İkinci hissə, beşinci fəsil
Страница 1 из 3
Heyran çaşıb qalmışdı. Uzun illərin axtarışından, intizarından sonra doğma bacısının özünü də olmasa, yerini-yurdunu, ciyərparasını tapdığından nə qədər sevinmişdisə, toxtamışdısa da, əlidolu evə qayıtdıqdan sonra Cabbarın qara bulud kimi dolmasından, danışmaq istəməməsindən, uşaq kimi küsməsindən bir o qədər pərt olmuşdu. Qəribə idi ki, Cabbar açıq heç nə deməmişdi Heyrana. Eləcə, mənalı-mənalı arvadına baxmış, dərdli-dərdli köks ötürmüş, o, yaxın gəlib ərinin boynunu qucaqlamaq istəyəndə üzünü yana çevirmiş, «ölmək istəyirəm» demişdi. Arvadının gətirdiyi ərzaqı yeyəndə də elə bil ətini yemişdi! Bədəni, vücudu ac idi. O, bu aclığın qarşısına dura bilməmişdi, əgər buna iradəsi, gücü çatsaydı, Cabbar o yeməyə, o ətə, çörəyə dilini də vurmazdı. Heyranın gətirdiyi pul iki həftəyə çatmışdı — arvad o pulu qırdı-qısdı ilə xərcləmişdi, özü az yeyib ərini yedirtmişdi. Zorla da olsa yedirtmişdi. Ancaq bu iki həftə ərzində Cabbarın qırışığı açılmamışdı, Heyrana bir kəlmə də xoş söz deməmişdi, hətta ağrılarından belə şikayət eləməmişdi, ciyəri susuzluqdan yansa belə özü ondan su istəməmişdi, çörək istəməmişdi, Heyran gətirib verəndə isə onu da çox ləng qəbul eləmişdi. Neçə dəfə arvadı onun bu qəribə, anlaşılmaz hərəkətinin mənasını soruşmuşdusa da, o, gözünü Heyranın sifətindən çəkmədən, diqqətlə baxa-baxa susmuş, sonra köks ötürüb üzünü yana çevirmişdi.
Cabbar özünə sığışdırıb ürəyinə axıb dolmuş şübhəsini dilinə gətirməsə də, içəridə yanıb-qovrulmuş, bəxtinə, taleyinə min lənət oxumuş, tanrının elədiyi haqsızlıq müqabilində öz gücsüzlüyünü, zəifliyini dərk edib yorğanının altında isti göz yaşları tökmüşdü. Cabbar şəhəri, şəhər camaatını yaxşı tanıyırdı: bilirdi ki, kimsə başqasına havayıdan, boş yerə bir tikə çörək, bir qran pul verməz. Onun arvadı isə, harasa gedib-gələndən sonra, filan qədər pul gətirmişdi. Kim bilir, bəlkə, o, yalan deyir, heç bacısını evini də tapmayıb. Lap tapsa da, bacısının nökəri, tanımadığı, bilmədiyi adama birdən-birə o qədər pulu verərdimi? Yox, verməz. Boş-boşuna verməz. Cabbarın ürəyinə gəlirdi ki, burda nə isə başqa bir məsələ var. Doğrudur, o, arvadından indiyə qədər əsla şübhələnməmişdi. Çünki Heyran ağırtəbiətli, başı aşağı, yad kişilərə gözünün ucuyla da baxmayan bir qadın idi. Birgə yaşadıqları bu uzun illər ərzində o, Heyranda zərrəcə şübhə doğuran bir hərəkət görməmişdi; məhz buna görə də yorğan-döşəyə düşdüyü bu beş ildə də Cabbar arxayın-arxayın, ancaq öz dərdini — çarəsiz dərdini çəkmişdi. Ancaq birdən-birə onun harasa gedib gec qayıtması, gələndə də əlidolu gəlməsi, hələ üstəlik nağılabənzər bir əhvalat da uydurub danışması Cabbarın ağrılı canına daha dözülməz, daha əzablı bir ağrı əlavə eləmiş, dərdini yaddan çıxartmışdı. Kaş o, ölmüş olaydı, Heyranın bu hərəkətini görməyəydi. Ona elə gəlirdi ki, ehtiyac qılıncdan itidir, ehtiyac ən iradəli, ən qorxmaz adamları da dəyişdirə, sındıra bilər, yolundan, əqidəsindən döndərə bilər. Heyran, hər necə olsa, qadındı, zəif məxluqdu, özü də gözəgəlimlidi. Qəsdinə duran olsa, yoldan çıxara bilər, aldada bilər. Bax, bu şübhələr Cabbarın xəstə, taqətsiz ürəyini, vücudunu gəmirir, ona cəhənnəm əzabı verirdi. Heyranın sözlərini, özünü yoxlamaq Cabbarın imkanı xaricində idi, hər şeydən çox onu sıxan da bu idi. Tale onu yıxıb, özü də həmişəlik yıxıb, bir də duracağına inamı yoxdu. Hiss edirdi ki, bu şübhə ölümünü daha da yaxınlaşdıracaq. Ancaq o, bu dərdlə ölmək istəmirdi. Bu, ona ikiqat zülm olardı.
Evə gətirilmiş o «haram» pulun qurtardığını eşidəndə Cabbar ürəyində qəribə bir sevinc hissi duymuşdu. «Şükür allaha, —düşünmüşdü. — Quru çörək olsun, halal olsun». Ancaq səhərisi Heyranın quru sənkək çörəyini ortalığa qoyulmuş manqalın odunda qızdırıb ilıq su ilə yediyini görəndə Cabbar yenə tutulmuşdu, gözlərini yumub fikrə getmişdi.
Bütün bu ötən iki həftə ərzində ərinin halının çox dəyişdiyini, dinib-danışmadığını, süstəldiyini görən Heyran, ürəyinə ayrı heç nə gətirmədən kişinin artıq ölümünün yaxınlaşdığını düşünüb için-için ağlamışdı, ölərsə tək-tənha bu dörd divar arasında necə qalacağını düşünüb sarsılmışdı, gecələr taxta çarpayısında balışını islada-islada xudavəndi-aləmdən ona şəfa, sağlamlıq, uzun ömür diləmişdi. Vəziyyətinin ağırlaşdığını görüb onu tək qoymamış, qonum-qonşuya baş çəkməmişdi evdə isə hər şey tükənmişdi. Yayda ordan-burdan yığdığı bir az odun, taxta qırıqları vardı. Qış isə qapının ağzını kəsmişdi. Onsuz da bu azca yanacaqla qışdan çıxmaq mümkün olmayacaqdı. Ərinin halının pisləşməsindən əlavə, ərzaq və odun məsələsi də Heyranın rahatlığını əlindən almışdı, dərdinin üstünə təzə dərd qoymuşdu. Belə anlarında o cür xanimanı, isti cah-cəlallı ev-eşiyi qoyub harasa gedən Dünya xanıma qəzəbi tuturdu, ürəyində onu «dəli», «ağılsız» adlandırır, onun əvəzinə yanıb-yaxılırdı. «Sənin elə gözəl güzəranın olsun, qabağında nökər-qaravaşın olsun, elə qəşəng balan olsun sən də çıxıb gedəsən? Vallah, bu divanəlikdi billah, divanəlikdi». Sonra Əbdülün dediklərini xatırlayır, beynində dolanan şübhə yenidən dirçəlir: «Yox onun başında bir qəza var, o, sağ deyil, onu öldürüblər» — deyə ürək ağrısı ilə düşünürdü. Bir-iki dəfə bu şübhələri o, Cabbara da danışmışdı, ancaq Cabbar qulaq assa da heç nə deməmişdi. «Gör necə də uydurur?» — deyə təəssüf və qəzəb hissilə qəlbindən keçirtmişdi. Ərindəki bu biganəliyi görəndə isə Heyran özünü danlamışdı: «Yazıq canının hayındadı, mən də ona başağrısı verirəm».
Axşamdan evin ortasında yandırdığı manqal gecəyarısı sönmüşdü, səhər otaq buz kimi soyuq idi. Yorğanının altında soyuqdan büzüşüb yumağa dönmüş, fikirdən-xəyaldan çimir belə eləməmiş Heyran tezdən yerindən qalxdı. Yavaş addımlarla ərinin çarpayısına yaxınlaşıb sifətinə baxdı. Cabbar ağır-ağır nəfəs alırdı. Gözləri yumulu idi. Yatdığını zənn elədi Heyran. Cabbar səhərin gözü açılanacan zarımışdı. «Yəqin indicə yatıb. Biçarə ancaq yatanda ağrılarını unudur. Ay bu sübh vaxtının sahibi, özün ona şəfa ver, mən bədbəxtə yazığın gəlsin» — deyə Allaha yalvara-yalvara o, həyətə çıxdı, divarın qar-yağış tutmayan tininə yığdığı odundan bir neçəsini götürüb içəri qayıtdı, manqal alışdırdı. Altını, böyürlərini his-pas tutmuş qara qazançaya güncdəki saxsı kuzədən su töküb axırıncı iki kartofu qazançaya atdı: odun alışıb tutuşandan sonra qazançanı manqalın üstünə qoydu, o biri tərəfinə isə çaydanı yerləşdirdi. Elə manqalın qırağında çömbəlib əlini oda tutaraq qızınmağa başladı. «Dursun, yedirdim, sonra Dünyagilə gedəcəyəm. Yoxsa, işimiz lap fəna olar. Kişi acından ölər. Əbdül yaxşı adamdı Dərdimi başa salaram, bizə bir az kömək eləyər. Dünyanın axırı deyil ki. Ancaq qorxuram. Mən bunu tək necə qoyub gedim, halı heç özündə deyil».. — deyə öz-özünə danışınca kartoflar bişdi, çaydan qaynadı. Otağın havası isinmişdi, Heyranın bədənindən soyuq gizilti çıxmışdı. Kartofların ikisini də soydu, boşqaba qoydu. Stəkanlara dağ su tökdü. Cabbarın böyründəki kətilin üstünə qoydu. Başının üstündə dayanıb ərinin solğun sifətinə nəzər saldıqda o, çuxura düşmüş gözlərini açdı. Heyran dərd-qəmini unudaraq gülümsəməyə çalışdı və sağ əlini onun alnına qoyub:
– Necəsən, əzizim? — deyə soruşdu. Cabbar qanı qaçmış dodaqlarını dili ilə yalayıb nə isə demək istədi, lakin səsi çıxmadı.
– Bu gecə səhərəcən inildəmisən. Ağrıların mənə gəlsin, Cabbar.
Cabbar nədənsə ikrah edirmiş kimi üz-gözünü qarışdırdı, ah çəkdi.
Heyran mehribanlıqla:
– Sübhə yaxın bir az çimir elədin deyəsən, —dedi. — Sənin gözünə yuxu gedəndə elə rahat oluram ki. Razıyam günlərlə yatmayım, ancaq sən şirin-şirin yatasan, Cabbar.
—…
– Bilirsən, əzizim. Hər şeyimiz qurtarıb evdə. Qonşumuz da ağayi Məşdi Kərimi deyirəm—arvad-uşağını yığıb Cəlalabada yaylağa gedib. Qış düşən kimi onlar hər il ora köçürlər. Ona görə, bizim heç nəyə gümanımız qalmır. Mən bu qərara gəlmişəm ki, gedim bacımgilə. Allah kərimdi, bəlkə Dünya qayıdıb gəlib. Hətta qayıdıb gəlməsə də... Əbdül bizə əl tutar. Ondan başqa kimsəyə gümanım gəlmir. Həm uşağa dəyərəm, həm də, Allah kərimdi, bəlkə Əbdül bir az puldan-paradan verdi. Rəhmli adamdı — Allah köməyi olsun.
Cabbarın gözləri geniş açıldı, yenə dili ilə dodaqlarını isladıb nə isə söyləmək istədi, ancaq səsi haradasa içəri də qırılıb qaldı. Əvəzində gözünün bulaqlarında yaş gilələndi. Bunu Cabbarın darıxmağı ilə izah edən Heyran təsəlli üçün söylədi:
—Qurban olum, özünü darıxdırma. Hər şey yaxşı olacaq, Allah rəhmdil Allahdı.
—…
– Mən tez gələcəyəm, Cabbar, lap tez!. Ancaq sən söz ver ki, kaçaluları mən gələnəcən yeyəcəksən. Cəmi dörd dənə kaçalumuz qalmışdı, ikisini mən yedim, ikisini də sənin üçün saxlamışam. Çayını da soyutma, qurban olum.
—…
Heyran çarqatını götürdü, tor zənbilini büküb köhnə jaketinin cibində gizlədi, əyilib Cabbarın soyuq alnından öpdü. Cabbar dilsiz-ağızsız kimi inlədi, sinəsi qalxıb-endi. Heyran çarqatını başına salıb qapıdan çıxanda təkəm-seyrək qar yağdığını görüb üşüdü. Qayıdıb manqalın üstünə iki-üç dənə də odun atdı öz-özünə danışırmış kimi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ziyaülhəqq maşının içində, sükan arxasında oturmuşdu, «Şorbazar» qarışqa yuvası kimi qaynaşırdı: müxtəlif geyimli, müxtəlif biçimli adamlar ora-bura vurnuxur, kimsə nəsə alır, kimsə nəsə satırdı. Ziyaülhəqq qoltuqlarında qəzet bağlaması saxlayıb müştəri haylayan uşaqlara fikir verirdi. Onlar qışqıra-qışqıra özlərini adamın gur yerinə verir, əllərində tutduqları qəzetləri havada yelləyə-yelləyə bir-birinin səsini batırmağa çalışırdılar:– «Sülh» ruznaməsi alın. Əli Tüğyan bu gün tüğyan eləyib!
Birinci hissə, on doqquzuncu fəsilQapı astaca döyüldü. Elməddin yazı masasının arxasından çıxdı və mil-mil xalatının yaxasını düymələyə-düymələyə irəli yeriyib cəftəni çəkdi. Qapının ağzında Siminbəri görəndə gözlərinə inanmadı. Xəyalın, düşüncənin belə həqiqət olacağını heç vaxt ağlına gətirməzdi. Qəribə idi, çünki elə həmin anlarda o, Siminbər haqqında düşünürdü. Onu neçə vaxtdı görmürdü. Elə bil, həyatında nə isə çatışmırdı. Əhədullagilə getməyə utanırdı. Onunla rastlaşanda tez-tez «uşaqlar necədir» — deyə ümumi halda soruşurdu və bu «uşaqlar» sözü altında da ən çox Siminbəri nəzərdə tutduğunu anlayıb öz aləmində gülümsünürdü. Əhədulla da «əlini öpürlər, ömrünə dua eləyirlər!» deyə ümumi cavab verirdi. Ancaq Elməddin hiss eləyirdi ki, Simin heç cür yadından çıxmır, getdikcə onu daha çox məşğul eləyir, düşüncələrinin ən şirin, ən ləzzətli parçasına çevrilir. Və tez-tez qızın divardan öz əlilə asdığı şəklinə baxırdı. Elə indi də onun haqqında fikirləşirdi — özü öz ayağı ilə gəlib çıxdı.– Salam, Simin, xoş gəlibsən!
İkinci hissə, birinci fəsilTopu yerə nə qədər bərk vursan, göyə o qədər çox qalxar» — bu həqiqət, ağıllı və müdrik adamların haçansa, haradasa söylədiyi bu hikmət, qolları qandallı halda dar, rütubətli, qaranlıq həbsxanaya düşəndən, dişləri vurulub sındırılandan, dırnaqları çıxarılandan sonra Məhəmməd Şəfi Rəhgüzər üçün inkaredilməz bir həqiqətə çevrilmişdi. Üstündə gəzdiyi, yaşadığı, hər qarışını müqəddəs sandığı şirin vətən torpağına, onun əsrlər boyu haqqı tapdanan, gecə-gündüz rahatlıq bilmədən çalışsa da, qarnı ac, əyni çılpaq, ayağı yalın övladlarına qəlbində doğulub pərvəriş tapmış məhəbbət nə qədər böyük və sonsuz idisə, bu torpağın, bu xalqın qədrini bilməyənlərə, adil adı ilə zalimlik eləyənlərə, vətənin taleyi ilə oynayanlara, əlinə düşən vəzifədən, məqamdan ancaq öz xeyri üçün istifadə edənlərə nifrəti bir o qədər artıq və nəhayətsiz idi. Bu qəzəb, nifrət günlər, aylar keçdikcə çoxalırdı. Şəfi həbsxanadan çıxandan sonra, elə bil qəflət yuxusundan ayılmışdı, keçən ömrünə heyfsilənirdi. Düzdür, o, qabaqlar da bu hisslərlə yaşamışdı. Qəlbində vətən eşqi yaşamışdı, onun düşmənlərinə nifrəti yaşamışdı — ancaq bu, necə də az imiş. O, əvvəllər də xalqının, doğma torpağının dərdlərindən yazmışdı — ancaq bu da az imiş, sən demə. Sən demə, məmləkətdə zülm ərşə dirənibmiş ədalətsizlikdən yer-göy qan ağlayırmış, haqq deyən ağızlar tikilirmiş, qapılar bağlanırmış!!!. Elin-obanın sevimlisi olan, məmləkətin hər guşəsində uşaqdan tutmuş böyüyə qədər hamının sevdiyi, pərəstiş etdiyi, adı gələndə fərəhdən göz yaşaran bir sənətkara hörmət edilməyəndə, adi, bəlkə də heç adını belə yaza bilməyən polis tərəfindən qoluna qandal vurulanda, çiyni çinli məmur tərəfindən dişləri vurulub salınanda daha hansı ədalətdən, haqdan danışmaq olardı? Şəfinin özünün içində elə bil nə isə sınmışdı: Zahirən süst, yorğun və küskün görünürdü: ancaq əvəzində qəlbində bir nifrət məşəli yanmışdı ki, daha onu heç nəylə söndürmək olmazdı. Hətta onu öldürsəydilər də, o məşəlin göylərə zəbanə çəkən qırmızı dilləri torpağın altında belə sönməzdi, yanardı, yandırardı. Və bu nifrət onu son dərəcə qorxusuz, cəsur bir adama çevirmişdi. Qəlbində sanki bulağın gözü daşdan, çınqıldan təmizlənmişdi. Şer qarşısıalınmaz sel kimi, ağ vərəqlar üstünə axırdı. Bu şerlərdən qan iyi gəlirdi — çünki şairin qəlbini qanatmışdılar. Həzinlikdən, kövrəklikdən əsər qalmamışdı o misralarda. Sevən aşiqin vüsal həsrəti, hicran əlindən şikayəti yox idi daha o misralarda. İnsan azad olmasa, məhəbbət də azad ola bilməz. «İnsan azad olmasa, məhəbbətin qisməti ayrılıqdı, göz yaşıdı, həsrətdi» — deyirdi şair. Siyasi-ictimai mövzular Şəfinin başını elə qatmışdı ki, son vaxtlar bircə dənə də lirik şer yazmamışdı. Qələmindən çıxanları aşkarda-xəlvətdə oxuyan Məleykə xanım da ərinin yazılarının büsbütün kəskin xarakter aldığını görür, bir tərəfdən sevinirdisə, bir yandan da kədərlənirdi. Sevinirdi ona görə ki, ərinin böyüklüyünün, əzəmətinin, sevilməyinin sirrinin bu cür əsərlərdə olduğunu yaxşı bilirdi: bu şerlərdə söylənilən həqiqətlər xalqın, elobanın dərdləri, qayğıları, faciəsi idi, bugünün həqiqətləri idi; o, həbsxanaya düşəndə məhz belə şerlər üstündə düşmüşdü, xalq, camaat onu azad etdirmək üçün əldə qırmızı bayraq küçələrə nümayişə çıxanda da onun məhz bu cür siyasi, kəskin şerlərini deyirdi. Ancaq Məleykə bu sevinclə bərabər gizli bir qorxu hissi də keçirirdi: — onu belə şerlər üstündə yenə apara bilərdilər.Məleykə kədərlənirdi, ona görə ki, bu qədər şerin içində bir misra da olsa, məhəbbət şeri yox idi. Heç olmasa Məleykəsinə də bircə şer yazmamışdı. Halbuki, qabaqlar həmişə ona şer həsr edərdi, onu şerin sehrli dili ilə əzizlər, öpüb oxşar, nəvaziş göstərərdi. Bu, Məleykədə gizli, daxili bir qürur doğurardı və o, bu qürurla özünü dünyanın ən xoşbəxt qadını sayardı. İndi isə... belə misralar tapmayanda... Məleykə yüngülcə köks ötürər, qüssəli gözlərini ərinin ağarmış saçlarında gəzdirər, «qocalır mənim əzizim!»—deyə xiffət eləyər, ancaq heç nə deməzdi.
İkinci hissə, ikinci fəsilGeneral Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.
Стихи других поэтов
Məh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Niçe ki gögde güneş seyrânıdurNiçe ki gögde güneş seyrânıdurBu cihân erenlerün meydânıdur
Nə yaxşı-yaxşıƏzizi-cani-dil, eyni-dirəxşan,Yazırsan risalə nə yaxşı-yaxşı.