Ziyaülhəqq maşının içində, sükan arxasında oturmuşdu, «Şorbazar» qarışqa yuvası kimi qaynaşırdı: müxtəlif geyimli, müxtəlif biçimli adamlar ora-bura vurnuxur, kimsə nəsə alır, kimsə nəsə satırdı. Ziyaülhəqq qoltuqlarında qəzet bağlaması saxlayıb müştəri haylayan uşaqlara fikir verirdi. Onlar qışqıra-qışqıra özlərini adamın gur yerinə verir, əllərində tutduqları qəzetləri havada yelləyə-yelləyə bir-birinin səsini batırmağa çalışırdılar:

– «Sülh» ruznaməsi alın. Əli Tüğyan bu gün tüğyan eləyib!

– «Tərcüman» var ha. Gülmək istəyən bura gəlsin. Gülmək istəyən bura gəlsin!

– «Şöleyi-cavid»in yeni nömrəsi...

– «Pərçəm» alın, ağalar, «Pərçəm» alın. Ağayi Rəhgüzərin şerini oxumağa tələsin.

Bu son sözləri deyən başı-yaxası açıq oğlanın əlində qəzet lap az qalmışdı: keçib-gedənlərin ona tez-tez yanaşdıqlarını, qəzet alıb getdiklərnii bayaqdan müşahidə edən Ziyaülhəqq fərəh içində gülümsünürdü. «Pərçəm» başqa ruznamələri kölgədə qoyur, getdikcə daha çox satılırdı: bu o demək idi ki, o, ətrafına çoxlu oxucu toplaya bilmişdi, səsi xalqa çatırdı. Bu o demək idi ki, «Pərçimçilər xalqın, cəmiyyətin yaralı yerinə toxuna bilir, çamaatı düşündürən məsələləri qələmə alırdı. Ziyaülhəqq Şəfinin sözlərini xatırlayırdı: «Ruznamə nədir? Ruznamə sənin yaşadığın cəmiyyətin həssas güzgüsüdür, əfkar-ümuminin tərcümanıdır. Sən insanı təhrif eləyib göstərən güzgüyə kimsənin baxdığını görübsənmi? Yox. Görə də bilməzsən. həyatı, varlığı, bu günün həqiqətlərini yanlış əks etdirən ruznamə də belədir, Ziya. Onu kimsə oxumaq istəməz. Mənim bu sözlərim eyni dərəcədə bədii əsərlərə də aiddir, qardaşım». Şəfi düz deyirmiş, elə bax burdan, maşının şüşəsi arxasından Ziyaülhəqq aydın görürdü ki, «Sülh» ruznaməsi satan oğlanın, bütün ciddi-cəhdlərinə və boğazını yırtmağına baxmayaraq, qoltuğu hələ də dolu idi. Və bu, bir əqidə, məslək müxalifi kimi, Ziyaülhəqqə ləzzət verirdi. Bazar iqtisadiyyatın, pulun, qızılın, güzəranın dəqiq havasənci olduğu kimi, siyasi əqidələrin də hansının düz, hansının puç və aldadıcı olduğunu güzgü tək əks etdirən bir yer imiş, sən demə. Pulun öldüyünü, qiymətdən düşdüyünü bilmək istəyirsənsə bazara çıx. Həyatın, güzəranın yaxşımı, pismi keçdiyini təyin etmək istəyirsənsə, bazara çıx. Böyük vəzifə sahiblərindən kimin hardan çıxarılacağını, hara qoyulacağını, bilmək istəsən, bazara çıx. Mətbuat işçilərindən kimin dalınca daha çox adam gedəcəyini, kimin həqiqət carçısı, kimin yalançı olduğunu bilmək istəyirsənsə, yenə bazara çıx!!! Bazar cəmiyyətin bir həssas parçası imiş, sən demə», Ziyaülhəqq belə düşünə-düşünə... «Pərçəm»i satan, adını da bilmədiyi uşağa baxır, qarabuğdayı sifətinə həkk olunmuş sevinci görür, qəzetçi yoldaşlarının arsında matahının yaxşı işə getdiyindən qürrələndiyini duyurdu. «Bizim qürrələnməyə haqqımız olduğu kimi, sənin də haqqın var, bala» — deyə ürəyindən keçirə-keçirə maşını işə saldı, dar, gəliş-gedişin çox olduğu kiçik meydanda hərlənib geri çıxanda, ərzaq dükanlarının düzüldüyü cərgənin qənşərində çoxlu adam yığışdığını gördü. Nə isə olmuşdu. Ziyaülhəqq maşını əylədi, yan qapının açıq pəncərəsindən səs-küy gələn səmtə boylandı, ancaq adamlar çəpər çəkdiyindən heç nə ayırd eləyə bilmədi. Maraq hissi güc gəldi. Təbiətən narahat, hər şeyin axırına çatmağı, öyrənməyi xoşlayan o, yerə düşdü. İki-üç addım getməmişdi ki, ağ kəmərli, tapançası yanbızının üstündə, əli ağ dəyənəkli polis nəfərinin adamları o yan-bu yana ayıraraq irəli çıxdığının və başıqırxıq, köynəyi cırıq yalın ayaqları palçığa batıb qapqara olmuş bir oğlan uşağını darta-darta dalınca sürüdüyünün şahidi oldu. Oğlan çırpınıb uzun, caydaq polisin əlindən çıxmağa çalışırdı. Gücü çatmadığından özünü gah yerə sürtürdü, gah qalxır və ağlaya-ağlaya qışqırırdı:

– Burax məni, burax məni.

– Gəl bura, pədər suxtə! Səni polis məntəqəsinə aparacağam.

– Polis əmi, burax məni, anam gözləyir, sən allah, məni burax.

Uşağın burnundan qan axırdı, ağzından, çənəsindən süzülüb açıq sinəsinə də damcılamışdı qan. İri, alma gözlərində yaş gilələnmişdi. Ziyaülhəqq bu ürək ağrıdan mənzərəyə baxa-baxa fikirləşirdi; «Aman allah, bizim camaatımız niyə belə laqeyddi? Bax, uşaqlı-böyüklü hamı baxır, görür ki, bu əclaf polis o biçarə uşağı sürüyə-sürüyə aparır, döyür, onunla bir heyvan kimi rəftar edir. Ancaq bir kişi yoxdu bu dəstənin içində, çıxıb bu caydaq polisə desin ki, niyə belə rəftar edirsən. Polis eləyir, demək haqlıdır. Döyülürsən, demək günahkarsan. Olsun, bəlkə günahı var, ancaq onunla belə rəftar eləməyə sənin haqqın yoxdur, ağa polis! — deyən yoxdur. Yox, bizim camaatda bu böyük nöqsandır. Sən bilməlisən ki, bax, bu polis nəfəri sabah eyni qayda ilə səni də qabağına qatıb apara bilər, səni döyə bilər, təhqir edə bilər. Onda da heç kəs sənin harayına hay verməz. Bu biganəliyi, bu laqeydliyi, «tanımıram, mənə nə dəxli var?» fəlsəfəsini bu camaatın qanından, canından çıxartmaq lazımdır». — polisin qabağını kəsdi: polis onun uca boy-buxununa, enli sinəsinə, geyim-keciminə ani olaraq nəzər salıb duruxdu:

– Bu uşağı niyə belə döyüb qanına qəltan eləmisən, ağayi polis?

Polis oğlanın əlini buraxmadan:

– Oğurluq edib, ağa, — dedi. — Nanfuruş Hacı Abbasın dükanından çörək oğurlayırdı.

Polis belə deyəndə Ziyaülhəqq çevrilib daha ağlamayan, kiriyib ona qahmar çıxan yad kişiyə zənlə tamaşa eləyən oğlana baxdı və:

– Hə? Düz deyir, sən çörək oğurlamısan? — deyə soruşanda uşaq birdən özünü ona tərəf ataraq:

– Əmi, bu sənsən, əmi?... — deyə fəryad qopardı və ürəklənib təzədən ağlamağa başladı. — Məni tanımadın, əmi? Mən...

– o, sözünün dalını deyə bilmədi.

Ziyaülhəqq çaşqın halda uşağı təpədən dırnağa süzür, ancaq ona «əmi» deyən oğlanın kim olduğunu anışdıra bilmirdi.

– Kimin oğlusan, bala?

– Mən... — mən... — o, içini döydüyündən qırıq-qırıq cavab verdi. — Mən sənin dostunun oğluyam, əmi. Yadındadı, bizə... gəlmişdin ha, qibləgahımdan məktub və pul gətirmişdin ha...

Ziyaülhəqqin başına bu soyuq havada elə bil isti su tökdülər— bütün bədəni pörşələnib yandı. Dərhal Möhsünü xatırladı, qulağına güllə və «ax» səsləri gəldi. Sonra balaca, darısqal həyətdə yanbayan düzülmüş dörd uşağın arasından birinin — böyüyünün «əmi, qibləgahımı görsəz, deyin tez gəlsin» sözləri təzədən qulaqlarında səsləndi. Və o, ağzı-burnu qan içində olan oğlanın həmin uşaq olduğunu yəqin edib sarsıldı.

– Hə, Munis... Munis... — deyə ayrı söz tapa bilmirmiş kimi təkrar elədi və dərhal nə fikirləşdisə, üzünü polisə tutub hökmlə:

– Ağa, o bizim uşaqdı. Get işinlə məşğul ol, onu mən özüm aparacağam — dedi. Qarşısındakının kimsə böyük və nüfuzlu adam olduğunu zənn edən polis gözlərini döyə-döyə:

– Beçeşm, ağa! — dedi və nallı polis çəkmələrinin dabanlarını bir-birinə vurub şaqqıldadaraq uzaqlaşdı. Tamaşaya yığılan boş-bikar adamlar, maraqlı əyləncənin qurtardığını görüb kənara çəkildilər; hərə öz işinin dalınca getdi. Ziyaülhəqq Munisə dedi:

– Dalımca gəl, bala.

Munis arxasına baxa-baxa — sanki polisin qayıdıb yenidən onu tutacağından qorxurdu — adını bilmədiyi kişinin dalınca addımladı. Maşına çatanacan Ziyaülhəqq onun yalın, palçığa bulaşmış ayaqlarına, cırıq köynəyinə bir də baxıb köksünü ötürdü. Oğlan əlinin arxası ilə ağız-burnunu silirdi, tez-tez içini çəkirdi. Ziyaülhəqq onu maşına mindirdikdə o, bir az toxtamışdı. Munis ömründə belə maşına minməmişdi deyə, azca əvvəlki müsibətini unudaraq salona, sükana, sükanın yanındakı yaraşıqlı cihazlara, saata baxır və fikirləşirdi ki, nə qəşəng maşındı, ilahi. Adamın belə bir evi ola! Ziyaülhəqq sükanı ehtiyatla hərləyə-hərləyə qarşısındakı güzgüdən oğlanı gözucu seyr edir və düşünürdü: «Çörək oğurlayırmış! Demək pulları qurtarıb. Gör o vaxtdan neçə il keçir! On beş min nə puldu ki, bu od tutub yanan bazarın qabağında?!»

Munis, deyəsən, ilk heyranlığın əlindən yaxasını qurtarıb yenə əvvəlki qayğılı, kədərli, göz yaşı və qanla süslənmiş, çörəksiz dünyasına qayıtdı ki, soruşdu:

– Bəs... qibləgahımı görmürsüz daha, əmi? Ziyaülhəqq xəyaldan ayıldı:

– Nə?

– Deyirəm... qibləgahımı görməmisiniz ki, əmi? O, ah çəkdi:

– Yox, oğul. Elə o görənəm. Ondan sonra görə bilməmişəm.

– Gəlib çıxmır!..

—…

– Siz yerini bilirsiz onun?

—…

– Deyirəm, siz yerini bilirsiz onun?

– Yox, oğul... Təəssüf ki, bilmirəm...

– Bilsəydiz gedərdim, axtarıb tapardım, qaytarıb gətirərdim...

– Elə tapmaq olmaz... Munis, pulunuz qürtarıb, hə?

– Siz verən pul?

– Hə də, qibləgahın göndərən pul!

– Çoxdan qurtarıb, ağa. İndi biz acıq. Anam, uşaqlar acdılar. Mən daha məktəbə getmirəm, bazara çıxıram...

– Oğurluq eləyirsən?..

—…

– Oğurluq eləyirsən?

– Yox ağa, onun-bunun yükünü, zənbilini daşıyıram, çörək pulu qazanıram. Təkcə bu gün...

– Təkcə bu gün... oğurluq eləmisən, hə?

– Ac idim əmi. Gözlərim qaranlıq çalırdı, başım gicəllənirdi. Ona görə...

Ziyaülhəqq susdu. Daha uşağı sorğu-suala tutmaq istəmədi.

Ehtiyacın necə dəhşətli bir qüdrətə malik olduğunu hələ uşaq vaxtı yaxşı-yaxşı dərk eləmişdi. Bilirdi ki, ehtiyacın əli hansı ömrə, hansı ürəyə yol taparsa, talayıb viran qoyur. Güllər əkibsənsə, yerlə yeksan eləyir; ev qurubsansa başına uçurur. Ümid bəsləyibsənsə, rəhmsiz tar-mar eləyir. Əsl insansansa, oğruya, qatilə çevrilirsən; vicdanlısansa, vicdansız eləyir səni ehtiyac!. Bunları Ziyaülhəqq yaxşı bilirdi və həmin hikmətləri arxada oturan əl boyda uşağa danışıb söyləməyin də mənası yox idi indi — bəlkə də o, bu həqiqətləri hələ başa düşməkdən çox uzaq idi. Ancaq Ziyaülhəqq bayaqdan görürdü ki, ehtiyac öz murdar əllərini dünyanın isti-soyuğunu layiqincə dadmamış, bərkiyib bişməmiş bu yetim uşağa tərəf uzadır necə də onu yavaş-yavaş çəkib öz ağuşuna almaq, sıxıb-sıxıb məhv eləmək istəyir. Yəqin onun atasını da — satqın kimi güllələdikləri Möhsünü də ehtiyac bu yola salmışdı. Bəli, bu, şübhəsiz idi. Ziyaülhəqq ürək ağrısı ilə düşündü ki, yox, onu məhv olmağa qoymaq insafdan, insanlıqdan uzaqdı. Munisi təkcə polisin əlindən almaq hünər deyil, ehtiyacın əlindən almaq lazımdı:

– Neçəncidə oxuyursan, bala?

– Beşincidə.

– Deyirsən məktəbi buraxdın, hə?

– Hə, əmi.

– İşləmək istəyirsən, eləmi?

– Bəli, əmi. İşləmək istəyirəm. Pul qazanmaq istəyirəm, qibləgahım gələnəcən... uşaqlar ölməsin, əmi.

«Sən özün də elə uşaqsan, bala. Amma səni ehtiyac vaxtından tez böyüdüb həyat meydanına salıb!» — deyə acı-acı düşünən Ziyaülhəqq geri qanrıldı:

– Mətbəədə işlərsənmi?

– Mətbəədə? Mətbəə nədi, əmi? Ziyaülhəqq yenə acı-acı gülümsündü.

– Mətbəə bilmirsən nədi?

– Yox. Orada nə daşıyacağam?

– Heç nə daşımayacaqsan, Munis. Hərfləri ki tanıyırsan, elə deyil?

– Hə, tanıyıram, əmi.

– Bax, həmin hərfləri yan-yana düzüb dəmir sözlər yazacaqsan...

– Dəmir söz? — Hə...

Bu ona çox qəribə göründü. Ömründə ilk dəfə idi ki, belə söz eşidirdi. «Dəmir söz»... Ziyaülhəqq Munisin heç nə başa düşmədiyini anladı, daha dərinə getmək istəmədi, qısaca dedi:

– Sabah səni bax burda, Çaharrahie ye-Tur Abbasxanda gözləyəcəyəm. Elə bu vaxt, yaxşı?

– Yaxşı, əmi.

– Sabah gələrsən. Anana məndən salam deməyi unutma. Səni Teyyubun yanına apararam.

– Teyyub kimdi?

– Sənin ustan olacaq o. Sən onun yanında şəyird işlərsən. Yaxşı oğlandı. Maaşın da yaxşı olar. Daha oğurluq eləməzsən.

Munis başını aşağı saldı. Ziyaülhəqq hiss elədi ki, uşaq bu sözlərindən utandı. Odur ki, söylədi:

– Utanma, bala. Qoy zəmanə sənin əvəzinə utansın!. Sənin nə günahın var?

—…

– Hə, indi düş get bazara, anan üçün, uşaqlar üçün nə istəyirsən al, apar! — deyə meşin pul qabını döş cibindən çıxarıb Munisə üç dənə əllilik uzatdı — götür.

—…

– Götür, götür, bala.

Oğlan üstündə qan qurumuş titrək əlini irəli uzatdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, üçüncü fəsil

«15 avqust 196...-cı il»Kənardan baxanların hamısı məni xoşbəxt sayır. Buna haqları da var. Mənim indi zahirən bir xoşbəxt qadın üçün lazım olan hər şeyim var. Evim, eşiyim, uşağım... Pul dərdi çəkmirəm, yemək, paltar dərdi çəkmirəm. Ancaq mən xoşbəxtəmmi? Son vaxtlara qədər bu suala: «hə, mən xoşbəxtəm!» — deyə ürəkdən cavab verərdim. Bu xoşbəxtlik mənim gülüşümdə də, rəftarımda da hiss olunurdu. Buna mənim özümdən daha çox bacım Sədəf sevinirdi. Axı, o mənim tək bacım yox, həm də anam olub. Mənim üstümdə çox əzab-əziyyət çəkib. Anamızın vəfatından sonra mən olmasaydım, kim bilir, bəlkə Sədəf də oxuyub bir yana çıxmışdı. Ancaq o, təhsilini də, xoşbəxtliyini də mənə qurban verdi. Ovcumun içi kimi bilirəm ki, Sədəf mənim xoşbəxtliyimə ana təki fərəhlənir. Əgər anam sağ olsaydı, yəqin, o da eynən Sədəf bacım kimi sevinərdi.

3 мин
İkinci hissə, dördüncü fəsil

Şirin arvad stolun üstündə şüyüd doğrayırdı. Şüyüdün xoş iyi divanda oturub anasının əllərinə baxan Orxana ləzzət eləyirdi. Orxan qəsəbədə, öz evlərində olanda göy-göyərtisiz süfrə başına gəlməzdi. Bir də görərdin əlinə bir parça çörək götürüb şüyüd, vəzəri ya da keşniş ləkinin qırağında oturar, ürəyi istədiyindən qoparıb şirin-şirin yeyərdi.Anası kasaya qatıq tökdü, duz atıb qaşıqla qarışdırdı. İki dəqiqə sonra Orxanın ürəyi istədiyi ovduq hazır oldu.

5 мин
İkinci hissə, beşinci fəsil

Səhər tezdən. Ağstafa — Bakı qatarı vağzalda nəfəsini dərib dayandı, səkidə yol gözləyənlər, adam qarşılamağa gələnlər ora-bura qaçmağa, pəncərədən çıxan başlar, yellənən əllər çəkilməyə, sərnişinlər vaqonlardan tökülməyə başladılar.Onuncu vaqonda uzunboylu, beli azca donqarlaşmış, gümüşü bağlı bir kişi əlində iki çamadan səkiyə endi. Yaşı çox olsa da, gümrahdı, sağlamdı. Ağır, dolu çamadanları elə götürmüşdü ki, sanki uşaq oyuncağı idi. Əynində haçansa göy olan, indi isə bozarmış şalvar-pencək başında uzun günlüklü kepka vardı.

7 мин
İkinci hissə, altıncı fəsil

Gülmirə gül satan kişinin qabağında ayaq saxladı. İçində su olan bankalara, vedrəyə yığılmış rəngbərəng güllər adamın yadına gül bağçasını, ilk baharı salırdı.– Əmi, mənim üçün bir yaxşı dəstə bağla!.—deyə Gülmirə saqqallı kişiyə müraciət etdi.

5 мин

Стихи других поэтов