Səhər tezdən. Ağstafa — Bakı qatarı vağzalda nəfəsini dərib dayandı, səkidə yol gözləyənlər, adam qarşılamağa gələnlər ora-bura qaçmağa, pəncərədən çıxan başlar, yellənən əllər çəkilməyə, sərnişinlər vaqonlardan tökülməyə başladılar.

Onuncu vaqonda uzunboylu, beli azca donqarlaşmış, gümüşü bağlı bir kişi əlində iki çamadan səkiyə endi. Yaşı çox olsa da, gümrahdı, sağlamdı. Ağır, dolu çamadanları elə götürmüşdü ki, sanki uşaq oyuncağı idi. Əynində haçansa göy olan, indi isə bozarmış şalvar-pencək başında uzun günlüklü kepka vardı.

Kişi çamadanları yerə qoyub, uzun, enli səkinin aşağı-yuxarısına göz gəzdirdi. Adamlar qaynaşırdı, hərənin əlində bir çamadan, bir bağlama vardı.

«Bura Gəncə vağzalından tünlükdü — deyə kişi düşündü, — çox tünlükdü».

Bu, Sədəfin, Nadirənin atası idi.

Ata-babadan qalma mülkləri bu il plana düşmüşdü. Şəhər sovetindən ona təzə tikilən beşmərtəbəli binada mənzil verəcəklərini vəd eləmişdilər. Müseyib kişi çox düşünüb-daşınmış: «Onsuz da qocalmışam, ömrüm-günüm keçib, balalarımın yanında olsam məsləhətdi», — deyib Bakıya köçməyi qərara almışdı.

Məhəlləyə ekskavator, buldozer gələndə o, ağır şeylərini satıb ikicə çamadanı götürərək evindən çıxdı. Üç-dörd addım atıb, geri qanrıldı, suyu sovulmuş dəyirmana oxşayan ev öz son günlərini, bəlkə də son saatlarını yaşayırdı. Burada doğulmuş, burada yaşayıb qocalmış Müseyib qəhərləndi. Onun ata-anasının, ömrü boyu insanlığını unutmadığı nakam həyat yoldaşının əziz xatirəsi bu evdə yaşayırdı. İndi bu ev sökülürdü. Müseyib doluxsunub yola düzəldi. Elə axşam qatara minib Bakıya gəldi.


...Müseyib cibindən əzik-üzük yaylığını çıxarıb boyun-boğazını silirdi ki, bir az aralıda dayanıb yanına iri yeşik və zənbil qoymuş tösmərək kişi ona baxıb barmağının işarəsi ilə yanına çağırdı. Müseyib ona sarı addımladı.

– Boşsan?

– Hə.

– Bu yeşiyi taksi dayanacağına aparaq. Zənbili özüm götürərəm.

– Aparaq, deyirsən, aparaq da. Nökər nədi, bekar nədi?! — O, hop eləyib göz qırpımında yeşiyi qoltuğuna vurdu. Köklüyünə baxmayaraq pişik kimi cəld olan tösmərək kişi qabağa düşüb iti addımlarla yeriyirdi. Müseyib onunla dabanbasma gedirdi.

Pillələrlə yeraltı keçidə endilər, sağa dönüb yenidən pillələrlə yuxarı qalxaraq küçəyə çıxdılar. Ətrafında ağlı-qırmızılı güllər açılmış fəvvarənin o böyründə, dəmir hasarlı bağın yanında sıra ilə taksi maşınları durmuşdu.

– Hə, elə buna minərəm. Ə, bacı oğlu, boşsan? — deyə gödək kişi taksilərdən birinin böyründə dayanıb xəbər aldı.

– Boşam.

– Gödək kişi yeşiyi sürücünün düşüb açdığı «boqajnikə» qoydurdu. Sonra əlini cibinə atıb qəhvəyi rəngli portmanatını çıxartdı, xeyli qurdalanıb bir əzik təklik götürərək Müseyibə verdi.

– Min bərəkət.

Müseyib kişi adətincə vağzala sarı tələsdi. Camaat dağılıb seyrələnə qədər heç olmasa üç-dörd adamın yükünü aparıb bugünkü normasını doldurmaq istəyirdi. Yükçülərin görüb-görəcəyi elə səhər

– qatarlar son dayanacağa çatanda olurdu.

Elə bu ara yağış çisələməyə başladı. Xırda, narın damcılar Müseyibi perrona qalxanda haqladı... Başında dərman üçün belə bircə tük də tapılmayan dazbaş bir kişi əlindəki qəzeti yuxarı qaldırıb, yanındakı cavan adama dedi:

– Hə, balam, Bakı bizi yağışla qarşılayır!

«Bakı» kəlməsi Müseyibin qulağına dəyəndə elə bil ayağını asfalt perrona yapışdırdılar. Kişinin əhədi kəsildi. Otuz ildən çox yükçülük eləmişdi; indiyə qədər başının tükü sanı ağır yük daşımışdı: lap belini bükən, dizini qatlayıb əsdirən yüklər daşımışdı. Ancaq bu qədər halsız-taqətsiz, belə tab-təvansız olduğu yadına gəlmirdi. Yox, gəlmirdi... O, övladlarının yanına gəlmək üçün qəpik-quruş yığmış, qənaət eləmişdi. Nadirənin ehtiyacı olmadığını bilirdi, amma axı, Sədəf də vardı... Yetim nəvəsi Rəhim də vardı… Müseyib şəhərə gələndə əvvəl Sədəfgilə düşərdi. Sədəfin könlü qırıq olduğuna görə belə elərdi...

Müseyibin bədəni soyudu, tərləmiş köynəyi kürəyinə yapışdı. O, «vay sənin!» — deyib bayaq düşdüyü vaqonun yanına qaçdı... Yolda ayağı sürüşdü, az qala yıxılmışdı... Çox vurnuxdu. O yan-bu yana boylandı. Çamadanlar yox idi...

Müseyib kişi utanan kimi oldu. Nömrəsini tullasa da, Gəncədən işdən çıxıb Bakıya gəlsə də, yükçü olduğunu hələ unutmamışdı.

Köhnə adətincə bir yüklü sərnişin görən kimi öz çamadanlarını yadından çıxartmışdı.

Arıq, uzun, qara bir arvad olan bələdçi vaqonun pillələrindən düşəndə Müseyib üzünü yana çevirdi: «Qoy başıma gələn həngaməni bu arvad bilməsin, yoxsa bütün Gəncə eşidib, dalımca ay danışıb gülərlər ha!»

Müseyib kişi ayaqlarını güclə sürüyə-sürüyə, gözü orda-burda perronun pillələrini aşağı endi...


– Xoş gəlmisən, ay lələ, başına dönüm ay lələ!— deyə Sədəf çoxdan görmədiyi atasının boynuna uşaq kimi sarıldı.

Müseyib qızının ağarmağa başlayan saçlarından öpüb əlini onun çiyninə qoydu. O da qəhərləndi: «Sən də qocalırsan, qızım. Axı sən hələ körpəsən. Elə bilirəm dünən anadan olubsan. Amma gör nə qədər vaxt keçib... Sənin saçların da ağarmağa başlayıb, can bala!..»— deyə nisgilli-nisgilli düşünən kişi boğuq səslə:

– Ta ağlamaq niyə, qız?— deyə zorla dillənə bildi.

Sədəf atasından aralanıb, taxtın üstündəki, qırağını külək qatlamış köhnə palazı çırpıb təzədən sərdi, gedib içəridən döşəkcə gətirdi:

– Otur, lələ...

Müseyib əyləşdi. Brezent ayaqqabılarının bağını açdı, köynəyini siyirib çıxardı. Pul-pul günəş işığı söyüdün yarpaqları arasından yerə, taxtın, Müseyibin üstünə düşürdü. Meh əsir, budaqlar astaca tərpəndikcə pul-pul işıqlar tərpəşir, tez-tez yerini dəyişirdi.

Yadında qalmış uşaqlıq adətinə görə Sədəf hər söz-söhbətdən əvvəl iri, göy ləyəni və ağzınadək dolu boz vedrəni atasının yalın ayaqlarının yanında yerə qoydu. Uzun illər bundan qabaq, hələ evdə qız olarkən atası hər gün işdən qayıdanda Sədəf su hazırlayıb onun ayaqlarını yuyardı. Müseyibin şişib qızarmış ayaqlarının zoqqultusu, ağrısı çəkilib gedər, bütün yorğunluğu canından çıxardı.

İndi vedrələyəni görəndə Müseyib keçmiş günləri xatırladı:

– Hələ yadından çıxmayıb, qızım?

– Yox, lələ. Hərdən oturub fikirləşəndə Gəncədəki o günlər üçün, evimiz üçün burnumun ucu göynəyir, lələ.

Müseyib yavaşcadan dedi:

– Evimizi sökdülər, bala.

– Sökdülər?

– Hə, plana düşdü. Yerində təzə beşmərtəbəli ev tikəcəklər. Mənə də ev təklif elədilər, qalmadım. Dedim, gedərəm balalarımın yanına.

– Deməli, sökdülər... Demək, orada bizim heç nəyimiz qalmadı?

– Elədir, qızım.

– Amma Gəncəçayın şırıltısı qulaqlarımdan heç getmir. Ölənəcən getməyəcək... Yaxşı elədin gəldin, lələ. Sən orda tək idin, biz burda. Bir yerə yığışmağımız yaxşıdı, lələ. Təkliyə dözmək olmur.

Sədəf danışdıqca Müseyib onun geyiminə, rəng-rufuna, üzündə, alnında görünən qırışlara fikir verirdi. Sədəf gərək bu qədər düşməyəydi. Müseyibə elə gəlirdi ki, Sədəf yavaş-yavaş qaralıb sönən, üstünü kül örtən közə bənzəyir. Yel əsməsə, kül getdikcə qalınlaşacaq, od keçəcək və nəhayət hələ əslində çox yanmalı, çox isitməli olan bu ocaq soyuyub sönəcək, bir yığın küldən başqa heç nə qalmayacaq.

Müseyib dərindən köksünü ötürdü. Sədəf dizlərini büküb yerə vurdu. Müseyib ayağını ləyənə qoydu. Su sərin idi.

– Özün nə təhərsən bala?

– Gördüyün kimi, lələ.— Sədəfin hələ də saflaşıb durulmamış səsi ilişikli çıxdı.

– Dolanaşığın-zadın necədi, balası?

– Yaxşıdı, lələ. Rəhim işləyəndən lap yaxşıdı.

– Rəhim məgər işləyir?

– Hə, babası. Atasının işlədiyi idarədə işləyir.

– Bəs oxumağı?

– Oxuyacaq da, babası. İki aylıq işləyir.

– Donluğu-zadı babatdımı?

– Pis deyil.

– Qoyma uşaq məktəbdən yayınsın, qız. İndiki əyyamda savad, genə savad, qız!..

– Yaxşı oxuyur, babası. O irəli məktəblərinə çağırmışdılar. Müəllimləri o qədər təriflədi ki..

– Olsun, olsun.

Müseyib hıqqıltı ilə əyilib mələfə ilə ayağını quruladı.

– Bacıngil necədir?

– Yaxşıdılar, lələ. — Sədəf bacısının dolanışığı haqqında atasına ətraflı məlumat verdi. O danışdıqca kişi razılıqla «olsun, olsun» deyirdi.

– Gedə nə təhərdi, Ceyhunu deyirəm ey?.

– O da yaxşıdı babası. İndi Krımdadı.

– Orda neyniyir, qız?

– Dincəlməyə gedib lələ.

– Onunçun bir xeyri yoxdu a, amma genə tafoutdu.

– Hə, babası zəifdi. Elə bil yeyib-içmir. Yazıqlar dünyada o naz-nemət qalmır ki, alıb-tökməsinlər qabağına. Yemir, gözünün ucuynan da baxmır. Bacım hey onun yeməyi üstə hirslənir. İdarəyə gedir, orada da telefonla yalvarır ki, ay Ceyhun, filan şey ye, bəhman şey ye.

– Görəsən, nə dərdi-azarı var da...

Küçə qapısı cırıltı ilə açıldı. Rəhim əlində tor zənbil həyətə girdi: göy-göyərti, badımcan, kələm və iri bir qarpız almışdı. Rəhim taxtın üstündə oturan kişiyə zənlə baxıb birdən tanıdı:

– Baba!..— deyə iri addımlarla ona sarı yeriyib əl verdi:— Xoş gəlmisən, baba! Onlar qucaqlaşdılar.

– Sağ ol, can bala!.. Maşallah, yekə oğlan olubsan!

Rəhim başını aşağı saldı. Kişi nəvəsinin boy-buxununa, kişiyana hərəkətlərinə baxıb heç nə demir, ürəyində sevinirdi: «Yox, bu istiqanlı uşaqdır. Ağıllı, fərasətlidir. O biri gedənin heç yapışığı-zadı da yoxdur. Uşaq vaxtından elə yekəxanalığı vardı»,— deyə baba mehriban nəzərlərlə Rəhimə baxırdı. Rəhimin nəzərləri babasının baxışları ilə rastlaşanda ikisi də gülümsündü. Bu təbəssümdə nəsə isti, ilıq bir hiss gizlənmişdi.

Sədəf süfrə saldı. Çörək doğradı, pendir qoydu. Rəhim ala qarpızı ortalığa gətirdi.

– Sabirabad qarpızıdı, deyəsən, hə, Rəhim?— Sədəf xəbər aldı.

– Elə dedilər,— Rəhim ülgüc təki iti bıçağın ucunu qarpıza toxundurmuşdu ki, qarpız şaqqıltı ilə partladı. — Pah! —deyə Rəhim səsləndi. — Qıpqırmızıdır!..

– Hə, bismillah, lələ.... — Sədəf əlini süfrəyə uzatdı.. Yeməyə başladılar. Onlar üçü də elə bil, yağla bal yeyirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, yeddinci fəsil

İltifat o gündən – Gülmirə Orxanın şerlər kitabını şöbəyə gətirəndən az sonra Nadirənin o «acı» sözlərini eşitdiyi gündən heç cür özünə gələ bilmirdi, hirsindən, hikkəsindən nə evə-eşiyə, nə küçəyə, nə də institututa sığışırdı. Hərdən elə hövllənirdi, elə əsib-coşurdu ki, gözləri bir az da irəli çıxıb bərəlirdi. Kimsə ilə danışmırdı. Təkcə Sarışınla hərdən nə isə pıçıldaşırdı. Həmən gün, Nadirə İltifatı «yıxıb sürüyəndən» iki saat keçmiş Elvira dəhlizdə onun qabağını kəsib:− Niyə ağzına su alıb susdun, İltifat? O nə karədi ki, sənə elə sözlər söylədi. Sənin atandı, anandı, ya nəyindi? Borclusan, yanında gözü kölgəlisən nədi ki, ağzını da açmadın? – deyə İltifatı o ki, var danlamışdı. – Yox, sən zəif adam imişsən.

26 мин
Birinci hissə, səkkizinci fəsil

Aslan hıçqırıq səsi eşitdi, bədəni gizildəyib uyuşdu. Gözlərini açıb yan-yörəsinə baxmaq istədi, ancaq göz qapaqlarını qaldıra bilmədi – elə bil üstünə daş qoymuşdular. İçərisini acı bir təəssüf hissi yandırıb yaxdı. Gözləri açılmırdı – düz bir ay idi ki, o, dünya işığına həsrət qalmışdı. Son gördüyü adam – onu təcili yardım maşınına mindirən ağ xalatlı həkim, bir də Sakit olmuşdu. Elə maşında, dəmir xərəyin üstünə uzadılan kimi gözlərini yummuşdu – elə o yuman yummuşdu. Sonra daha aça bilməmişdi. Xəstəxanaya çatdırılan kimi, beşinci mərtəbədə, üzü dənizə, «Moskva» mehmanxanasına baxan palatada yerləşdirmiş, ilk dava-dərman eləmiş, xəstəliyinin səbəbini aydınlaşdırmışdı həkimlər. Qan təzyiqi həddən artıq yuxarı qalxdığı üçün beyninə qan sızmışdı. Sonra hələ adını bilmədiyi həkim Sakitə üz tutub:− Evinə, arvad-uşağına xəbər elə, qardaş! – demişdi. – Qoy bir nəfər gəlsin.

17 мин
Birinci hissə, doqquzuncu fəsil

Orxanın kitabının işıq üzü görməsi hamıdan çox Gülmirənin ürəyini işıqla doldurmuşdu. Neçə gün idi ki, o, yerə-göyə sığışmayan bir sevincin qanadları üstündə uçurdu, institutda, alimlər arasında, ədəbi mühitdə deyə-gülə gəzir, Orxan haqqında, kitabı haqqında minnətdarlıq sözləri eşidirdi. Adamların çoxu Gülmirənin əvəzsiz, xeyirxah bir iş gördüyünü, Orxanı təzədən bir şair kimi kəşf eləyib həyata qaytardığını söyləyirdi. Bundan isə onun ürəyi daxili bir qürur hissilə dolub qabarırdı. O, bir nakam şairi ölməyə qoymamışdı, bir dilsiz məhəbbətin həsrət dolu fəryadlarını sıralayıb solmuş dəftər vərəqlərindən götürüb işığa çıxartmış, sevib-sevildiyinə qovuşa bilməyənlərin (həyatda isə belələri çoxdu) ixtiyarına vermişdi. İndi hara gedirdi, oxucular, şer həvəskarları arasında ancaq Orxanın kitabından danışıldığını eşidirdi. Bu söhbətlərdə sevinc qarışıq bir nisgil də hiss eləyirdi Gülmirə. Bu nisgil ona çoxdan, lap çoxdan tanış idi – bu, Orxanın yoxluğu nisgili idi.Lakin bu gün Gülmirənin o böyük sevincinin üstünə su çiləmişdilər. Qızlar gətirib ona xəbər vermişdilər ki, İltifat orda-burda Orxanın kitabındakı şerlərin hamısını Gülmirəyə həsr etdiyini, Orxanla Gülmirənin arasında o vaxt bir məhəbbət macərası olduğunu söyləyib rişxəndlə gülürmüş… Gülmirə əvvəl bu sözü eşidəndə özünü itirmiş, rəng verib rəng almışdı. Çünki, Ümmügülsüm Gülmirəyə heyfi gələ-gələ:

6 мин
Birinci hissə, onuncu fəsil

− Sən gəl məni düzgün başa düş, Xəzan. Bax, bir aya yaxındı xəstəxanadasan. Maşallah, xeyli yaxşılaşıbsan – dilin, qulaqların, əllərin «dirilib» – doktor Kamilin təbirincə desəm. Sən hamıdan çox, özün-özünü qorumalısan, öz həkimin özün olmalısan, Xəzan. Axı sən… nə danışacaqsan mənə! Axı mən hər şeyi əlimin içi kimi bilirəm – məndən ayrılandan sonra keçən bütün həyatını bilirəm – onları indi təzədən mənə danışmaq, ürəyini yüngülləşdirmək, bir növ etiraf eləmək istəyirsən. Ancaq mən bilirəm ki, sən danışsan, istər-istəməz həyəcanlanacaqsan, əsəblərin gəriləcək, hisslər, xatirələr burulğanına düşəcəksən – bu isə, sənə hələ olmaz, Xəzan.− Mən onları danışmayacağam, Əsəd.

10 мин

Стихи других поэтов