış, yollara baxmaqdan darıxmışdı. Onun bu narahatlığını atası da hiss eləmişdi, ancaq üzünə vurmayıb bir söz deməmişdi.İki-üç dəfə evə zəng çalmışdı, ancaq dəstəyi götürən olmamışdı. Demək yox idi, harasa getmişdi. Bəs hara? Gecə keçəndən sonra da ondan bir xəbər çıxmadı. Bu gün isə bütün gecəni narahat yatan Zərrintac yuxudan ayılanda gördü ki, Elməddindən küsüb. Ona görə səhər də zəng eləmədi, harda olduğunun, niyə gəlmədiyinin səbəbi ilə maraqlanmadı.
Birinci hissə, dördüncü fəsilNəcməddin Dünyanı çox istəyirdi. Buna, bəlkə də, indiki cavanların xeyli hissəsinin başa düşdüyü mənada, sevgi demək olmazdı. Ömrünun odunu söndürüb külü ilə oynayan ahıl, saç-saqqalı çoxdan ağarmış bir kişi ilə həyatının güllü-çiçəkli yazını yaşayan, cazibəli, gözəl gəlini bir-birilə bağlayan tellər, əlbəttə hamının anladığı, hiss edə biləcəyi məhəbbət deyildi və ola da bilməzdi. Bəli, Dünya qəşəngdi, təsəvvür olunacağından qat-qat qəşəngdi; bu qəşənglik təkcə cavanlıqla, təravətlə bağlı deyildi; bu, eyni zamanda onun hisslərinin coşğunluğu, təbiətinin qaynarlığı, həssaslığı, şuxluğu ilə əlaqədar idi, gündən-günə də baxıldıqca, sevildikcə daha da cilalanır, göz-könül oxşayır, çiskinli payızı, qarlı-çovğunlu qışı da Nəcməddinin közündə bahara döndərirdi. Zahiri qəşəngliyini doğulub böyüdüyü «hurilər dərəsinin» həzin, kədərli, bəzən isə şən və oynaq mahnıları, şirin, sümük titrədən rəqsləri tamamlayır, kamilləşdirir, ilahiləşdirirdi. Ömrünün qurub çağında heç vaxt narazı olmadığı taleyiilə bəxş etdiyi bu səadət üçün kişi, yaradanına qəlbən minnətdar olur, qalan günlərini, illərini sevilə-sevilə, sevinə-sevinə, şükranlıqla yaşayırdı. Nəcməddini dünyaya bağlayan cavanlıq eşqindən daha çox, piranilik məhəbbəti idi. Bəzən, tək qalan vaxtlarında xəyalən, fikrən keçmiş çağlarına, cavanlıq illərinə qayıdır və öz-özünə iqrar eləyirdi ki, heç vaxt heç kəsi belə dərin, kövrək bir məhəbbətlə sevməyib. Və bu sevgi ona qol-qanad verirdi, gümrahlaşdırırdı. Xarici görkəmi və yaşı ilə daxili aləmi, hissləri, mənəvi qüdrəti arasındakı kəskin fərqi özü lap aydın duyurdu. Dünyaya bir həyat, gənclik çeşməsi kimi baxırdı, ürəyində onu allahlaşdırırdı. Bədəni süd kimi ağappaq, ipək kimi yupyumşaq, saçları yer üzünün ətirləri ilə müəttərlənmiş Dünyanın hər təmasından Nəcməddinin qəlbi nanə yarpağı kimi titrəyir, o boyda, o yaşda kişi, ilk eşqə düşən cavanlar, uzun illərin ayrılığını dadıb hicran odunda qovrulan həsrətlilər kimi ləzzətdən, bəxtəvərlikdən məst olur, sözünü, danışığını itirir, sərrast nitq qabiliyyətinə malik olmağına baxmayaraq, dili dolaşır, fikri qırılırdı, Bu zaman Dünya özünəməxsus şən bir ədayla uğunub gedir, onun ağ saçlarından, pırpız qaşları altında yaşarıb parıldayan gözlərindən öpür, övladını əzizləyən ana sayağı, kişini şirin nəvazişlər içində itirib batırırdı.Dünya həssas idi, Nəcməddinin hər arzusunu, istəyini gözlərindən oxumağı bacarırdı, kədərli olanda sınayıcı nəzərlərlə üzünə baxıb bunun səbəbini tapır, işvəsi, nazı, mahnısı ilə sevgilisinin fikrini dağıdır, az bir müddətdə əhvali-ruhiyyəsini tamamilə dəyişir, hər şeyi unutdurur və beləliklə, onu özünə daha möhkəm tellərlə bağlaya bilirdi.
Birinci hissə, beşinci fəsilƏbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:
Birinci hissə, altıncı fəsilƏbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi: